• şənbə, 20 Aprel, 11:55
  • Baku Bakı 14°C

Ziyalılar Prezidentin çağırışına qoşuldu

04.06.20 18:37 1240
Ziyalılar Prezidentin çağırışına qoşuldu
"Vandalizm: Tarixi adlara qarşı soyqırımı” adlı kitab yeni nəşrə hazırlanır

İndiki Ermənistan ərazisinin Azərbaycan torpaqları olması bütün dünyaya bəllidir. Tarixi torpaqlarımızda özlərinə dövlət quran ermənilər, buna baxmayaraq, digər ərazilərimizə də zaman-zaman iddia ediblər. Üstəlik, mütəmadi olaraq, həm Ermənistanda, həm də işğal altında olan ərazilərimizdə Azərbaycan yer adlarını dəyişdirərək erməniləşdirirlər.
Prezident İlham Əliyevin bu günlərdə Tərtər rayonunda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən bu məsələyə münasibət bildirməsi təsadüfi deyil. Dövlət başçısı muzeyi ziyarət zamanı Azərbaycanın müxtəlif dövrlərə aid xəritələrinə diqqət yetirib və öz iradını bildirib: "Bizim tarixi məkanlarımız gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə, bunu pozun və Qarakilsə yazın”.
Prezident, həmçinin vurğulayıb ki, indiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər. Bəs görəsən dövlət başçısının vurğuladığı bu məsələ ilə bağlı hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirdi ki, Prezident İlham Əliyevin Tərtərdəki çıxışı tarix elminin inkişafı ilə bağlı yeni istiqamətlər müəyyənləşdirib: "Xüsusilə, Cənubi Qafqazda Azərbaycan xalqının yaşadığı tarixi ərazilərə ermənilərin köçürülməsindən sonra burada baş verən proseslər diqqətdə olacaq. Bu məsələlər həmişə dövlət başçısının gündəlik nəzarətindədir. Tarix İnstitutunun direktoru olaraq, bütün xalqımıza bəyan edirəm ki, 2004-cü ildə bu institutun rəhbərliyinə gələndə dövlət başçısı tərəfindən qarşımıza bir sıra ciddi məsələlər qoyuldu. Əgər bu gün İrəvan məsələsi ilə bağlı konseptual baxışımız varsa, o Azərbaycan Prezidentinin xidmətidir. İrəvan Cümhuriyyət dövründə ermənilərə verilmişdir. Və İrəvanın onlara heç bir aidiyyəti yoxdur, bu şəhər qədim Azərbaycan şəhəridir. Ermənilər bu ərazilərə XIX əsrin əvvəllərində köçürülüblər. Eyni zamanda məqsədlər sırasında tarixi adların dəyişdirilməsi məsələsi, İrəvan, Qarabağ və Naxçıvanın tarixinin yenidən yazılması da var idi. Bütün bunlar hamısı Azərbaycan Prezidentinin millətimiz və tarix elmi qarşısında konseptual xidmətləridir. Əgər "Qarabağ: real tarix, faktlar, sənədlər” mövzusunda fundamental əsər yazılıbsa, bu, dövlət başçısının xidmətidir və onun tapşırığı ilə yazılıb. İrəvanın tarixinin qələmə alınması Prezidentin birbaşa göstərişi ilə olub və dünya dillərinə tərcümə edilib, yayılıb. Yeri gəlmişkən deyim ki, Naxçıvanla əlaqədar ermənilərin iddiaları ilə bağlı dövlət başçısı tapşırıq verdi və "Naxçıvan: tarixi və abidələri” adlı əsər meydana gəldi. Bu problemlər ətrafında yazılan silsilə əsərlərə görə, Prezident bir sərəncamla Tarix İnstitutunun 13 nəfər alimini Azərbaycanın Dövlət Mükafatına layiq gördü. Bunlar onu göstərir ki, Prezident İlham Əliyev tarix elminin zərgər kimi bilicisidir və ərsəyə gələnlər onun prinsipial mövqeyindən irəli gəlir. Ulu öndər Heydər Əliyev bu işləri başlatdı və zamanın tələbinə uyğun olaraq, İlham Əliyev onu yaradıcılıqla davam etdirir”.
Y.Mahmudov qeyd etdi ki, Azərbaycanın tarixi yer adları ilə bağlı dövlət başçısının xüsusi tapşırığı olub: "Biz bu tapşırığı yerinə yetirərək Nazim Mustafa ilə birlikdə "Vandalizm: Tarixi adlara qarşı soyqırımı” adlı kitab ərsəyə gətirdik. İngilis və rus dillərinə tərcümə edilmiş bu kitabın mahiyyəti ondan ibarətdir ki, indiki Ermənistan deyilən respublikanın ərazisi tarixi Azərbaycan torpağıdır və yer adlarının hamısını dəyişdiriblər. Onu da qeyd edim ki, bu kitabda qədim Azərbaycan adlarının hamısı yer alıb. Sonra o adların ermənilər tərəfindən saxtalaşdırılmış variantları kitabda öz əksini tapıb. Bu adlar nə vaxt dəyişdirilib? Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin adların dəyişdirilməsi ilə bağlı qərarlarının hər biri bu kitabda verilib. Onu da deyim ki, bu, dövlət başçısı tərəfindən ermənilərə çox ciddi zərbə oldu.
Prezident Tərtərdəki çıxışında isə bizim qarşımızda tamamilə yeni məsələ qoydu. Akademiyanın rəhbərliyinin tapşırığı ilə xüsusi heyət formalaşdırılıb. Biz "Vandalizm: Tarixi adlara qarşı soyqırımı” adlı kitabı təcili yeni nəşrə hazırlayacağıq. Dövlət başçısının qeyd etdiyi kimi, yeni nəşrə çar Rusiyası işğalları dövründə çar generallarının, hərbi topoqrafların yaratdığı xəritələri əlavə edəcəyik. Bu xəritələrdə bizim bütün yer adlarımız - yaylaqlarımız, çaylarımız, kəndlərimizin adı əks olunub və bunların içərisində bir erməni adı yoxdur. Dövlət başçısı da çox doğru olaraq qeyd etdi ki, həmin xəritələrin hamısı ciddi mənbələrdir və onu çar generalları hazırlayıblar. Əlavə olaraq, bu xəritələrdən ayrıca bir kitab nəşr edəcəyik ki, dünya ölkələri onunla tanış olsunlar. Beləcə, nəticə ondan ibarət olacaq ki, bütün dünya bir daha biləcək ki, Prezidentin dediyi kimi, ermənilər Azərbaycana çar Rusiyası tərəfindən köçürülüblər və onların burada bir qarış torpağı belə olmayıb”.


Siyasi elmlər doktoru Elçin Əhmədov bildirdi ki, dövlətimizin başçısı tarixi faktlara əsaslanaraq ermənilərin XIX əsrin əvvəllərində kütləvi şəkildə Azərbaycana köçürüldüyün vurğuladı: "Mənbələr təsdiq edir ki, ermənilər Cənubi Qafqaza mərhələlərlə, məqsədyönlü şəkildə köçürülüblər. İndiki Ermənistan dövləti Azərbaycan torpağında yaradılıb.
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru Ermənistan SSR-ə daxil etməyə nail oldular. Bununla da Naxçıvanın Azərbaycandan ayrı salınması və quru əlaqələrin kəsilməsi baş verib.
Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.
Prezident İlham Əliyev bildirdi ki, mərhələlərlə, indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələri yer üzündən silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetik respublika yaradılmışdır”.
E.Əhmədov vurğuladı ki, XX əsrin əvvəllərində rus imperiyası tərəfindən dərc edilmiş xəritələrdə indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir: "Dövlət başçısı qeyd etdi ki, bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək, bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər