Özbəkistanın Margilan şəhərində Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair tədbir keçirilib
02.10.19 18:21
934
Tədbirdən öncə Azərbaycan Milli Məclisinin
deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti Margilan
şəhərindəki Yaradıcılar parkında olub, Xalq şairi, ictimai xadim, Özbəkistan
qəhrəmanı Erkin Vahidovun buradakı abidəsi önünə gül-çiçək dəstələri qoyub.
Azərbaycandan gələn qonaqlar parkdakı "Erkin
Vahidov” muzeyi, sonra Erkin Vahidov
adına Yaradıcılıq məktəbi ilə tanış olublar. Məlumat verilib ki, məktəbdə
yaradıcılıq qabiliyyəti olan uşaqlar 5-ci sinifdən 11-ci sinfədək təhsil alır
və Məktəbdə müasir inovasiyalar, maraqlı tədris üsulları tədbiq edilir.
Erkin Vahidov adına Yaradıcılıq məktəbində
təşkil olunan tədbirdə çıxış edən Özbəkistan Yazıçılar İttifaqı Fərqanə
şöbəsinin rəhbəri, şair Enaxon Suddikova iki xalq arasında ədəbi-mədəni
əlaqələr sahəsində əməkdaşlığın inkişaf etdiyini, bu istiqamətdə görülən
işlərdən söhbət açıb. Natiq Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin
Özbəkistana hər bir səfərinin maraqlı olduğunu və əməkdaşlıq üçün yeni imkanlar
aşdığını söylərib.
Millət vəkili Qənirə Paşayeva çıxışında Özbəkistanda
özünü Azərbaycandakı kimi hiss etdiyini,
özbək xalqını çox sevdiyini bildirib. O, ikitərəfli qardaşlıq əlaqələri,
ədəbiyyat sahəsində əməkdaşlıq, Səməd Vurğunla Qafur Qulamın, digər şair və
yazııçılarımızın yaradıcılıq əlaqələrini örnək kimi qeyd edib.
Deputat vurğulayıb ki, böyük özbək şairi
Əlişir Nəvai Nizami Gəncəvini özünün ustadı hesab edib və ədəbiyyat tarixinə
türk dilində "Xəmsə” yaradan ilk şair kimi düşüb.
Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında da söhbət açıb, Özbəkistanın bu məsələdə ədalətli mövqeyini
vurğulalyıb və bunun üçün ölkə rəhbərlərinə minətdarlığını bildiirib.
Fərqanə vilayət hakiminin müavini Feyzulla
Kasimov ölkələrimizin regionları arasında əlaqələrin yaradılması və
inkişafından danışıb. Qeyd edib ki, məktəblərimizin, universitetlərimizin əlaqələr
yaratması gələcəkdə tərəflər üçün daha faydalı ola bilər. Belə ki, azərbaycanlı
uşaqlar Özbəkistanın, özbək şagird və tələbələri isə Azərbaycanın tarixini,
mədəniyyətini, ədəbiyyatını öyrənmək imkanı əldə edə bilərdilər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəni
əlaqələrdən danışıb, Azərbaycanda və Özbəkistanda keçirilən Beynəlxalq Muğam,
Aşıq Festivallarında hər iki tərəfin aktiv iştirak etdiyini, xalqlarımızı
birləşdirən muğam sənəti, aşıq sənəti, Novruz bayramı, milli mətbəximiz
haqqında məlumat verərək, milli mədəni irsimizin dünyaya təbliğ edilməsi
istiqamətində xeyli iş görüldüyünü bildirib. Natiq Heydər Əliyev Fondunun,
Mədəniyyət Nazirliyinin layihələri haqqında danışaraq, görülən işlərin öz
uğurlu nəticəsini verdiyini qeyd edib.
Tədbirdə iki ölkə dostluğuna həsr
olunmuş və Margilan məktəbliləri tərəfindən hazırlanmış bədii kompozisiya
təqdim edilib.