• cümə axşamı, 18 aprel, 13:45
  • Baku Bakı 22°C

Zibili hara ataq?

12.01.17 11:30 1393
Zibili hara ataq?
Səhərlər işə gələndə yolum Elmlər Akademiyası metro stansiyası tərəfdən düşür. Əgər yolda əlimdə hansısa bir tullantı olsa, onu atmağa zibil qutusu tapılmır. Zahid Xəlilov, Bəxtiyar Vahabzadə küçələrini misal olaraq qeyd edə bilərəm.
Tələbələrin çox olduğu, ofislərin, yemək məkanlarının yerləşdiyi bir ərazidə zibil qutuları çox azdırsa, deməli, o tullantıları yerdə görməyimiz ehtimalı böyükdür. Elə görürük də. Universitetdən o qədər tələbə çıxdığı halda, yaxınlığında zibil qutusu yoxdur. Bu problem təkcə qeyd etdiyim küçələrdə yaşanmır. Şəhərin bir çox yerlərində bu problem var.
Zibili yerə atmayıb, zibil qutusu gəzənlər də olur, tullantı atmağa qutu görməyəndə yerə, ağacların dibinə atan da. Amma "təmiz şəhər” istəyiriksə, elə hər yerdən başlamalıyıq. Onu da deyim ki, hətta tullantı qutuları olmayan ərazilərdə yerləşən çox az qisim obyektlərin giriş hissəsində zibil qutusu var, bəzilərində isə adi kağız qutular qoyulub ki, zibillər yerə atılmasın. Amma bu, yetərli deyil. Müəyyən məsafədən bir, zibil qutusu olsa, tullantıların yerə atılması halı da azalar. Bəs bu işləri kim görməlidir? Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi, yoxsa obyektlərinin qarşısında sahibkarlar özləri?
Suallarımıza cavab tapmaq üçün Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Amma mətbuat xidmətindən iki gün ərzində zənglərimizə cavab verən olmadı. Mənzil Kommunal Təsərrüfati Birliyindən zənglərimizə gec də olsa cavab verildi. Amma bildirildi ki, onlarda mətbuatla işləyən şəxs yoxdur, ancaq mühasib bizə kömək edə bilər. Müsahib də iki iş günü ərzində zənglərimizə cavab vermədi.
Millət vəkili Musa Quliyev"Kaspi”yə açıqlamasında bildirdi ki, bu iş şəhər icra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin, bir də bələdiyyələrin vəzifələridir: "Təmizliyə onlar cavabdehlik daşımalıdırlar. Çünki bələdiyyələr də, şəhər icra hakimiyyəti də təmizliklə əlaqədar vergi yığırlar. Hər ay kommunal verginin içərisində zibilin atılması, yığılması və təmizliyin təmin olunması ilə bağlı vergi yığılır. Ayrı-ayrı müəssisə və obyektlər də öz əhatə dairəsinə aid olan yerləri təmiz saxlamalıdırlar. Bu onların mənəvi vətəndaş borcudur. Amma hüquqi cəhətdən bu, şəhər idarəsinin və bələdiyyə sisteminin vəzifəsidir”.
Bələdiyyə məsələləri üzrə ekspert Vüqar Tofiqli deyir ki, bələdiyyələrin səlahiyyətində bu xidmətin göstərilməsi var. Amma bu xidmət tam olaraq da bələdiyyələrə aid deyil: "Qanunvericilik bələdiyyələrə öz tərkiblərində MMC yaratmağa, yaxud əhaliyə hansısa bir xidmət göstərməyə imkan verir. Elə bələdiyyələr var ki, onların tərkibində mənzil-kommunal xidmətinin göstərilməsi ilə bağlı xüsusi idarə, şöbə, yaxud sektor var. Bunun heç bir problemi yoxdur. Sadəcə olaraq, Bakıda Mənzil Kommunal Təsərrüfatı Birliyi olduğundan müəyyən bələdiyyələr o xidməti göstərmirlər. Ətraf qəsəbələrdə, şəhərdən kənar yaşayış məntəqələrində və s. fəaliyyət göstərə bilirlər. Amma bu fəaliyyət Mənzil Kommunal Təsərrüfatı Birliyinin işinə bir yardım xarakteri daşıyır. Qaraçuxur, Suraxanı, Xəzər rayonu, Binəqədi kimi yerlərdə həmin xidmət sahəsi icra başçısının sərəncamı ilə bələdiyyələrin səlahiyyətinə verilib. Mərkəzi hissələrdə, obyektlərin qarşısında tullantı qutularının yerləşdirilməsi Mənzil Kommunal Təsərrüfatı Birliyinin səlahiyyətində olan məsələdir. Qanunla belədir ki, hər hansı bir xidmətin göstərilməsini icra hakimiyyəti strukturu bələdiyyəyə verə bilər. Üstəlik, büdcədən həmin xidmətin həyata keçirilməsi üçün ayrılan vəsaiti də bələdiyyəyə verə bilər”.
Ekoloq, "EcoArt” layihəsinin müəllifi Toğrul Bayramlı bizimlə söhbətində bildirdi ki, tullantı probleminə iki tərəfdən yanaşmaq lazımdır. Amma problemin böyük hissəsi tullantı qutularının olmamasından yaranır: "Ekologiyanı qorumaq üçün tullantı məsələsinə həssas yanaşmaq lazımdır. Tullantı bizdə ciddi problemdir. 30-40 faiz problem vətəndaş məsuliyyətindədir. O mənada ki, bəzən tullantı üçün qutular qoyulsa da, onlar yenə yerə atırlar. Yaxud insan zibili yerə atmaq istəmirsə, uzun bir yol gedib zibil qutusuna atacaq. Amma vaxtı, imkanı olmayanlar da var. Buna görə də 60-70 faiz problem tullantı qablarının olmaması ilə bağlıdır. Bunu şəhərin müxtəlif yerlərində hər birimiz müşahidə edirik. Bəzən olur ki, hansısa bir kağızı, yaxud hansısa tullantını atmaq üçün yol boyu xeyli məsafə qət etsəm də, tullantı qutusu tapmıram. Məcbur olub cibimə qoyuram ki, harda tullantı qutusu olsa, ataram. Uzun bir məsafə gedib tapmayanda unuduram, beləcə cibimdə yığılıb qalır. İndi də cibimdə atmağa qutu tapmadığım kağızlar var”.
T.Bayramlı deyir ki, tullantı qutularının sayının çox olması problemi müəyyən qədər azaldacaq: "Dediyim ki, insanların məsuliyyətli olması da önəmlidir. Amma tullantı qutuları insanların daha çox olduğu məkanlarda mütləq olmalıdır. Bir də zibil qutuları sıradan olmasa, yaxşı olar. Kreativ ideya ilə qutuları fərqli formada, hər kəsin diqqətini çəkəcək tərzdə hazırlasalar, qutunun görünüşünə görə də zibili ora atanlar olacaq. Mənim layihəm əsasən bu istiqamətdə idi. Zibil qutusu olduğu halda tullantıların yerə atılması ilə bağlı. Üzərində kreativ rəsmlər olan zibil qutuları ilə əhalinin diqqətini çəkirdik ki, zibili yerə yox, ora atsınlar. Amma bu, bir nəfərin görəcəyi iş deyil. Hər kəs məsuliyyətli olmalıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər