Özbəkistanda keçirilən “Əbədi dostluğumuz” adlı sərgidə Azərbaycan milli geyimləri nümayiş etdirilib
07.11.19 18:24
2013
Özbəkistanın
Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində
vilayətin mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrının foyesində "Əbədi
dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimləri nümayiş etdirilib.
Mərasimdə
Xarəzm vilayətinin hakimi Fərxad Ermanov, Azərbaycan nümayəndə heyəti, Azərbaycanın
və Özbəkistanın alimləri, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri,
ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Öncə
iştirakçılar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı "Əbədi dostluğumuz” adlı sərgiyə
baxış keçiriblər.
Foyedə
hazırlanan kitab sərgisində ölkəmizin
bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri”
seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən
nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş
etdirilib. Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri,
qədim əşyalar və suvenirlər də maraqla qarşılanıb.
Sonra
Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən "Qarabağ şikəstəsi”nin sədası
altında Azərbaycanın milli libasları, Azərbaycanın
Qarabağ bölgəsinə aid milli qadın və kişi geyimləri nümayiş olunub. Milli
libaslar nümayiş etdirildikcə hər bir libas haqqında tamaşaçılara məlumat
verilib. Azərbaycan və Özbəkistan bayraqları ilə iştirakçılar tarixi Azərbaycan
geyimləri, onların mənası, milli rəmzlərimizin geyimlərdə əks olunması, qadın və
bəy geyimlərinin ümumi xarakteristikası haqqında məlumatlar verilib. Sərgiyə
iştirakçılar böyük diqqət və maraq göstərib, tədbiri yerli telekanallar, mətbuat
nümayəndələri geniş işıqlandırılıb.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki
"Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.