• cümə, 26 Aprel, 02:14
  • Baku Bakı 16°C

Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman

07.07.20 16:52 4381
Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman
Qarabağ qazisi İlham Zəkiyev insan iradəsinin sərhəd tanımadığını bütün dünyaya nümayiş etdirir
Cüdoçularımız "London 2012" Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Türkiyənin Antalya şəhərində olarkən, iki dünya şöhrətli azərbaycanlı tatami ustasının iştirakı ilə baş verən bir əhvalat idmançılar arasında kifayət qədər məşhurdur. Belə ki, adət üzrə, olimpiyaçılarla birgə təlim-məşq toplanışında iştirak edən paralimpiya çempionu İlham Zəkiyev yorucu məşqdən sonra köməkçisi ilə birgə qaldığı otel otağına çıxaraq istirahət edirmiş. Uzun müddət ondan səs-soraq çıxmamasından narahatlıq keçirən heyətin, həmişə şən, hazırcavab üzvü Elnur Məmmədli, məşq yoldaşının kefini açmaq istəyi ilə yuxarı qalxıb, otağın zəngini sıxır. Bir neçə saniyə sonra qapının İlhamın elə özü tərəfindən açıldığını, üstəlik, içərinin tam qaranlıq olduğunu gördükdə, olimpiya çempionu təəccübünü boğa bilməyərək soruşur:
- Ay İlham, axı bu qaranlıqda qapını necə açdın?
- Mən qaranlıqda iki olimpiada udmuşam, qardaş, sən isə bir qapını açmağıma təəccüblənirsən...

İkiqat paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, "Bakı 2015" ilk Avropa Oyunlarının qalibi, dünya kubokunun və digər irili-xırdalı mükafat və təltiflərin sahibi, dostları, sevənləri, onunla qürur duyan hər kəs üçün isə sadəcə, İlham Zəkiyev. Zirvənin yolunu gözüyumulu tapan Qarabağ qazisi. Həyat hekayəsi ilə yeddidən yetmiş yeddiyədək hamıya örnək olacaq idmançı axtarışında ən yaxın ünvanımız elə odur.

Qardaşının izi ilə: güləş, sambo və cüdo
1980-ci il, mart ayının 3-də gənclik və idman şəhəri Sumqayıtda, zavod fəhləsi Əzizağa Zəkiyevin ailəsində doğulan İlham, 4 qardaşın ən kiçiyi idi. Nə ailədə, nə də yaxın qohumları arasında vaxtilə ciddi idman təcrübəsi yaşayıb müəyyən məqamadək yüksələn biri olmasa da, onun lap uşaqlıqdan idmana, ələlxüsus da döyüş növlərinə maraq göstərməsi tam təbiidir. Axı, İlhamın boya-başa çatdığı Sumqayıtda idmanın şahı futbolla yanaşı, güləş, cüdo, karate və s. kimi təkmübarizəli növləri də daim çox populyar olub. Üstəlik, özündən 3 yaş böyük qardaşı Fikrət bir neçə il idi ki, güləşə gedirdi. İlham elə ondan ruhlanaraq, 12 yaşında milli idman növü ilə məşğul olan saysız-hesabsız uşaqların sırasına qoşulur. Üç ilə yaxın sərbəst güləş məşqlərinə gedən Zəkiyev, məşqçisinin ölkəni tərk etməsindən sonra Azərbaycan idmanında məşhur Rəcəblilər nəslinin ağsaqqalı Əhməddin Rəcəblinin yanında cüdo məşqlərinə yazılmaq qərarına gəlir. Paralel olaraq cüdonun "kiçik qardaşı" adlandırılan samboda da qüvvəsini sınayır. Hər iki növdə şəhər, zona, habelə, respublika birinciliklərinin mükafatçısı olur.

Prezidentin mühafizə xidmətində çalışmaq arzusu
Biz öyrəşmişik ki, idmançılar təhsili idmana qurban versinlər. Həmkarlarının bir çoxundan fərqli olaraq, İlham orta məktəb müəllimlərinin yaddaşında aktiv şagird kimi qalıb. Sumqayıt şəhər 5 saylı məktəbin rus bölməsində təhsil alan Zəkiyev, xüsusən coğrafiya, riyaziyyat, dil və ədəbiyyatı yaxşı qiymətlərlə oxuyub.
Təşkilatçılıq bacarığı ilə də hər zaman ön plana çıxan universal şagird, coğrafi obyektləri xəritədə göz təması olmadan tapması ilə hamını heyrətləndirər, üstəlik, rəssamlıq qabiliyyəti ilə diqqətləri üzərinə çəkərdi. Dava-dalaşdan uzaq olsa da, döyüş filmlərinin Jan-Klod Van Damm, Silvester Stalone, Arnold Şvartsenegger kimi ulduzlarının portret-rəsmlərini çəkmək yeniyetmə Zəkiyevin əsas hobbisi idi.

Peşə seçimi isə artıq edilmişdi; Prezidentin mühafizə xidmətində çalışmaq arzusu ilə yaşayan İlham, Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istəyirdi. Odur ki, elə məktəbi bitirdikdən sonra sənədlərini sözügedən ali təhsil ocağına verir. Lakin iş elə gətirir ki, qabiliyyətdən məqbul qiymət ala bilmir. Həmçinin Moskvada keçirilən yeniyetmələrin yay olimpiadasına qatılmaq istəsə də, yaşı bir ay keçdiyindən, arzusu həyata keçmir. Beləcə, əsgərlik vaxtı yetişir.

Düşmən gülləsi...
"Kəşfiyyat taboruna seçim vaxtı generalın diqqətini ilk mən çəkdim"- deyir, Zəkiyev: "Beyləqandakı N saylı hərbi hissəyə düşmüşdüm. O vaxt boyum 1.87 metr, çəkim 94 kiloqram idi. Kəşfiyyat taboruna seçim vaxtı korpus komandiri Yaşar Aydəmirovun diqqətini ilk mən çəkdim. Mənə yaxınlaşıb, hansı şəhərdən gəldiyimi, hansı idman növü ilə məşğul olduğumu öyrəndikdən sonra sual verdi ki, əsgər Zəkiyev, kəşfiyyatda qulluq etməyə hazırsanmı? Tərəddüd etmədən "bəli" dedim.
Bu müddətdə bir sıra əməliyyatlarımız oldu, nümunəvi xidmətə görə fəxri fərmanla da təltif edildim. 1999-cu ilin 4 fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində növbəti döyüş tapşırığını yerinə yetirərkən isə düşmən snayperinin gülləsinə tuş gəldim. 7.62 kalibrli güllə sol gicgahımdan girib, sağ gicgahımdan çıxdı. Beş gün koma vəziyyətində qaldım, ayılacağıma heç bir ümid yox idi. Həkimlər çox ümidsiz danışırdılar. Yaxınlarıma yüksək immunitetə sahib olduğum üçün bu qədər müddətdə sağ qaldığımı, yaxın zamanda öləcəyimi deyirdilər. Anamın səsinə ayıldım. Yadımdadır, oyananda ilk sözüm "ana, çox üşüyürəm" olmuşdu. 13 gündən sonra Əhmədbəylidən Bakıya aparıldım, ümumilikdə 41 gün çəkən müalicədən sonra, nəhayət, evə buraxıldım. Tam görmə məhdudiyyətli I qrup Qarabağ əlili kimi".

"Özümdə qətiləşdirmişdim ki, bu, ilahidən gələn gücdür"
Çətindir, əlbəttə. Həm də çox çətindir. Sənin, sadəcə 19 yaşın var, arzular çox, bitib-tükənməz, fiziki durum isə bir o dərəcədə - ən sadə diləkləri də həyata keçirməyə imkan verməyəcək qədər - məhdud. Belə vəziyyət nəinki çox cavan, hətta lap yaşlı birinin də psixologiyasını alt-üst edib, onu həyatdan tamamilə soyudardı...

Məşhur "Həyat mübarizədir" devizini rəhbər tutan İlham, həyatın ağır, amansız sınağı qarşısında bir an belə, əyilmir, Azərbaycan əsgərinə yaraşan mətinliklə heç nə olmamış kimi, səbr və inamla yaşamına davam edir. Dostlarının dediyinə görə, yanına könlünü ovutmaq məqsədi ilə gələn bütün yaxınlarına "hər şey yaxşı olacaq" deyə, özü təskinlik verirdi.

İlhamın dil və ədəbiyyat müəlliməsi, Zəkiyevlərin uzun illərdir ailə dostu olan Sevinc Kərimova deyir ki, onun, hər şeyə rəğmən, həyatda özünə layiqli yer tutacağına inanıb: "Xəstə yanına gedəndə, hər bir insanın ürəyindən təsəlli vermək istəyi keçir. Ancaq o, özünü elə aparırdı, sanki heç nə olmayıb, aldığı adi, yüngül bir yaradır. Təkrar-təkrar "Sevinc Sabirovna, narahat olmayın, hər şey əla olacaq" deyirdi. Sözdən çox, siması - oradakı işıq, əminlik, qarşısındakını inandırırdı. Hələ o vaxtdan özümdə qətiləşdirmişdim ki, bu, qeyri-adi, ilahidən gələn bir gücdür. Əmin idim ki, o, həyatda öz layiqli yerini tuta biləcək".

Üç ilini müalicə-bərpa proseslərinə həsr edən İlham, 2002-ci ilin noyabrında böyük idmana dönür. Yenidən Əhməddin Rəcəblinin başçılığı altında çıxdığı bu yol, onu, 1 il 10 ay sonra paralimpiya zirvəsinə daşıyacaqdı...

Haşiyə
Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Odur ki, idman aləmini paralimpiya dəyərləri olmadan təsəvvür etmək mümkün deyil. Almaniyalı neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən, 1960-cı ildən bu yana ali səviyyədə əksini tapan paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub, günümüzdə dünyanın hər bir tərəfindən milyonlarla insanı ətrafına toplamaqdadır. Dəyərlər, Azərbaycanda da yüksək səviyyədə qorunaraq, təbliğ edilir. Respublikamızın nümayəndələri cəmi altı Yay Paralimpiya oyunlarında iştirak etsələr də, az qala bir əsrlik fəaliyyəti ifadə edən uğurlara imza atıblar. Eyni zamanda, idmançılarımız ayrı-ayrı növlərdə Avropa, dünya, paralimpiya rekordlarına sahibdirlər.

5 dəqiqə 29 saniyəyə iki olimpiya zirvəsi!
Azərbaycanda paralimpiya hərəkatının ən önəmli ilkləri məhz Zəkiyevin adı ilə bağlıdır.

Belə ki, Kuba, İspaniya və Böyük Britaniyadan olan cüdoçularla görüşlərə üst-üstə 179 saniyə vaxt sərf edib, onlara xal belə vermədən "Afina 2004"ün qalibi olan 24 yaşlı Zəkiyev, tarixə Azərbaycanın ilk paralimpiya çempionu kimi düşüb.

Növbəti olimpiya zirvəsini fəth etmək üçün isə ona cəmi 2 dəqiqə 30 saniyə vaxt lazım olur. Fransalı Jülyen Torinye (İlhamın dəfələrlə, əsasən də finalda üz-üzə gəlib məğlub etdiyi Jülyenin bir maraqlı ləqəbi də var: "Azərbaycan himnini əzbərdən bilən yeganə fransız") Qarabağ qazimizin qarşısında, sadəcə 5, Cənubi Koreya təmsilçisi 105, ev sahibi Vanq Sonq isə 40 saniyə duruş gətirir. Beləliklə, bir ay əvvəl Elnur Məmmədlinin fantastik şousu ilə lərzəyə gələn Pekin Elm və Texnologiya Universitetinin idman salonunun tribunaları, daha bir igid Azərbaycan oğlunun möhtəşəm qələbəsini ayaq üstündə alqışlayırdı.

Bəli, bunlar adi çempionluqlar deyildi; insan iradəsinin böyük təntənəsi, mənəvi işığın zülmət üzərindəki parlaq zəfəri idi.

İlham Zəkiyev insan potensialının sərhəd tanımadığını - hər kəsin, istəyərsə, hər şeyə nail ola biləcəyini bir daha nümayiş etdirən şəxsdir.

Dünya cüdosunun şərəf zalında ilk və tək!
Son olaraq vurğulamağı vacib bilirik ki, sonrakı illərdə dünya, Avropa adına rekord sayda qitə çempionu, paralimpiya üçüncüsü olan Zəkiyev, bu zamanadək, əsasən görmə imkanına malik cüdoçularla üz-üzə gəlib. Belə ki, paralimpiya cüdosunun əsasnaməsinə görə, idmançıların görmə məhdududiyyətinin dərəcəsinə əsasən, üç ayrı kateqoriya müəyyənləşdirilsə də, onların hamısı birgə mübarizə aparır. B1 kateqoriyasından olan - yəni tam görmə məhdudiyyətli idmançıların, əsasən müəyyən civarda görmə imkanına sahib olan rəqibləri ilə başabaş mübarizə aparmasının nə dərəcədə mürəkkəb bir iş olduğunu çatdırmaq üçün əlavə şərhə gərək yoxdur, deyə, düşünürük. Odur ki, onun, Beynəlxalq Cüdo Federasiyası tərəfindən dünya cüdosunun şərəf zalına daxil edilən yeganə paralimpiyaçı statusunu daşıması təsadüfi deyil.

Sahib Əsədbəyli
Yazı Milli Olimpiya Komitəsinin keçirdiyi müsabiqəyə təqdim olunur.
















banner

Oxşar Xəbərlər