• cümə, 19 Aprel, 07:08
  • Baku Bakı 13°C

Zəhmət dəyərləndirilər, yozulmaz

06.07.17 12:30 1762
Zəhmət dəyərləndirilər, yozulmaz
Əzizim Qərənfil xanım!
Bununla ikinci məktubdur ki, sənə yazıram. Əslində, milli mətbuat günü ərəfəsində bu sözlərimi sənə şəxsən də deyə bilərdim. Amma istədim ki, həmkarlarım da oxusun, oxucularımız da bəzi məsələlərdən hali olsunlar. Bir-birimizin qədrini bilək, zəhmətimizi ilk olaraq özümüz dəyərləndirək. İllərdir ki, səni tanıyıram. Haqqında düşünəndə həmişə bir fikri söyləməkdən sanki zövq alıram. Mənim tanıdığım az adamlardan birisən ki, daxili abır-həyan üz-gözündən bilinir. Zahiri görünüşünlə mənəvi aləmin arasındakı bu bağlılıq həm də sənin yüksək mədəniyyətindən, insani keyfiyyətindən və digər ali xüsusiyyətlərindən xəbər verir.
BDU-nun jurnalistika fakültəsində oxuyarkən Tələbə Elmi Cəmiyyətinin üzvü idin. Elə o dövrdən də sənin mətbu irsin tədqiqinə böyük marağın olub. Səni çoxumuzdan fərqləndirən bir cəhətini də deyim ki, əzəldən zəhmətkeş idin. Sevimli müəllimlərimizdən professor Şirməmməd Hüseynov və unudulmaz Nəriman Zeynalovdan ərəb əlifbasını öyrəndin. Onlar sənin milli mətbuatımızın dərin qatlarına baş vurmaq istəyini duyduqlarından sənə bu qrafikanı həvəslə mənimsətdilər. Özünün bir etirafın da diqqətə layiqdir ki, arxivdə işləməyin yollarını da mətbuat salnaməçimiz Qulam Məmmədli və yazıçı Qılman İlkindən öyrəndin. Allah dünyasını dəyişən ustadlarına rəhmət eləsin! Çox ləyaqətli ardıcıl ola bilmisən. Əlbəttə, ərəb əlifbasını bilmədən arxıvdə belə səmərəli və məhsuldar işləmək qeyri-mümkündür. Hələ tələbə ikən çox çətin, amma maraqlı yola istiqamətləndin. Özünün də etirafı kimi, "ləyaqət, dəyanət mücəssiməsi” professor Şirməmməd Hüseynov sənin bu sahədəki fədakarlığını həmişə yüksək dəyərləndirib və tədqiqatlarını təqdir edib.
İlk yazın 1974-cü ildə "Pioner” jurnalında dərc ediləndə cəmi 10 yaşın olub. Ötən bu illər ərzində qələminə, mövzularına, əqidənə, dostlarına sədaqətli çıxdın. Həyatın rəngləri, təzadları sənə yaxın da düşə bimədi. Zərif çiyinlərinə ağır yüklər qalandı, amma sən öz səbrinlə, zəhmətinlə, fədakarlığınla qalib oldun. Hazırda BDU-nun Mətbuat tarixi və ideoloji iş medotları kafedrasının dosentisən. 2005-ci ildə "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920)” mövzusunda namizıdlik diassertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağın bizi nə qədər servindirdi. İnanırıq ki, "Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” mövzusunda işlədiyin doktorluq işini də belə uğurla başa çatdıracaqsan. Bədii, publisistık kitabların, monoqrafiyaların müəllifisən. Qələminə məxsus bədii-publisistik və elmi məqalələrin həmişə maraqla oxunur. Bu başqa söhbətdir ki, bəzən insanlar nəhəng gülüstanda gözəlliyi duymaq əvəzinə, nədənsə qurumuş çiçək, alaq otu axtarmaqla məşgul olurlar. Unutmaq olmaz ki, təkcə "Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər)” I və II hissədən ibarət kitabın hazırlanması üçün müəllif arxivlərdə hansı ağır zəhmətə qatlaşıb. Bu fədakarlığın rəngini çəkmək üçün bəzi alim və həmkarlarımın sənin barəndəki ürək sözlərini qələmə almalı oldum.
Filologiya üzrə elmlər doktoru Bədirxan Əhmədov: "Onun məqalələri informatik yüklüdür, oxucuların bilmədiyi, yaxud az tanış olduğu mövzulara həsr olunub”. "Tariximiz bizim taleyimizdir” söyləyən filologiya elmləri doktoru, professor Şamil Vəliyev səni "Tarixə istinad edən qələm sahibi” kimi dəyərləndirib. Dissertasiya müdafiən zamanı filologiya elmləri doktoru, professor Tofiq Hacıyevin çıxışından bəzi məqamlar: "Avtoreferatı da, monoqrafiyanı da oxudum. Çox xoşuma gəldi. Əsərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə jurnalistikanın hüquqi bazası, mətbuatda gedən kəmiyyət və keyfiyyət dəyişmələri, qəzetçilik işinin ideya-məzmun spesifikası haqqında söhbət açılır… Xanım tədqiqatçı doğrudan da bu əsəri böyük zəhmət bahasına başa gətirib”. Filologiya elmləri doktoru Abid Tahirlinin fikirləri isə səni sevən bir qələm dostun kimi məndə qürur hissləri doğurdu: "Azərbaycan Xalq Cümhuriyyəti jurnalistikası ilk dəfədir ki, bütöv şəkildə Azərbaycan jurnalistikası kontekstində tədqiqata cəlb olunmuşdur”. Bu ilkə imza atanın məhz Qərənfil Dünyaminqızı olması həqiqətən bir dost kimi mənə fəxarətli duyğular yaşatdı. Elə ordaca hamımızın sevimli müəllimi, filiologiya elmləri doktoru Cahangir Məmmədli qətiyyətlə sənə tövsiyə etdi ki, bu işə nöqtə qoya bilməzsən. Çünki Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikasının açılmamış, deyilməmiş məqamları hələ şoxdur. Nə xoş ki, sən bu çətin, amma şərəfli işini ləyaqətlə davam etdirdin.
Mənim yadımdadı ki, 2015-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) sənin "Dahinin istəyi, qələmin qüdrəti” adlı kitabının təqdimat mərasimi keçirildi. Görkəmli mətbuat xadimləri, alimlər sənin yaradıcılığın və kitabların haqqında necə maraqlı fikirlər söylədilər. Həmin xoş sözlərdən bəzi nümunələri bir daha yada salmaq istəyirəm. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov sənin kitabının Azərbaycan jurnalistikasına yeni elmi baxış ilə diqqəti cəlb etdiyini vurğuladı. "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın sözləri obyektiv fikirin ifadəsi kimi diqqət çəkdi: "Toplu tarixə sevgi ilə yazılıb. Tarixdə iz qoyan şəxsiyyətlərin həyatından yazmaq, onların fəalliyyətini işıqlandırmaq və doğru-düzgün xalqa çatdırmaq böyük zəhmət və məsuliyyət tələb edən işdir. Qələm iki cür yaza bilir, ya böyük sevgi ilə, ya da qərəzlə. Qərənfil xanımın qələmində böyük sevginin olduğunu hiss etmişik…” Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da qətiyyətlə bildirdi ki, gənclərimizin formalaşması, milli ruhda tərbiyə olunması üçün bu cür kitabların nəşrinə ehtiyac var. Həmin mərasimlə bağlı dövrü mətbuatda da maraqlı xəbərlər, rəylər dərc edildi.
"Yeni Azərbaycan” qəzetində millət vəkili Hikmət Babaoğlu: "Bu kitab mətbuat tarixinə yeni yanaşma, yeni çağırışdır. Bu cür tədqiqatlara ehtiyac var” (5 iyun 2015). "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: "Qərənfil xanım Azərbaycan mətbuatını araşdıran hərtərəfli tarixçıdır…” Mən bu məqamda yazıçı-publisist Səyyad Aranın bir fikrini də yada salmaq istəyirəm. On görə bu qələm sahibinin sözlərinə söykənirəm ki, içimdəki etirafın, etirazın səsini eşitdim: "Ataların gözəl bir kəlamı var: "Alim olmaq asandır, insan olmaq çətin”. Qərənfil, qızım, sən bu iki şərəfli adın hər ikisinə layiqsən. Elmin bu uca zirvəsini sən çox zəhmət bahasına fəth etdin. Qərənfil çox zəhmətkeş bir insandır. Mən onu əksər vaxtlarda kitabxanalarda, arxivlərdə görürəm. Bu çətin, lakin şərəfli yolda qızım, sənə daha uca zirvələr arzu edirəm”.
Bu yaxınlarda sənin "Kaspi” qəzetində dərc edilmiş "Zərdabişünaslıq - sovet və çağdaş dövrdə” adlı bir məqaləni də maraqla oxudum. Milli mətbuatımızın banisi H.B.Zərdabi barəsində çox məşhur tədqiqatçılar, yazıçılar, alimlər, jurnalistlər, filosoflar, ictimai-siyasi xadimlər, millət, vətən aşiqləri, maarifçilər yazıblar, yazırlar və yazaçaqlar da… Bu elə bir mövzudur ki, sahili bilinməz, hər kəs də öz xidmətini göstərir. Yanaşma, təqdim etmə müxtəlif ola bilər, amma məqsəd, məram eynidir. Bütün ömrü boyu milli mətbuatımızın araşdırması ilə məşğul olan, "Molla Nəsrəddin” jurnalının cəfakeş tədqiqatçılarından biri sayılan Turan Həsənzadədən 2006-cı ildə müsahibə alırdım. Rəhmətliyin bir fikiri heç yadımdan çıxmır: "Hər baxış bir həqiqətin açarıdır, müxtəlif düşüncələr bir məcrada birləşəndə, görün nələri dəf etmək olar”. Gələcək nəsillər çətinlik çəkməsin deyə, bu müdrik və fədakar tədqiqatçı hələ 1975-ci ildə "Əkinçi” qəzetinin ərəb əlifbalı mətnini kiril əlifbasında transliterasiya edərək 1978-ci ildə çap etdirdi. Sonralar həmin kitab latın qrafikasında yenidən çap olundu. Niyə xatırladıram bunları? Bəziləri fikirləşirlər ki, köhnə əlifbanı bilmədən "Əkinçi”ni necə araşdırmaq olar? Bu sualın da cavabı budur. Narahat olmağa dəyməz, uzaqgörən kişilər hamı üçün mənbə hazırlayıblar. Əlbəttə, "Əkinçi” ilə əlaqədar qəzet məqaləsi hazırlayanda bütün tədqiqatçıların adlarını çəkmək vaxt aparar, yalnız ilkinləri yad etməliyik ki, onlar çətin dövrlərdə bu şərəfli və ağır işin öhdəsindən necə hünərlə gəliblər. Bu məqamda sənə bir razılığımı da bildirirəm ki, müasir dövrdəki ilkinləri də unutmamısan. Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Eldəniz Həsənovun 2013-cü ildə çap olunan "Həsən bəy Zərdabi irsi - keşməkeşli həyat yolu” adlı kitabının adını çəkirsən. Məhz bu əsərdə ilk dəfə olaraq H.B.Zərdabinin nəsil şəcərəsi göstərilib. Zərdabi haqqında ilk bədii-sənədli romanın müəllifi isə yazıçı-puplisist, tədqiqatçı alim Sona Vəliyevadır. Bu fədakar və millət sevdalısının da adını qədirbilənliklə oxuculara bir daha xatırlatdığın üçün sənə təşəkkürlər! Əslində, bu müəlliflərin adlarını qeyd etməsən də, onlar səndən inciyən deyildilər. Elmi təfəkkürə və mənəvi zənginliyə malik insanlar çalışırlar ki, həmişə öz işlərini görsünlər. Kiminsə məqaləsində adlarını axtarmırlar. Təvazökarlıq mənəviyyatın güzgüsüdür. Mənəmlik lovğalıqdır, məğlubiyyətdir. Nə xoş ki, sənin daxili aləmin zəngin, təbiətin sadə, qələmin işlək, yaradıcılıq yolun da milli-mənəvi dəyərlərə söykənir. Apardığın hər bir tədqiqat obyektinə böyük məhəbbət və sevgi ilə yanaşmağı bacarırsan.
Maraqlıdır, yaxınlığımızı bilən həmkarlarımdan biri məndən soruşdu ki, Qərənfil xanımın Zərdabiylə bağlı yazısını oxudun? Cavabımdan sonra bir məsələnin ona qaranlıq qaldığını söylədi. Bu da Zərdabinin kiçik qızı Qəribsoltan xanım Məlikova ilə bağlıdır. "Qərənfil xanım yazır ki, Qəribsoltan xanıma "ruhi xəstə” adı verilərək cəmiyyətdən uzaqlaşdırılıb, halbuki o, Zərdabda mənim atama dərs deyib. Sovet hökümətinin orden və medallarını alıb. Mənə bu məsələ qaranlıqdı…” 37-ci ilin repressiyaları barəsində geniş söhbət açmaq istəmirəm. Əgər ailədən kimsə bu çalağanın caynağına ilişirdisə, bunun sonrakı zərbəsi mütləq digər doğmalrına da dəyirdi. Fərq etmirdi qadındı, kişidi, həqiqətən günahı var, ya yox. Ya həbs edilirdi, ya da sürgün… Qəribsoltanın qardaşı Midhəd Məlikov həmin repressiyanın qurbanı oldu. Digər əzizləri vətəni tərk etmək məcburiyyətində qalıblar. Məhz Qəribsoltanı bu bəladan xilas etmək naminə o cür adla Bakıdan uzaqlaşdıraraq Gəncəyə göndəriblər. Rəhmətlik sənətkarımız Nəcibə Məlikova bunları mənə yana-yana danışmışdı ki, elə düşünürdük, Gəncə dünyanın o başıdı, burada bizi tapmazlar. II Dünya müharibəsinin başlanması repressiyaları zəiflətdi. Azərbaycan kişiləri müharibəyə getdilər. Məktəblərdə müəllimlərin sayı kəskin azaldı. Sovet höküməti məcbur idi ki, "xalq düşməni” damğası vurduğu ailələrin savadlı qızlarını məkltəblərə dəvət etsin. Qəribsoltan xanım da Tiflisdə rus qızlar gimnaziyasını bitirmişdi, bir müddət pedaqoji fəalliyyətlə də məşğul olmuşdu. Bu səbəbdən də o, əslən Zərdabdan olan Nanə xanımla (bəstəkar Rauf Hacıyevin anası-F.X.) birlikdə doğma kəndə köçür, müəllimlik fəaliyyətinə başlayırlar. Əlbəttə, əməyi də qiymətləndirilir, əməkdar müəllim fəxri adını alır, Lenin ordeninə və digət təltiflərə layiq görülür. Dövrün təzadlı münasibəti bu ləyaqətli xanımın həyatından izsiz keçmir.
Əzizim Qərənfil xanım, deyəsən məktubum bir qədər uzun oldu, amma inanıram ki, sonacan oxuyacaqsan. Sevimli müəllimimiz Cahangir Məmmədlinin dediyi kimi, tədqiqatlarını da axıracan qətiyyətlə davam etdirəcəksən. Sahili görünməyən Zərdabişünaslığa əl boyda tədqiqatın da, qalın monoqrafiyaların da daxil olması ayrı-arılıqda ən böyük töhfədir. Bəzən bir bayatı poemadan da təsirli və dəyərli olur. Bu sahədə çalışanların hamısına uğurlar arzulayıram. Zəhmətin sinonimi fədakarlıqdır. Onda başqa rəng axtarmaq, yozmaq qəbuledilməzdir.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər