Zərdabşünaslıq – Sovet və çağdaş dövrdə
Zərdabişünasların fikrincə
Azərbaycan zərdabişünaslığının tarixini üç mərhələdə araşdırmaq daha doğru
olardı. Birinci mərhələdə diqqət əsasən Zərdabi şəxsiyyətinin öyrənilməsinə və
"Əkinçi” qəzetini nəşr etməsinə yönəlmişdir.
Zərdabişünaslıq tarixində ikinci dövr sovet hakimiyyətinin ilk illərinə
təsadüf edir. Bu illərdə Zərdabi irsinin öyrənilməsində bir çox nailiyyətlər
əldə edilsə də, sovet dövrünün ilk illərində H.Zərdabi irsinə, yaradıcılığına
münasibət heç də yaxşı olmayıb. H.Zərdabinin məzarının dəfələrlə köçürülməsi,
1935-ci ildə oğlu Midhətin həbs edilib güllənməsi, kiçik qızı Qəribsultan
xanıma "ruhi xəstə” adı verilərək, cəmiyyətdən uzaqlaşdırılması, böyük qızı Pəri
xanımın Parisdə mühacir həyatı yaşaması (çünki həyat yoldaşı Əli Mərdan bəy
Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən idi), oğlu Səffətin
qürbətdə vətən həsrəti ilə əbədiyyətə qovuşması və s. bu kimi faktların uzun
illər sovet tədqiqatlarında öz əksini tapmamışı, oxucuya yalnız birtərəfli,
qeyri obyektiv məlumatın verilməsinə səbəb olub. Buna baxmayaraq görülən işləri
də inkar etmək haqsızlıq olardı. Bu tədqiqatlarda Zərdabinin həm "Əkinçi”
qəzetindəki, həm də digər sahələrdəki geniş ictimai-siyasi fəaliyyəti və
dünyagörüşü tədqiq edilmişdir. Özünün kəmiyyət və keyfiyyət göstəricilərinə
görə fərqlənən bu tədqiqatlarda əsas qüsur onların sovet-kommunist
ideologiyasının prinsiplərinə uyğunlaşdırılması idi. Amma bu dövr, Azərbaycan
zərdabişünaslığının inkişafında mühüm mərhələ olaraq qalmaqdadır.
Üçüncü dövrə aid araşdırmalar sistemli xarakter daşımasa da,
zərdabişünaslığın inkişafında özünəməxsus xidmətləri olmuşdur. Hər şeydən əvvəl
H.Zərdabi şəxsiyyətinə hörmət, sevgi, sayğı yeni bir fazaya qədəm qoymuşdu.
Onun uğurları da, qüsurları da, olduğu kimi təqdim olunur, tendensiyalılığa,
boşluqlara daha az yer verilirdi.
Mirzə İbrahimov başlayıb,
Heydər Hüseynov davam etdirib
H.Zərdabinin "Əkinçi” ilə bağlı fəaliyyətini çox geniş olmasa da, ilk
tədqiq edənlərdən biri də yazıçı Mirzə İbrahimovdur. O, 1939-cu ildə "Böyük
demokrat” kitabını çap etdirmişdir. Kitab Cəlil Məmmədquluzadədən bəhs edir.
M.İbrahimov 1957-ci ildə yenidən ədibin yaradıcılığına qayıtmış, ilkin
tədqiqatını dərinləşdirib əsəri təzə variantda oxuculara çatdırmışdır. Kitabın
"Molla Nəsrəddin”ə qədər Azərbaycan mətbuatı” bölməsində ilk dəfə "Əkinçi”,
"Ziya”, "Ziyayi-Qafqaziyyə”, "Kəşkül”, "Şərqi-Rus”un məramnamə və amalı,
ictimai, ədəbi-estetik fikir tarixindəki rolu göstərilir. Müəllifin "Əkinçi”
qəzeti və H.Zərdabi haqqında yazdığı fikirlər Zərdabi şəxsiyyəti və irsinin
öyrənilməsində qiymətlidir.
M.İbrahimov "Əkinçi”nin və onun müəllifinin ideyalarını əsas
götürərək yazırdı: "Bu böyük işləri görmək üçün Həsən bəy orta əsr zehniyyətinin
nə qədər böyük bir əngəl olduğunu öz acı
təcrübəsində hiss edirdi”.
H.Zərdabinin dünyagörüşünə həsr edilmiş ilk elmi material akademik
Heydər Hüseynova məxsusdur. 1949-cu ildə H.Hüseynovun gərgin yaradıcılıq
illərinin bəhrəsi olan "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir
tariximizdən” adlı qiymətli əsəri işıq
üzü gördü. Kitabda XIX əsrdə Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində mühüm
xidmətləri olmuş xalqımızın beş böyük ziyalısının A.Bakıxanov, M.F.Axundov,
M.Ş.Vazeh, M.Kazımbəy və H.Zərdabinin simasında Azərbaycan maarifçiliyi
problemlərinin öyrənilməsinin əsası qoyulmuşdur. H.Hüseynov yazıçılarımızdan
Axundovun, Zərdabinin və Bakıxanovun
fəlsəfi fikirlərini araşdırıb, ilk dəfə onları filosof kimi təqdim edib.
H.Hüseynovun kitabında M.F.Axundzadə
və H.Zərdabi haqqındakı fəsillərdə istifadə olunmuş materiallar yeniliyinə və
zənginliyinə görə xüsusi seçilirlər. O, yazırdı: "Əkinçi” qəzetinin nəşri bütün
müsəlman Şərqi üçün böyük əhəmiyyətə malik idi. Təsadüfi deyil ki, şərqşünaslıqdan
bəhs edən bütün ədəbiyyatlarda "Əkinçi” qəzeti, onun yaradıcısı, ilk Azərbaycan
publisisti, maarifçisi Zərdabi haqqında məqalələr çap olunurdu. Son illər
şərqşünas ədəbiyyat sahəsi "Əkinçi”nin əhəmiyyətini yüksək qiymətləndirdi”.
Müəllif bu sözləri deyərkən, Rusiyanın "İslam dünyası” şərqşünaslıq
cəmiyyətinin orqanının öz səhifələrində yerləşdirdiyi "Qafqazda ilk müsəlman
qəzeti” adlı məqaləsini əsas gətirir. H.Hüseynovun "XIX əsr Azərbaycan
ictimai-fəlsəfi fikir tarixindən” əsəri yeni dövr azərbaycanşünaslığına
qiymətli bir töhfədir və bu sahə üzrə tədqiqatçı alimlərimizin əksəriyyətinin
istinadgah mənbəyidir.
Tədqiqatçı alim Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan mətbuatı
tarixindən” adlı əsərində H.Zərdabinin bu yolda çəkdiyi əziyyətlərdən, mətbuatın
o zaman xalqı oyatmaq üçün oynadığı roldan və s. məsələlərdən çox geniş bəhs
edir.
Sovet dövründə Həsən bəy
Zərdabini tədqiq edən tədqiqatçılardan biri də Zaman Məmmədovdur. Onun 1957-ci
ildə nəşr edilən "Həsən bəy Zərdabi” kitabı bu cəhətdən səciyyəvidir. Kitabda
Həsən bəy Zərdabinin dövrü, həyat və yaradıcılığı, maarifçilik fəaliyyəti, elmi
görüşləri və başqa bölmələr var. Kitabın "Həsən bəy Zərdabinin dövrü” adlanan
birinci bölməsində H.Zərdabinin yetişdiyi dövr, mühit öz əksini tapıb. İkinci bölmədə
H.Zərdabinin həyat və yaradıcılığı oxucuların nəzərinə çatdırılır.
Bu əsərlər sovet-kommunist
ideologiyasının prinsiplərinə uyğunlaşdırılmışdı
Artıq 60-cı illərin əvvəllərindən başlayaraq H.Zərdabinin müxtəlif
elmi sahələrə aid fikirləri, ictimai fəaliyyəti alimlərimizin tədqiqatlarının,
o cümlədən dissertasiya tədqiqatlarının obyektinə çevrilir. Bu dövrdən
başlayaraq H.Zərdabinin zəngin ədəbi-elmi irsinin toplanıb nəşr edilməsi
istiqamətində bir sıra əməli addımlar atılır. Bu sahədə xüsusi xidmətləri olan alimlər arasında birinci
növbədə görkəmli Azərbaycan filosofu, Həsən bəy Zərdabi irsinin
tədqiqatçılarından biri olan professor Ziyəddin Göyüşovun adını çəkmək
lazımdır. Z.Göyüşov H. Zərdabinin qələmindən çıxmış əsərləri, məktubları,
məqalələri toplayıb sistemləşdirmiş və onları "Seçilmiş əsərləri” və "Избранные
статьи и письма” adları altında çap etdirmişdir.
H.Zərdabinin dünyagörüşü indiyə qədər təsəvvür edildiyindən daha
geniş və zəngindir. Bu zənginliyi tədqiqatçı alim İzzət Rüstəmovun 1969-cu ildə
oxuculara təqdim etdiyi "Həsənbəy Zərdabi” kitabın da bir daha görürük. Kitabda
Həsən bəyin dünyagörüşünün mühüm cəhətləri və xüsusiyyətləri şərh olunur, onun
həyat və yaradıcılığının mərhələləri müəyyən ardıcıllıqla təhlil edilir. Amma
İ.Rüstəmov da yuxarıda adlarını çəkdiyim müəlliflər kimi dövrün tələbinə uyğun
olaraq, H.Zərdabiyə sosialist-kommunist nöqteyi-nəzərdən yanaşdığı üçün
təhlillərində zəmanəsinin ideologiyasına uyğun qiymətləndirmələrə üstünlük verir.
İ.Rüstəmov H.Zərdabini darvinist, materialist və ateist kimi təqdim edir.
Əlbəttə, bu sovet dövrü üçün təbii idi. Kitabın müəllifi də bu səbəbdən
Zərdabini ateist adlandırır. Əslində H.Zərdabi ateist olmamışdır. Onun
mübarizəsi dinlə yox, dahi Mirzə Cəlil kimi "din” xadimləri ilə olmuşdur.
Kitabda bu kimi qüsur və nöqsanlar olsa da, sovet dövrü Zərdabişünüslıq tarixini
öyrənmək üçün çox əhəmiyyəti və qiymətli mənbələrdəndir.
H.Zərdabinin Azərbaycan xalqı
qarşısında xidmətləri çoxtərəflidir. Amma sovet dövründə onun fəaliyyətini
tədqiq edərkən tədqiqatçılar ən çox onun "Əkinçi” qəzeti ilə bağlı fəaliyyətini
araşdırıblar. Bu tədqiqatçılardan biri də Vəli Məmmədovdur. Onun 1976-cı ildə
Azərbaycan dilində, 1977-ci ildə isə rus dilində "Əkinçi” qəzeti” adlı kitabı
nəşr edilmişdir. Həsən bəyin "Əkinçi”dəki fəaliyyətindən bəhs edən müəllif
yazırdı: "H.Zərdabinin bir qayəsi, bir məqsədi vardı: xalqı maarifləndirmək,
onun tərəqqisinə kömək etmək. Harada olursa-olsun, hansı sahədə
çalışırsa-çalışsın, maarifpərvər alimi bu amal, bu arzu düşündürürdü”.
"Əkinçi”nin əsas qayəsi "Köhnə qaydaları yeni qaydalarla əvəz etmək
idi” söyləyən tədqiqatçı alim, mətbuatşünas Ağarəfi Zeynalzadə H.Zərdabini daha
çox maarifpərvərliyindən, xeyriyyəçiliyindən bəhs edib. Digər
tədqiqatçılarımıza nisbətən, A.Zeynalzadə daha çox dərinliklərə müraciət edərək
"Əkinçi”nin yaranmasına daima əngəl törədən çar senzurasından, onun şovinist
məmurlarından bəhs edib.
Zəngin arxiv sənədləri ilə əhatə edilən əsərlərdən biri də professor
Nazim Axundovun "Sənədlərin dili ilə” kitabıdır. Kitabın "Azərbaycan milli
dövri mətbuatının yaranması və "Əkinçi” qəzeti” adlı bölməsində alim, H.Zərdabinin
fəaliyyətini Azərbaycan xalqının ictimai fikir tarixində "mühüm hadisə”
adlandırır.
Nazim müəllimin kitabında da dövrün tələb və təklifi açıq-aydın özünü
büruzə verir və H.Zərdabi daha çox ateist, darvinist alim kimi təqdim edilir.
Azərbaycan mətbuatı haqqında ilk dərs vəsaitinin müəllifi tədqiqatçı,
mətbuatşünas alim Nəriman Zeynalovdur. O, 1973-74-cü illərdə 2 hissədən ibarət
"Azərbaycan mətbuatı tarixi” adlı ali məktəblər üçün dərslik nəşr etdirib.
Kitab gərgin zəhmət sayəsində tədqiq olunmuş, uzun illər jurnalistlərə tədris
olunan sanballı vəsaitdir. Dərsliyin I hissəsində Azərbaycan mətbuatının
qaranquşu olan "Əkinçi” qəzetinə böyük yer verilmişdir. Kitabda "Əkinçi”
qəzetinin nəşr olunduğu tarixi dövr, Zərdabinin zəhmətləri, qəzeti hansı
çətinliklərlə nəşr etməsi, qəzetlə əməkdaşlıq edən publisistlər, qəzetdə dərc
olunan məqalələrin mövzusu öz əksini
tapmışdır.
Bu dövrdə "Əkinçi” qəzetinin bütün sayları Turan Həsənzadə tərəfindən
tərtib edilərək kitab şəklində 1979-cu ildə Əziz Mirəhmədovun redaktəsi və ön
sözü ilə nəşr edilmişdir. Sovet dövründə Zərdabi irsinin öyrənilməsi sahəsində
müəyyən əhəmiyyət kəsb edən digər kitablar, monoqrafiyalar, məqalələr,
dissertasiyalar da yazılmışdır. Bu əsərlər də 1930-40-cı illərdə yazılan
tədqiqatlar kimi sovet-kommunist ideologiyasının prinsiplərinə uyğunlaşdırılmışdı.
Odur ki, çağdaş zərdabişünaslığa ehtiyac yaranırdı.
Zərdabi irsinə yenidən
baxış, mütləq vacibdir
Çağdaş zərdabişünaslıqda
Vilayət Quliyevin 2001-ci ildə nəşr etdirdiyi "Böyük əkinçi” kitabı da
əhəmiyyətlidir. "Əkinçi” qəzetinin ilk sayının işıq üzü görməsinin 125 illiyinə
həsr olunmuş bu kitabda Zərdabi haqqında sənəd və materiallar toplanmışdır.
"Böyük əkinçi”ni tanıyan adamların qələmə aldıqları yazılar, Zərdabiyə ünvanlanan
məktublar, onun barəsindəki xatirələr əslində, Həsən bəyin kimliyini öyrənmək
üçün ən dəqiq, ən səhih məlumatlardır.
V.Quliyev H.Zərdabinin dəfn mərasim haqqında yazır: "Mənə elə gəlir
ki, azərbaycanlılar XX yüzillikdə ilk dəfə 1907-ci ilin soyuq noyabr günlərində
xalqın böyük oğlu Həsən bəy Zərdabini torpağa tapşıranda birləşmişdilər. Yalnız
onda "qara qızılın” işığında Bakıya axışanlar, Azərbaycan torpağının qanını
sormaqla öz ocaqlarını abad edənlər görmüşdülər ki, bu torpağın həqiqi sahibləri
var, bu torpağın qeyrətini çəkənlər olub”.
Bunlarla yanaşı, Zərdabi irsini öyrənmək cəhətdən 2010-2011-ci
illərdə 2 cilddə nəşr edilən "Azərbaycan mətbuat tarixi antologiyası” da vacib
mənbələrdəndir. "Azərbaycan mətbuat tarixi antologiyası” müstəqillik dövründə
kütləvi informasiya vasitələrinin milli-tarixi kontekstdə inkişafına təsir
edəcək dəyərli vəsaitdir. Antologiyada H.Zərdabinin "Əkinçi” qəzetində nəşr
edilən "Daxiliyyə” adlı məqalələrinin bəziləri, "Həyat” qəzetində dərc olunan
"Rusiyada əvvəlinci türk qəzeti”, "Dil və din”, "İttihadi-lisan”, "Açıq məktub”
məqalələrinə yer verilmişdir. Kitabda Ə.Topçubaşovun "Əkinçi” qəzetinin 50
illiyi münasibəti ilə Həsən bəy Zərdabiyə həsr etdiyi "Azərbaycanın mayakı”
adlı məqaləsi, H.Vəzirovun H.Zərdabinin vəfatı ilə əlaqədar "Tazə həyat”
qəzetində dərc etdiyi "Həsən bəy Məlikov” və "Həsən bəy Məlikov yadigarlığı”
məqalələri, F.Köçərlinin "Azərbaycan dövri mətbuatının qısa icmalı” və "Həsən
bəy Məlikov” adlı yazıları öz əksini tapıb.
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika
Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas Eldəniz Həsənovun 2013-cü
ildə çap olunan "Həsən bəy Zərdabi irsi-keşməkeşli həyat yolu” adlı əsərində
ilk dəfə olaraq H.Zərdabinin nəsil şəcərəsi tərtib olunmuşdur. Əsərdə Zərdabi
ocağından çıxanların, habelə bu nəsildən olan insanların xalqının, millətinin
tərəqqisi, rifahı naminə gördükləri elmi işləri, ideyaları, tövsiyələri və
xeyriyyəçilik əməllərindən geniş bəhs edilir.
Tədqiqatçı alim, yazıçı-publisist Sona xanım Vəliyevanın "İşığa gedən
yol” (2016) romanında H.Zərdabinin həyatı, yaradıcılığı, xeyriyyəçiliyi və maarifçiliyi ilk dəfə olaraq oxucuya sadə,
bədii dillə və bütün əhatəliliyi ilə təqdim edilir. Azərbaycan tarixinin
olduqca ziddiyyətli dövrünün, Rus imperiyasının tərkibindəki illərin əks
olunduğu əsərdə xalqımız üçün bugünkü müstəqilliyinin nə qədər önəmli olduğu
bütün aydınlığı ilə özünü büruzə verir. Bütün bunlar H.Zərdabi irsinin
öyrənilməsindən, Zərdabişünaslığının uğurlarından və Azərbaycan mətbuatşünaslığında
görülən işlərdən də xəbər verir.
Sonda belə bir sual meydana çıxır: Bu gün Zərdabi ilə bağlı bütün
məsələlər həllini tapmışdırmı? Onun həyatının və irsinin tam, milli tələblər
baxımından tədqiq edildiyini söyləyə bilərikmi?. Əlbəttə yox! Milli
mətbuatımızın banisi H.Zərdabinin həyatı, irsi, "Əkinçi”si, digər mətbu
orqanları ilə əməkdaşlığı, maarifçilik görüşləri, Dumadakı fəaliyyəti,
çıxışları daha dərindən, diqqətlə araşdırılmalı və elmi ictimaiyyətin
ixtiyarına verilməlidir. Çünki həmin çıxışlarda qoyulan problemlər bu gün çox
vacib və aktual məsələlərin həllindən xəbər verir. Deməli, hələ Zərdabi irsinə
yenidən baxış, mütləq vacibdir.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist