• cümə, 29 Mart, 01:35
  • Baku Bakı 7°C

“Özündən razı insan, ölü insandır” – Uğur hekayəsi

11.11.14 09:25 4301
“Özündən razı insan, ölü insandır” – Uğur hekayəsi
Gənclərin daim öz üzərində çalışmalarının tərəfdarıdır. Düşünür ki, gənclər işlərinə məsuliyyətli yanaşmalı, özlərinə hər ay gördükləri işlə bağlı hesabat verməlidirlər.
Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPK) İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovdur.
E.Səfərov 2003-cü ilin aprel-may ayları ərzində Xarici İşlər Nazirliyində, 2005-ci ilin fevral-mart ayları ərzində Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsində təcrübəçi, 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Qadınların İnkişaf Fondunda (UNİFEM) əlaqələndirici kimi çalışıb. 2006-cı ilin may ayından isə karyerasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində davam etdirib. Belə ki, əvvəlcə AQUPK-də Beynəlxalq Əlaqələr şöbəsinin Hüquqi-təminat sektorunun baş məsləhətçisi (hüquqşünas), sonra Hüquqi-təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorun müdiri, Hüquqi Təminat şöbəsinin müdir müavini kimi çalışıb. Komitənin hüquqşünası qismində onlarla mülki məhkəmə işlərində qələbə qazanıb və bir neçə qanun layihələrinin, dövlət proqramlarının, qaydalarının hazırlanmasında iştirak edib (“Gender bərabərliyinin (kişi və qadınlar arasında) təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqında” və digərləri).
2013-cü ildən isə sözügedən komitədə İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri vəzifəsində çalışır.
2009-cu ildə “Beynəlxalq sülhün və təhlükəsizliyinin müdafiəsi sahəsində Birləşmiş Millətlər Təşkilatınıın fəaliyyəti” mövzusu üzrə doktor işini müdafiə etmiş və 2010-cu ildən hüquq elmləri üzrə fəlsəfə doktoru elmi adı almışdır. 20-dən çox Azərbaycanda və xarici dövlətlərdə elmi məqalələrin müəllifi.
2007-ci ildən bu günlərə qədər Avropa Şurasının gender bərabərliyi üzrə Komissiyasında Azərbaycan Hökumətini ekspert qismində təmsil edən şəxsdir.
Həmsöhbətimiz rus, ingilis, türk, fransız, alman dillərini bilir. Ailəlidir, bir oğlu var.
- Elgün bəy, gənc yaşınızdan rəhbər vəzifələrdə çalışırsınız. Rəhbər olmaq üçün bir gəncə nə lazımdır?
- Öncə səbir və bugünkü reallığı başa düşmək lazımdır. Bu gün dövlət başçısı hörmətli cənab prezident İlham Əliyev də çıxışlarında deyir ki, mən gənclərə arxalanıram, özüm də onlar üçün arxayam. Bu gün vəzifəyə təyin olmaq istəyən, vəzifə arzusunda olan gənclər ilk öncə bunu bilməlidirlər və işlərini vəzifə xatirinə və ya pul qazanmaq üçün yox, ölkəyə yararlı olmaq üçün etməlidirlər. Mən məsləhətçi olanda da, hüquq şöbəsində işləyəndə də, ekspert kimi ölkəni təmsil edəndə də eyni işləri görmüşəm. Bu gün vəzifəsindən asılı olmayaraq, gənclər başa düşməlidir ki, onlar Azərbaycanı təmsil edirlər və gördüyü işlər Azərbaycanın üzünü, simasını göstərir. Rəhbər işləyə bilmək üçün, əsas faktor səbr, ikinci, təşkilatçılıq işlərinin əməkdaşlar arasında düzgün bölgüsünün aparılması, üçüncü, daim özünü inkişaf etdirmək. Gənclər anlamalıdırlar ki, hər vəzifə məsuliyyəti artırır.
- Bugünkü, gəncliyimizin fəaliyyətindən razısınızmı?
- Çox təəssüf olsun ki, bizim bugünkü gəncliyimiz fəal deyil. Çoxları yalnız işin maddi tərəfini fikirləşirlər. İnkişaf edən dövlətlərdə maddiyyat öndə gəlmir. Orada digər əmsallar var. Bu, bizdə çox nadir hallarda olur. Məsələn, gənclər sevdiyi sənətin ardınca getməkdənsə, harada pul var, o sənəti icra etməyi düşünür. Bu gün gənclər məsuliyyəti hiss etməli və qarşısına məqsəd kimi öz inkişafını qoymalıdır. Mən hər aydan bir özüm-özümə hesabat verirəm. Hər gənc özünə hesabat verməlidir “bu il ərzində mən nələr əldə etmişəm, nələr əldə edə bilərəm, gələcək üçün nələr əldə etməliyəm. Bir yerdə dayanmaq olmaz. Gənclik illəri çox vacib illərdir. Bunları gənclər də hiss etməli, istiqamətlərini seçib işləməli, onlar üçün yaradılan bütün imkanlardan istifadə etməlidirlər. Gənclər bilməlidir ki, bizim bugünkü gəncliyimiz 10 il sonrakı Azərbaycanımızdır. 16-17 yaşında uşaqlar 30 yaşında artıq Azərbaycanı təmsil edəcək.
- 15-dən çox xarici ölkədə olmusunuz. Azərbaycan gəncliyi ilə xarici ölkələrin gəncliyini necə fərqləndirirsiniz?
- Bu gün xarici gənclər bizimlə müqayisədə bir istiqamətdə iş görürlər. Biz həm işləyirik, həm təhsilimizi davam etdiririk, elmi məqalələr yazırıq, idmanla məşğul oluruq. Bu, bizim üstünlüyümüzdür. Biz kiçik dövlət olmağımıza baxmayaraq, həmişə təcrübəli və işgüzarlığımızla fərqlənmişik. Bu gün bunu itirməmək, işgüzarlığımızı, məsuliyyətimizi qorumalıyıq. Gənclərimizin inkişaf etmələri üçün hər şərait yaradılıb. Azərbaycanın dövlət idarəçiliyində kadr çatışmazlığı var. Buna cavab olaraq gənclərimiz öz məsuliyyətlərini artırmalı və işlərini daha da gücləndirməlidirlər. Bu günlə razı olmamalı, gələcəyə baxmalıdırlar. Ola bilər ki, onlar gedib 1-2 il özəl sektorda işləsinlər. Maddi cəhətdən uğur əldə edə bilərlər, ancaq gələcək perspektivlər nəzərə alınmayacaq. Uzunmüddətli nailiyyətlər planlaşdırmalıdırlar. Bu gün idman, sosial təminat, məhkəmə, insan hüquqlarının müdafiəsi, qadın və uşaq hüquqları sistemində islahatların aparılması, xüsusilə də zorakılıq əleyhinə aparılan layihələrə gənclərin cəlb edilməsi yaxşı olardı. Bu gün həm işləmək, həm də təcrübə toplamaq üçün gənclərə hərtərəfli imkanlar yaradılıb. Hər şey gənclərin əlindədir. Bütün gənclər özünü inkişaf etdirməlidir. Bu, bizə su kimi lazımdır.
- Sizcə gənclərin fəal olmasında, karyera qurmasında ailənin önəmi nə qədərdir?
- Ailənin rolu çox böyükdür. Mən bu gün nələrə nail olmuşamsa, ailəmə borcluyam. Azərbaycanın ailə formatı digərlərindən fərqlənir. Bu gün Azərbaycanın inkişafının əsas istiqamətlərindən biri yalnız iqtisadi inkişaf deyil, ailə strukturudur. Biz ədəb-ərkan, özünü aparmaq qaydalarını ailədən öyrənirik. Şəxsən mən öz atama, anama, babama minnətdarlığımı bildirirəm. Çünki mənim bugünkü nailiyyətlərimin əldə olunmasında onların rolu böyükdür. Anam rus dili, ədəbiyyat müəlliməsi olub. Ömür boyu mənim və qardaşımın üstündə işləyib. Qardaşımla birlikdə, məsuliyyət hissini biz ailəmizdən almışıq. Biz məktəbdə də düşünmüşük ki, anamız bu məktəbdə müəllimədir, həmin məktəbdə onun üzünü ağ etməli, onu yaxşı təmsil etməliyik. Qoy deməsinlər ki, anası müəllimdir deyə qiymət alır. Bunun bəhrəsini də görmüşük. Hazırda qardaşım da Vaşinqtonda Azərbaycanı konsul qismində təmsil edir.
- Həyatda və işdə özünüzü necə xarakterizə edərdiniz?
- Mən özümü qiymətləndirə bilmirəm. Bunu edəndə də iradlarım çox olur. Özümü mütəmadi olaraq tənqid edirəm. Nəyəsə nail olanda, ən sevincli məqamda belə həmişə fikirləşirəm ki, mən burada nə isə səhv etmişəm və ya bundan sonrakı addımım hansı ola bilər. Əslində, böyük nailiyyətlər əldə etdiyimi düşünmürəm. Qloballaşma, inteqrasiya dövründə daim inkişaf etmək lazımdır. Hər bir gənc cəmiyyətə xeyir verməlidir. O, uşaqlıq vaxtından nə qazanıbsa - istər valideynlərindən, istərsə də cəmiyyətdən, onu bir-bir qaytarmalıdır. İnsan heç zaman özündən razı olmamalıdır. Çünki, özündən razı olduğu an inkişaf dayanır. Bu, həyat fəlsəfəsində də belədir. Aristotel yazılarında deyib ki, özündən razı insan ölü insandır.
- Ənənəvi sualımız. Uğurlu karyera qurmağınızın sirri nədədir?
- Uğurlu karyeranın sirri mütəmadi öz üstündə işləməkdən və işgüzarlıqdan ibarətdir. Hər insan öz üzərində mütəmadi olaraq işləməlidir. Hansısa nailiyyəti əldə etdikdən sonra orada dayanmaq lazım deyil. Karyerada dayanmaq və tənbəllik qəbuledilməzdir. Hər bir işdə olduğu kimi daim çalışmaq, çətinlikləri dəf etmək və təslim olmamaq lazımdır. Bu inkişafın qanundur.
- 20 ildən sonra özünüzü harada görürsünüz?
- 20 ildən sonra özümü beynəlxalq hüquq, insan, uşaq hüquqlarının müdafiəsi sahəsində çoxcildli kitabların müəllifi kimi görmək istəyirəm. Şəxsi həyatıma gəlincə, özümü gözəl bir ailənin başçısı kimi görməyi arzulayıram. Azərbaycanın adının beynəlxalq arenada tanıdılması və təsdiq edilməsinə töhfə verən insan kimi yadda qalmaq istəyirəm. Azərbaycan cəmiyyətində desinlər ki, bu 50 yaşına qədər Azərbaycan üçün hər hansısa iş görüb.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər