AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Özünütəcrid qaydalarına ciddi əməl etməliyik

Özünütəcrid qaydalarına ciddi əməl etməliyik

Mədəniyyət
30 Aprel 2020, 15:21 633
Dünyamız ağır günlər yaşayır. Doğma Azərbaycanımız da bu dünyanın bir parçası kimi koronavirus pandemiyasının yaratdığı çətinliklərlə üz-üzədir. Dövlətimiz xəstəliyin yayıldığı ilk günlərindən lazım olan bütün qabaqlayıcı tədbirləri gördü, qarşıya qoyulan əsas məqsəd vətəndaşların sağlamlığı idi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva məlum vəziyyətlə bağlı dəfələrlə xalqa müraciət etdilər, vətəndaşları bu çətin günlərdə birliyə, həmrəyliyə səslədilər. Təbii ki, biz bütün çətinliklərin öhdəsindən ancaq həmrəy olmaqla, bir-birimizə dəstək olmaqla gələ bilərik. Mən də öz növbəmdə, bir vətəndaş, Xalq artisti olaraq incəsənət xadimlərinə səsləndim. Çətin bir dönəmdən keçirik. İnşallah, xalqımızın birliyi ilə bu sınaqdan da çıxacaq, normal həyatımıza qayıdacağıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tanınmış xanəndə, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov deyib.
Dövlətimizin başçısının koronavirus pandemiyası ilə mübarizədə atdığı qətiyyətli addımları alqışlayan Xalq artisti bildirib ki, məhz bu tədbirlərin sayəsində ölkəmizdə vəziyyət nəzarət altındadır. Lakin arxayınlaşmaq olmaz. COVID-19 xəstəliyi uzunmüddətli prosesdir və prosesin ikinci dalğasının qarşısını almaq üçün son dərəcə diqqətli olmalıyıq. Yaxşıdır ki, karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb. Lakin biz son dərəcə diqqətli və təmkinli olmalıyıq. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Özünütəcrid, "Evdə qal!" kampaniyası davam etdirilməlidir. Xüsusilə yaşı 65-dən artıq olan vətəndaşlar öz sağlamlıqlarının qeydinə qalmalıdırlar.
Mənsum İbrahimov deyib: "Mən də bir Azərbaycan vətəndaşı kimi üzərimə düşən məsuliyyəti dərk edərək qaydalara əməl edirəm. Evdə vaxtımı ailəmlə, nəvələrimlə birlikdə keçirirəm. Kitab oxuyuram, musiqiyə qulaq asıram. Zərurət olmadıqda evdən çölə çıxmamağa çalışıram. Mən bütün vətəndaşları bu qaydalara əməl etməyə çağırıram. Başa düşürəm, gözəl yaz fəslində evdə qalmaq çətindir, amma onu da nəzərə almaq lazımdır ki, bu, müvəqqətidir. Ancaq hər nə qədər öyrəşmədiyimiz hal olsa da, bilməliyik ki, bu günlər bütün dünya çətin bir imtahandan keçir. Ona görə də problemlərlə üzləşməmək üçün şəxsi gigiyena, özünütəcrid qaydalarına ciddi şəkildə əməl etməliyik, yığıncaqları təxirə salmalıyıq. Tətbiq olunan qaydalar, karantin rejimi biz vətəndaşların sağlamlığını təmin etmək məqsədilə atılmış addımdır”.
Xalq artisti qeyd edib ki, xüsusi karantin rejimi ilə bağlı mövcud məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılması zəruri bir prosesdir. Amma bu vəziyyətdən sui-istifadə etməyin, məsuliyyətsiz davranmağın fəsadları ağır ola bilər. Təbii ki, xəstəliyin dinamikasında artım müşahidə olunarsa, karantin rejiminin yenidən sərtləşdiriləcəyi istisna deyil. Bu səbəbdən hazırkı vəziyyətdə hər şey insanlardan asılıdır və onlara bağlıdır. Profilaktik tədbirlər mütləq qorunmalı, sanitar qaydalara əməl olunmalıdır.
"Bu çətin günlərdə mən də çalışıram ki, öz dəstəyimi göstərim. Bir xanəndə kimi mənim əlimdən konsert vermək gəlir. Mədəniyyət kanalı və Mədəniyyət Nazirliyinin birgə "Bizi birləşdirən dəyərimiz” layihəsi çərçivəsində Muğam Mərkəzində tamaşaçısız canlı konsertimiz oldu və 1 saat davam etdi. Aprelin 10-da öz evimdən "Qarabağ” muğam qrupu ilə birgə 1 saat yarım konsert verdim və bu konsert Azərbaycan Televiziyasının "Eyvana çıx” layihəsi çərçivəsində canlı olaraq yayımlandı. Sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Mədəniyyətinlə dəstək ol” layihəsi çərçivəsində evdən onlayn konsert vasitəsilə xalqa dəstək olmağı özümə borc bildim. Bundan əlavə, sosial şəbəkələrdəki hesablarım üzərindən tez-tez canlı yayımlarım olur və bu proses yenə də davam etdiriləcək. Mən bundan böyük zövq alıram. Bundan başqa, bu günlərdə yetirməm, Əməkdar artist Təyyar Bayramovla birlikdə Ağdam rayonunun cəbhəboyu kəndlərində olduq və ümumilikdə, 150 ailəyə ərzaq yardımı etdik, hətta onlar üçün konsert verdik. Onların gözlərindəki fərəhi, sevinci görmək nəyə desən dəyərdi. Cəbhəboyu kəndlərdə yaşayanlar koronavirus kimi gözəgörünməz düşmənlə yanaşı, həm də gözəgörünən, məkrli düşmənlə üz-üzə dayanıblar. Həmin insanlara ruh yüksəkliyi vermək, dəstək olmaq mütləq lazımdır. Onsuz da dövlətimiz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın rifahı üçün mümkün olan hər şeyi edir, dəstək proqramı çərçivəsində yardımını əsirgəmir. Yenə də deyirəm, söhbət birlikdən, həmrəylikdən gedir. Bu çətin günlərdə hər kəs əlindən gələni etməli və bir-birinə dəstək olmalıdır. İmkanlı sənətkarlarımız, iş adamları maddi cəhətdən problemləri olan insanlara kömək etməlidirlər. Bu, hər kəsin mənəvi borcudur. Mən bütün sənət adamlarına, tanınmış ictimaiyyət nümayəndələrinə səslənirəm ki, dəstək olsunlar, xalqa ruh versinlər. Ziyalılarımız, alimlərimiz xalqa mənəvi dəstək olmalıdırlar”, - deyə Mənsum İbrahimov vurğulayıb.
Xalq artisti amansız xəstəliklə mübarizədə qəhrəmanlıq göstərən tibb işçilərinə, eləcə də hüquq mühafizə orqanlarının nümayəndələrinə təşəkkürünü bildirib. Qeyd edib ki, həmin peşə sahibləri bu çətin günlərdə səylə çalışırlar. "Təmkinli, səbirli olaq. Hər şey keçəcək və biz yenidən adi həyatımıza davam edəcəyik. Amma bu vəziyyətdə riskli qrupdan olan ahıllarımızı qorumalıyıq, övladlarımızın qeydinə qalmalıyıq. Ulu Tanrı dövlətimizi və xalqımızı qorusun!” , - deyə Xalq artisti fikirlərini yekunlaşdırıb.