• cümə, 26 Aprel, 03:51
  • Baku Bakı 16°C

Özbəkistan və Qırğızıstan Çin bazarına yeni yol axtarır

02.11.17 10:00 880
Özbəkistan və Qırğızıstan Çin bazarına yeni yol axtarır
Qırğızıstan və Özbəkistan Çinə yüklərin çatdırılması üzrə yeni nəqliyyat dəhlizi açıblar - Daşkənd-Oş-Qaşqar. Bu, üç ölkəni birləşdirəcək ən qısa yoldur. İndi də növbədə Çin - Qırğızıstan - Özbəkistan dəmir yolu magistralının inşasıdır. Ekspertlərin qənaətincə, nəqliyyat dəhlizi üç ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün vacibdir. Bu, ən əsası Avrasiya İqtisadi İttifaqında özünü diskomfort halda hiss edən, eləcə də Astana ilə böhran yaşayan, Daşkəndlə münasibətlərində problemləri olan Bişkek üçün mühüm rol oynaya bilər. Ötən gün artıq doqquz karvandan ibarət böyük həcmdə yük maşınları Daşkənd-Əndican-Oş-İreştam-Kaşkar marşrutu ilə hərəkət ediblər. Marşrutun uzunluğu 900 km-dir. Pilot layihəyə üç ölkənin nəqliyyat nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda qərar verilib. Məlumat üçün bildirək ki, avtoyürüş barədə razılıq Qırğızıstan prezidenti Almazbek Atambayevin Daşkəndə oktyabrın 5-6-da baş tutan səfəri zamanı əldə olunub. Bu səfər çərçivəsində avtomobil məlumatı barədə bəyannamə imzalanıb. Buna müvafiq olaraq Özbəkistandan Çinə birbaşa yüklərin tranzitini həyata keçirmək qərara alınıb. "Biz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu barədə danışdıq. Buna qədər isə qırğız həmkarım Atambayevlə Oş-Əndican-Kaşkar avtomobil yolunun inşası barədə razılıq əldə etmişdik. Bu, Çinə ən qısa yol olacaq. Hazırda biz öz məhsullarımızı Çinə daşımaq üçün digər bir uzun yoldan istifadə edirik. Siyasi iradə var”, - deyə o zaman Özbəkistan prezidenti Şavkat Mirzoyeyev bildirmişdi.
"Özbəkistan-Qırğızıstan və Çin arasında nəqliyyat dəhlizləri sistemi ötən əsrin 90-cı illərindən inkişaf edir. Avtomobil marşrutlarına paralel olaraq dəmir yolu variantı da nəzərdən keçirilir. Daşkənd-Əndican-Oş-İrkeştam-Kaşqar - ən məşhur marşrutlardan biridir. Bu marşrut Böyük İpək yolunun mövcudluğu dövrlərində fəaliyyət göstərib”, - deyə mərkəzi qərargahı Daşkənddə yerləşən "Mərkəzi Asiya” analitik qrupunun rəhbəri Vladimir Paramanov bildirib. Onun sözlərinə görə, bu marşrut köklü şəkildə modernləşməyə ehtiyac duyur. Əlverişli iqlim şəraitində və sərhəd-buraxılış məntəqələrində növbələrin və bütün marşrut yolu tıxacların olmaması və orta 50-60 km-saatda hərəkət sürəti karvanın yolunu iki sutkaya qədər azaldır. Lakin problem ondadır ki, bu marşrut bir qədər pis adla tanınır - yol örtüyü və çoxsaylı yol qəzaları bu marşrutda qeydə alınır. Yeni yolun inşası layihəsi çoxdan işlənib hazırlanıb və 40 mln. dollar məbləğində qiymətləndirilib. Lakin nə Daşkəndin, nə də Bişkekin bu qədər vəsaiti yoxudur. Paramanovun qənaətincə, yol çox böyük ehtimalla Çinin vəsaiti hesabına inşa ediləcək. Layihənin reallaşması nəinki adları çəkilən üç dövlətin münasibətlərini yaxşılaşdıra, eləcə də, Qırğızıstan və Özbəkistanın timsalında Avrasiya İqtisadi İttifaqına alternativ yarada bilər. "Mərkəzi Asiya dövlətləri Çinə özlərinin xammal ehtiyatlarından savayı, heç nə təqdim edə bilmirlər. Regionda xammalın təkrarən emalı həcminin artırılması və nəqliyyat infrastrukturunun genişləndirilməsi və Çinə daşınmalar, şübhəsiz ki, artacaq. Və söhbət tək xammaldan getmir. Qırğızıstan, məsələn, artıq Çinə toxuculuq məhsullarını ixrac edir. Analoji addımı Özbəkistan da ata bilər. Bu dövlətləri daha çox Çinin ərzaq bazarı cəlb edir. Geriyə dönüşdə Çin maşınları və avadanlıqları gətirilə bilər”, - deyə ekspert bildirib.
Qırğızıstanda hesab edirlər ki, Özbəkistan ərazisindən yeni nəqliyyat marşrutu ilə Qazaxıstanla sərhədə ilişib qalmış yükləri daşımaq mümkündür. Almazbek Atambayev bu günlərdə bəyan edib ki, hökumət tez bir zamanda tez xarab olan kənd təsərrüfatı məhsullarının istehlakı ilə bağlı alternativ bazarlar axtarışında olmalı və bu məsələ həlini tapmalıdır. O, bunun üçün 32 milyonluq özbək və bir milyard yarımlıq Çin bazarlarının olduğunu dilə gətirib. Qırğız eksperti, ölkənin Ticarət-Sənaye Palatasının rəhbəri Qubad Rahimov prezidentin çıxışı ilə bağlı bildirib ki, ölkə özünün zəif iqtisadiyyatı ilə qısa zamanda başqa bazarlar əldə edə bilməz. "Çox təəssüf ki, Çin bizdə "one way”, yəni ixrac məhsullarının bazarı kimi qəbul edilib. Ölkədən Çinə məhsul ixracı çox az həcmdədir - təqribən 30 milyon dollar. O ki qaldı Özbəkistana son 25 ildə münasibətlər birmənalı olmayıb. Özbəkistanın yeni prezidenti Şavkat Mirzoyeyevin "açıq qapı” siyasətini elan etməsi o demək deyil ki, günü sabah qırğız malları özbək bazarına girəcək. Hər iki ölkənin iqtisadiyyatları oxşardır aqrar məhsullar ixrac edirlər. Bu səbəbdən də onlar bir-birilərinə nəsə ixrac edə bilməzlər”, - deyə Rahimov bildirib.
V.Paramanov isə nəqliyyat dəhlizlərinin perspektivinə bir qədər fərqli prizmadan yanaşır. Onun sözlərinə görə, böyük məsafədə ticarət əlaqələrinin magistral istiqamətlərinin inkişafında avtomobil deyil, dəmiryolu mühüm rol oynaya bilər. "Çin - Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası Rusiyanı və Aİİ-nin digər üzv dövlətlərini də maraqlandıra bilər”, - deyə ekspert bildirib. Onun qənaətincə, Rusiya, Mərkəzi Asiya və Çin arasında münasibətlərin genişləndirilməsi üçün bütün aspektlər nəzərdən keçirilməlidir. "Çin öz maraqlarından çıxış edərək layihə və təşəbbüslərini irəli sürür. Lakin onun bu planda fəaliyyəti şəffaf deyil və son məqsədinin nədən ibarət olduğu Rusiya və Mərkəzi Asiya ölkələri üçün aydın deyil. Moskva da Mərkəzi Asiya ölkələri ilə bu məsələdə intellektual planda nəsə həyata keçirmir”, - deyə ekspert fikirlərinin yekunlaşdırıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər