
“Özünə inanan insan həyatda hər şeyə nail ola bilər” - Örnək
Gənclik qəzeti
12 İyun 2020, 13:45
6059
Elmara
Süleymanova: "Xalxın uşağı” ifadəsini dilimizdən yığışdırmalıyıq
Ailə qurmaq üçün təhsilini qurban verməyə məcbur
olan, qurduğu ailəsi də uğursuzluqla nəticələnən qızlardandır. Arzuları yarımçıq
qalıb, amma sıfırdan başlayıb, özünə inanıb və möcüzə adlandırdığı işi ilə
rastlaşıb. Deyir ki, qadın uğur qazanmaq istəyirsə, ətrafının onun yerinə qərar
verməsinə mane olmalı, "ali məktəbə qəbul olmadın, ailə qur, yaxud filankəsin
qızı xoşbəxt oldu, gəl səni də filankəsin oğluna verək, xoşbəxt ol” kimi fikirlərdən
uzaq olmalıdır.
Müsahibimiz Qubada icma əsaslı məktəbəqədər təhsil
qrupunun müəllimi Elmara Süleymanovadır.
Bakıda anadan olub, 2003-cü ildən Qubanın 2-ci Nügədi
kəndinə köçüblər. 11 illik təhsilini başa vursa da, universitet xəyalları
yarımçıq qalıb: "Bir çox qızlar kimi mən də arzulayırdım ki, ali məktəbə daxil
olum. Lakin ilk dəfədən qəbul ola bilmədim. Həmin il atamın da səhhəti kəskin
pisləşdi. Ailəm vəziyyətdən çıxış yolunu mənim ailə qurmağımda gördü. Ailə həyatım
isə uğursuz oldu. Qısa müddətdən sonra ayrılmalı oldum, atam isə rəhmətə getdi.
Bu hadisələrdən sonra depressiyaya düşdüm. Atamı itirmək mənim üçün hər şeyin
itirilməsinə bərabər idi. Ali təhsilim də yox idi və özümü o qədər tək hiss
edirdim ki... Həmin müddət mənə elə gəlirdi ki, iş tapa bilməyəcəm və bu mənə
psixoloji cəhətdən pis təsir edirdi. Atamın ölümündən qabaq bir dəfə də ali məktəbə
daxil olmaq üçün imtahan verdim, lakin psixoloji vəziyyətim yenə imkan vermədi,
çünki atamın səhhəti gündən-günə pisləşirdi, bu da imtahanlara yaxşı hazırlaşmağa
və fokuslanmağa imkan vermirdi. Sonra həyatımda gözləmədiyim anda möcüzə baş
verdi”.

- Həyatınızı
müsbət mənada dəyişən möcüzə nə idi və necə baş verdi?
- 2018-ci ildə "İcma qrupları vasitəsilə məktəbəqədər
və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi barədə eşitdim və özümü sınamaq
istədim. Düzdür, inanmırdım ki, məni seçə bilərlər, amma yenə də şansımı
sınamaq qərarına gəldim. Sənədləri göndərdim, sonra isə məni Quba rayonu təhsil
şöbəsinə müsahibəyə dəvət etdilər. Müsahibədə iştirak etsəm də, həqiqətən heç
bir müsbət cavab gözləmirdim. Bir müddət sonra isə zəng vurub bildirdilər ki,
müsahibədən uğurla keçmişəm və məni Bakı şəhərində təşkil olunan təlimlərə dəvət
ediblər. Təlimlərdə iştirak etdikdən sonra kəndimizdəki icma qrupunda işə
başladım və qısa müddət ərzində nailiyyətlər əldə etdim.
- Təhsil
almaq arzunuz həyata keçmədi, ailə qurdunuz - uğursuz oldu, hər şeyim dediyiniz
atanızı itirdiniz... Ardınca isə möcüzələr... Belə çətin vəziyyətdə o işığı necə
tapdınız?
- Mənim üçün ən böyük işıq şagirdlərimin sevgisi
idi. Düşünürəm ki, mən körpələri güldürə, onların üzündə təbəssüm yarada bilirəmsə,
deməli, bu həyatda nəyisə bacarmışam. Bir sözlə desəm, mənə güc verən və
ruhlandıran işıq körpələrin, yəni şagirdlərimin sevgisi oldu. Bu layihə həyatıma
rəng qatıb, həyata ümid ilə baxmağı öyrədib. Artıq mən möcüzələrə inanıram və
bilirəm ki, həyat sürprizlərlə doludur. Bu layihə məndə "güclüyəm” və "bacaracağam”
hisslərini formalaşdırdı, özümə indi daha çox inanıram. Bu işə başlamazdan əvvəl
elə bir insan idim ki, nə arzularım, nə də hansısa hədəflərim var idi, ümumiyyətlə
nə edəcəyimi bilmirdim. İndi məqsədim var. Təhsilimi davam etdirmək istəyirəm və
ümid edirəm ki, buna ən yaxın gələcəkdə nail olacağam. Bu layihənin həyatıma
qatdığı ən böyük sürpriz Amerikaya səfər təklifi idi. Daha sonra mənə mentorluq
sahəsində fəaliyyət göstərmək imkanı təklif olundu. Təbii ki bu təklifi də
böyük məmnuniyyətlə qəbul etdim və 9 yeni icma müəlliminə mentorluq etməyə
başladım. Hazırda da onlarla öz təcrübəmi bölüşürəm. Anladım ki, insan özünə
inanırsa, həyatda hər şeyə nail ola bilər.

- İşinizin
xüsusiyyətləri haqqında məlumat verin. İcma müəlliminin vəzifələri nədir?
- İşimiz məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin
artırılması və valideyn ilə məktəb arasında əlaqələrin möhkəmləndirilməsindən
ibarətdir. Qrupumuzda 20 şagird var və hər şagirdin valideyni ayda bir dəfə məşğələdə
iştirak edərək həm dərs prosesini izləyir, həm də müəllimə dərs prosesində köməklik
göstərir. Bununla da valideyn həm dərsi müşahidə edir, həm də öyrənir və öyrəndiklərini
də evində tətbiq edə bilir. Biz bilirik ki, uşaqlar üçün 6 yaşa qədər olan müddət
ən kritik dönəmlərdəndir. Uşaq beyni ağ kağız kimidir və həmin kağıza nə yazsan,
o da yaddaşında qalacaq. Buna görə da bu yaşda alınan biliklər bünövrədir və
uşaqlarla bu yaşda çox ciddi məşğul olmaq lazımdır. Əlimizdə işimiz üçün xüsusi
hazırlanmış proqram var, bu yaşda olan uşaqlar üçün çox faydalıdır. Həmin
proqramlar vasitəsilə uşaqlarda yaradıcılıq qabiliyyəti inkişaf olunur. Həmçinin
uşaqlar fiziki cəhətdən, nitq və idrak baxımından inkişaf edir. Öz təcrübəmdən
nümunə gətirə bilərəm ki, nitqində problem olan uşaqlar burada 2 ay ərzində çox
uğurlu nəticələr əldə edir və sözləri sərbəst deyə bilirlər. Proqramımızın ətraf
mühit, sağlamlıq və digər mərhələləri də var. Bunların sayəsində uşaqlar
gigiyena qaydalarını öyrənir, ətraf mühit barədə məlumat alırlar. Həmçinin
uşaqlar burada kiçik riyazi fiqurları və əməliyyatları öyrənir, rəqəmlərlə
tanış olurlar. Məsələn, biz hər gün təqvimlə işləyirik və uşaqlar maqnitlər
vasitəsilə ayın tarixini göstərərkən hətta rəqəmləri tapmaq üçün öz aralarında
yarış da keçirirlər.
- Uşaqların ən
böyük problemlərindən biri məktəbdə ilk gün qorxusudur. İcma təhsili buna kömək
edə bilirmi?
- Bəli, bəzi uşaqlar hətta ilk dəfə dərsə gedəndə
ağlayırlar. Bu icma sayəsində uşaqlar qorxu və həyəcandan azad olurlar.
Hazırlığa və yaxud birinci sinfə rahat gedə bilirlər. Hətta ibtidai sinif müəllimləri
təsdiq edir ki, icma layihəsini bitirən uşaqlarla həmin dərslərdə iştirak etməyən
uşaqlar arasında bu baxımdan fərq böyükdür və onlar məktəbə daha hazırlıqlıdırlar.
Ailədən asılı olaraq bəzi uşaqlar qapalı olur, özünü ifadə edə bilmirlər.
İcmaya gəldikdən sonra isə bu uşaqlar başqa uşaqlarla daha rahat ünsiyyətə
girir. Ümumiyyətlə, icma əsaslı bu qruplar məktəbəqədər və ibtidai təhsil üçün
çox vacibdir. Bu layihənin ibtidai təhsilin yaxşılaşdırılmasında rolu çox
böyükdür. Bu layihəyə görə mən Təhsil Nazirliyi, Təhsil İnstitutu, layihə əməkdaşlarına,
Avropa İttifaqına səmimi olaraq təşəkkür etmək istərdim. Layihə sayəsində kəndlərimizdə
və hətta ucqar kəndlərdə uşaqlar üçün çox gözəl şərait yaradılıb.

- Təhsilsizliyin
fəsadlarını yaşayan biri kimi, qız uşaqlarının həyatında təhsilin önəmini necə
izah edərdiniz?
- Qız uşaqları mütləq təhsil almalıdır. Bəlkə də
şablon kimi səslənir, amma bu, həqiqətdir ki, oğlanlar inşaatda, tikintidə işləyə
bilər, amma qızlar bunu edə bilmir. Qızlar hüquqlarını bilsinlər, özlərini
müdafiə etsinlər, güclü olmağı bacarsınlar və təhsillərindən qalmasınlar. Həyatda
ailə də olur, uşaq da. Amma ilk olaraq təhsil olmalıdır. Mənim bu layihəyə
qatılmağım möcüzə oldu. Hər kəs bu qədər şanslı deyil. Ona görə də təhsil çox
vacibdir. Ailəmdə qardaşım ali təhsillidir, amma mən təhsil ala bilmədim. Ailə
qurmasaydım, təhsil ala bilərdim. Qızlar imkan verməməlidirlər ki, kimsə
onların yerinə qərar versin. "Ali məktəbə qəbul olmadın, ailə qur, yaxud filankəsin
qızı getdi xoşbəxt oldu, gəl səni də filankəsin oğluna verək, xoşbəxt ol” kimi
fikirlərdən uzaq olmaq lazımdır. Qızlar o sözlərə aldanmasınlar, öz haqlarını
bilsinlər. Təhsil hər kəsə lazımdır. Təhsil bizim hüquqlarımızı, haqlarımızı
bilməyimiz üçün vacibdir. Ailə qurmaq üçün arzularınızı, təhsilinizi yarımçıq
qoymayın.
- Uzun müddətdir
ki, uşaqlarla işləyirsiniz. Sizcə, valideynlərimizin uşaqların tərbiyəsində
buraxdığı ən böyük səhv nədir?
- Uşağı məcbur etmək lazım deyil ki, atan həkimdir,
sən də həkim ol. Valideyn uşağa əsgər kimi yanaşmalı deyil. Əmrlər verib, öz
dediyini etdirməyə çalışmamaldır. Ən böyük səhv "xalxın uşağı” söhbətidir. Bu,
problemdir. "Xalxın uşağı” sözünü dilimizdən yığışdırmalıyıq. Valideyn uşağa
qadağalar qoymaq əvəzinə, onunla birlikdə işləməlidir.

- Siz öyrədirsiniz.
Bəs uşaqlardan öyrəndikləriniz nədir?
- Mən onlarla daha yaxşı anlaşa bilir, onların
yanında rahatlıq tapıram. Adi kiçik bir oyuncaqla xoşbəxt olmağı, həyata ümidlə,
gülərək baxmağı öyrənmişəm. O körpələrin saflığı, məsumluğu, günahsızlığı mənə
dünyanın pisliklərini unutdurur. Bəzən hamımızın problemi olur. Mən otağa daxil
oldumsa, ora mənim üçün başqa dünyadır. Bir anlıq dünyanın ən xoşbəxti oluram.
Gülməli nəsə edirlər, əhvalım düzəlir. İşimdə uğurlar qazanmağıma səbəb olan, mənə
motivasiya verən onların sevgisidir.
- Unutmadığınız
xatirənizi bizimlə bölüşə bilərsinizmi?
- İlk dəfə şagirdlərimlə oyun oynamaq üçün həyətə
düşdük. Uşaqlar oyun yerinə ilk olaraq, hərəsi bir dəstə gül yığıb mənə gətirdi.
Bu mənə çox təsir etdi. Düşündüm ki, onların ürəyində necə böyük yer tutmuşamsa,
oynamaq əvəzinə, ilk olaraq mənə gül gətirilər. Uşaqların kiçik qəlbindəki müəllim
sevgisi məni kövrəltmişdi.
Aygün ƏZİZ
Digər xəbərlər