Özbək tədqiqatçı müdafiə olunacaq
"Özbək tarixçisini Azərbaycana görə cəzalandırmaq istəyirlər”. Sosial
mediada, qəzetlərdə oxşar başlıqlarla yer alan yazılar Azərbaycan
ictimaiyyətininin diqqətini məşhur özbək tədqiqatçısı Şuxrat Salamovun Qarabağ
həqiqətləri ilə bağlı yazdığı "Qarabağ: ideyalar müharibəsi”kitabına görə
üzləşdiyi təqib və təhqirlərə yönəldib. Alimə qarşı rəsmi Yerevanın və erməni
icmasının təsiri ilə millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə Özbəkistan
Baş Prokurorluğunda cinayət işi qaldırılıb. Tədqiqatçı alimin əsərində erməni
daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə
hazırladıqları barədə tarixi faktlar əksini tapıb. Ş.Salamov həmçinin ermənilər
tərəfindən özbəklərlə bağlı törədilən qətliamdan bəhs olunan "Türkistan və
Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabının
müəllifi kimi öz ölkəsinin həqəqətlərini də araşdırararq üzə çıxarıb. Doğru
faktları həzm edə bilməyən erməni icması tərəfindən Şuxrat Salamova qarşı əsi
kampaniyaya start verilib. Yazılanlara görə, hətta erməni icmasının
nümayəndələri tədqiqatçı alimin evinə hücum edərək şüşələrini sındırıblar.
Baş verən hadisə ilə bağlı tədqiqatçının müdafiəsinin təşkili üçün
müəyyən addımlar atılmasının vacibliyi vurğulanır. Bütöv Azərbaycan Ocaqları
(BAO) öz növbəsində bütün Azərbaycan ictimaiyyətinə müraciət edərək "Bu məsələdə
aktivlik nümayiş etdirək.Şuxrat Salamovun müdafiəsi ilə bağlı çoxsaylı
imza yığıb Özbəkistanın Azərbaycandakı səfirliyinə təqdim etməyin vaxtı
deyilmi?”- deyə bəyan edib.
Tədqiqatçı alimin Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun
fəxri doktoru olduğunu nəzərə alsaq, o zaman onun ölkəmizə nə qədər yaxın
olması bir daha anlaşılır. Elə isə alimin müdafiəsi hansı səviyyədə
aparılmalıdır?
İctimaiyyət nümayəndələri, millət vəkilləri və alimlərin baş verən
hadisəyə münasibəti üst-üstə düşür. Ermənilərin əsas niyyətlərindən birinin
Azərbaycan ətrafında informasiya blokadası yaratmaq olduğunu deyən millət vəkili, Azərbaycan-Özbəkistan
parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Elman Nəsirov bir çox hallarda onların buna nail olduqlarını da
bildirdi: "Son zamanlar Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət
nəticəsində erməni lobbisinin bu niyyətləri alt-üst olmağa başlayıb. Artıq
Azərbaycan həqiqətləri - Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti,
Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə bağlı məsələlər
dünyanın ayrı-ayrı tədqiqatçılarının da diqqət mərkəzindədir. Belə
tədqiqatçılar Oleq Kuznetsovun timsalında Rusiyada da var. O cümlədən,
Ukraynada və digər ölkələrdə də Qarabağ münaqişəsini araşdıran alimlərin
obyektiv tədqiqatlarının şahidi oluruq. İndi də analoji tədqiqatı –münaqişəni
Qarabağla bağlı ideyalar müharibəsi kimi çox dəqiq faktlarla araşdıran özbək
tədqiqatçısı Ermənistanın təcavüzkarlığı və onun tarixən bu istiqamətdə apardığı
planlı siyasət və onun ağır fəsadları ilə bağlı kitab ortaya çıxarıb”. Nəşrin
Özbəkistandakı erməni icmasının kəskin hücumlarına məruz qaldığını deyən millət
vəkili alimə qarşı təzyiqləri yolverilməz hesab edir: "Alimin evinin daş-qalaq
edilməsi baş verib. Hətta, Özbəkistandakı erməni icması ölkənin Baş
Prokurorluğunun tədqiqatçı alim haqqında cinayət işinin açılmasına nail olub.
Bütün bunlar əslində eyni mərkəzdən idarə olunan proseslərdir. Həmin mərkəzin
məqsədi Ermənistanın işğalçılıq, ayrı-ayrı dövlətlərə qarşı təcavüzkar
siyasətinin əsl mahiyyətini açan əsərin heç bir xarici ölkədə çapına icazə
verməmək, müəllifinə təzyiq göstərməkdir. Biz indi analoji vəziyyətin
Özbəkistanda baş verdiyinin şahidiyik. Təbii ki, belə bir vəziyyət Azərbaycan
ictimaiyyətində də etirazlara səbəb olub və sosial şəbəkələrdə müzakirə
mövzusuna çevrilib. Bu məsələdə artıq Azərbaycan tərəfi də öz mövqeyini ortaya
qoymalı, tədqiqatçı alimin obyektiv tədqiqatları açan mövqeyini müdafiə
etməlidir».
Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi keçən il
Özbəkistanda prezident seçkilərini müşahidə edən E.Nəsirov bu ölkəyə rəhbərlik
edən qüvvələrin humanistlik prinsipi ilə çıxış edərək əvvəlki hakimiyyətin
yeritdiyi siyasəti davam etdirəcəyinə, Azərbaycanla dostluq və qardaşlıq
münasibətlərinə sadiq qalacaqlarına inamını itirmir: «Hesab edirəm ki, məhz
erməni diasporunun təzyiqi altında cinayət işlərinin açılması kökündən yanlış
siyasətdir və bunun həyata keçirilməsi nəticə etibarilə Azərbaycanla Özbəkistan
arasında irəliləyən münasibətlərin ümumi mahiyyətinə uyğun gəlmir. Özbəkistan
demokratik inkişaf yolu seçən dövlətdir. Belə bir ölkədə tədqiqatçı alim
obyektiv faktlara söykənən tədqiqatlar nəticəsində ərsəyə gələn kitabına görə
heç bir təzyiqə məruz qalmamalıdır. Ölkənin seçdiyi demokratik yol bunu diktə
edir. Hesab edirəm ki, burada müəyyən anlaşılmazlıq var”.
E.Nəsirov
parlamentlərarası işçi qrupunun üzvü kimi Özbəkistandakı həmkarları ilə
məsələni diqqətdə saxlayacaqlarını bildirir: "Fikrimcə, bu, nəticə etibarilə
yaranan anlaşılmazlığın aradan qalxmasına kömək edəcək. Heç bir halda
Özbəkistan dövləti erməni lobbisinin təzyiqi altında haqq-ədaləti müdafiə edən
tədqiqatçıya qarşı təzyiq göstərməməlidir. İnanmaq istəyirik ki, Özbəkistanın
müvafiq qurumları bu məsələyə obyektiv mövqedən çıxış edəcəklər”.
Şuxrat Salamovun yazdıqlarının tarixi həqiqətləri tam əks etdirdiyini
deyən Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhrəmov tədqiqatçı alimin təqib və
təhqir olunmasını yolverilməz hesab edir: "Suxrat Salamov həmçinin bizim
institutun fəxri doktorudur. Biz Azərbaycan alimləri də onu bütün səviyyələrdə
müdafiə etməyə hazırıq. Bunun üçün etiraz məktubları göndərilməli, Özbəkistan
rəhbərliyinə müraciət olunmalıdır”. Ermənilərin vaxtilə özbək xalqına da
faciələr yaşatdıqlarını deyən C.Bəhrəmov qeyd edir ki, Qıdılyan başda olmaqla
onlar 1985-86-cı illərdə özbək xalqına böyük zərbə vurublar: "O zaman
bolşeviklərin bilavasitə ermənilərdən istifadə etdiyi bir qüvvə kimi özbəklərin
- nə az, nə çox 36 min nəfərə qədər insanı məhv edilib. Bu hadisənin tarixinin
araşdırılması, tədqiq olunması, dünya ictimaiyyətinə çatdırılması məgər qəbahətdirmi?
Ş.Salamov özbək xalqının övladı kimi bu tədqiqatları aparıb”.
Tədqiqatçının "Qarabağ: ideyalar müharibəsi” və "Türküstan
və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" kitablarının
rus dilinə tərcümə olunduğunu deyən C.Bəhramov əsərlərə görə təzyiqlərə məruz
qalan alimin müdafiəsində olduqlarını bildirir: "Şuxrat Salamov sovet dövlətinin
türk xalqlarına, müsəlman dünyasına, Orta Asiyada yaşayan xalqlara qarşı
yeritdiyi siyasəti ifşa etdiyinə, ilk növbədə Qarabağ məsələsində həqiqətləri
faktlarla yazdığına görə təzyiqlərə məruz qalıb. Şuxrat Salamov həmçinin bizim
institutun fəxri doktorudur. Buna etiraz olaraq biz öz səsimizi ucaltmalıyıq».
Təranə Məhərrəmova