• cümə axşamı, 18 aprel, 11:21
  • Baku Bakı 12°C

Zelenskinin 100 günü

23.08.19 15:23 5783
Zelenskinin 100 günü
Bu gün Ukrayna xalqı müstəqilliyinin ildönümünü qeyd edir. Bu dəfə bu əlamətdar gün başqa bir günlə - prezident Vladimir Zelenskinin prezidentliyinin 100-cü günü ilə üst-üstə düşür. Şübhəsiz ki, heç bir siyasi təcrübəsi olmayan şəxsin prezident seçilməsi Ukrayna cəmiyyətinin indiyə qədər hakimiyyətdə olan siyasətçilərin fəaliyyətinə verdiyi qiymətin nəticəsi idi. İndi Zelenskidən illər uzunu həm daxili, həm də xarici siyasətdə yığılıb qalan problemlərin həlli gözlənilir.
Prezidentliyinin ilk günündən güclü müqavimətlə rastlaşan Zelenski onların öhdəsindən gəlmək üçün bir sıra gedişlər etdi. Ukraynanın ilk prezidenti Leonid Kravçuk "ObozTV”yə müsahibəsində bildirir ki, "məhz bu amil onu özündən əvvəlkilərdən fərqləndirən əsas cəhətdir. Zelenski özünün parlamenti, hökuməti, güc strukturları olmadan işə başladı. Və belə "yoxlar” çoxdur. Sayca altıncı prezident yeganə dövlət başçısı idi ki, köhnə hakimiyyət nəinki ona kömək etmədi, əksinə ona çətinliklər yaratdı”. Kravçuk əlavə edir ki, "ukraynalılar Zelenskiyə hakimiyyət bəxş etdilər, köhnə sistem isə ona səlahiyyət vermədi. Belə bir halı müstəqillik illərindən bəri xatırlamıram”. Ali Rada isə ilk gündən prezidentin təqdim etdiyi bir qanun layihəsini belə, qəbul etmədi. Zelenski hətta müdafiə, xarici işlər, təhlükəsizlik, baş prokuroru dəyişə bilmədi. Parlamentin növbədənkənar iclasını keçirmək cəhdi də alınmadı. Səbəb də o idi ki, parlamentdə çoxluq "Poroşenkonun bloku” və Yasenyukun "Xalq Cəbhəsi” blokunun nümayəndələrinin əlində cəmləşmişdi. Prezident seçkilərini uduzan əvvəlki hakimiyyət növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarla üzləşdi. İnauqurasiya çıxışı zamanı bu barədə niyyətinin açıqlasa da, Poroşenko-Yasenyuk cütlüyü bu təşəbbüsü qanunsuz saydılar. Lakin Konstitusiya Məhkəməsi onların əleyhinə qərar qəbul etdi. Nəticədə seçkilər iyulun 21-də keçirildi və cəmiyyət Zelenskinin yanında olduğunu bir daha nümayiş etdirdi. Onun "Xalqın qulluqçusu” Partiyası səslərin böyük əksəriyyətini əldə etdi.
Rusiya mediası isə indi də dönmədən iddia edir ki, hakimiyyətin bir əldə cəmlənməsi Ukraynada mənfi nəticələrə gətirib çıxara bilər. Onların qənaətincə, Zelenskinin siyasi təcrübəsinin olmaması problemlərə yol açması və yeni Maydana gətirib çıxarması təhlükəsi var. Bir qrup isə hesab edir ki, hakimiyyətin bir əldə cəmlənməsi əksinə, islahatları aparmağa imkan verəcək. Bütün bunlara start isə avqustun 29-da veriləcək. Məhz həmin tarixdə yeni Rada and içəcək, həmin gün yeni qanun layihələri üzərində də işlərə başlanılacaq. "Lazım gələcəksə, gecə də yatmayacağıq. Vaxt azdır”, - deyə Zelenski bildirib. Mənbənin sözlərinə görə, Zelenskinin komandası ilk addımı yeni hökumətin üzvləri, dövlət strukturlarında dəyişikliklərlə bağlı olacaq. Sentyabrda isə iqtisadi sahələri əhatə edəcək qanun layihələri üzərində işlərə başlanılacaq.
Yeni prezidentin 100 gününə qiymət verən siyasi texnoloq Mixail Podolyuk yazır ki, "hələ ki, hər şey o qədər də optimist görünmür. Lakin ümidlər var. Zelenski komandasına strategiya həm daxili, həm də xarici siyasətdə gərəkdir. Birinci məsələdə diqqət iqtisadi problemlərin həllinə, ikincidə isə Donbasda müharibənin başa çatmasına yönəlib. Birinin həlli də digərindən asılıdır. Bu səbəbdən də daxili və xarici problemləri kompleks halda həll etmək gərəkdir.
Ukraynalı ekspertlərin qənaətincə, vəziyyəti mürəkkəbləşdirən hal odur ki, Qərbdə Rusiya ilə münasibətləri tamam başqa cür qururlar. Əgər Fransa və ABŞ Rusiyanın "Böyük səkkizliy”ə qayıtması ideyasını dəstəkləyirlərsə, Almaniya və Böyük Britaniya bunun əksinə çıxış edir. Zelenskinin son açıqlamaları da onu göstərir ki, onun mövqeyi Poroşenkonun mövqeyindən fərqlənmir - işğal olunan Krımın qaytarılması, Donbasda döyüş əməliyyatlarının dayandırılması, əsir götürülən 100 siyasi məhbus və Kremlin saxladığı Ukrayna dənizçilərinin azadlığa buraxılması. Prezident əlavə edib ki, "bunlar yerinə yetirilərsə, onda Rusiya yenidən yüksək diplomatiya gündəmində təmsil oluna bilər”. Bu isə onu deməyə əsas verir ki, Zelenski iki mərkəzin arasında mürəkkəb bir durumda qala bilər. Bəzi politoloqlar bildirir ki, Kiyev manevr etməsə də təzyiq altında qala bilər. Siyasi ekspert Yuri Lukanov bloqunda yazır ki, Makron və Putinin görüşü və ardınca da səsləndirdikləri bəyanat onu deməyə əsas verir ki, Rusiyanın şərtləri və Ukraynanın maraqları hesabına yeni sülh müqaviləsinə hazırlıq gedir. Zelenskinin şərhləri də sübut edir ki, yeni komanda belə bir ssenarini qəbul etməyə hazır deyil. Elə Ukraynada keçirilən sorğular da onu deməyə əsas verir ki, əhalinin böyük bir qismi bu ssenari ilə razı deyil. Əhalinin 80 faizi Ukraynanı müvəqqəti işğal olunmuş ərazi, Rusiyanı işğalçı dövlət hesab edir. Eləcə də, Minsk razılaşmalarının separatçı qurumların tanınmasına gətirib çıxaran bəndlərinin reallaşması qəbuledilməzdir. Maraqlıdır ki, bununla yanaşı, əhali Donbasda müharibənin başa çatmasını da istəyir. Bəziləri isə hesab edir ki, Zelenski siyasətçi kimi hərəkət etmir və bu səbəbdən də gözlənilməz addımlar atır. Misal kimi də, onun rusiyalı həmkarına çoxsaylı zənglərini göstərirlər. Başqa bir misal – əvvəlki prezidentin dövründə ənənə şəklini alan və müstəqillik günü keçirilən hərbi paradı ləğv edib, əvəzində dinc nümayiş keçirmək qərarına gəlib. Elə yeni hökumətin tərkibinin elan ediləndə də ondan gözlənilməz addımlar və təyinatlar gözləyirlər. Bütün bunlarla yanaşı, cəmiyyət yeni hökumətlə bağlı gözləntiləri optimistdir.
Öz növbəsində "The National Interest” jurnalında müəlif Eli Kaul Zelenskinin korrupsiyanın öhdəsindən necə gələcəyindən yazır. Müəllifin fikrincə, Zelenskinin seçkini udmasında ölkənin şərqindəki münaqişədən başqa Ukraynanın siyasi sistemində kök salmış korrupsiyayla mübarizə vədləri də böyük rol oynayıb. Əvvəlki prezidentP,Poroşenkomünaqişəni dayandırmağı vəd edərək seçildi və o vaxtdan münaqişə dondurulub. Ancaq Ukraynanın münaqişə getməyən yerlərində iqtisadi problemlərin həllində elə bir irəliləyiş görünmür. 2018-ci ildə Ukrayna hökumət 540 milyard qrivna vergi gəliri əldə edib, di gəl, infrastruktura, təhsilə, səhiyyəyə, cəmiyyətə fayda verən digər sahələrin yaxşılaşdırılmasına xərcləmələr həyat səviyyəsini arzulanan dərəcəyə çatdırmayıb. Korrupsiyayla mübarizə üzrə ayrıca hökumət qurumu yaradılsa da, hökumətin aşağı eşelonlarında çalışanlar korrupsiyanın öncəki onillik səviyyəsinə oxşar qaldığını görürlər. Gənc ukraynalılar üçünsə ən vacib problemlərdən biri sabit işlə təminatdır. "Prezident seçkisinin nəticəsi, çox güman, ona görə böyük təəssürat yaratdı ki, siyasi autsayder də legitim şans əldə etdi. Ancaq hakimiyyətə gəlişindən həftələr keçməsinə baxmayaraq, oliqarxlara bağlılıq və korrupsiyanın qalması bu dəfə işlərin başqa cür gedəcəyi ideyasına kölgə salıb. Yeni administrasiya gərəkənləri gerçəkləşdirməyib. Bu ssenari yalnız o halda mümkün olardı ki, Zelenskinin "Xalqın qulluqçusu” Partiyası Radaya nəzarət etsin. Kədərli olsa da, korrupsiyanın şirnikləndirici səviyyədə qalacağı ehtimalı güclüdür və yeni "siyasi autsayderlər”in sələflərinin korrupsiya təcrübəsini təkrarlaması yalnız zaman məsələsinə çevrilə bilər”, – deyə müəllif yazır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər