• çərşənbə axşamı, 16 aprel, 12:39
  • Baku Bakı 19°C

Zərif döyüşçü - Portret

11.03.14 09:00 5697
Zərif döyüşçü - Portret
İdman həyatda çox şeyi müsbətə doğru dəyişməyə qadirdir. Sağlamlıq, şöhrət, pul, xoşbəxtlik… Ancaq bunların hamısı “göydən düşmür”. Bunun üçün ömrünü idmana sərf etməli, böyük çətinlikləri arxada qoyub, hər gün mübarizədən qalib çıxmalısan. Çətindir. Üstəlik də, qadınsansa, ikiqat, üçqat çətindir. Ancaq güclü qadın hər şeyi öhdəsindən gələ bilər. Cüdoçu Kifayət Qasımova kimi…
İnadla idman
1983-cü il fevralın 1-də Kəlbəcərdə anadan olan Kifayət, uşaqlıdan qıvraq, hərəkətli, bir az da dəcəl qız olub. 10 yaşından cüdo ilə məşğul olmağa başlayıb. Ancaq idmana gəlişi elə də asan olmayıb. Ailəsi qız uşağının bu peşəyə yönəlməsini mənfi qarşılayıb və xeyli müddət mane olub. Amma inadkarlığı Qasımovanın işinə yarayıb. Böyük çətinliklər hesabına sevimli idmanına qovuşan Kifayət, ailəsini buna görə peşman etməyib. Qazandıqları uğurlar valideynlərinin öz qızları ilə fəxr etməsinə imkan verib.
Qardaşını da cüdoya gətirib
Maraqlıdır ki, ailədə daha bir titullu cüdoçu var. Qardaşı Elçin də Kifayətin arxasınca gedərək bu növü seçib və uğur qazanıb. O da dünya və Avropa çempionatlarının mükafatçısı, Azərbaycan çempionudur.
Hələ bu harasıdır? İstər ölkə, istərsə də beynəlxalq miqyaslı yarışlarda uğur qazanmış, cüdo üzrə yığmamızın üzvü Elmin Kərimov da müsahibələrinin birində belə demişdi: “Etiraf etməliyəm ki, mən cüdonu sevib bu idman növüylə məşğul olmamışam. Onu sevdirən bizim beynəlxalq dərəcəli idmançımız, Avropa və Dünya çempionu Kifayət Qasımova olub. Məni cüdo məktəbinə yazdıran da o olub”.
Böyük karyera
Hazırda qadınlardan ibarət cüdo yığmamızın baş məşqçisi olan İbadulla Şabanovun rəhbərliyi altında məşqlərə başlayan Kifayət, gənc yaşlarından uğurlarını sıralayır. Artıq 15 yaşında ilk beynəlxalq yarışda fəxri kürsüyə - özü də onun yüksək pilləsinə qalxan Qasımova, Moskvada, yeniyetmələr arasında Rusiya çempionatında qızıl medal qazanır. Bir il sonra yeniyetmələrin Avropa Olimpiya Festivalında bürünc, ardınca Romadakı Avropa çempionatında yenidən qızıl medal gəlir. Artıq dünya səviyyəli idmançıya çevrilməkdə olan cüdoçumuz qələbələrinin davamını gətirir. Növbəti 5 il ərzində Kifayət gənclər və yeniyetmələr arasında Avropa və dünya çempionatının, həmçinin Moskvada dünya superkubokunun mükafatçısı, Lüblyanada isə 23 yaşa qədər gənclər arasında Avropa çempionatının qızıl medalçısı olur. Daha sonra böyüklər arasında çempionatlara qoşulan Qasımova – dəfələrlə Avropa çempionatının mükafatçısı, Dünya Kubokunun üçqat, Qran-Pri yarışlarının qalibi, 2009-cu ildə dünya çempionatında isə bürünc medala layiq görülür. Onun digər beynəlxalq turnirlərdə, həmçinin Azərbaycan daxilindəki qələbələrinin sayı daha çoxdur. Bir sözlə, yarışlara qoşulduğu hər il ən azı bir medalla vətənə qayıdan cüdoçu, məşqçilərinin ona etdiyi etimadı tamamilə doğrultmağı bacarıb. Məsuliyyət hissi, döyüşkənliyi, sona qədər mübarizə aparmaq bacarığı onu həmişə zirvələrə daşıyıb.
Rəqibə hörmət
Cüdonun sirlərinə hər gün yiyələnməkdə davam edən Qasımova üçün bu idman növü ən mərhəmətli idman növüdür. Çünki burada rəqibə hörmətlə yanaşmağı, analiz etməyi və nəticələr çıxarmağı öyrədirlər. Kifayətdə bütün bu bacarıqlar toplaşıb və o, bunu dəfələrlə sübut edib. Həm idman, həm də böyük həyat fəlsəfəsi olan cüdoçu, daxili azadlıq, strateji düşüncə, eyni zamanda emosiyaları cilovlamaqda nümunədir. Qadın olmasına baxmayaraq, ən çətin durumlardan belə başıuca çıxmağı bacarması onu başqalarından fərqləndirib. Məşqçiləri onu özünü bütünlüklə cüdoya verən, çalışmalarına ara verməyən, davranışları ilə gənc nəsli yönləndirən, həmkarları ilə münasibətlərdə dost olmağa çalışan, çalışqan, əməksevər biri kimi tanıyırlar.
Çoxtərəfli idmançı
Bir çox cüdoçunun iki, maksimum üç “kral” fəndi olur. Onlar bu fəndləri hamıdan yaxşı edirlər, daha sürətlidirlər və alınanda rəqibin heç bir şansı qalmır. Maraqlıdır ki, Kifayətin düz 5 belə fəndi var: “Seoi-naqe” – rəqibin əlini tutaraq çiyinlə bel üzərindən atmaq, “Uçi-mata” – içəridən tutma, “Ura-naqe” – bud üzərindən aşırma, “Sode-tsurikomi-qoşi”– paltarın hər iki qolundan tutub atma və “O-qoşi” – sinə üzərində atılan fənd.
Bu qədər titulları olsa da, Qasımova rəqiblərindən, xüsusilə yaponiyalı cüdoçu qadınlardan öyrənməyi özünə problem saymır. Birgə məşqlər zamanı onların hərəkətlərini izləyən, fəndləri necə lütf və plastika ilə etdikləri görən qəhrəmanımız, yarışlarda bunları tətbiq edərək həm də yaxşı tələbə olduğunu göstərir. Ancaq taleyin gərdişinə bax ki, Londondakı XXX Yay Olimpiya Oyunlarında Kifayət 1/8 finalda məhz yaponiyalı Kaori Masumotoya – bu idmançı bütün görüşlərdə qalib gələrək çempion oldu - məğlub olur.
Güclüləri sevir!
Öz çəki dərəcəsində ən yaxşılardan olan Kifayət Qasımova, özündən zəif olanlara yenilgini qəbul edə bilmir. Təcrübəsi az olan, yarışlarda yeni olanlara qarşı döyüşləri onun üçün ən çətin olanlardandır. Çünki qarşısında güclü birisi olanda Qasımova daha diqqətli olur, fikirlərini toplayır, onun zəif və güclü tərəflərini, tərzini sezə bilir, döyüş vaxtı onlardan necə yararlanacağını bilir. Yenilər isə... Kifayət deyir ki: “Təcrübəsizlərdən daha çox çəkinmək lazımdır. Onlar bəzən bütün taktika qaydaları və məntiqə uyğun olmayan elə hərəkətlər edirlər ki, çaş-baş qalırsan. Cüdo ilə məşğul olduqca, anlayırsan ki, əsas fiziki yox, mənəvi güc və psixoloji köklənmədir”.
Elçiləri çoxdur, amma…
Onun üçün elçi daşının üstündə oturanlar çoxdur. Ancaq Kifayət, ürəyini heç kimə vermək fikrində deyil. Çünki hələ ki, idman onun üçün ilk plandadır və karyerasını bitirməmiş ailə qurmaq istəmir. İkisini bir yerdə etməyin çətin olduğunu düşünür qadın cüdoçu. Fikrini belə izah edir: “İstənilən yarış – ciddi sınaqdır. Xüsusilə də, yarışların bir neçə yox, bir günə sıxışdırıldığı cüdoda. Gün ərzində 5-6 döyüşə çıxmalı olursan. Günün özü isə səhər 6-da başlayır. Çəkilmə, yüngül qəhvəaltı... 9-10-da yarışlar başlayır. Bir neçə saat getsə də, bəzən, yarışların ağırlığından bir neçə ay ərzində bərpa olunursan. Ona görə də, məncə, böyük idmanla ailəni birləşdirmək mümkün deyil. Bəli, ailəli, uşaqlı olan və 40 yaşına qədər güləşən qadınlar da var. Ancaq mənim üçün bu, alınan iş deyil. Karyeramı bitirəndən sonra ailə qurmağı, həyat tərzimi dəyişməyi və özümü tamlığı ilə ailəmə həsr etməyi planlaşdırıram”. Elçilərin içərisində idmançılar da olub. Bəziləri ona “ya idman, ya ailə” seçimi qarşısında belə qoymağa çalışıblar. Ancaq Kifayətin qarşısına tələb qoymaq vaxt itkisidir.
Əsl qadın!
Nə qədər sərt görünsə də, daha çox qadına xas xüsusiyyətlər ona yad deyil. Qaranlıq qorxusu olan cüdoçumuz, həmişə yarışlara gedəndə, otaqda tək qalmır və komanda yoldaşı olan qızlardan birini mütləq yanına çağırır. Ancaq ən çox qorxduğu şey satqınlıq və xəyanətdir. Özünə bu xüsusiyyətlər yad olduğundan, Kifayət belə edənləri bağışlamır.
Portreti
Adından fərqli olaraq qazandığı titullarla kifayətlənməyən Kifayət, karyerasının sonuna yaxınlaşmaq üzrədir. Sevimli idman növündə uğur qazanmış, ölkəsini beynəlxalq arenada layiqincə təmsil etmiş, uşaqlıq arzusuna çatmış Qasımova öz həyat missiyasının birinci hissəsini bitirməkdədir. Cüdoçu olaraq o, tataminin zəif yox, zərif tərəfi olduğunu göstərə bilib. Döyüş meydanında gözəllik və lütf nümayiş etdirməyin mümkünlüyünü sübut etməsi, nəticədən asılı olmayaraq təmkinli olması onu hamıdan fərqləndirib, gülərüzlülüyü ilə seçilib. Kifayət Qasımova tatamidəki gənc qadındır. Hamımız onu belə tanıyırıq və onilliklər sonra belə məhz bu cür xatırlayacağıq.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər