• cümə, 19 Aprel, 07:19
  • Baku Bakı 13°C

Özbəkistan İran limanlarına çıxış planı hazırlayıb

07.12.17 10:00 2388
Özbəkistan İran limanlarına çıxış planı hazırlayıb
Daşkənd və Kabul Məzari-Şərif-Herat avtomobil və dəmir yolunun və Özbəkistandan Əfqanıstanın Baqlan vilayətinə elektrik xəttinin inşasına başlayacaqlar. Bu barədə razılıq Daşkənddə Əfqanıstan və Özbəkistan prezidentləri Məhəmməd Əşrəf Qəni və Şavkat Mirzoyeyev arasında keçirilən danışıqların yekununda əldə olunub. İki ölkənin sərhədində artıq "Termez-Karqo” loqistik mərkəzi yaradılıb. "Bu mərkəzin funksiyası tək ixrac deyil, eləcə də Əfqanıstanın idxal əməliyyatlarında istifadə olunacaq”,- deyə Özbəkistan prezidentinin xüsusi nümayəndəsi İsmatilla İrqaşev bildirib. İki ölkənin liderləri bu il ərzində dəfələrlə görüşüblər. Lakin bu görüşlər qeyri-rəsmi olub və müxtəlif tədbirlər çərçivəsində baş tutub. Əfqan liderin indiki səfəri son 16 ildə baş tutan ilk dövlət səfəridir. Bundan əvvəl tərəflər iqtisadi əməkdaşlığı nəzərdə tutan "yol xəritəsi”ni razılaşdırıblar. Onun reallaşması ilə iki dövlət arasında ticarət dövriyyəsinin həcmini 1,5 mlrd. dollara çatdırmaq mümkün olacaq. Bunu sürətləndirən digər amil ümumi dəyəri 500 mln. dollar olacaq 40-dan artıq ixrac sazişinin imzalanması ola bilər. Özbəkistan Əfqanıstana elektrik enerjisi, inşaat materialları, dərman preparatları, avtomobillər, düyü və məişət texnikası göndərəcək. Əfqanıstan özünün faydalı qazıntıları ilə də zəngindir. Bunlara qızıl, kobalt, dəmir filizi, mis, alüminium, gümüş və litiy daxildir. Bu yataqlar ötən sərin 70-ci illərindən başlayan daimi müharibələr və qarşıdurmalar səbəbindən işlənilməmiş qalır.
Onu da qeyd edək ki, iki ölkə prezidentinin apardığı danışıqlarda Əfqanıstanın və bütövlükdə Mərkəzi Asiyanın təhlükəsizliyi məsələsi əsas müzakirə mövzusu olub. Bu səbəbdən də Ş.Mirzoyeyev və Ə.Qani danışıqların yekununda iki ölkənin sərhədində yerləşən "Hayroton” körpüsünün təhlükəsizliyinin təmin olunması barədə sazişə imza atıblar. Bundan sonra yol özbək tərəfinin 2010-cu ildə inşa etdiyi Məzari-Şərifə doğru gedir. Ekspertlər hesab edir ki, yolların və müvafiq infrastrukturun olmaması Əfqanıstan iqtisadiyyatının inkişafını ləngidir. "Özbəkistan son vaxtlar Əfqanıstanla özünün ticarət-iqtisadi münasibətlərini aktivləşdirib. Ölkələr arasında ticarət dövriyyəsi 25 faiz artıb, əfqan biznesmenləri üçün müəyyən güzəştlər tətbiq edilib, ticarət-iqtisadi münasibətlərin dərinləşməsi yolundakı baryerlər aradan qaldırılıb. İki ölkə sərhədində Termez-Karqo loqistik mərkəzi yaradılıb. Sentyabr ayında onun prezentasiyası keçirilib və tədbirdə əfqan biznesmenləri də iştirak ediblər. Layihə onların çox xoşuna gəlib. Belə ki, bu hab müasir anbarlara və soyuduculara malikdir. Həm də maraqlı olan odur ki, onun öz gömrüyü var. Burada həmçinin, bankların nümayəndəlikləri də açılıb və dəmir yolu xətti çəkilib. Yeni hab mərkəzi Əfqanıstanla tək ixrac əməliyyatlarında deyil, həm də idxal əməliyyatlarında iştirak edəcək”, - deyə Özbəkistan prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmatilla İrqaşev bildirib.
Diplomatın sözlərinə görə, Hayraton-Məzari Şərif dəmir yolu xəttinə əlavə Məzari-Şərif-Herat xətti də çəkiləcək. Paralel olaraq avtomobil yolu da inşa ediləcək. Bu xətt bütün infrastrukturlarla təchiz olunacaq və Əfqanıstanın qərb sərhədlərini İranla birləşdirəcək. "Tehran öz tərəfindən vəd edir ki, yaxın vaxtlarda Xauf şəhərindən Herata kimi uzunluğu 200 km-ə çatacaq dəmir yolunu inşa edəcək. Bu iki şəhərin birləşdirilməsi tək Əfqanıstana deyil, Mərkəzi Asiyanın digər dövlətlərinə də İranın Bəndər Abbas və Çabaxan limanlarına tranzit yükdaşımaları aparmağa imkan verəcək”, - deyə İrqaşev bildirib. Onun qənaətincə, bu, əfqan xəzinəsinə xeyli vəsaitin köçürülməsini də təmin etmiş olacaq. Minlərlə əfqan dinc əməyə cəlb olunacaq. Beləliklə də, 40 ildir ki, döyüşən xalq öz əməyinin bəhrəsini avtomat və yaxud tiryək satmaq yolu ilə deyil, dinc yolla əldə etmiş olacaq. Lakin Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin direktoru Ömər Nessar bu infrastruktur planlarının tam şəkildə reallaşdırmanın mümkünlüyünə şübhə ilə yanaşır. Misal kimi də bir neçə il bundan əvvəl təntənə ilə elan edilən TAPİ (Türkmənoistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsini göstərib. Hələ də bu layihə ilə bağlı işlərə başlanılmayıb. "Daşkəndin özü üçün əsas götürdüyü layihələrin reallaşması Əfqanıstanda təhlükəsizlik və sabitliyin dərəcəsindən asılı olacaq”, - deyə əfqan ekspert vurğulayıb.
Ekspertin sözlərinə görə, ölkədə belə bir trend formalaşıb ki, bu və ya digər ölkə nəqliyyat layihəsi reallaşdırmaq istəyirsə, dərhal Əfqanıstanda vəziyyət gərginləşir. "Məsələn, Bədəxşan vilayətini misal göstərmək olar. Çin Bədəxşan dəhlizinə maraq göstərən kimi bölgədə vəziyyət ağırlaşdı. Bir sıra ölkələr regionlarda sabitliyi təmin edə bilməyən hökumət qüvvələri və asayiş keşikçilərinin zəifliyindən istifadə edir. Bundan regionda rəqiblərini sıradan çıxarmaq üçün yararlanırlar. Özbəkistan da istisna deyil”, - deyə Nessar bildirib. "Bəs hansı qüvvə konkret layihələrin təhlükəsizliyini təmin edə bilər” sualını isə "yalnız hökumət qüvvələri” deyə cavablandırıb. Rəsmi Kabul bəyan edib ki, bu məqsədlə xüsusi dəstələr formalaşdırılmalıdır. Lakin bu dövlətin reallıqları nəzərə alınarsa, nəzərdə tutulan ssenariyə inanmaq çətindir. İstənilən halda, gərginliyi doğuran qüvvələrlə razılaşma əldə olunmalıdır. İlk növbədə söhbət ölkənin şimalında məskunlaşan "Taliban”, İŞİD və keçmiş Şimal Alyansına daxil olan qüvvələrdən gedir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər