• cümə axşamı, 28 mart, 17:00
  • Baku Bakı 16°C

Zelenski parlament seçkilərini də uddu

22.07.19 16:43 17269
Zelenski parlament seçkilərini də uddu
Ukraynada bazar günü keçirilən növbədənkənar parlament seçkilərində prezident Vladimir Zelenskinin partiyası inamlı qələbə qazanıb. Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tatyana Slipaçuk məlumat verib ki, seçkiləri baş tutmuş hesab etmək olar. O qeyd edib ki, parlament seçkilərininlegitimliyinişübhəaltına alacaqhadisələr baş verməyib. "Xalqın xidmətçisi” partiyası 43 faizdən çox səs toplayıb. Təkmandatlı dairələrdən 125, proporsional qaydada isə 122 deputat yeri əldə edən "xalqın xidmətçisi” bütövlükdə 450 yerlik parlamentdə 247 deputat yerinə malik olacaq. Qərarların qəbulu üçün 226 deputat səsi kifayət edir. Seçici fəallığı 50 faizə yaxın olub. Ümumilikdə parlamentə keçmək üçün lazım olan 5 faizlik həddi 5 partiya keçə bilib. İkinci yerdə "Həyat uğrunda - müxalifət platforması” gedib, onlar seçicilərin 13 faiz səsini qazanıblar. Keçmiş prezident Petro Poroşenkonun "Avropa Həmrəyliyi” partiyası isə təxminən 8,9 faiz səs toplayıb. Keçmiş baş nazir Yuliya Timoşenkonun "Batkivşina” partiyası 7,6 faiz, musiqiçi Svyatoslav Vakarçukun yaratdığı "Səs” adlı yeni partiya isə 6,3 faiz səs toplayıb.
"Vakarçukun Səs (Qolos) Partiyası ilə əməkdaşlıq üçün danışıqlara hazırıq”. Bunu ekzit-poll nəticələri elan olunandan sonra keçmiş prezident, "Avropa Həmrəyliyi” Partiyasının sədri P.Poroşenko deyib. O, Vakarçuku qələbə münasibəti ilə təbrik edib: "Mən əminəm ki, bizim əməkdaşlıq üçün müzakirə apara biləcəyimiz partiyalardan biri "Səs” olacaq”. Ukrayna Siyasi Konyuktura Mərkəzinin direktoru Aleksey Çesnakov qeyd edib ki, Ali Radaya keçirilən seçkinin nəticələri Ukrayna seçicilərinin həm eks-prezident Poroşenkodan, həm də radikal millətçilərdən üz çevirdiklərini göstərib: "Poroşenkonun partiyasının nəticələri tam fəlakətdir. O, prezident seçkisində topladığı səsdən daha azını topladı. Bu, bir daha sübut edir ki, nə Poroşenko, nə onun ideyaları insanların xoşuna gəlir”, – deyə ekspert bildirib.
Ukrayna qanunlarına görə, parlamentdəki yerlərin yarısını partiya siyahısından, qalan hissəsini isə təkmandatlı dairələrdən olan namizədlər tutur. Ukrayna parlamentində 450 deputat yeri var. Amma Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki separatçı münaqişələrə görə, parlamentdə yalnız 424 deputat mandatı alacaq. O da bəlli olub ki, seçki qanunvericiliyinin pozulmasına dair 2000-ə yaxın məlumat daxil olub. Bu barədə Ukrayna polisi məlumat yayıb. Bu şikayətlərin araşdırılması nəticəsində 41 administrativ protokol yazılıb və 33 cinayət işi açılıb. Ən çox pozuntular Donetsk, Dnepropetrovsk, Odessa vilayətlərində qeydə alınıb. Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb. Növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər. Ekzit-pollun nəticələri açıqlanandan sonra "Xalqın xidmətçisi” Partiyasının qərargahında keçirdiyi brifinqdə Ukrayna prezidenti V.Zelenski məlumat verib ki, Ali Radanın yeni tərkibdə ilk iclaslarında impiçment haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Zelenski prezident seçkiləri ərəfəsində impiçment haqqında qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğulasa da, Ali Radada layihəni hələ də müzakirəyə çıxarılmayıb. Zelenski bu ilin aprelində keçirilən prezident seçkisində zəfər qazanmışdı, lakin istədiyi nazirləri təyin edə bilməmişdi. O, radikal islahatlar həyata keçirməyə və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. Bazar günü Kiyevdə səsvermədən sonra BBC-nin əməkdaşı Stiv Rozenberqlə danışan Zelenski parlament seçkilərini "bəlkə də prezident seçkisindən daha əhəmiyyətli" adlandırıb. Zelenski rokçu ulduz Svyatoslav Vakarçukun başçılıq etdiyi partiyanı koalisiya qurma mövzusunda danışıqlar aparmaq üçün dəvət etdiyini söyləyib. Ən maraqlı açıqlama isə gələcək baş nazirlə bağlı olub. O bildirib ki, ölkənin yeni baş naziri daha əvvəl Nazirlər Kabineti, Ali Rada və ya parlamentdəki hansısa fraksiyaya rəhbərlik etməmiş peşəkar iqtisadçı olmalıdır. Zelenski yeni baş nazirin kimliyi barədə məsləhətləşmələr apardığını da qeyd edib. Bəs kimin daha çox şansı var? "Naftoqaz”ın top-menecerləri Andrey Kobolev və Yuri Vitrenko, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Danilyuk Ukraynanın baş nazirliyinə namizədlər sırasındadır. Bu barədə "Ukrainskaya Pravda” nəşri məlumat yayıb. Qeyd edək ki, bundan öncə Batkivşina Partiyasının rəhbəri Yuliya Timoşenkonun baş nazir olacağı yönündə fikirlər irəli sürülür.
Xatırladaq ki, vəzifəsinin icrasına rəsmən başlayandan dərhal sonra prezident Zelenskinin atdığı ilk addım Ukrayna parlamentinin buraxılması haqqında qərar olub. O, bunu ukraynalılar arasında hazırkı deputatlara etimadın aşağı olması ilə izah edib. Seçkilərdən qabaq Rusiya Ukraynanın "Müxalifət platforması" partiyası və bu təşkilatın liderlərindən biri Viktor Medvedçuka dəstək verib. V.Medvedçukun rusiyalı siyasətçilərlə sıx əlaqələri var, o eləcə də Vladimir Putinin yaxın dostudur. O ki qaldı Rusiyanın seçkilərə münasibətinə - Rusiya prezidenti V.Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib ki, Ukraynada yeni prezidentin seçilməsindən sonra hələ ki, mövcud vəziyyət dəyişməyib. "Üstəlik, Ukraynada baş tutan prezident seçkiləri açıq-aşkar etirazla qarşılandı”, - deyə Kreml rəhbəri bildirib.
Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski isə hesab edir ki, Zelenski Ukraynanın sonuncu prezidenti olacaq. "Bu, sonuncu seçkilər idi. 2024-cü ildə orda heç bir seçki olmayacaq. Ukrayna adlı dövlət də qalmayacaq. Siz Yaxın Şərqdəki situasiyanı nəzərə alırsınız. Orada elə hadisələr başlayacaq ki, hər kəs Ukraynanı unudacaq. Hər şey III Dünya müharibəsinə doğru gedir. İran Vyetnam, Şimali Koreya və Kosova deyil”, - deyə Jirinovski bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər