• cümə, 29 Mart, 01:12
  • Baku Bakı 7°C

Zibili pula çevirənlər – Sadə peşə adamı

04.07.16 11:16 4809
Zibili pula çevirənlər – Sadə peşə adamı
Hər peşənin özünəməxsus çətinlikləri var. Çünki alın təriylə pul qazanmaq o qədər də asan deyil. Həmsöhbətimiz də, peşəsinin çətin olmasına baxamayaraq, öz işinin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni edir. Deyir ki, sənətin sadəsi, çətini olmur. Əgər alın təri ilə pul qazanmaq istəyirsənsə, bütün çətinliklərə sinə gərməli və zəhmət çəkməlisən.
Müsahibimiz 4 ildir "Təmiz Şəhər” ASC-nin Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantı çeşidləyən Dilarə Mirzəliyevadır. Dilarənin dolanışığı zibilləri çeşidləməkdən çıxır. O, zavodda tullantıların içindən plastmas qablar, kağız, butulka, sellofan yığır.

"Halal çörəyimizi qazanırıq”

Dilarənin iş prosesi ilə yaxından tanış olmaq və onunla söhbətləşmək üçün bizə verilən xüsusi geyimi geyinib zavodun çeşidlənmə hissəsinə yollanırıq. Tullantıların arasında plastik qabları yığan həmsöhbətimiz deyir ki, onun işi kənardan hər kəsə çətin gəlsə də, özü çətinlik çəkmir: "İşim saat 9.00-da başlayır və 18.00-a qədər davam edir. 4 ildir bu zavodda eyni işi görürəm. Tullantıların içindən mənə tapşırılan tullantını seçib çeşidləyirəm. Düzdür, işimizin çətinliyi çoxdur. Ayaq üstə dayanıb zibil seçirik. Üstəlik, qarşımıza nə çıxacağını bilmirik. O qədər olub ki, ölü ilan, kərtənkələ, həşəratları çeşidləmişik. Amma kənd adamı olduğum üçün bunlar mənə qorxulu gəlmir. Çox adam bizim işimizə qəribə baxır. Amma biz halal çörəyimizi qazanırıq. Ayıb iş görmürük, oğurluq etmirik, kiminsə cibinə girmirik. Biz çörəyimizi əziyyətlə qazanırıq deyə, çörəyin qədrini də yaxşı bilirik. Heç vaxt çörəyi zibil qabına atmarıq. Görmək lazımdır ki, nə qədər insan çörəyi zibilliyə atır. Halbuki onlar lazımsız çörəkləri sellofan torbaya qoyub zibil qutularının kənarına qoya bilərlər. Qoyanlar da var. Evində toyuq-cücə, it-pişik saxlayanlar gəlib götürürlər”.

Pul, silah, qumbara, qızıl...

Dilarə deyir ki, tullantıları maraqla çeşidləyirlər. Çünki hər dəfə fərqli əşyalarla qarşılaşırlar: "İşimiz maraqlıdır. Hər dəfə fərqli şeylərlə qarşılaşırıq. Tullantıların içindən hər cür qiymətli əşyalar tapılır. Pul, silah, qumbara. Hətta şəxsiyyət vəsiqəsi, maşın sənədi, ev kupçası da tapmışıq. O qədər alüminium qablar, qədimi xalçalar, maraqlı suvenirlər tapırıq ki... Belə tapıntıları nəzarətçilərə veririk, nəzarətçilər lazımi yerlərə göndərirlər”.

"Zibili pula çeviririk”

Dilarə işini sevir. Deyir ki, əgər cəmiyyət üçün faydalı iş görürsə, bununla fəxr edir: "Biz camaatın yararsız bilib zibilliyə atdığı tullantıları çeşidləyir, bunu başqa müəssisələrə satırıq. Sadə dildə desək, bizim topladığımız zibil pula çevrilir, yenidən ölkənin "cibinə”, büdcəsinə qayıdır. Hətta qəpikləri yığırıq, onları kağız pula çevirib uşaq evlərinə hədiyyələr alıb aparırıq. Pul həm büdcəyə qayıdır, həm də xeyriyyə işinə kömək edirik. İşimizin tək çətin tərəfi ayaq üstə durmaq və xüsusilə yay aylarında daha çox hiss olunan qoxudur. Amma sənət sevgisi bunun da öhdəsindən gəlir”.

Zibil atmaq mədəniyyəti...


Müsahibimiz deyir ki, tullantını pula və ya yararlı əşyaya çevirmək üçün əhalidə də zibil atmaq mədəniyyəti olmalıdır: "Zibil atarkən ərzaq məhsullarını ayrı, qeyri-ərzaq tullantılarını isə başqa qaba yığsalar, daha yaxşı olar. İnsanlarda zibil atmaq mədəniyyəti formalaşmalıdır. Maksimum çalışmalıyıq ki, tullantı az olsun. Məsələn, belə bir lətifə də var ki, bir adam kəndə gedir, uşağı çağırır ki, mənə elə bir şey alın ki, həm atım, həm toyuqlarım, həm də mən qarnımızı doyuraq. Uşaq da gedib qarpız alır. İçini özü yeyir, tumlarını toyuqlara, qabığını isə ata verir. Biz də israfa yol verməməliyik. Hansısa əşya sizə lazım olmaya bilər, amma digər bir insan ondan nəsə düzəldə bilər. Maksimum çalışmaq lazımdır ki, bu əşyalar tullantıya daha az getsin. Məsələn, yayda ən çox qarpızı atırlar. Qarpızın suyu digər tullantıları da yararsız hala salır. Həm iy yaradır, həm kağızları zədələyir. Qarpızı daha səliqəli atmalıdırlar. Düzdür, qışda yağış suyu zibilin tərkibini dəyişir, amma qarpız suyu qədər zərər vermir. Qarpız suyu zibili məhv edir. Bizim işin ən çətin mövsümü yay fəslində olur. Yayda daha çox qarpız, yemiş tullantıları olur. Ümumiyyətlə, qidanı, yeməyi çox israf edirlər. Bu zaman çeşidlənmə də çətin başa gəlir”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər