Özündən güclülərlə döyüşən xanım
İstək olan
yerdə hər şey etməyin mümkün olduğunu düşünür. Amma təkcə istəməklə hər şey
əldə etmək mümkün deyil. Deyir ki, bunun üçün çox çalışmalı, daima hərəkətdə
olmalısan. Müsahibimiz dənizçi və idmançı xanım Fəridə Abdullayevadır.
Uşaqlıqdan bəri idmana həvəsi olan
həmsöhbətim bildirdi ki, əvvəl sırf özünümüdafiə üçün karate ilə məşğul olub, sonra proseslər
peşəkar idmançı olması istiqamətində cərəyan edib.
Qeyd edək
ki, F.Abdullayeva 1993-cü ildə Bakı şəhərində anadan olub. Orta məktəbə
Bakıxanov qəsəbəsində yerləşən 74 nömrəli məktəbdə başlayan Fəridə, 9-cu
sinifdən sonra təhsilini Bakı Peşə Liseyində davam etdirib: "Liseyi bitirib sənədlərimi Dənizçilik Akademiyasına
təqdim etdim. İmtahan verib Nəqliyyatda Daşınmalar və İdarəetmənin Təşkili
Mühəndisliyi ixtisasına qəbul oldum. Oxuduğum müddət ərzində mağazalar
şəbəkəsinin birində kassir kimi işləyirdim. Dərslər günorta saat 1-də bitdiyinə
görə, saat 6-da işə getmək imkanım olurdu. Bu müddət ərzində "Caspian Marine
Services” şirkətinin ümumi və kommersiya şöbəsində vakant yer olduğunu öyrəndim
və orada işə başladım. Orada bir il işlədikdən sonra "Azersun” Holdinqdə özümü sınadım. Lakin nədənsə, həmişə öz
yerimdə olmadığımı fikirləşirdim. Ona görə, fərqli sahələrə üstünlük verməyə
başladım. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də tələbələrin işlə təmin
edildiyini öyrəndim və ora müraciət etdim. Artıq bu ilin fevral ayından bəri
orada çalışıram”.
-
Həm dənizçi, həm idmançı. Bu sahələrdə
xanımlara çox az rast gəlinir. İkisi bir arada çətin deyil?
- Bütün
bunlar təsadüf deyil. Mən həmişə güc tələb olunan yerlərə üstünlük verirəm. Ona
görə də liderliyin daha çox olduğu sahələr diqqətimi çəkib. Əslində istək
varsa, hər şey etmək mümkündür. Ancaq istəkdən əlavə, hərəkət də lazımdır. Mənə
görə, həyat hərəkətdən ibarətdir. Su da bir stəkanda qalanda kiflənməyə
başlayır. Ona görə də daima hərəkətdə olmağa çalışıram. Ünsiyyətcil biriyəm və
insanların olduğu mühitə daha çox üstünlük verirəm. İdmandan əlavə, psixologiya
və fəlsəfəyə böyük marağım var. Detektiv əsərləri, xüsusən Çingiz Abdullayevin
kitablarını oxuyuram.
- İdmançı kimi ilk addımlarınızı atmağa nə
vaxtdan başladınız?
- Atamgil
4 qardaş olublar. Onların da hərəsinin iki oğlu olub. Nəsildə ən sonuncu qız
mən olmuşam. Anam həmişə fikirləşirdi ki, qızımı evdə tək qoyub getsəm, onu
incidə bilərlər. Məndən böyük qardaşım var. Amma o da sakit təbiətli biridir.
İlk vaxtlar məni bir növ özünü müdafiə üçün idmana göndərdilər. Lakin müəllimim
həvəsim və potensialım olduğunu gördü və mənə yarışlara çıxmağı təklif etdi.
Qatıldığım ilk yarışda respublika üzrə birinci yeri qazandım. Bundan sonra
həvəsləndim və daha da çox məşğul olmağa başladım. Onu da qeyd edim ki, idmanla
məşğul olmağıma baxmayaraq təhsili heç vaxt kənara atmamışam. Çünki idman
hansısa yaş həddinə qədərdir. Amma ixtisas, insanın aldığı təhsil ona həmişə
lazım olur. Təqribən 13 il karate ilə məşğul oldum. Sonuncu dəfə İsveçrədə
dünya kubokunda birinci oldum. Hətta karateni atdıqdan sonra içimdəki idman
həvəs ölmədi. Bir müddət taekvando, boksla məşğul oldum. Amma bu idman növləri mənim
diqqətimi bir o qədər də çəkmirdi. Sonra elə oldu ki, işə getdiyim vaxt
kikboksinq üzrə 5 qat dünya çempionu Pərviz Abdullayevin böyük bir plakatı ilə
rastlaşdım. Araşdırma apardım və "Youtube”da videolara baxdım. Gördüm ki, orada
əl və ayaq döyüşləri var. Beləcə, kikboksinqlə məşğul olmağa başladım. Amma
başlamamışdan öncə bu sahədə potensialımın olub-olmamağı haqqında müəllimimin
fikrini öyrəndim.
- İdman şəxsi həyatınıza mane olmur ki?
- Demək
olar ki, şəxsi həyatım yoxdur. Uşaqlıqdan bəri ətrafımda oğlanlar daha çox olub
deyə, mən də oğlan kimi böyümüşəm. Hətta, uşaq vaxtı "samokat” sürürdüm. Mən
uşaqlığımı telefon, kompüter, televizorla keçirməmişəm. Yəni, uşaqlığımdan
istədiyim kimi həzz almışam. İdmanla məşğul olduğum vaxtlarda qızlarda
karateyə o qədər də həvəs yox idi. Ona
görə də, karateyə başlayanda orada hamı
oğlan idi. Liseydə də cəmi 3 qız idik. Orada oğlanları mən idarə edirdim. Hər
zaman oğlanlar içində olduğuma görə, elə oğlan kimi də böyüyürəm.
- Ailə qurandan sonra bəzən xanımlar idmana
vaxt ayıra bilmirlər...
- Məncə, hər bir xanımın dayağı öz
ailəsi olmalıdır. Adətən, idmançılar məqsədə çatdıqdan sonra daha da çox
qazanmaq istəyirlər. Amma bu da qismətdən asılıdır. Gələcəkdə ailə qursam,
əlbəttə ki, ailəmə daha çox zaman ayıraram, nəinki idmana. Lakin bununla belə,
həmişə özümü formada saxlamağa çalışaram. Ümumiyyətlə, artıq çəki insanın
sağlamlığına ziyandır. İnsan özünə nə qədər baxarsa, bir o qədər yaxşıdır.
Adətən, insanlar gün boyu ofis şəraitində gəzmədən otururlar. Gecə də hərəkətdə
olmuruq. Evə gəldikdən sonra yemək yeyib yatırıq. Mən kikboksinqə başlayanda qarşıma
məqsəd qoydum ki, su içməliyəm. Çünki burada çox enerji itirirsən və su içmək
lazımdır. Şirniyyatı çox sevsəm də, qədərində yeməyə çalışıram. İdmanla məşğul
olmadığım vaxtlarda belə, hərəkətsiz qalmıram. Adi vaxtda gəzəndə də sürətli
hərəkət edirəm. Bəlkə də bu xarakterdən asılıdır. Nə qədər çox aktiv və sürətli
olsanız, həmişə birinci siz olacaqsınız.
- Eyni vaxtda həm işə, həm idmana vaxt
çatdırmaq çətin deyil ki?
- Düzü, işdən sonra yorğun
halda gecə vaxtı məşqə getmək bir az çətindir. Məşqlərimiz axşam saat 8-də
başlayır. Evə çatanda artıq ikiqat yorğun oluram, hər şey monotonlaşır. Zəif
tərəflərimi bildiyim üçün onların üzərində işləyirəm. Qorxmuram, ancaq hər zaman
onu ağlıma gətirirəm ki, əlləri aşağı salmaq olmaz. Nəinki idmanda, bu, həyatda
da belədir. Məsələn, işdə hansısa vəzifədəyəmsə, zəiflik göstərib deyə bilərəm
ki, əşi bu nə vəzifədir, gərək mən işimi dəyişim. Bəlkə başqa yerdə daha çox qazana bilərəm. Amma o, bir müddət
olacaq. Səbir göstərib hər zaman möhkəm olmaq, bəzi şeyləri görməməzlikdən
gəlmək, hər bir situasiyaya hazır olmaq gərəkdir. Bütün detallara fikir
verməli, tələsməməlisən.
- Hiss olunur ki, təkcə fiziki
yox, daxilən də güclü birisiniz...
- Fiziki güc başqa, daxili
güc tam başqa şeydir. Daxili güclə, dağı da yerindən tərpətmək olar. Bilmirəm
belə demək nə dərəcədə düzgündür, amma daxili güc bütün sahələrdə - ailədə,
işdə, idmanda hər şeyi yerindən tərpədər. Məsələn, bir yarışda qarşımdakını
nokaut etməyimin səbəbi də daxilimdəki gücü hiss etməyim oldu ki, onu vurub
aşıra bildim.
- Bu haqda bir az ətraflı danışasınız
bəlkə...
-
Yarışların birində rəqibimin müəllimi ona mənim ayaqlarla daha yaxşı işlədiyimi
deyib. Mənim müəllimim isə yarışdan əvvəl mənə dedi ki, sən qarşındakına
sürpriz etməlisən. Bilirsiniz, müəllimdən çox şey asılıdır. Şükürlər olsun ki,
müəllimim Mehman Umudov çox təcrübəlidir. Sürpriz deyəndə nəyi nəzərdə
tutduğunu bilmirdim. O, hər kəsin mənim ayaqla işlədiyimi, əl ilə zəif olduğumu
fikirləşdiyini dedi. Əlavə etdi ki, sən onu əl ilə yıxa bilərsən. Və mən
yarışda rəqibimi əl ilə nokaut etdim. O anda mən kənardan heç nəyi hiss
etmirdim, amma daxili gücümə arxalanaraq əl ilə işləməyə başladım və nəticəsi
də oldu.
-
Sizə görə, qələbənin siri nədədir?
- Rinqdə
olanda rəqibin zəif olduğu anı tutmağı bacarmalısan. Boşluğu tuta bilsən,
rəqibini məğlub edə bilərsən. Belə olanda rəqib çox ayaq üstə dayana
bilməyəcək. Çünki bu, onun zəif yeridir. Mən karatedən gəldiyimə görə, əlim bir
az zəifdir. Həmişə oğlanlarla məşq etməyə çalışıram. Bir dəfə qızlarla məşq
etdim və başa düşdüm ki, burada olsam zəifləyərəm. Güclü olmaq üçün özündən
güclülərlə döyüşməlisən. Ümumiyyətlə, heç bir yarış asan olmur, istər-istəməz
həyəcan və məsuliyyət olur. Sənə inanan insanları pis vəziyyətdə qoymamalısan.
Mən həmişə özümdən çox müəllimimi fikirləşirəm. Bu yarışa çıxacağımı bilmirdim.
Düşünürdüm ki, sadəcə, tamaşaçı olaraq baxacağam. Kikboksinqdə ilk dəfə olsa
da, karatedə müvəffəqiyyətlərim olub. Müəllimim mənə "yarışa çıxırsan” deyəndə,
onun gözlərində olan inamı gördüm. Mən onun inamını yanıltmaq istəmirdim. Düzdür, özünü düşünməmək də yaxşı hal deyil.
Amma mən həmişə belə olmuşam.
Şəbnəm
Mehdizadə