AZE | RUS | ENG |


Ziyafət Əsgərov: “Eldar Mahmudov məsuliyyət daşıyır”

Ziyafət Əsgərov: “Eldar Mahmudov məsuliyyət daşıyır”
Azərbaycan Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun APA-ya müsahibəsi
 
- 2016-cı il başa çatmaq üzrədir.İlin sonunda Milli Məclisin fəaliyyəti xüsusilə büdcə müzakirələri fonunda daha çox diqqət çəkdi.
- Bilirsiniz ki, büdcə bizim əsas maliyyə sənədimizdir. Hesab edirəm ki, müxtəlif mövqeli müzakirələrə baxmayaraq, təsdiq etdiyimiz büdcə çox təmkinli büdcədir. Hazırda dünyada maliyyə-iqtisadi böhran davam etdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatı bu günə qədər risklərdən kifayət qədər özünü qoruya bilib. Baxmayaraq ki, bizim də müəyyən çətinliklərimiz var. Əlbəttə, biz dünyaya açıq bir ölkəyik. Dünya iqtisadiyyatının tərkib hissəsiyik. Buna baxmayaraq, Azərbaycanda aparılan düzgün iqtisadi, sosial və digər yönümlü siyasət imkan verdi ki, ölkə özünü qoruya bilsin. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan prezidentinin xüsusi sərəncamı ilə milli iqtisadiyyatımızla bağlı yol xəritəsi müəyyən olundu. Bu yol xəritəsi postneft dövrünün ən önəmli sənədlərindən olacaq. Burada müxtəlif istiqamətlər müəyyən edilib. Bu yol xəritəsi imkan verəcək ki, Azərbaycan daha da inkişaf etsin, daha da güclənsin, əhalinin rifahı daha da yaxşılaşsın.

- Milli Məclisdə bir sıra qanunlara büdcədən istifadə ilə bağlı qənaət xarakterli düzəlişlər olur. Bu, hərbi sahəyə də şamil olunacaqmı?
- Qənaəti həmişə etmək lazımdır. İstər büdcə vəsaitləri çox olan dövrdə, istərsə də az olan dövrdə. Ümumiyyətlə, qənaət yaxşı keyfiyyətdir. Amma büdcəmizə fikir versəniz, hərbi büdcə ilə bağlı heç bir problem yoxdur. Bizim qarşıya qoyduğumuz məqsəd odur ki, Azərbaycanın hərbi gücü bu günə qədər olduğu kimi, bundan sonra da artsın. Çünki biz bilirik ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etdiyi üçün qarşımızda hansı vəzifələr durur. Bu mənada biz hərbi büdcə baxımından heç vaxt zəifləyə bilmərik.

- Bu yaxınlarda NATO PA-nın növbəti sessiyasından geri döndünüz və bu sessiya ermənilərlə azərbaycanlı və türkiyəli nümayəndələr arasında sərt replikalarla yadda qaldı. Nə baş verirdi orada?
- O baş verdi ki, ermənilər yenə təxribata əl atdılar. Yeri gəldi gəlmədi, mövzuya aidiyyəti oldu olmadı, yersiz və məntiqsiz suallar verirdilər, fikirlər söyləyirdilər. Bu dəfə də orada Türkiyənin Baş Qərargah rəisinə yersiz suallar verdilər. Məsələn, Əfqanıstandakı vəziyyət müzakirə olunarkən ermənilər qəflətən sual verdilər ki, "27 dövlət "erməni soyqırımı”nı tanıyıb, Türkiyə nə vaxt tanıyacaq?” Özü də bu sualı Baş Qərargah rəisinə verirlər. Məntiqi yox, yeri yox, tamamilə mənasız bir sual. Hamınız da şahidi oldunuz ki, Baş Qərargah rəisi onlara necə cavab verdi... Eləcə də, hörmətli Mövlud Çavuşoğluna verilən sual tamamilə mənasız və yersiz idi. Hər ikisinin ermənilərə cavabı salonda alqışlarla qarşılandı. Bu, o deməkdir ki, uydurma soyqırım söhbəti artıq dünya ölkələrini, onların deputatlarını da bezdirib. Bunlar harada gəldi, mövzuya dəxli oldu olmadı, bu uydurma məsələni ortaya atırlar və bundan başqa mövzu bilmirlər. Təxribat xarakterli mövzu seçmək, aranı qatmaq bunların peşəsinə çevrilib. Mövlud Çavuşoğlu onlara cavabında düzgün qeyd etdi ki, əsl soyqırımı unutdurub, uydurma soyqırımdan danışmayın. Əsl soyqırım Xocalı soyqırımıdır ki, onu da siz ermənilər törətdiniz. Bu, çox uzaqda yox, yaxın tarixdə baş verib, niyə bunu unudursunuz? Bu, hamının gözü qarşısında baş vermiş hadisədir və dünya buna öz qiymətini verməlidir. Bizim deputatlar da mövzunu genişləndirərək bir daha NATO PA üzvlərinin nəzərinə çatdırdılar ki, Xocalı soyqırımından danışmaq lazımdır. Yoxsa, uzaq keçmişdən bir tarix seçərək, hay-həşir salmaq lazım deyil. Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan da dəfələrlə ermənilərə deyib ki, "əgər siz bu məsələni qoyursunuzsa, gəlin arxivləri açaq. Niyə arxivlərin açılmasından qorxursunuz? Gəlin beynəlxalq komissiya yaradaq və tarixçilər arxivlərdə işləsinlər, həqiqəti də ortaya qoysunlar.”. Amma ermənilər buna getmirlər. Əgər həqiqətən soyqırım baş veribsə, o zaman ermənilər niyə arxivlərin açılmasına getmir? Deməli, yalandır və bu mövzu onlar üçün siyasi oyun alətidir.

- Son günlər bir sıra erməni qeyri-hökumət təşkilatları və media nümayəndələrinin Azərbaycana səfərləri, buradan Ermənistanın işğalçılıq siyasətini etiraf etmələri və rəsmi İrəvanı sərt tənqid etmələri də gündəmdədir. Bəziləri ermənilərin Bakıya bu səfərlərini və bəyanatlarını səmimi qəbul etmir, hətta təhlükəsizlik baxımından riskli adlandırırlar. Siz necə düşünürsünüz ?
- Mən sizə deyim ki, əvvəla, erməni fəalların Azərbaycana gəlməsi və bizimkilərin Ermənistana səfərləri yeni bir hadisə deyil. Yəni, bu platforma çərçivəsində onların hər hansı nümayəndəsinin bura gəlməsinin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratmasını mən görmürəm. Bunlar onsuz da qapalı obyektlərə getmirlər, heç onları ora buraxan da yoxdur. Amma onlar açıq formada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini etiraf edirlərsə, Ermənistanı tənqid edirlərsə, Azərbaycan həqiqətlərini dilə gətirirlərsə, rəsmi İrəvanın işğalçılıq mahiyyətini açıb göstərirlərsə, o zaman bunun nəyi pisdir? Mən buna normal baxıram. Qoy, ermənilər özləri etiraf etsinlər ki, ölkələri işğalçıdır, etiraf etsinlər ki, Azərbaycanda hansı cinayətləri törədiblər, Xocalı soyqırımına səbəbkar olublar, siyasi rəhbərləri bu cinayətlərin icraçısıdırlar və sair... Qoy desinlər, etiraf etsinlər. Burada pis heç nə yoxdur.

- Son vaxtlar Ermənistan hakimiyyətinin müxtəlif səviyyəli rəsmiləri Azərbaycana qarşı bəyanatlar səsləndirirlər. Müharibə riskindən bəhs edərək Azərbaycana qarşı müxtəlif ittihamlar irəli sürürlər.
- Bunlar hamısı Ermənistanın daxili auditoriyasına hesablanmış addımlardır. Ermənistanın cəmi 2 milyard dollar dövlət büdcəsi var. Soruşmaq lazımdır ki, sən bu büdcə ilə Azərbaycana qarşı nə edə bilərsən, ay bədbəxt? Sadəcə olaraq, onlar bu ilin aprel hadisələrində öz təxribatlarına tutarlı cavab aldılar. Sözün əsl mənasında Ermənistan bu il Azərbaycandan çox yaxşı sillə yedi. Bundan sonra hələ də özlərinə gələ bilməyiblər və daxili auditoriyalarını inandırmağa çalışırlar ki, guya Ermənistanın filan silahı budur, kəşfiyyatı belə işləyir və s. Bütün bunların da heç bir əsası yoxdur. Azərbaycan yetərincə güclü dövlətdir. Ermənistan bu gücü gördü və hələ də özünə gələ bilmir. Ona görə də belə vasitələrlə əhalini sakitləşdirmək istəyirlər. Amma belə bir söz var: divar bitəndən sonra hara gedəcəksən? Əslində bu ölkəyə Ermənistan Respublikası deyilməsi də düzgün deyil. Bu, Ermənistan adlı bir qurumdur, bir forpostdur, iqtisadiyyatının da 80 faizi heç özünün deyil, başqa dövlətindir. İndi buna müstəqil dövlət demək mümkündürmü? Ermənistanın daxilində hazırda aclıq, səfalət və sosial gərginlik hökm sürür. İnsanlar Ermənistanı tərk edib gedirlər. Çünki yaşamaq üçün orada heç nə qalmayıb, rejim isə hərbi xuntadır. Qısası, marionet dövlətdir.

- Azərbaycanın müdafiə naziri dəyişdikdən sonra orduda yeniliklər müşahidə olunur. Eyni zamanda, cəbhə bölgəsində düşmənə cavab atəşi olaraq sarsıdıcı zərbələr endirilir. Sizcə bu yeniliklər artıq Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə almasında qərarlı olmasından xəbər verir?
- Biz öz sülhpərvərliyimizi həmişə göstərmişik. Azərbaycan bu gün sözün əsl mənasında Qafqazın ən güclü dövlətidir, ən güclü ordusuna malikdir, lakin biz yenə də sülhpərvərliyimizi həmişə bəyan edirik. Amma Ermənistan bunu anlamır, danışıqları imitasiya xətrinə aparır. Şəxsən mən hesab edirəm ki, əgər bu imitasiya belə davam edəcəksə, daxili hüquq nöqteyi-nəzərindən də, beynəlxalq hüquq nöqteyi-nəzərindən də Azərbaycanın haqqı, ixtiyarı var ki, öz torpaqlarını müharibə yolu ilə geri qaytarsın. Açıq deyim ki, mən artıq ATƏT-in Minsk Qrupuna inanmıram. Sadəcə gəlirlər, Azərbaycanda və Ermənistanda görüşlər keçirib, çıxıb gedirlər. Necə deyərlər, "dejurnı” səfərlər edirlər. Axı belə olmamalıdır! Minsk Qrupu bilməlidir ki, onun üzərində öhdəlik var, iş görməlidir. Deyirlər ki, Ermənistanla Azərbaycan razılığa gəlsin, biz heç nə demirik. Bu nə danışıqdır? Əgər Azərbaycanla Ermənistan razılığa gələ bilsəydi, onda Minsk Qrupunun yaradılmasına nə ehtiyac vardı? Siz nə qədər ki, işğalçıya işğalçı deməmisiniz və səmimi deyilsiniz, heç nəyə nail olmayacaqsınız. Sizin dövlət başçıları həmişə bəyanat verirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Amma axı bəyanatla iş getmir. Ona görə də mənim inandığım xalqımdır, dövlətimdir və prezidentimdir. Bu nə deməkdir ? Yəni, xalqla prezidentin birliyi-dövlətin gücüdür. Vəssalam! Biz torpaqlarımızı yalnız bu yolla azad edə bilərik.

- ATƏT Minsk Qrupunun həmsədri olan Rusiya bu yaxınlarda Ermənistan birləşmiş ordu yaradılması barədə qərar qəbul etdi. Sizcə, Dağlıq Qarabağ münaqişəsində vasitəçi olan ölkənin bu addımı nə anlama gəlir? Azərbaycan bu barədə Rusiya ilə qəti danışmalıdırmı?
- Mən bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə də danışmışam. Onlar Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi sorğu göndəriblər. Hələ bizə Rusiya konkret rəsmi cavab verməyib ki, bunu nə məqsədlə edib. Bir qrup ekspert deyir ki, bu, NATO-ya qarşıdır. Digərləri isə deyir ki, Ermənistanın təhlükəsizliyi ilə bağlıdır. Amma biz Rusiyanın özündən rəsmi izahat aldıqdan sonra fikrimizi söyləyəcəyik.

- Rusiyanın Ermənistana "İsgəndər” raket kompleksi satması da gərginliyin artmasına səbəb oldu.
- Məncə bu, daha çox hərbçilərin işidir. İndi ruslar bizə deyir ki, sizə də silah satırıq, eynilə Ermənistana da silah veririk. "İsgəndər” kompleksi ilə bağlı konkret demirlər ki, bunu Ermənistan ordusuna veriblər, yoxsa Ermənistandakı Rusiya hərbi bazasına göndəriblər. Şəxsən bu, mənə aydın deyil.
 
- Açıqlandı ki, Ermənistana satıblar.
- Rəsmi səviyyədə açıqlanmayıb, ekspertlər səviyyəsində deyilir. Rəsmi açıqlanmalıdır. Biz rəsmi cavab aldıqdan sonra qərarımızı bildirəcəyik. Əlbəttə, Rusiya Minsk Qrupunun həmsədrlərindən biri kimi bitərəf olmalıdır ki, bu münaqişə həll olunsun.
 
- Vasitəçi ölkənin tərəfləri silahlandırmaqda məqsədi həqiqətən bu münaqişəni sülh yolu ilə həll etməkdir?
- Bu sualın cavabını siz məndən yaxşı bilirsiniz.
 
- Digər həmsədr ölkə olan ABŞ-ın dövlət katibi Kerrinin Dağlıq Qarabağla bağlır bəyanatı oldu. Söhbət "status-kvo”dan gedir. Bu barədə nə deyə bilərsiniz?
- Bilirsiniz, status-kvo mütləq dəyişməlidir. ABŞ-ın səfiri burda bir söz deyir, orda digər rəsmiləri başqa söz deyir. Həmsədr dövlətlərin xarici siyasətlərində də konkretlik yoxdur. Dövlət başçıları bir bəyanat verir, səfirləri başqa cür danışır, dövlət katibləri də başqa cür. Bax, buna görə də Minsk Qrupuna artıq inam yoxdur. Bunlar heç nə etməyəcəklər. Biz yalnız öz gücümüzə arxalanmalıyıq, vəssalam! Status-kvo dəyişəcək. Ermənistana təzyiq göstərilməlidir, bəyanatlardan irəli getmək lazımdır.
 
- Hər üç həmsədr ölkədə (ABŞ, Fransa, Rusiya) separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəliyi var. Azərbaycan vasitəçi ölkələrin öz missiyalarına zidd olan bu addımlarına niyə ciddi etiraz etmir?
- Çox məntiqli sualdır. Mən əvvəldə də qeyd etdim ki, Minsk Qrupuna artıq inanmıram. Bu inamsızlığın köklü səbəblərindən biri də budur. Doğrudan da, siz necə vasitəçisiniz ki, bir tərəfdən Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğulsunuz, digər tərəfdən bu separatçı rejimin nəinki nümayəndəliyini yaradırsınız, hətta onun rəhbərliyi ilə rəsmi görüşlər də keçirirsiniz? Bu, əlbəttə bizi ciddi narahat edir. Bu məsələyə də aydınlıq gəlməlidir. Həmsədr dövlətlər bu məsələyə aydınlıq gətirməlidir. Minsk Qrupu yaradılıb, BMT TŞ-nin 4 məlum qətnaməsi var, hər üçünüz dəBMT Təhlükəsizlik Şurasının daimi üzvüsünüz, nə üçün qətnamələrə əməl etmirsiniz ? Nədir sizin fikriniz? Açıq, konkret bizə fikrinizi deyin, işimizi bilək. Biz onsuz da işimizi bilirik və nə edəcəyimizi də bilirik. Bilirsiniz, bu qədər riyakarlıq olmaz.

- Son günlər ətraf 7 rayonun qaytarılması, sülhməramlıların yerləşdirilməsi və sair bu kimi mövzular da gündəmdədir. Siz nə düşünürsünüz?
- Bu, daha çox siyasi məsələdir. Cənab prezidentin də bəyanatında göstərildiyi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin tərəfdarıyıq. İndi bu beş rayon olacaq, yeddi rayon olacaq, neçə rayon olacaq, mən bunu dəqiq deyə bilmərəm. Sülhməramlıların yerləşdirilməsinə gəldikdə isə, onu deyə bilərəm ki, danışıqların predmetinə daxil olan məsələlərin hamısı bir-biri ilə sıx bağlıdır. Ona görə də mən bu məsələnin müzakirə obyekti olduğunu istisna etmirəm.

- Son bir neçə ildə Azərbaycanda korrupsiya faktları ilə bağlı təhlükəsizlik strukturları da daxil olmaqla, yüksək rütbəli məmurlar həbs olundu, qurumlarda islahat aparıldı. "Keçmiş MTN işi” adlandırılan məhkəmə proseslərində olduqca ciddi faktlar üzə çıxır. Bununla bağlı nə deyə bilərsiniz və islahat xarakterli addımlar davam edəcəkmi?
- Ümumiyyətlə, bizim qəbul etdiyimiz hər bir sənəd özlüyündə islahatları ehtiva edir. Cənab prezidentin bu istiqamətdə də islahatlar aparılması ilə bağlı xeyli fərmanları, sərəncamları var. Əlbəttə, qəbul etdiyimiz qanun layihələri də bu islahatların ruhuna uyğun olmalıdır. Məsələn, bu yaxınlarda "Hərbi vəziyyət haqqında” qanun layihəsini yenidən hazırlayıb qəbul etdik. Bu qanunu ilk dəfə 1994-cü ildə qəbul etmişdik. Dövrünə görə də, indi də o qanun işləyir və gözəl qanundur. Amma artıq 1994-cü ildə bu qanunu qəbul etdikdən sonra biz 1995-ci ildə yeni Konstitusiyanı, Hərbi Doktrinanı, Təhlükəsizlik Konsepsiyasını qəbul etdik və sair. Ona görə də bu sənədi yenidən hazırlayıb, qəbul etdik. Ordumuz güclənirsə, onun normativ hüquqi bazası da güclənməlidir. Bu yöndə işlərimiz davam edir. O ki qaldı həbs olunanlara, hələ istintaq getdiyi üçün gəlin, məhkəmənin qərarını gözləyək.
 
- Parlamentdə bu sahə ilə məşğul olan şəxs kimi həmin vaxt baş verənlərlə bağlı məlumat alırdınızmı?
- Xeyr, məlumatım olmayıb.
 
- Sizcə, MTN-ə vaxtilə rəhbərlik edən nazir məsuliyyət daşıyırmı?
- Əlbəttə daşıyır. Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq. Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq.
 
- Son günlər əmək pensiyaları ilə bağlı yaş həddinin dəyişdirilməsi məsələsi də gündəmdədir. Bu məsələ hazırda nə yerdədir?
- Bu layihə Milli Məclisə daxil olub. Hazırda Əmək və sosial siyasət komitəsindədir və yaz sessiyasına hazırlanır. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001