• cümə axşamı, 25 aprel, 14:56
  • Baku Bakı 23°C

Özbəkistanın BTQ-yə marağı güclənir

18.10.19 16:21 1263
Özbəkistanın BTQ-yə marağı güclənir
Bakıda türkdilli dövlət başçılarının sammiti, üzv dövlətlər arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi münasibətlərin də möhkəmləndirilməsi bəyanatları ilə yadda qaldı. Və əlamətdar hal idi ki, uzun müddətdən sonra ilk dəfə, Özbəkistan da qurumda tamhüquqlu üzvü kimi təmsil olundu. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin türkdilli dövlətlərin prezidentlərinin Bakıda keçirilən görüşündə Bakı-Tbilis-Qars dəmir yolunun potensialından effektiv istifadənin zəruriliyindən bəhs etməsi isə xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın "Vestnik Kafkaza” nəşri yazır ki, "Cənubi Qafqazın "üçüncü əsrinin layihəsi” adlandırılan bu dəmir yolu xətti, birinci iki kəmər – Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumdan fərqli olaraq, əvvəlki vaxtlarda rentabelliyi, o cümlədən siyasi baxımdan məqsədəuyğunluğu suallar doğururdu. Lakin zaman bu fikri alt-üst etməkdədir. Özbək lider də tədbirdə ölkəsinin bu qlobal dəmir yoluna xüsusi marağının olduğunu bəyan etdi. Onun sözlərinə görə, müstəqilliyin ilk illərində Özbəkistan "Türküstan bizim ümumi evimizdir” təşəbbüsünü irəli sürüb. Əlavə edib ki, bu da türkdilli dövlətlər tərəfindən böyük rəğbətlə qarşılandı: "Bizim ölkə türkdilli dövlətlərin sammitlərində aktiv iştirakı ilə yadda qalıb”. Onun sözlərinə görə, ən əsası - Türk Şurasında iştirak özbək xalqının maraqlarına kökündən cavab verir. Nəşr əlavə edir ki, dövlət başçısı çıxışında Türk Şurası ölkələrinin diqqətini iri nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasına yönəldib. Prezidentin qənaətincə, onların inkişafı məhsulların Mərkəzi Asiya-Türkiyə Avropa, Çin və Cənubi Asiya bazarlarına çıxması üçün geniş imkanlar yaradacaq. "İri nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması Mərkəzi Asiya-Türkiyə nəqliyyat dəhlizi vasitəsilə Avropa, Çin və Cənubi Asiya bazarlarına çıxmaq üçün geniş imkanlar deməkdir. Bu zaman Bakı-Tbilisi-Axalkalaki-Qars yeni dəmir yolunun potensialından da səmərəli istifadə edilməlidir. Biz tranzit və logistika mərkəzlərinin təşkilində Aktau, Türkmənbaşı, Ələt, Samsun və Mersin limanlarının müasir infrastrukturundan da istifadə olunmasında maraqlıyıq. Biz, həmçinin ölkələrimizin məsul təşkilatları tərəfindən Türk Şurası ölkələrinin ərazisində xarici ticarət yüklərinin daşınması zamanı qarşılıqlı razılaşdırılmış güzəştlərin və preferensiyaların tətbiqi məsələsinə də birgə baxılmasını təklif edirik”, - deyə nəşr prezidentin sözlərini sitat gətirib.
"Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə "Vestnik Kafkaz”a açıqlamasında bildirib ki, Özbəkistan artıq Bakı-Tbilis-Qarsdan öz yüklərinin (əsasən pambıq və digər ixrac malları) daşınması üçün istifadə etməyə başlayıb. Özbəkistan prezidentinin dəmir yolundan effektiv istifadə edilməsi bəyanatına toxunan ekspertin qənaətincə, Mirziyoyev bununla yerli istehsalçıların bu marşrutdan daha aktiv istifadə etmək planlarını nəzərdə tutub: "Belə ki, Bakı-Tbilisi- Qars bir neçə ölkənin ərazisindən keçir. Tarif siyasəti də dəyişdikdən sonra vəziyyət tam bəlli olacaq. Özbəkistan bu gün başqa bir istiqamət – Türkmənistan ərazisindən istifadə edilməsini də planlaşdırır. Lakin burada problem var”. Ekspertin qənaətincə, səbəb də odur ki, Türkmənistan Türk Şurasının üzvü deyil. Bu səbəbdən də yaxın gələcəkdə ümumi tarif siyasətinin yaradılması barədə danışmaq bir qədər çətindir. Əlavə edib ki, regional birlik əməkdaşlığı çərçivəsində Türkiyə tərəfi təklif edib ki, gömrük prosedurları və tarif siyasəti dəyişsin. Belə olan halda, Özbəkistanın güzəştli imkanları daha geniş olacaq, demək ki, ona maraq da artacaq.
Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev isə hesab edir ki, Türk Şurasına yenicə daxil olan Özbəkistan Bakı-Qarsdan istifadə məsələsi ilə bağlı quruma üzv dövlətlərin gündəminə yeni bir məsələ daxil edib: "Bu, üzv dövlətlər üçün maraqlı və mənfəətli ola bilər. Prezident Mirziyoyev mahiyyət etibarilə gündəmi tutur. O, Avrasiya məkanında azad ticarət və nəqliyyat münasibətlərinin gücləndirilməsinə çalışır”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər