• cümə, 19 Aprel, 15:14
  • Baku Bakı 25°C

Özümüzdə çatışmır, amma ixrac edirik

20.11.19 11:30 1293
Özümüzdə çatışmır, amma ixrac edirik
Mütəxəssislər deyirlər ki, həkimlərin işini elə qiymətləndirmək, stimullaşdırmaq lazımdır ki, ölkədə qalmaqda maraqlı olsunlar
Son dönəmlər gündəmi zəbt edən mövzulardan biri də həkimlərin azlığıdır. 2010-2018-ci illər ərzində həkimlərin sayında azalma müşahidə edilib. Belə ki, 2010-cu ildə ölkədə 33085, 2018-ci ildə 32 485 həkim olub. Hazırda isə əhalinin hər 10 000 nəfərinə orta hesabla 33 həkim düşür. Qeyd olunan göstərici olduqca aşağıdır. Yalnız həkimlərin deyil, həmçinin orta tibb işçilərinin sayında da azalma var. Statistik göstəricilərə əsasən, hətta Rusiyanın ən ucqar regionunda belə, hər 10 min nəfərə düşən həkim sayı Azərbaycanla müqayisədə çoxdur. Xəstəliklərin cavanlaşdığı, yeni kadrlara ehtiyac duyulduğu bir vaxtda, bu cür azalma, sabah üçün ciddi problemlər yarada bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, bölgələrdə tibbi kadrların çatışmazlığı daha qabaraq hiss olunur. Deməli, problemin həlli üçün müəyyən addımlar atılmalıdır ki, sabah daha böyük fəsadla üzləşməyək.
Qeyd edək ki, bir müddət əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi də həyəcan təbili çalıb. Bildirib ki, Azərbaycan əhalisi tədricən qocalmağa doğru gedir. Buna görə də, ölkədə tibbi xidmətlərə ehtiyac artacaq. Həmçinin o vurğulayıb ki, 2005-ci ilə kimi ölkənin tibbi kadr potensialı yetərincə olub: "O zaman Azərbaycanda həkimlərin sayı yüksək idi. Lakin hazırda Azərbaycanda həkimlərin sayı Avropa İttifaqı ölkələrindəki orta həkim sayından aşağıdır. Orta tibb işçilərinin sayı da azdır. Əgər lazımi tədbirlər görülməsə, müəyyən müddətdən sonra ölkə tibbi kadr çatışmazlığı ilə üzləşə bilər.
Əslində, qeyd edilən nüanslar gələcəkdə baş verə biləcək həkim qıtlığı ilə bağlı ciddi xəbərdarlıqdır. Çünki hər 10.000 nəfərə 33 həkimin düşməsi, ölkədə ciddi olaraq tibbi kadrlara ehtiyacdan xəbər verir. Amma təəssüf ki, iqtisadiyyatda istifadə edilən tələb-təklif məsələsi burada keçərli deyil. Çünki hazırda tibb işçilərinə olan tələb yüksək olsa da, təklifi formalaşdırmaq mümkün olmur, əksinə artımdansa, azalmaya doğru gedir.
Maraqlıdır ki, Azərbaycanda həkim qıtlığı yaşansa da, tibb təhsili verən Azərbaycan Tibb Universitetinə qəbul yerlərinin sayı azaldılıb. Ötən illə müqayisədə tibb ixtisasına qəbul 290 yer azalıb. Universiteti bitirənlərin bəzisinin öz ixtisasları üzrə işləmədiyinin, əksəriyyətinin isə bakalavr pilləsindən sonrakı təhsil üçün xaricə getdiyini, gedənlərin də bəzilərinin geri dönmədiyini nəzərə alsaq, deyə bilərik ki, 5 il sonra ölkəmizdə həkim qıtlığı daha ciddi hiss olunacaq. Bəs həkim qıtlığının səbəbi nədir? Bu problemi həll etmək üçün hansı addımlar atılmalıdır?
Həkim-pediatr Vaqif Qarayev azalmaya bir sıra faktorların səbəb olduğunu və əsas səbəb kimi də dövlət xəstəxanalarında həkimlərin maaşının çox aşağı olmasını vurğulayır: "Hazırda universiteti bitirən gənc həkimlər arasında Almaniyaya axın edənlər daha çoxdur. Bir müddət əvvəl belə bir yazı oxumuşdum ki, almanlar həkimlik sənətinin çox ağır olduğunun fərqindədirlər. Ona görə, yerli əhalinin böyük əksəriyyəti başqa peşə sahəsinə yönəlirlər və nəticədə həkim qıtlığı yaranır. Bunun üçün də başqa ölkələrdən həkim cəlb edib, onlara təhsil verirlər, təhsildən sonrakı mərhələdə də onlar üçün hər cür şəraiti yaradırlar ki, qalıb alman xalqına xidmət etsinlər. Bu, reallıqdır. Amma bir məsələ var ki, burada itirən biz oluruq. Həkimlər ölkəmizdə qalmır, gedənlər də qayıtmır. Bu zaman sual yaranır ki, bəs həkimlərimiz niyə qalmır? İlkin səbəb maaşdır. Dövlət xəstəxanalarında həkimlərin maaşı çox aşağıdır. Almaniyanın verdiyi maaşla heç müqayisəyə belə gəlməz. Biz, həkimlərdən işinə məsuliyyətli olmağı tələb edirik, amma qiymətləndirməyə gələndə hamı susur. Bəs həkimin də işini qiymətləndirmək, stimullaşdırmaq, normal səviyyədə yaşaya bilməsi üçün maaşını artırmaq lazımdır. Gənc kadrlar da vəziyyəti görür və düşünür ki, bu qədər illər ərzində həmin maaşa görə oxumağa dəyməz. Ya heç tibb sahəsinə yönəlmirlər, yönələnlər də ilkin bakalavr təhsilindən sonra xaricə gedirlər. Ölkəmizdə qalanlar isə dövlət yox, özəl xəstəxanalarda işləməyi seçirlər. Həmin özəl xəstəxanalarda işləyənlər isə hər təbəqədən olan əhali üçün əlçatan olmur. Ona görə, dövlət xəstəxanalarında da maaş elə olmalıdır ki, həkim xəstədən qazanc güdməsin. Bunun üçün isə tibbi sığorta sistemi tətbiq edilməlidir. Düşünürəm ki, bu sistem tətbiq ediləndən sonra həm həkimlərin peşəkarlığı, həm də tibbi xidmətin səviyyəsi artacaq. Bu zaman diplomdan sonrakı təhsil üçün xaricə gedənlər də ölkəmizə qayıtmaqda maraqlı olacaqlar”.
Təhsilin idarə edilməsi üzrə ekspert Qoşqar Məhərrəmovun sözlərinə görə, belə azalma Qərbi Avropada, Kanadada, Amerikada da müşahidə edilən bir situasiyadır və bunun bir çox səbəbləri var: "Səbəblərdən ən birincisi tibb təhsilinin uzun və çətin proses olmasıdır. 6 il oxumaq, daha sonra rezidentura təhsili və hər biri üçün də ayrıca imtahanlar vermək insanları yorur. Ona görə də, bu qədər əziyyətə qatlaşmaq istəmirlər. Yəni dünyada da eyni tendensiya gedir. Rifah səviyyəsi yüksək olan ölkələrdə həkim sayı çox azdır və onlar Hindistan, Pakistan, İran, Azərbaycan kimi ölkələrdən həkim idxal edirlər. İkinci bir səbəb isə odur ki, bu qədər oxuduqdan sonra həkimlərimizin bir çoxu ölkəmizdə rahat fəaliyyət göstərə bilmirlər. Çox az sayda həkim var ki, reputasiyaları yaxşıdır. Amma digər həkimlərə baxsaq, görərik ki, özlərini reklam etməklə məşğuldurlar. Günümüzdə həkimlərin bir çoxunun PR meneceri var. Əslində isə bu, belə olmamalıdır. Türkiyə ilə aramızdakı fərqlərdən biri də odur ki, bizdə xəstə həkimin adına, orada isə xəstəxanaya güvənib gedir. Bu zaman həkimin özünü reklam etməsinə ehtiyac qalmır. Çünki xəstə bilir ki, həmin xəstəxanada işləyən həkim peşəkardır. Digər tərəfdən ölkəmizdə həkimlər arasında formalaşmış rəqabət mühitini görən abituriyentlər, bu sahəyə meyl etmirlər. Xaricə gedənlər də, yenidən ölkəmizə qayıdıb bu rəqabət mühitinə daxil olmaq istəmirlər. Ona görə də, hazırda statistikada bu cür azalma qeyd edə alınıb”.
Günel Azadə
banner

Oxşar Xəbərlər