• cümə, 19 Aprel, 15:52
  • Baku Bakı 25°C

Ziyalılar müxalifətə nə zaman lazım olur?

15.01.14 08:07 1277
Ziyalılar müxalifətə nə zaman lazım olur?
Prezident seçkiləri ərəfəsində Azərbaycanın ictimai-siyasi həyatına bir sıra yeni təşkilatlar daxil oldu. Belə təşkilatlardan biri də Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə formalaşdırılan Ziyalılar Forumu idi. Seçkilərə 2 il qalmış həyata vəsiqə alan bu platforma tez-tez toplantılar keçirib ölkənin müxtəlif problemləri ilə bağlı ictimai müzakirələr açırdı. Həmin vaxt təşkilat diqqətləri cəlb etməyə başladı və müxalifət mətbuatı da dərhal onlara böyük həvəslə qucaq açmağa qərar verdi. Həmin vaxt belə bir rəy formalaşdırılmağa çalışılırdı ki, Ziyalılar Forumu siyasətə qarışmır və əsas məramı ölkə üçün xüsusi əhəmiyyəti olan problemlərin müzakirəyə çıxarılmasıdır. Qurumun yaradıcıları onu daha çox ölkədəki ictimai rəyə təsir etmə gücü olan ictimai klub kimi təqdim edirdilər.
Təşkilatın rəhbərliyində təmsil olunan şəxslər qətiyyətlə iddia edirdilər ki, onların heç bir siyasi iddiaları yoxdur. Amma seçkilər yaxınlaşdıqca bu bəyanatların həqiqəti əks etdirmədiyi günbəgün aydınlaşmağa başladı. Gün keçdikcə Ziyalılar Forumunun rəhbərliyi tamamilə müxalifət düşərgəsinə transformasiya etməyə başladı. Forumun üzvləri əvvəlcə İctimai Palata ilə yaxından əməkdaşlıq etməyə, sonradan isə böyük əksəriyyəti Milli Şurada təmsil olunmağa qərar verdi. Forumun Bakıdakı işlərini tənzimləyən Eldar Namazov El Hərəkatını təsis edərək siyasi iddialarını ortaya qoydu. Rüstəm İbrahimbəyov isə Milli Şuranın yaradılmasının əsas təşəbbüskarı kimi çıxış etdi, şura yaradılandan sonra onun sədri oldu, hətta müxalifətin prezidentliyə vahid namizədi olmağa da çalışdı. Onun bu istəyi özündən asılı olmayaraq baş tutmayınca Ziyalılar Forumunun digər təmsilçisi Cəmil Həsənli bu missiyanı öz üzərinə götürdü.
Bütün bunlar təbii ki, Ziyalılar Forumunun əvvəlcədən elan etdiyi missiya ilə heç cür bir araya sığmırdı. Bu proseslər yaşanandan sonra forumun fəaliyyəti demək olar ki, tamamilə iflic oldu. İndi isə qətiyyətlə demək olar ki, bir vaxtlar səs-küylə, böyük təmtəraqla yaradılan təşkilat artıq mövcud deyil. Ziyalılar Forumunun fəaliyyət göstərmədiyini artıq öz üzvləri də etiraf etməyə başlayıblar. Bu günlərdə təşkilatın üzvü, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib ki, Ziyalılar Forumu qeydiyyatdan keçmiş təşkilat deyildi və prezident seçkilərindən sonra fəaliyyət göstərmir. Onun dediyindən belə çıxıb ki, təşkilatın fəaliyyəti sırf Rüstəm İbrahimbəyova bağlıdır və o Bakıda olmayanda təşkilat da fəaliyyət göstərmir. Belə çıxır ki, özünü ziyalı sayan bəziləri seçki ərəfəsində bu təşkilata cəlb edilərək istifadə predieti olub. Əslində elə həmin vaxtlar da mətbuatda mütəmadi olaraq vurğulanırdı ki, ziyalılar müxalifətə seçki kampaniyalarında istifadə etmək üçün lazımdır. Proseslərin gedişi bu proqnozların nə qədər reallığı əks etdirdiyini bir daha ortaya qoydu. Məlum oldu ki, həqiqətən də müxalifət liderləri ziyalılardan bir alət kimi istifadə edib, seçki başa çatandan sonra isə yenə də ənənəvi daxili münaqişələrini davam etdirməyə girişiblər. Elə həmin dövrdən ziyalılar, onların yaratdığı təşkilat tamamilə yaddan çıxdı. Amma əslində ziyalı fikri təkcə seçki kampaniyaları ərəfəsində deyil, həmişə cəmiyyətin həyatında xüsusi yer almalıdır. Hər bir cəmiyyətdə ictimai rəyə təsir edəcək, siyasiləşməkdən tamamilə uzaq, intellektualların toplaşdığı bir klubun olması olduqca vacibdir.
Beləliklə, mövcud olduğu müddət ərzində Azərbaycana heç bir xeyri dəyməyən ənənəvi müxalifət daha bir təşəbbüsü tamamilə gözdən salmış oldu. Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyünün İsa Qəmbər-Əli Kərimli cütlüyü ilə ittifaqı Ziyalılar Forumuna könül vermişləri yarı yolda qoydu. Bu ittifaq daha çox cəmiyyəti ziyalıların, ziyalıları isə cəmiyyətin gözündən salmağa xidmət etdi. Baş verənlər həm də Azərbaycan müxalifətinin ziyalılara, ziyalı fikrinə hansı münasibətdə olmasının aynasına çevrildi. Məlum oldu ki, hər bir cəmiyyət üçün xüsusi dəyər olan ziyalılar bizim müxalifətçilərə ancaq öz siyasi ambisiyalarını reallaşdırmaq üçün lazımdırlar. Cəmiyyətin maraqları, ictimai rəyin öyrənilməsi bu düşərgə təmsilçilərinə tamamilə yad olan xüsusiyyətlərdir. Şübhə yoxdur ki, bu nüansları vaxtilə xoş niyyətlə Ziyalılar Forumuna qoşulan, sonra siyasiləşmiş dostlarının yanında tamamilə tənha qalan əsl ziyalılar da dərk ediblər. Amma artıq qatar gedib və çox gecdir….
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər