• şənbə, 20 Aprel, 00:22
  • Baku Bakı 15°C

Üzləşdiyimiz bəşəri bəla insanlara birləşməyi və paylaşmağı öyrətdi

25.04.20 21:22 491
Üzləşdiyimiz bəşəri bəla insanlara birləşməyi və paylaşmağı öyrətdi
Ötən ilin dekabrında yeni tipli COVID-19 pandemiyası Çinin mərkəzi Nubey əyalətinin Uxan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin aşkar olunması və onun sürətlə dünya ölkələri arasında yayılması bəşəriyyəti çox böyük fəlakətlə üz-üzə qoydu. Həmin vaxtdan bəri dünya bu dəhşətli epidemiya ilə mübarizə aparır. Bütün dünya ölkələrini həyatla yaşam, ölümlə qalım arasında qoyan koronavirus pandemiyasına müxtəlif münasibətlər var.
AZƏRTACxəbər verir ki, "Evdə qal” layihəsinə qoşulan uşaq yazıçısı Sevinc Nuruqızının da pandemiyaya münasibəti özünəməxsusdur: "1958-ci ildə Çin rəhbəri Mao Tzedun çoxlu taxıl yediklərinə görə ölkədə sərçələrin kütləvi şəkildə məhv olunması barədə əmr verdi. Quşların qırılması üçün səfərbər edilən əhali onların yuvasını dağıdır, təbil çalaraq onları uzaqlaşdırır və fürsət düşdükcə onları öldürürdülər. Həmin kampaniya nəticəsində Çində sərçələr demək olar ki, yoxa çıxdılar.
Lakin növbəti ilə başqa fəlakət gəldi, bütün ölkədə əkin sahələrini çəyirtkə bürüdü. Sərçələrin məhvi ilə çəyirtkələr azadlığa çıxdılar. Çəyirtkə fəlakəti böyüdü, ölkədə taxıl əkib-becərən bölgələr çökdü, kütləvi aclıq başlandı. Rəsmi məlumata görə 15 milyon insan aclıqdan öldü. Lakin bəzi alimlər aclıqdan həyatını itirənlərin sayının daha böyük rəqəmlə ölçüldüyünü deyirlər.
Koronavirus pandemiyası yayılmağa başlayanda həmin hadisəni xatırlayaraq düşündüm: bəlkə təbiət bizdən ona tutduğumuz divanın qisasını alır? Dağları deşib içərisindən yol çəkməyin, dənizləri qurutmağın, meşələri qırmağın, havasına tüstü, sularına zəhər qatmağın acığını çıxır? Çünki belə bir pandemiya ilə üzləşəcəyimizi gözləmirdik. Müxtəlif əsrlərdə baş vermiş vəba, malyariya, vərəm, yatalaq, suçiçəyi epidemiyaları haqqında eşitsək də, yeni tipli pandemiyalar baş verəcəyi heç kəsin təsəvvürünə də sığmazdı”.
Görünür, belə yerdə deyiblər: sən saydığını say, gör fələk nə sayır...Sürətlə dünyanı ağuşuna alan qorxulu virus ölkəmizin sərhədlərinə də gəlib çıxdı. Yaxşı ki, Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında və qəti tədbirlər gördü. Məktəblər, istehsalat müəssisələri, iş yerləri, iaşə və məişət obyektləri bağlandı, gediş-gəliş kəsildi, insanların evdən çıxmaması üçün çağırış edildi. Xalqımızı milli birlik və həmrəylik nümunəsi göstərərək həmin sınaqdan uğurla çıxdı. Pandemiya başa çatmasa da, hələlik qlobal epidemiya ilə əlaqədar ən az itki ilə üzləşən ölkələr sırasındayıq.
Yazıçı deyib: "Karantin tətbiq olunduğu ilk günlərdən bütün qaydalara ciddi əməl edirəm. Evdən çıxmıram, əgər hansısa zəruri hallarda çıxmaq lazım gəlirsə, maska taxıram, əlcək geyinirəm, özümlə də dezinfeksiya üçün spirt götürürəm. Nə özümü, nə də başqalarını təhlükə ilə üz-üzə qoymaq istəmirəm. Evdə olduğun günlərdə qohumlarım, dostlarım, iş yoldaşlarım, qonşularım üçün darıxmışam. Mənə elə gəlir ki, bu bəla insanlara birləşməyi və paylaşmağı öyrətdi”.
Uşaqlar üçün qələmə alınan çoxlu kitabların müəllifi olan Sevinc Nuruqızı öz məşğuliyyətindən və karantindən sonrakı planlarından da danışıb: "Evdə olduğum günlərdə demək olar ki, heç nə oxumamışam və çox az yazmışam. Bütün vaxtımı şəxsi arxivimi qaydaya salmağa sərf edirəm. Çalışıram ki, karantin başa çatana qədər arxivimdə səliqə-sahman yaradım. Tez-tez məktəblilərlə görüşlərim olur. Oxucularımla hər görüşü özüm üçün bayram hesab edirəm. Onlayn olsa da...
Ən çox nəvəm üçün çox darıxmışam. Əmin-amanlıq yaranmasını, yollarının açılmasını səbirsizliklə gözləyirəm. Pandemiya başa çatandan sonra ilk işim Amerikaya səfər etmək olacaq. Sevimli qızımı, kürəkənimi və nəvəmi görmək üçün… Dünyanın sınağa çəkildiyi bu imtahandan sonra yaşamaq daha maraqlı olacaq”...
banner

Oxşar Xəbərlər