• şənbə, 20 Aprel, 14:05
  • Baku Bakı 23°C

ZAMANLA SƏSLƏŞƏN ROMAN

25.07.16 11:18 2311
ZAMANLA SƏSLƏŞƏN ROMAN

Mətbuatda rəsmi olaraq 1947-ci ildə iyirmi yaşında "Vidadi Şıxlı” imzası ilə çap olunan qocaman yazıçımızın yaradıcılığı hələ onun məktəbli illərindən başlamışdır. Ənənəvi olaraq, ilk əsərlərini o da nəzm janrında yaratmış, sonradan isə nəsr, dram, publisistika sahəsində ədəbiyyatımızı zənginləşdirən əsərlərini yaratmışdır. İstər ilk qələm nümunələrində, istər ustad qələminin kamil incilərində, həm bədii, həm publisistik əsərlərində - hər "Babanlı” imzasını daşıyan yazılarında ilk növbədə yazıçının özünü - xalqla, vətənlə qırılmaz tellərlə bağlı vətəndaşı, vətən oğlunun əzəmətli surətini görürük. Yazıçının həssas qəlbi "Anam sən oldun”, "Bənnanın imzası”, "Dönüş”, "Təbrizdə bir gecə” şeir və poemalarından başlayaraq, hələlik sonuncu əsəri "Zəmanə adamı” romanına qədər sanki xal-qının döyünən ürəyi, hər cür imtahanlardan keçərək, insan şəxsiyyətini, insanlıq ləyaqətini, mənəviyyatını qoruyan zəhmətkeş, cəfakar, sadə adamların nəbzi ilə həmahəng vurur. Əvvəlki cümlədəki "hələlik sonuncu” kəlmələri təsadüfi deyildir, çünki ustadın qələmi sürətini, istedadı təravətini heç də itirməmişdir və o, yeni roman üzərində çalışmaqdadır.

Romanlar, hekayələr, pyeslər, ssenarilər, oçerklər, xatirələr müəllifi, xarici ədəbiyyat nümunələrinin istedadlı tərcüməçisi kimi Vidadi Babanlının adı nəinki vətənimizdə, keçmiş sovetlər birliyi məkanında, həmçinin xaricdə də tanınmaqdadır, əsərləri böyük tirajlarla yayımlanmışdır. Lakin, ustadına böyük şöhrət qazandıran, hələ Sovet dönəmində Moskvada iki il ərzində (1979, 1980) hər dəfə 100000 tirajla, eyni zamanda Bakıda dəfələrlə 45000-50000 tirajla çap olunan "Vicdan susanda” əsəri təkcə ədəbi ictimaiyyət tərəfindən deyil, geniş oxucu kütlələri tərəfindən də böyük maraq və dərin sevinc hissilə qarşılandı, gəncliyin masaüstü kitabına çevrildi. Əsəri xalqa sevdirən, onu təkcə adi ədəbiyyat nümunəsi deyil, həyat dərsliyi kimi ülvi zirvəyə yüksəldən dərin mənəvi zənginliyi idi: insanı ana təbiətin bütün canlı varlıqlarından fərqləndirən, onu təbiətin tacı, əşrəfi zirvəsinə ucaldan mənəviyyat adlı dərin ümmana cəsurluqla baş vurması, vicdan adlı ruhi varlığı zərgər dəqiqliyi, mahir cərrah həssaslığı və şair incəliyi ilə tədqiqat obyektinə çevirmək istedadı idi. O zamandan etibarən bu günümüzədək əsərin aktuallığını qoruması bunu bir daha isbat etməkdədir. Təsadüfi deyil ki, hal-hazırda bir çox dünya yazarlarının əsərlərinin elektron variantları arasında Vidadi Babanlının da "Vicdan susanda”sına rast gəlirik və bu faktın özü ədəbiyyatsevərlərə çox şey deyir. Elə o zamandan başlayaraq "Vidadi Babanlı möhürü” - insanın mənəvi dünyasına dərin diqqət, nüfuz etdiyi əsrarəngiz dünyaya həssas yanaşmaq istedadı - ustadın bütün əsərlərində görünməkdədir. Həyatın nəbzini, şah damarını, ürək döyüntüsünü, cəmiyyətin inkişaf prosesində, tarixin sınaqlarından keçdiyi dövrlərdə məruz qaldığı müxtəlif dəyişiklikləri Ustad həssas həkim kimi hiss edir, müdrik filosof təmkiniylə süzgəcdən keçirir, sosial-psixoloji təhlilini verir, zəmanənin kəc rəftarına ittihamını verməkdən çəkinməyir.

Hələlik sonuncu romanı "Zəmanə adamı” da yazarımızın həyata konseptual baxışının məhsuludur. Ömrünün səkkiz ilini (2008-2014) həsr etdiyi bu roman, sanki bu günümüzün büllur aynası, həyat keşməkeşləri burulğanından sahilə can atan insanların tarixçəsidir. Lakin yenə də müəllifin diqqəti bu insanların – bu "üzgüçülərin” sahilə necə, nə şəkildə çıxmasına yönəlmişdir. Onların bir qismi alnıaçıq, üzüağ, bir qismi başqalarının başından basaraq onları batırmaq hesabına, bir qismi başqalarının çiynində, bir qismi isə sulara qərq olaraq, boğularaq, suyun üzünə çıxaraq... Dünya ədəbiyyatının geniş aləminə nəzər salarkən, böyük yazıçıların müsbət ideallarını iki istiqamətdə təsdiq etmələrinin şahidi oluruq: müsbət qəhrəman şəxsində onun fəlsəfəsini təsdiqləmək və mənfi obrazın şəxsində onun əməllərini inkar edərək cəmiyyəti arındırmaq, xəbərdar etmək vasitəsilə. Təbiidir ki, ikinci yol daha çətin, daha təhlükəlidir, çünki burada əks nəticəyə gəlmək qorxusu yazarı hər addımda gözləyir. Hörmətli yazarımız bu romanında ikinci yolu, belə çətin yolu seçmiş və öhdəsindən bacarıqla gəlmişdir. Heç də kiçik həcmli sayılmayacaq, 407 səhifəlik bu, Türkiyədən olan qardaşlarımızın dediyi kimi "sürükləyici roman” bir nəfəsə, hətta nəfəs dərmədən oxunur, hadisələr insanı ağuşuna alaraq, qəhrəmanların taleləri ilə yaşamağa "məcbur” edir. Aparıcı qəhrəmanı, daha dəqiq desək, baş obrazı, personajı mənfi xarakterli gənc olan bu əsərin baş qəhrəmanı Azərbaycan xalqıdır, onun qoynunda bəslədiyi nəcib ruhlu insanları, şəhidləridir. Bütünlüklə nifrətə layiq olan Əfsun Zamanlı vasitəsilə -Azərbaycan xalqının, sadə insanların gözəl mənəvi cəhətləri üzə çıxır.

Adları və soyadları rəmzi məna ilə yüklənmiş qəhrəmanların daxili aləmləri, psixoloji vəziyyətləri bu səbəbdən daha aydın, daha şəffaf üzə çıxır. Bir damla suda böyük bir dünyanı açıb, ümman dərinliklərinə enmək ancaq və ancaq böyük istedadların nəsibidir. Sevindirici haldır ki, ustadımız bu çətin vəzifənin öhdəsindən gözəl gəlmişdir. Belə ki, adına müqabil, hələ uşaq yaşlarından başqalarının qəlbinə girərək, şirin diliylə onları "əfsunlayıb”, "qılıqlayıb”, gizli arzularına qul etməyi bacaran Əfsun Zamanlının sərgüzəştlərlə, başqalarının həyatlarının puç olması ilə nəticələnən, faciələrinə səbəb olan hadisələr zəncirilə dolu olan şəxsi həyatının fonunda müəllif geniş siyasi-ictimai, sosial, etik-mənəvi problemləri qaldırmaqla yetinməmiş, onların dərin köklərini açmağa nail olmuşdur. Bir məhək daşı kimi, həm də mənfi qəhrəmanı vasitəsilə, Əfsunun toxunduğu hər şeydə yazıçı həyatın bir səhnəsini canlandırır, cəmiyyətin bu və ya digər "yarasını” aşkarlayır, onların sağalmasını, tamamilə məhvini istəyərək, sadəlövh, təmiz insanları onlardan qorumağa çalışır. Ata-anasını itirmiş, ölüm yatağında olan, aylarca maaş görməyən nənəsinin himayəsində yarıac yaşayan, büllur qəlbli, gözəl-göyçək Tamaşanı məktəb müəlliməsinin (!) aldadaraq, irz-namus dəllallarına – Ayzenat Mahamovalara sataraq, xeyriyyə cəmiyyətində iş vermək bəhanəsi ilə girdaba atması canlandırılır. Ali məktəblərlə əlaqədar, yerlibazlıq, "ipə-qıma yatmayan”- obyektiv, təmiz vicdanlı müəllimlərin cəzalandırılması, böhtanlara məruz qalmaları, rüşvətxorların "yuxarılar”, yaxud onların adıyla dəstəklənməsi, beləliklə istedadların təklənib səfilliyə yuvarlanması, kütbeyinlərinsə yüksək vəzifələrə "irəli çəkilməsi”, layiq olmadıqları mövqeləri zəbt etməsi hallarını təsvir edərkən, yazıçının qələmi və kağızının od tutub yandığı, ürək ağrısının artdığını təsəvvür etmək çətin deyil. Professor Cəmil İmanlının, Fəridin, Məsim Müslümoviçin, alicənablıq mücəssəməsi olan Bəhlul Ağazadənin təəssüf doğuran taleləri "zamanə adamı” olmadıqları üçün, bəlli bir amala sədaqətli, fikirlərində sabit olduqları üçün unudulduqları, həyatın dibinə olmasa da bir kənara atılmaları oxucuda təəssüf hissi oyadır. Çünki ailələrinin yarıac, xəstələrinin dərmansız, özlərinin urvatsız olmaları ədalətin, insanlığın ölməsi deməkdir. Lakin Bəhlulun ağayana hərəkəti (Durnanın günahını bağışlaması), işsız Fəridin pula satılmaması, Qumaş nənənin qəlbinin genişliyi, təmiz ilqarı, canıyananlığı, Cəmil İmanlının bədnam, zəhmli təhlükəsizlik idarəsi məmurunun qarşısında vüqarlı davranışı, Tamaşanın namusunu qorumaq çabaları, kiçik Fərəhin anasına olan münasibəti – bütün bunlar xalqın mənəvi saflığından, milli adət-ənənələrimizin hələ də itirilmədiyindən, qorunub saxlandığından xəbər verir.

Əsərin dili, üslubu onun oxunaqlı olmasına xidmət etməklə yanaşı, ana dilimizin zənginliyini, ən müxtəlif vəziyyətləri, hadisələri, hiss və duyğuları məqamlarına uyğun ifadə etmə ustalığını nümayiş etdirir. Oxucu ədəbi dilin zənginliyi ilə yanaşı yazıçının fərdi ifadə vasitələrinin, xalq dilinin, ləhcələrinin, vətənimizin bəlli bir guşəsinə mənsub olan şirin deyimlərin də yaratdığı ab-havanın axarına qapılır. Misal üçün, Durnanın dərin sarsıntısı onun "səldirləyə-səldirləyə” gəlib, "geyincəkli-geyincəkli” yatağa yıxılması, tələbə ikən təcrübəsiz Fəridin otaq qonşusu Əfsunun qarşısında "mağmın” olması, Əfsunun "alakönül” razılığı, mənfi tiplərin "qırışlarla, çal-keçir çapıqlarla”, "yassar”, "əydəş-üydəş” dodaqları, məmurun professorun tutarlı cavabından "qamaşdığı”, sir-sifətinin "qırcaşdığı”, məhkumun "üşürgəməsi”, "zəqqutun” yeməyi acgözlüklə yeməyi, qəndi "ifallıca” ağzına aldığı, sobanın qənşərinə "domuşduğu”, Durnanın "qüssədən üşümüş, bürüşüb kiçilmiş” bəbəkləri, "isvaha” burnunun "ximirçəkləri”, "çərhəya” tibb bacısının qışqırıqları belə dəqiq və dərin, obrazlı şəkildə psixoloji baxımdan real duyum və boyalı ifadələrlə təsvir edilmişdir.

Ustadın, yuxarıda qeyd etdiyimiz kimi, üzərində səkkiz il çalışaraq, 2014- cü ildə bitirdiyi 407 səhifəlik bu əsəri, bir il boyunca müəllifin təmkinlə gözdənkeçirmə "əməliyyatına”, müxtəlif düzəlişlərinə məruz qalaraq, 2015-ci ildə "Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsi tərəfindən çap edilmişdir.

Geniş oxucu kütlələrinin ixtiyarına verilmiş bu əsər maraqlı və ibrətamiz məzmunu sayəsində cəmiyyətimizin arınmasında uzun zaman böyük rol oynayacaqdır.

Məlahət Kələntərli

banner

Oxşar Xəbərlər