Özünü Bakıda tapan bayburtlu “könül adamı” - Fotolar
O, əslən Türkiyənin kiçik tarixi şəhəri olan
Bayburtdandır. Uşaq yaşlarından
anasından eşitdiyi xalq mahnılarının sədaları ilə böyüyüb. Hazırda İstanbulda yaşayan və
ifaçılıq sənəti ilə məşğul olan müsahibim Sehlan Burak, ölkəsində xalq
mahnılarının mahir ifaçısı kimi tanınır.
Amma təkcə ifaçı kimi yox, aparıcı və aktyor kimi də fəaliyyət göstərir.
Deyir ki, hər xalqın öz mədəniyyəti var
və mədəniyyətindən, kökündən qopan millətin gələcəyə ümidi yoxdur.Müsahibim etiraf
edir ki, gənc yaşlarında xanımlarım könlünü almaq üçün mahnı oxusa da, sonra bu
sahədə təhsil alıb və xalq musiqinin təbliği ilə məşğul olmağa başlayıb.
- Sehlan bəy, özünüzü
necə təqdim edərdiniz?
- Bayburtlu
Sehlan. 2006-cı ildən bəri "Könül adamı” adlı verilişin aparıcısıyam. Bir az
sevda və könül adamıyam. Uzun müddətdir ki, musiqi ilə məşğulam. Anamın mənim
üçün ifa etdiyi xalq mahnıları ilə böyümüşəm. 86 yaşında dünyasını dəyişən anam,
qoca yaşında belə mahnı oxuyurdu. Musiqiyə böyük həvəsi vardı. Bəzən məni
televiziyadan izləyir, ifa etdiyim xalq mahnıları tənqid edirdi və ev gələndə
"bu mahnını yaxşı oxumadın, o, sənə uyğun bir mahnı deyil” deyirdi. Onun hər kəlməsi
mənim üçün qanun idi. Məktəb illərindən mahnı oxuyurdum, daha sonra Bələdiyyə Konservatoriyasına
daxil oldum, televiziyalara çıxdım.
- Qeyd etdiniz ki, ananız bəzən səsləndirdiyiniz
mahnıları tənqid edirdi. Bəs tənqidlə aranız necədir?
- Təhqir olmazsa,
tənqidə sonuna qədər açığam. Amma bilərəkdən və məni gözdən salmaq üçün
ünvanıma təhqir söylənirsə, bunu qəbul etmirəm. Qarşı tərəf tənqid məqsədi ilə
sizi beldən aşağı vurursa, bunu tənqid hesab etmirəm və həmin insanın fikirlərinə
diqqət yetirmirəm. Əgər tənqid olmazsa, inkişaf edə bilmərik və işimizdə heç bir irəliləyiş
olmaz.
- Bu gün xalq mahnılarını ifa etmək o qədər də məşhurluq
gətirmir.
- Əslində bu gün
pop musiqilər daha çox inkişaf edib və əsas tələbat da həmin mahnılaradır. Çox istəyirəm ki, xalq musiqisinə bir dönüş
olsun. Bugünün gəncləri tamamilə başqa
musiqilərə meyllidirlər. Bir insanı məhv etmək üçün onu mədəniyyətindən
qoparmaq lazımdır. Musiqi də insanı öz mədəniyyətindən qopmaq üçün ən ideal
vasitədir. Demirəm gənclər roku, popu dinləməsin, məsələn, qızım da pop, rok
qruplarını dinləyir. Nəyi dinləyirlərsə dinləsinlər, kimliyini itirməsin,
kökünün, hardan gəldiyini unutmasınlar. Öz kökünü bilməyən insan modern ola bilməz. Çox istəyirəm ki, gənclərimiz
oxusunlar, inkişaf etsinlər, tarixlərini araşdırsınlar, dünyada yaşayan hadisələrə
açıq gözlə baxsınlar. Bir mahnının təsirinə düşüb, onun arxasınca getməsinlər.Azərbaycanı özünəməxsus
edən onun xalq mahnıları və milli-mədəni dəyərləridir. Bunları kimlərsə qoruyub
saxlamalıdır və kimsə o xalq mahnılarını ifa etməli, onu gündəmdən düşməyə,
unudulmağa qoymamalıdır. Biz bu gün bu mahnılarımıza sahib çıxmasaq, böyüyən gənclik
onlardan xəbərsiz olacaq, elə biləcəklər elə pop mahnıları onların xalq
mahnılarıdır. Bir dəfə araşdırma etdim və
acı reallıqla üz-üzə qaldım. Avropa dövlətləri zəngin mədəniyyətə malik olan
ölkələr üçün viza məsələsini ağırlaşdırıblar.
Uüçün uşaq vaxtı Amerikanın kosmik filmlərini izləyirdik. Onlar
olmayanları həqiqət kimi göstərirdilər. İllərdir Amerika dünyanı "biz möhtəşəm
gücə sahibik” devizi altında qorxutdu və idarə etməyə başladı. Dünyaya "mənim
görünməz silahlarım, kosmosa uçan təyyarəm var” mesajlarını verdi. Ancaq
halbuki elə bir şey yoxdur. Amerikanın elə də böyük tarixi yoxdur və mədəniyyətlərinin içərisi
bomboşdur. Adi Almaniyada toyları bizim toylar kimi keçirməyə başlayıblar.
İndi-indi xına gecələri keçirir, toylarının yaddaqalan olması üçün bizim adətlərə
keçməyə başlayırlar. Yoxsa bir şampan və
bir neçə dostla toylarını idarə edirdilər. Bu el şənliyini keçirməyin özü bir mədəniyyətdir
və onların belə adətləri yoxdur. Orada türk toylarının dizaynında el şənlikləri
keçirən şirkətlər belə var. Yəni deməyim
odur ki, gərək hər bir xalqın özünün adətləri, musiqisi zəngin olsun. Baxın
görün Azərbaycan və Türkiyə xalq
mahnıları insana necə gözəl duyğu bəxş edir. O mahnılar bizə bizim kim
olduğumuzu xatırladır.Bir dəfə
Fransaya konsert verməyə gedəcəkdim. Bir
məscidin imamı ilə birlikdə Fransız konsulluğuna müraciət elədim. Həmin
imama viza verdilər, ancaq mənə vermədilər. Mənim də bir dostum Bayburtda icra
başçısının köməkçisi idi, onun tanışlığı ilə konsulluğa gəldik. Mənə maraqlı
idi ki, nə üçün Fransada konsert proqramı ilə çıxış edə bilmərəm. Konsulluqdan
dedilər ki, siz niyə Fransaya getməyə bu qədər inad edirsiniz? Onlar düşünürlər
ki, yüksək mədəniyyətə məxsus olan dövlətlərin sənətçiləri onların ölkəsinə gəlib
öz ölkələrinin mədəniyyətini təbliğ edərlər. Onlar isə bunu istəmirlər və təmiz
fransız xalqı yetişdirmək niyyətindədirlər. Dil, din, yemək, musiqi bir ölkənin
əsas mədəniyyətidir. Onlar da öz ölkələrində türk və başqa dövlətlərin mədəniyyətini
görmək istəmirlər. Bir dövlətin mədəniyyətinin zənginliyi onun xalq
mahnılarında görünür. Buna görə də musiqinin gücünü heç də zəif görməyin.
- Hesab edirsiniz ki,
musiqi ilə tanınmaq mümkündür?
- Əlbəttə ki,
bir sənətçini məhz elə musiqinin gücü ilə tanıyırsınız. Zor tətbiq etməklə, pulun hesabına edə bilməyəcəyimizi musiqilər
və müğənnilər edir. O musiqi bütün gəncliyi ələ alır. İnsanlar dünyaca məşhur
müğənnilərin sözlərinə daha çox inanır.
- Bildiyimiz qədəri ilə sizin bir çox albomlarınız
var və Bakıya da elə albom hazırlığı
üçün gəlibsiniz.
- Bəli. Yeni
albom üzərində çalışıram. Albomuma bir neçə Azərbaycan xalq mahnıları da əlavə
etmək istəyirəm və bunun üçün burdayam. Bundan başqa həmin mahnıya Bakıda klip
çəkdirəcəyəm. Hələ ki, albomda 12 mahnı var, onların 4-nün sözü və musiqisi mənə
aiddir. Bir də Bakıya aid şeir yazıb, ona mahnı bəstələyəcəyəm.
- Türkiyədə konsertlərdən və albomlardan pul
qazanmaq mümkündürmü?
- Əlbəttə ki,
müğənninin əsas qazancı konsertlərdir və ondan sonra el şənlikləri.
- Azərbaycanda
isə müğənnilərin əsas qazanc yeri toylardır.
- Bu, əslində
bütün dünyanın şou sektorunda belədir. Ancaq bu gün toylarda daha çox disklərdən
istifadə edilir. Müğənni toya gəlirsə, diskini gətirib fonoqram oxuyur.
- İndiki dövrdə albomdan pul qazanmaq mümkün
olmadığı halda, niyə bu qədər albom çıxartdırmağa israrlısınız?
- Albom biz müğənnilərin
özünü ifadə etmək üçün bir vasitədir. Bir növ müğənninin vizit kartıdır, şəxsiyyət
vəsiqəsidir. Albom çıxardacaqsınız, o alboma klip çəkdirəcəksiniz, bu klip sizi
tanıdacaq və beləcə, sizə pul gətirəcək.
- Ancaq o mahnılar internetdə var və onu pulsuz şəkildə
yükləmək mümkün olduğu halda, dinləyicilər niyə pul verib albom alsınlar ki?
- Albomdakı
mahnıların çoxu internetə yükləmək üçün ifa olunur. Yaşı 40-ı keçən elə dinləyicilər var ki, onların internetdə istifadə etmək
imkanı olmur və hələ də mahnıları CD-dən dinləyirlər. Bundan başqa maşınla yol
gedəndə sosial mediaya girə bilmirsiniz və diskdə olan mahnıları dinləyirsiniz.
- İstanbulda nə işlə məşğulsunuz?
- Sadəcə öz sənətimlə
məşğulam. Musiqi ciddi bir işdir. Bundan başqa bir işlə məşğul olmaq mümkün
olmur. Həm də musiqi ilə yanaşı başqa sahələrdə işləmək sənətçi üçün deyil.
- Yaradıcılığınıza nəzər salanda pop janrında
mahnılara da rast gəlinir.
- Mənim ifamda
pop mahnıları gözəl alınır. Bu sahədə təhsilim də var. Pop musiqiçilərinin
mahnılarından da ifalar edirəm. Təəssüf ki, xalq musiqisi gənclər tərəfindən
çox da dinlənmir. Amma rok və pop janrı gəncləri daha çox cəlb edir. Ancaq pop
janrından pul qazanmaq istəmirəm. Məni xoşbəxt edən milyonlarca pop və rok
ifaçılarının arasında mənim xalq mahnılarımın olmasıdır. İstəmirəm yaşlanandan
"sənətçi olub da cəmiyyətə nə verdin?”
sualı ilə üz-üzə qalım.
- Azərbaycanda ilk dəfə gəlibsiniz. Təəssüratlarınız
necədir?
- Əslində Azərbaycan
haqqında başqa fikirdə idim. Ancaq Bakıya gəldikdən sonra hər şeyin fərqli
olduğunu gördüm. Mən daha dağınıq və köhnə sovetlər dövründən qalma bir şəhər
görəcəyimi düşünürdüm. Bakıda gördüyüm mənzərə
məni çox heyrətləndirdi. Məsələn, nəqliyyatın sıx inkişaf etdiyi yollarda
maşınların ciddi nizam-intizamı var. Yollarda gedən və gələn maşınların
arasında hasarlanmış və dəmirlərlə halqalanmış sərhəd yoxdur. Sadə bir xətlə
gediş və gəliş yolu var. Və heç bir maşın digərinin yoluna çıxmır. Mən bir türk olaraq bununla qürur duydum.
Bakıda özümü tapdım. Ancaq məni narahat edən məsələlər də oldu. Məsələn, Bakıda
çox az məscid var. Sabah azanını eşitmədim. Bu, məni məyus etdi. İnsanın içərisindəki
inanc hər şeydən önəmlidir.Azərbaycana
xüsusi sevgim var. Çünki Azərbaycan
bizim türklük şüurunun çox fərqli inkişaf etdiyi bir məmləkətdir. Uzun müddət müstəmləkə altında qalıb, ancaq
buna baxmayaraq öz adət-ənənələrini, dilini qoruyub saxlamağı bacaran bir dövlətdir.
Buna görə də ölkə rəhbərliyinə və Azərbaycan xalqına böyük təşəkkür düşür.
Xəyalə Rəis