• çərşənbə, 24 Aprel, 13:34
  • Baku Bakı 27°C

Özəl universitetlər tələbə cəlb etmək üçün çalışır

24.05.17 11:30 3207
Özəl universitetlər tələbə cəlb etmək üçün çalışır
Yekunlaşmaqda olan tədris ili üzrə ölkənin ali təhsil müəssisələrinə qəbul üçün yerlər ayırmış 43 ali məktəbdən 39-da plan yerləri tam dolmamışdı. Məsələn, "Odlar Yurdu" Universitetində yerlərin cəmi 11.33%-i, Qərb Universitetində 25.05%-i, Azərbaycan Kooperasiya Universitetində 36.07%-i, "Azərbaycan" Universitetində 45.38%-i, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində 44.21%-i, Bakı Avrasiya Universitetində 49.22%-i, Bakı Biznes Universitetində isə 59.50%-i dolmuşdu."Təfəkkür” Universiteti bu ilin əvvəlində bağlandı. Amma digər universitetlər fəaliyyətlərini davam etdirirlər. Lakin davam etdirmək üçün həm də tələbə olmalıdır. Əgər tələbə gəlmirsə, universitetin fəaliyyət göstərməsi də mümkün deyil. Bəs ötən il tələbə qıtlığı yaşayan özəl universitetlər bu il onları cəlb etmək üçün hansı işlər görürlər? Onlardan biri təhsil haqlarının yüksək olmasıydı ki, bəzi özəl universitetlər endirim etdilər. Bəs universitetlər bu il üçün tələbələrə daha nə vəd edirlər?
Birinci kursdan etibarən təhsil haqqının hissə-hissə ödəmək olar
"Odlar Yurdu" Universitetinin İctimaiyyətlə əlaqələr və nəşrlər departamentinin direktoru Elçin Əhmədov "Kaspi”yə açıqlamasında bildirdi ki, tələbələrin əsas diqqət yetirdiyi məsələ təhsil haqqıdır və universitet bu cəhətdən mümkün olan şəraiti yaratmağa çalışır: "Yarandığı vaxtdan indiyə qədər "Odlar Yurdu” Universiteti təhsil haqqında müəyyən güzəştli addımlar atır. Birinci kursdan etibarən təhsil haqqının hissə-hissə ödənilməsinə şərait yaradılır. Digər universitetlərdə isə birinci kursda təhsil haqqı tam tələb edilir, növbəti illərdə hissə-hissə ödəmələrinə şərait yaradılır. Bizdə bu il təhsil haqqında endirim edilib. Ötən il 3000 manat olan təhsil haqqı bu il 2000 manata endirildi. Dövlət sifarişi ilə də tələbələrimiz qəbul olunacaq. Psixologiya, dizayn, turizm və otelçilik kimi yeni ixtisaslarımız da olacaq. Bundan əlavə, yüksək bal toplayan tələbələr təhsil haqqından tam azad olunurlar. Yaxud bala görə təhsil haqqı nizamlanır. Eyni zamanda, ikili diplom veririk”.
Nəhəng kompleks, yeni binalar və müasir kampus...
Qərb Universitetinin KİV-lə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədovbildirdi ki, hazırda Qərb Universiteti infrastrukturunun müasirləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi üçün əsaslı işlər aparır, nəhəng kompleks, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulur: "Eyni zamanda yeni ixtisaslar açılıb və ixtisasların sayı 36-ya çatıb. Qərb Universitetinin Qəyyumlar Şurasının mövqeyi bundan ibarətdir ki, təhsil ocağı regionun aparıcı universitetinə çevrilməlidir. Tələbə sayının ciddi şəkildə artacağını nəzərə alaraq universitet illik təhsil haqlarını da aşağı salıb. Bundan əlavə, universitet təhsil müddətində fərqlənən tələbələrə təqaüdlər ayırır və bundan sonrakı dövrdə bu imkanlar daha da genişlənəcək. Yəni əgər universitetin qəbul planı ilə bağlı narahatlığı olsaydı, yeni binalar və kampus tikməzdi”.
100 faiz təhsil haqqı güzəşti, 100 manat təqaüd
AzərbaycanKooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərovda qeyd etdi ki, tələbələr xüsusilə təhsil haqqına fikir verirlər, ona görə bu il təhsil haqlarında endirimlər edilib. Eyni zamanda, tələbələrin yaxşı təhsil almaları üçün zəruri şərait yaradılıb: "Təhsil haqqını bəzi ixtisaslarda 1300 manata qədər aşağı salmışıq. Tələbənin seçim etmək üçün birinci əsas meyarı təhsil haqqıdır. Biz təhsil haqqından tam azad olmaq şəraiti də yaradırıq. Belə ki tələbə universitetə daxil olsun, semestri əla qiymətlərlə başa vursun, onu yüz faiz təhsil haqqından azad edirik, ayda 100 manat təqaüd veririk. Bu qayda elə birinci kursun birinci semestrindən tətbiq olunur. İllərdir bu proses davam edir. Onlara tələbə bundan yararlanıb. Bir sıra ölkələrin xüsusilə MDB ölkələrinin kooperasiya universitetləri ilə əlaqəmiz var. Avropa ölkələrindən Türkiyə, Fransanın universitetləri ilə əməkdaşlıq edirik, tələbə mübadiləsi həyata keçirə bilirik. Tələbələrimizi həmin ölkələrin universitetlərinə göndəririk, onların tələbələri bura gəlirlər. Universitetimizdə oxumaq üçün hər şərait yaradılıb. Tələbəyə ancaq oxumaq qalır”.
"Yataqxanamızı genişləndiririk”
Bakı Avrasiya Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriŞəfayət Əliyev deyir ki, ilk olaraq təhsil haqqı ötən tədris ili ilə müqayisədə azaldılıb: "Ötən il digər özəl ali təhsil müəssisələri ilə müqayisədə bizdə təhsil haqqı aşağı - 2000 manat idi. O nöqteyi-nəzərdən biz ötənilki tədbir planında özəl ali təhsil müəssisələri içərisində plan yeri dolmasına görə üçüncü yerdə idik. Bizdə yerlərin 52 faizi doldu. Amma ötən il hardasa 1300 tələbə ikinci turda keçid balını yığsa da, universitet seçimi etmədi. Seçim etməməkləri də düşünürəm ki təhsil haqları ilə bağlıydı. Seçim edilsəydi yəqin ki bizim planımız dolardı. Onu nəzərə alaraq builki təhsil haqlarında da 400 manata yaxın endirim etdik. İndi ixtisasdan asılı olaraq bizdə təhsil haqqı 1600-1700 manatdır”.
Ş.Əliyev bildirdi ki, tələbələrin rahatlığı, yaxşı təhsillə təmin edilməsi üçün universitetdə digər işlər də görülməkdədir: "Yeni korpusumuz tikilir. Universitetdə maddi-texniki bazanın daha da təkmilləşdirilməsi ilə bağlı digər işlər də görülür. Otaqların kompüterləşməsi gedir, olanları yenilənir. Kitabxananın təkmilləşdirilməsi, yeni kitabların alınması, elektron kitabxananın yaradılması ilə bağlı da işlər gedir. Bir də rayondan gələn tələbələrin evlə təminat məsələsi çox vaxt problem olur. Buna görə biz yataqxanamızı genişləndiririk. Təzə korpusun işlərinə yeni yataqxananın tikintisi ilə başlamışıq. Bu rayondan gələn tələbələrin təhsil haqqından əlavə, evlə təminata xərc çəkməməsi üçün edilib. Bizdə hazırda 30 nəfərlik qızlar yataqxanası fəaliyyət göstərir. Artıq orda yer olmadığı üçün yeni yataqxananın tikintisi gedir”.
Həm bakalavr, həm magistr pilləsində təqaüd...
"Azərbaycan" Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsindənbildirildi ki, qarşıdakı qəbul dövrü üçün universitetin tanıtım-təbliğat kampaniyası həyata keçirilir. Tələbələrə təklif edilənlərə gəlincə, qeyd olundu ki, universitetdə 2013-cü ildən təqaüd proqramı tətbiq edilir. Bu təqaüd proqramı tamamilə universitetin öz büdcəsindən maliyyələşir. Proqram iki hissədən ibarətdir. Birincisi təhsil haqqından güzəşt hissəsidir. Bu, universitetə 420 və yuxarı balla qəbul olanlara tətbiq olunur. 420-489 arası bal toplayanlara 25 faiz, 490-559-a qədər bal yığanlara 50 faiz, 560-599-a qədər nəticə göstərənlərə isə 75 faiz güzəşt edilir. Nəticə 600-dən yuxarıdırsa, tələbə 100 faiz güzəştdən yararlana bilərlər. 100 faiz güzəştin növbəti illərdə də davam etməsi üçün tələbənin orta müvəffəqiyyət göstəricisi mütləq 83-dən yuxarı olmalıdır.
Eyni zamanda, ikinci tədris ilindən etibarən qəbul balından asılı olmayaraq bütün tələbələrin təqaüd almaq hüququ var. Müvəffəqiyyət göstəricilərinə uyğun olaraq tələbələrə aylıq 50, 75, 100, hətta 200 manat təqaüd verilə bilər. Tələbələr bu təqaüdləri almaq üçün 83 baldan yuxarı nəticə göstərməlidirlər. Təqaüdlər semestrlikdir. Həm bakalavr, həm magistr pilləsində tələbələrin təqaüd almaq imkanı var. Əsas odur ki onlar proqramın şərtlərini qarşılasınlar.
Aprel şəhidi Fəxrəddin Qurbanlı Azərbaycan Universitetinin "Sosial iş” fakültəsinin 2015-ci il məzunudur. 2016-cı ildə universitetdə "Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” təsis edilib. Təqaüdün ümumi məbləği 500 manatdır. Universitetə ən yüksək balla qəbul olan tələbə birinci rübün ilk 4 ayında aylıq 125 manat təqaüd alır.
Müəllim-tələbə münasibətlərinin şəffaflığı və normallığı...
Təhsil eksperti Əjdər Ağayev sözlərinə görə, özəl ali təhsil müəssisələri təhsil haqqını azaltmaqla faydalı iş görürlər. Çünki abituriyentlər universitet seçimi edərkən buna fikir verirlər. Bu, tələbə cəlb etmək üçün şərtlərdən biridir, amma əsas şərt deyil: "İkinci əsas şərt odur ki, ali məktəbdə müasir təlim-texnologiyaları güclü şəkildə qurulmuş olsun, tələbələr onlardan tədris prosesində istifadə edə bilsinlər, həmçinin müəllimlər o texnologiyalardan istifadə edərək müasir təlim metodlarını tələbələrə aşılaya bilsinlər. Üçüncü şərt universitetdə müəllim-tələbə münasibətlərinin şəffaflığı və normallığıdır. Hansı ali məktəbdə tələbələr onlara dərs deyən müəllimləri peşəkarlığı ilə yanaşı, insan olaraq da sevirlərsə, ora həvəslə gedirlər. Düşünürlər ki, həm də yaxşı insanlıq mühiti var, tələbələr orda incidilməyəcək. Hansısa bir işdə get-gəl varsa, yaxud universitetdə yuxarı instansiyalara sözünü çatdırmaq üçün günlərlə vaxt sərf edilirsə, məsləhət saatlarında tələbə gəlirsə və müəllim həmin vaxt orda olmursa, müəllim tələbə ilə münasibətdə hansısa kobud söz işlədirsə, bu tələbələri universitetdən uzaqlaşdırır”.
İşlə təminat perspektivi
Ə.Ağayev deyir ki, bütün bunlarla yanaşı, əsas şərt ali təhsil müəssisini bitən məzunun işlə təmin olunmasıdır: "Hansı ali məktəbin məzunları təhsillərini başa vurduqdan sonra işlə tez təmin olunurlarsa, yüksək əmək haqqı almaq şansları olursa, tələbələr ora maraq göstərirlər. Yaxşı iş üçün elektron sistemlər, xarici dil bilikləri mükəmməl olmalıdır. Müasir tələblər və yeniliklər aspektində öyrədilən ixtisasla yanaşı, kadrın elektron sistemlər, xarici dil bilikləri mükəmməl olursa, müəssisələr onları işə həvəslə qəbul edirlər. Ali məktəblər tələbələrin gələcəkdə iş tapa biləcəkləri müəssisələrdə təcrübə keçmələrinə şərait yaratmalıdırlar. Təcrübə zamanı tələbələr özlərini göstərirlər və işçi olaraq onları cəlb edə bilərlər”.
Ekspert onu da bildirdi ki, universitetlər üçün plan yeri təyin edilməsi bu gün üçün aktual deyil: "Əslində plan məsələsi iki il bundan əvvəl aradan qaldırılmışdı. Ali məktəb özünün daxili imkanlarına görə tələbə qəbul etsin, amma əsas məsələ oxuyub bitirməkdir. Məsələn, xaricdə 500 qəbul olur, 4 ildən sonra 200-ü bitirir. Qalanları nə vaxt tədrisi mənimsəsə onda diplom alır. Plan sosializmdən qalma bir şeydir. Az və ya çox ola bilər, əsas olan kadrın keyfiyyətli olmasıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər