• çərşənbə axşamı, 19 mart, 08:41
  • Baku Bakı 8°C

“Özümü özümə rəqib kimi görürəm” - Uğur hekayəsi

23.06.17 10:41 8356
“Özümü özümə rəqib kimi görürəm” - Uğur hekayəsi
Öz üzərində işləmək, çalışmaq onu xoşbəxt edir. Çox çalışmaqdan heç vaxt yorulmur. Deyir ki, uğura gedən yol heç də hamar deyil. Əgər bu yola baş vurmusunuzsa, yıxılmağı da, axsamağı da, çətinliyi də, məğlub olmağı da gözə almalısınız. Ona görə uğur, komfort zonasına "yox” deyib, yeni yola başlamağı bacarmaqdır. Müsahibimiz ICF sertifikatlı peşəkar kouç, ALPHA Coaching & Consulting şirkətinin rəhbəri Fidan Əzimlidir.
Əvvəlcə müsahibimizi tanıyaq

Həmsöhbətimiz ilk işinə BDU-nun psixologiya kafedrasının müəllimi kimi başlayıb. 14 il ərzində həmin universitetdə yaş, pedaqoji, nitq və təfəkkür psixologiyası fənləri üzrə dərs deyib. 2008-ci ildən etibarən biznes aləmində praktik psixologiyanın tətbiq sahələrini araşdırır, müxtəlif şirkətlərdə biznes təlimlərinin tədrisi və psixotexnologiyaların tətbiqi ilə məşğul olmağa başlayır. 2011-ci ildə "Alpha Business Services” şirkətini yaradır. 2012-ci ildə "Embawood” şirkətinin təklifi ilə təlim mərkəzinin yaradılması və idarə edilməsi layihəsinə cəlb olunur və layihəni təhvil verdikdən sonra həmin mərkəzə rəhbərlik etmək təklifini alır. 2013-cü ildə "Embawood” şirkətinin "Ən aktiv rəhbər” nominasiyasını əldə edir. 2014-cü ildə Stockholm School of Economics biznes məktəbinin təqdim etdiyi proqramda irəli sürdüyü layihə 1-ci yeri qazanır və həmin ildə də "Embawood” şirkətinin İnsan resursları departamentinin rəhbəri vəzifəsində çalışmağa dəvət olunur.
2016-cı ildə Kanadanın Adler İnternational Learning İnstitutunun Türkiyə üzrə filialında kouçinq üzrə beynəlxalq sertifikasiyası proqramını tamamlayır. 2016-cı ildə təsis etdiyi və rebrendinq edilmiş "ALPHA Coaching & Consulting” şirkəti kouçinq üzrə beynəlxalq sertifikasiyalı təlimlərinin Azərbaycan, Qazaxıstan və Gürcüstanda təmsilçiliyini qazanır.
Dəfələrlə radio və televiziya proqramlarına dəvət olunub, müxtəlif forumlarda spiker qismində çıxış edib. Təlim və kouçinq xidməti verdiyi şirkət və təşkilatlardan Azercell, Bakcell, Azərsun, Nobel Oil, Norm, Embawood, Unisef, ASAN Xidmət, Səhiyyə Nazirliyi, Pasha Life və s. qeyd etmək mümkündür. Fidan Əzimlinin təlim auditoriyası 15.000 nəfəri keçib.
- Fidan xanım, kouçinq nədir və gənclərə nələr verir?
- Kouçinq dəyişiklikdir. Gündəlik həyatını, vərdişlərini, hədəflərini, insanlara və həyata olan yanaşmasını dəyişmək istəyənlər üçün bir vasitədir. Kouçinq görüşü - sessiyası zamanı formalaşan etibarlı mühitdə öz üzərində işləmək, güclü tərəflərini tanımaq və aktiv hərəkətə keçmək üçün imkan yaradılır. Son zamanlarda gənclərimizin daha da fəallaşdığı müşahidə olunur. Onlar startaplar, xaricdə təhsil, müstəqil həyat fikirləri ilə dolaşırlar. Bu dövrdə düzgün seçim etmək çox vacibdir və biz bu işdə onlara köməklik göstəririk.

- Kouçinqdə də insanlarla söhbət aparıb daxili aləmlərini açırsınız. Psixologiya ilə kouçinqin əlaqəsi var demək ki...
- Çox sıx əlaqəsi var. Məsələn, psixiatrlar normalardan kənarlaşan insanları müalicə etməklə onlara kömək edirlər. Burada əksər hallarda dərman vasitələrindən də istifadə olunur. Psixoloqlar qeyri-normal vəziyyətə düşmüş normal insanlara kömək edirlər. Kouçinq isə 3-cü pilləkəndir. Əksər hallarda ətrafı da, özü də stabildir, lakin insan özü olduğu yerdə dayanmaq istəmir, irəliləyiş arzulayır. Bəzən insanın keçmişlə bağlı dərin travmaları ola bilər. Həmin insanlara əvvəl psixoloqa, özünü tam hazır bildikdən sonra isə kouça müraciət etməyi tövsiyə edirik.
- Gənclərlə çox işləmisiniz. Azərbaycan gəncliyində nədən narazısınız?
- Gənclərin bəziləri onların qarşısında bütün yolların açıq olduğunu bilmir. Əfsuslar olsun ki, bu yolda getmək üçün onlar az güc sərf edirlər. Çalışırlar ki, daha qısa, asan yollarla getsinlər, araşdırmalar etmirlər, seçdikləri yolun fürsətlərini axtarmırlar. İmkanlarla dolu cavan yaşlarında nə qədər çox araşdırma edib, öz üzərlərində çalışsalar, o qədər də tez və itkisiz istədikləri nöqtəyə çatarlar. Bəzi gənclər var ki, tənbəldirlər, bəziləri də var ki, bir az çalışan kimi özlərini həmin nöqtəyə çatmış hesab edirlər. Müdrik insan illərlə öyrənir, yenə də dayanmır, daim öz üzərində işləyir. Azərbaycanda fürsətlər çoxdur, amma gənclərin müəyyən bir qismi istedadları olsa belə, öz üzərində işləmir və uğur qazana biləcəkləri yanlarını inkişaf etdirmirlər.
- İşə çox bağlı insansız, CV-nizdən də görünür ki, bir yerdə dayanmırsız. İş sizin üçün nədir?
- Bekar qala bilmirəm. Daim öz üzərimdə işləməliyəm. Mən rəqabəti sevən insanam. Digər insanları yox, məhz özümü rəqib kimi götürürəm və daha çox çalışıram. İş mənim üçün işə gedib gəlmək, pul qazanmaq deyil, daim öz üzərimdə işləmək imkanıdır. Belə olanda özümə güvənirəm və xoşbəxt oluram. İşin çoxluğu məni yormur, amma iş az olanda özümü çox yorğun hiss edirəm. Axşam evdə fikirləşəndə ki, mən bu gün işdə nələrə nail oldum.
- Bəzi kişilər uğurlu qadından çəkinirlər...
- Məncə, bir xanım əgər qarşısına "mən həyatımda nailiyyətlər qazanmaq istəyirəm” məqsədini qoyubsa, o zaman həyat yoldaşı seçiminə diqqətlə yanaşmalıdır. Uğurlarına sevinməyən insanı seçib, sonralar həyat boyu onu dəyişmək üçün səy göstərən xanımlar az deyil. Azərbaycanda çox güclü xanımları tanıyıram və əksər hallarda arxalarında dayanan kişilər də zəif insanlar deyil. Güclü insan yanında güclü birinin olmağından qorxmaz. Ailəmizdə daim bir-birimizə dəstək olmuşuq. Bilirik ki, problem olsa, ilk yardımı etibar etdiyimiz ailədən ala bilərik. Güclü həyat yoldaşının olması özünü təkmilləşdirilmə üçün geniş imkanlar yaradır.
- Uğurlu kişinin arxasında uğurlu qadın dayanır deyirlər. Bəs sizcə uğurlu qadının arxasında kim dayanır?
- Uğurlu qadının arxasında böyük həyat dayanır. Bu, uşaqlıq dövründən formalaşmış davranış tərzindən və gələcəkdə öz üzərində işləməkdən ibarətdir. Ailədə uşaqları hansı mesajlarla böyütməyimiz çox vacibdir. Kiçik yaşlarından valideynlər uşaqlara qanad da verə bilərlər, onları böyük problemlərlə də yükləyə bilərlər. Lakin hər iki variantda uğurlu qadına çevrilmək üçün daim öz üzərində çalışmaq, olduğu yerdə maksimal nailiyyətlər qazanmaq və həyatdan həzz almaq üçün əlindən gələni etmək lazımdır. Uğurlu qadın təkcə iş qadını deyil, həm də evində çalışan xanımdır. Öz üzərində çalışan qadın işində də seçiləcək, evində də daim öz həyat yoldaşına maraqlı olacaq.
- Karyera vurğunu olan insanlar ailə qurmaqdan qorxurlar. Uğurlu karyerada ailə nə dərəcədə rol oynayır?
- Dünyanın ən uğurlu insanlarının həyat hekayələrinə baxsaq görərik ki, əksəriyyəti ailəlidir. Dünya miqyasında iş adamları işləri ilə bərabər gözəl ailə sahibi də olublar. Uğurlu karyera və uğurlu ailəni bir yerdə aparmaq mümkündür. Sadəcə, düzgün planlaşdırmaq lazımdır. Məsələn, iş yerində işə, evdə evinizə diqqət etməlisiniz. İşi evə aparmaq olmaz. Həmçinin, işdə evi bir kənara qoymaq lazımdır. O balansı saxlamaqla insanlar daim uğurlu ola bilər. Mən həmişə fikirləşmişəm ki, əgər işdə ailəmlə danışıramsa, deməli, iş vaxtımdan oğurlayıram. İş və evi ayırmaq çox vacibdir. Bu balansı saxlaya bilirsinizsə, karyerada istədiyiniz kimi inkişaf edə bilərsiniz.
- Uğurlu karyerada qadın olmağın üstünlükləri və əskikləri nədir?
- Avropa ölkələrində bu, elə də çətin məsələ deyil. Amma Azərbaycanda problemli məsələlər var. Amerikadakı qadın həyat yoldaşına "sən yeməyi qarışdır, mən işimi görüm” deyə bilər. Amma Azərbaycanda bu düzgün qarşılanmır. Azərbaycan qadınının həyatda daha çox funksiyası var, nəinki amerikalı qadının. Həm ev qadını funksiyasını uğurla yerinə yetirmək, həm də işdə uğur qazanmaq asan deyil. Bəzən liderlik xüsusiyyətlərinə malik olan qadınlar artıq "mənə kişi lazım deyil, özüm kişi kimiyəm” sözləri ilə fəxr edirlər. Məncə, qadınlar məhz qadına xas liderliyi özlərində daşıya bilərlər. Lider olmaq üçün kişi kimi olmaq şərt deyil. İşgüzar qadının içində də qadınlığı daşımaq çox gözəldir və bu, dolğun həyatı yaşamaq üçün kömək edir.
- Uğursuzluqla qarşılaşanda nədən motivasiya alırsınız?
- İşim alınmayanda deyirəm ki, "Fidan, sən bacaracaqsan”. Düşdüyün yerdən özünü dartıb çıxarmağı bacarmalısan. Əgər yıxılmısansa, qalxıb yeni addımı atmalısan. Bəzən çox böyük hekayə ilk balaca bir addımla başlayır. Məşhur rejissor Tarantino deyirdi ki, yeni bir ssenariyə başlayanda mənim üçün ən çətini mağazaya gedib, bloknot almaqdır. O addımı mütləq atmaq lazımdır. Sonra görəcəksiz ki, həqiqətən də alınır.
- Uğura gedən yol düzdür, yoxsa kələ-kötürlü?
- Uğur yolu asan deyil. Əgər bu yola baş vurmusunuzsa, yıxılmağı da, axsamağı da, çətinliyi də gözə almalısız. Uğur yolları əksər hallarda yeni, çətin, bilmədiyimiz, bəzən də bizi qorxudan yollardır. Uğur olduğun komfort zonasına "yox” deyib, yeni yola başlamağı bacarmaqdır. Böyük nailiyyətlər çətinliklərdən sonra gəlir. Hər bir uğurun arxasında öz üzərində işləmək durur. Uğur həmişə nəyinsə arxasında gizlənir. Siz işlədikcə o üzə çıxır. Mən görməmişəm ki, insan ürəkdən istəsin, çalışsın və qapı açılmasın. Çox istəkli olsan, öz üzərində düzgün çalışsan, mütləq hədəfə çatacaqsan.

- Gələcək planlarınız nədir?
- Biz ALPHA şirkəti kimi kouçinq məktəbini Azərbaycana gətirdik. Eyni zamanda, həmin məktəbin Gürcüstanda və Qazaxıstanda yeganə təmsilçiliyini də aldıq. İndiki zamanda 2 böyük layihəni həyata keçirdirik: ALPHA Lider proqramı və işgüzar xanımlar üçün ALPHA Woman proqramı. Hədəfimiz odur ki, Azərbaycanda o qədər güclü kadrlar yetişdirək ki, onlar xaricə gedib təlimlər aparsınlar. Bu, çətin deyil. Bizim çox ağıllı insanlarımız var. Sadəcə, o brilyantları toplamaq lazımdır. Bəzən görürük ki, insan çox ağıllıdır, nailiyyətlər qazana bilər, amma bir az təkana ehtiyac duyur. Azərbaycan gəncini brilyant səviyyəsinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər