• cümə, 19 Aprel, 18:44
  • Baku Bakı 24°C

Özü özünün “həkimi” olmağın fəsadları

19.09.17 12:30 1305
Özü özünün “həkimi” olmağın fəsadları
"Mədəmdə güclü ağrı yaranmışdı, yediyim yemək həzmə getmirdi, iştaham yox idi. İnternetdə bu əlamətləri yazdım və gördüm ki, mədə xərçənginin əlamətləridir. Neçə saat ağladım ki, mədəmdə xərçəng yaranıb. Səhər evdəkilər həkimə apardılar, baxıb dedi ki, elə bir problem yoxdur və sadəcə, uzun müddət quru yeməklərdən, "fast food”lardan istifadə mədədə və bağırsaqlarda narahatlıq yaradıb”. Bu sözləri bizimlə söhbətində Xəyalə Həmidova bildirdi. O deyir ki, nəsə narahatlığı olanda, özündəki əlamətlərə əsasən internetdə tibbi məlumatları oxuyur, hətta dərman təyinatı məsələsindən də yararlanıb.
İnternetdə, Xəyalə xanım kimi özü özünün "həkimi” olan, "diaqnoz” qoyanlar elə də az deyil. Bu gün narahat olan, hansısa orqanizmi ağrıyan adamın həkimə getməmişdən öncə özünmüayinə yeri internet olur. Bunun üçün müxtəlif saytlar var, həkimlərin səhifələrində də xəstəliklər, əlamətləri ilə bağlı istənilən qədər məlumat tapmaq olur. Amma araşdırma aparanda məlum olur ki, həddindən artıq xəstəliyin ortaq əlamətləri çoxdur, özünə yanlış diaqnoz qoyan insan üçün isə bu, böyük psixoloji gərginliklərə səbəb ola bilər. Bəs bu haqda mütəxəssislər nə deyirlər?
"Diaqnoz qoymaq mütəxəssis işidir”
Həkim-terapevt Məlahət Abbasova "Kaspi”yə açıqlamasında bildirdi ki, ümumilikdə, internetdən istifadənin mənfi və müsbət tərəfləri var. Baxır kim necə istifadə edir: "İnternetdən məlumat almağın müsbət tərəfi odur ki, insanlar öz tibbi biliklərini artırırlar. Mənfi tərəfi isə özünə diaqnoz qoymaqdır. Diaqnoz qoymaq belə asandırsa, həkim 7 il tibb universiteti, 5 il praktika-rezidentura keçməzdi. Həkim olmaq üçün ən azı 10-12 il hazırlaşır, öyrənir. Tək internetdən məlumat toplamaqla diaqnoz qoymaq mümkün deyil. Çünki burada çox nüanslar var. Diaqnoz qoymaq üçün həqiqətən, həkim böyük məlumatlara sahib olmalıdır. İnsan özündə nədənsə şübhələnəndə internetdən məlumat almağında problem yoxdur, amma son diaqnozu qoymaq mütəxəssis işidir. Məlumat üçün internetə müraciət etmək çox yaxşıdır. Biz özümüz də çox vaxt internetə müraciət edirik, yeni nə isə olanda orda araşdırırıq. Bir həkim, bir də vəkilin ömürlərinin axırına qədər kitab əlindən düşməməlidir”.
"Diaqnoz qoymaq üçün analiz aparmaq lazımdır”
M.Abbasova deyir ki, internetdə xəstəliklərin əlamətləri ilə bağlı məlumatlar ümumi verilir: "Bu yaxınlarda bir xəstə yanıma gəldi. Dedi ki, həkim, soyuq su içdim, qarnımda ağrılar oldu, sonra o ağrılar keçdi, indi ağrı yığışıb qarnımın sağ tərəfində. Mən şübhələndim ki, sağ tərəfdə böyrək də var, bağırsaq da. Amma əsas bağırsaqlardan şübhələnirdim. UZİ böyrək xərçəngi göstərdi. Xərçəng bir ayın deyil, ən azı iki-üç ayın xəstəliyidir. Müayinə zamanı isə tamam başqa nüanslarla qarşılaşmaq olur. Müayinə edib diaqnoz qoymaq çox çətin məsələdir. Dəqiqləşdirmək üçün bütün bildiklərini tətbiq edirsən, neçə həkimlə məsləhətləşirsən, konsilium edirsən, bütün müayinələrdən keçirirsən. Təsəvvür edin, qeyd etdiyim xəstəni UZİ-yə göndərəndə, xərçəngdən şübhələndiyini o da sualla üstümə göndərdi. Burada isə diaqnoz qoymaq üçün analiz aparmaq lazımdır. İnsan orqanizmi çox mürəkkəbdir, eyni şikayətlə tam başqa başqa xəstəliklər ola bilər”.
"Baş ağrısı uşaqda yorğunluqdan da ola bilər, beyin şişindən də...”
Pediatr Günay Rəsulova deyir ki, ümumiyyətlə, sağlamlıq, hansısa xəstəlik haqqında maariflənmək, xəstəliklərin əlamətləri, diaqnostikası haqqında valideynlərin məlumatlı olması yaxşıdır. Amma bəzən bu aşırı narahatçılığa səbəb ola bilir: "Sadə bir misal çəkəcəyəm. Tutaq ki, bizdə uşaqdan qan analizi verilir. Körpələrdə, bir az aşağı yaşlarda olan uşaqlarda limfositlərin sayı bir az normadan artıq çıxa bilər. Bu, uşaq üçün normal bir haldır. Amma valideyn "limfositlərin sayının çox olmasının səbəbləri” yazıb internetdə axtarış verəndə qarşısına çıxır ki, qan xərçənginin əlamətidir. Burada valideynlər aşırı narahatlıqlara qapılırlar, psixoloji olaraq mənfi təsir edir. Bu kimi diaqnoz qoymaq düzgün deyil, amma ümumi olaraq xəstəliklər, orqanizm barədə məlumatlı olsalar, gecikmiş halda deyil, erkən diaqnostikası üçün vaxtında müraciət etməklə həkimə kömək etmiş olarlar. Hər şeydə olduğu kimi, bu məsələdə də normanı aşmamaq lazımdır. Adi baş ağrısı uşaqda yorğunluqdan da ola bilər, beyin şişindən də. Artıq orda incə bir sərhədi həkim müəyyənləşdirir. Hansısa müəyyən bir simptom çox xəstəlikdə görünə bilər. Bu ciddi xəstəlik də ola bilər, normal hal kimi də... Həkimlə məsləhətləşmədən boş narahatlıqlara qapılmasınlar. Bəzən depressiyaya qapılırlar, xəstəlikdən qorxu halları baş qaldırır, psixi pozğunluqlar yaşayırlar. Bəzən insanlar müəyyən bir xəstəlik haqqında eşidirlər, öyrənirlər, sonra həmin xəstəliyin hansısa bir əlamətini özlərində görən kimi diaqnoz qoyurlar. Bu, düzgün hal deyil”.
Pediatr deyir ki, internetdə paylaşılan məlumatın mənbəyinə də fikir verilməlidir: "Məlumatın kim tərəfindən paylaşıldığına baxsınlar. Sözə deyil, sözü deyənə baxsınlar”.
"İnternetdə tibblə bağlı yanlış, şişirdilmiş məlumatlar çoxdur”
Həkim-terapevt Elnur Rəhimovun sözlərinə görə, internetdə tiblə bağlı yanlış, şişirdilmiş məlumatlar çoxdur: "Bəzən qaraciyərdə xoşxassəli bir törəmə olur, heç bir ziyanı da yoxdur. Amma onu internetdə araşdırıb elə şeylər oxuyurlar ki, xərçəng olacaqlarını düşünürlər. Bəzən internetdə şişirdilmiş şəkildə "sizdə bu əlamətlər varsa, infarkt olma riskiniz yüksəkdir” yazırlar. Yanlış yazırlar, oxucu cəlb etməkdən ötrü edirlər. Nəinki xəstəliklərlə, adi bitkilərlə bağlı da yazırlar. "Bu bitkini içsəniz, 3 günə 10 kilo arıqlayacaqsınız” tipli yazılar da çoxdur. Hansı ki, onların yan təsirləri daha yüksəkdir. Amma insanlar onları alıb istifadə edirlər, bir-birləri ilə paylaşırlar”.
E.Rəhimov deyir ki, xəstəliklərlə bağlı internetdə olan məlumatların dəqiqliyi dünyada 60 faizdirsə, bizdə bu rəqəm 30 olar: "Çünki bəzən kim nə istəyirsə, paylaşır. Hətta bəzi əlamətləri yanlış da yazırlar. Bəzən bir neçə əlamətlə insanlar özlərinə diaqnoz qoyurlar. Məsələn, davamlı quru öskürək 25 xəstəliyin əlamətidir. Onu müayinə zamanı daha ətraflı bilmək olur”.
"Özünə diaqnoz qoyan xəstə, onu müalicə edəcək mütəxəssisi da yanlış seçə bilər”
Həkimin sözlərinə görə, internetdə tibbi məlumatların olmasının üstün tərəfi odur ki, insanlar öz orqanları, xəstəlikləri haqda nisbi də olsa, məlumat əldə edirlər: "Əvvəllər bizə daha çox sual verirdilər, xəstəlik haqqında məlumatlı olmaları pis deyil, amma diaqnoz qoymaq, hansı müalicənin aparılması üçün internetdə qeyri-dəqiqlik mövcuddur”.
E.Rəhimov deyir ki, internetdəki məlumatlara əsasən özünə diaqnoz qoyan xəstə, onu müalicə edəcək mütəxəssisi da yanlış seçə bilər: "İlkin olaraq terapevtə getmək lazımdır. O, xəstəliyin təyinatına uyğun mütəxəssisə yönəldir. Özünə səhv diaqnoz qoymaqla yanlış, lazım olmayan mütəxəssisə də müraciət edə bilir. Məsələn, bir adamın mədə nahiyəsi ağrıyır, yeməkdən sonra ağrı verir, bəzən sola tərəfə, sinəyə də verə bilir. Amma halbuki adam infarkt keçirir. Belə məqamlar praktikada çox qarışıq ola bilir. Ona görə də insanın özünə diaqnoz qoymasının mənfi nəticələri çox ola bilər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər