• cümə, 29 Mart, 15:04
  • Baku Bakı 14°C

Zabit olmaq üçün xalqını, torpağını sevməlisən – Mən gənc olarkən

22.12.14 10:54 4035
Zabit olmaq üçün xalqını, torpağını sevməlisən – Mən gənc olarkən
Əvvəlcə hərbçi olmağa ürəkdən yanaşmayan, hətta buna etirazını bildirən müsahibimiz sonradan işinə bağlanır. Hətta tutduğu yola o qədər bağlanır ki, təhsil aldığı hərbi məktəblərdə birinci olur. Müsahibimiz qanıyla, canıyla vətəninə, torpağına bağlı olan keçmiş müdafiə naziri, Respublika Veteranlar Təşkilatının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayevdir. Qeyd edək ki, D.Rzayev ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun ilk hərbi and içən və ilk general rütbəsi alan hərbçisidir. O, Azərbaycan milli ordusunun formalaşmasında fəal iştirak edib.
“Oxuya-oxuya işləyirdim”
1935-ci ildə Qərbi Azərbaycanın Dərəçiçək mahalının Axta rayonunda yerləşən Axundov kəndində sadə bir ailədə dünyaya göz açıb. Ailədə üç uşağın böyüyü olub. Atası komsomol işində çalışıb, anası məktəbdə müəllimə işləyib. Uşaqlığı müharibə illərinə təsadüf etdiyindən o illərin məhrumiyyətləri müsahibimizin həyatında dərin iz buraxıb. Müharibənin qızğın vaxtında, 1943-cü ildə birinci sinfə gedib. Atası müharibədə olduğundan ailənin böyük oğlu kimi dolanışığa onun da qatqısı olub. Həm məktəbə gedib, həm də anasına pul qazanmaqda kömək edib. Uşaqlığı məhrumiyyətlərlə keçdiyindən dəcəllik etməyə heç vaxtı da olmayıb. Amma arada uşaqlarla bir-birlərini daşladıqları, başının yarıldığı vaxtları indi də xatırlayır. Anasına ailəni saxlamaqda yardım etməyinə baxmayaraq, dərslərini də yaxşı oxuyub. Orta məktəbdə oxuyarkən çevik hərəkəti, hazırcavablığı, çalışqanlığı ilə yoldaşlarından fərqlənib. Anası oxumaq məsələsində onlara qarşı çox tələbkar olub.
“Məktəbdə hərəyə bir fətir verirdilər”
Müharibə dövrünün çətinliklərindən danışan D.Rzayev birinci sinifdə oxuyarkən hər səhər məktəbdə şagirdlərə nəlbəki boyda fətir verildiyini deyir: “Hər gün bir qadın hərəmizin qarşısına ağlaya-ağlaya bir fətir qoyurdu. O vaxtlar qadının niyə ağladığını bilmirdim. Böyüyəndən sonra başa düşdüm ki, qadın bizim arıq, cılız, acınacaqlı görünüşümüzə baxıb ağlayırmış. Üstəlik, hamımız aclıqdan payımızın stolumuzun üzərinə nə vaxt qoyulacağını səbirsizliklə gözləyirdik ki, tez götürüb yeyək”.
Təyyarəçi olmaq istəyi
Atası Goranboyun Dəliməmmədli qəsəbəsində işlədiyindən 1949-cu ildə Azərbaycana köçürlər. Kəndlərindən 3 km aralıda təyyarə aeredromunun olması 6-7-ci sinif şagirdi olan Dadaşı təyyarəçi olmağa həvəsləndirir: “Orada müharibədən qalan təyyarələr çox uçurdular. Uşaqlarla gedib həmişə təyyarələrə baxardıq. Çox maraqlı idi. Minlərlə təyyarə yanmışdı. Hamısını yığıb Rusiyaya göndərirdilər. Normal olanı ilə isə təlim keçirdilər. Bəzən təyyarə elə gözümüzün önündəcə qəzaya uğrayırdı. Bütün bunlar mənim və mənimlə yanaşı, bir neçə uşaq üçün çox maraqlı idi və biz gələcəkdə hərbçi, təyyarəçi olmağı xəyal edirdik”.
Hərbə aparan yol
Amma orta məktəbi bitirib 1953-cü ildə indiki Azərbaycan Texniki Universitetinə qəbul olur. 1954-cü ildə isə ikinci kursda oxuyan bütün tələbələr kimi o da Sovet Ordusunda hərbi xidmətə çağırılır: “Bizi Biləcəridə hərbi komissarlığa yığdılar. Qeyd edim ki, o vaxt indikindən fərqli olaraq, valideynlərdən bir nəfər də olsun oğlunu hərbi komissarlıqdan yola salmırdı, hamımız özümüz gedirdik. Komissarlıqda olarkən təyyarəçi formasında kapitan gördük və təyyarəçi olmaq arzusu ilə alışıb yanan 5-6 goranboylu həmyaşıdımızla birlikdə onun yanına gedib istəyimizi ona bildirdik. O da hamımızın ad, soyadını yazdı. Səhərisi bizi eşalonlara doldurdular, bir həftə yol gedib, Belorusiyaya çatdıq. Gördük ki, burada təyyarədən əsər-əlamət də yoxdur. Deməyəsən, bu, Hərbi Hava Desant Qüvvələri idi. Orada qulluq etməyə başladıq. Onda hərbi xidmət üç il idi. Artıq iki il yarım geridə qalmışdı. Bir gün mənimlə yanaşı, iki nəfəri alayın qərargahına çağırdılar. Oradan da bizi diviziyanın qərargahına göndərdilər. Bir polkovnik bizi qəbul etdi. Üçümüzün də Ali Hərbi Məktəbi oxumağa gedəcəyimizi dedi. Hay-küy saldıq ki, istəmirik. Dedilər, “getməlisiniz, vəssalam”. Ali hərbi təhsil almaq məqsədilə bizi Qazaxıstanda yeni yaradılan Hərbi Hava Desantçıları Məktəbinə göndərdilər”.
Yaxşı oxuduğuna görə, ikinci kursda taqım komandirinin müavini təyin edilir. Məzun olduqdan sonra baş leytenant rütbəsi daşıyarkən “Qızıl Ulduz” ordeni ilə təltif olunur. Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. SSR-nin müxtəlif ölkələrində qulluq edən D.Rzayev nəhayət öz xahişi ilə 1962-ci ildən Azərbaycanda qulluğa başlayır.
Ali Hərbi Məktəbdə oxuyan yeganə azərbaycanlı
1970-ci ildə Moskvada M.F.Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. Sovetlərin totalitar rejimində azərbaycanlıların burada təhsil alması təsadüfi bir hadisə idi. D.Rzayevin sözlərinə görə, onun sözügedən akademiyaya daxil olmasına ulu öndər Heydər Əliyev yardım edir. Birinci kursda təhsil alan üç yüz əlli nəfərin içərisində D.Rzayev yeganə azərbaycanlı idi.
D.Rzayev təhsil aldığı hərbi məktəblərdə yalnız oxumaq və bütün proqramı mənimsəməyin ön planda olduğunu deyir: “Orada bir balaca ayağın büdrədisə, geri yola salırdılar. Ümumiyyətlə, qulluq dövründə hər il qoyulan normanı yerinə yetirməli, paraşütlə tullanmalıydıq. Paraşütlə tullanmadınsa norma sayılmırdı. Çox ağır qulluq keçdiyimizdən hər ilimiz 1.5 il sayılırdı. Əgər normanı yerinə yetirmirdinsə, 1.5 il sayılmırdı”.
1973-cü ildə Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirən həmsöhbətimiz Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmətə başlayır.
Qeyd edək ki, D.Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general vəzifəsində çalışıb.
Paraşüt açılmadı
Müsahibimiz Sovet ordusunda qulluq etdiyi dövrdə başına gələn maraqlı əhvalatları da bizimlə bölüşdü: “1960-cı illər idi. Paraşütlə məşq edirdik. Mənim paraşütüm açılmadı. Yerə yaxınlaşa-yaxınlaşa özümü itirmədim və ehtiyat paraşütümü açıb yerə düşdüm. Komandir gəlib mənə təşəkkür etdi və bütün alaya nümunə çəkdi. Onu da deyim ki, mən paraşütlə tullanmağı sevirdim. Litvada qulluq etdiyim dövrlər idi. Alay komandiri kimi xidmət göstərirdim. O zaman yalnız Moskvada oturan komandan icazə versəydi, alay komandiri paraşütlə tullana bilərdi. Səbəb də bu idi ki, komandirə bir şey olsa, alay başsız qalar. Mən də dediyim kimi, paraşütlə tullanmağı çox sevdiyimdən, fikirləşdim ki, kimdir Moskvaya xəbər verən və tullandım. Qış idi, Neman çayı donmuşdu. Tullananda paraşüt məni düz çayın ortasına apardı. Əsgərlər də çaya düşürdü, amma heç nə olmurdu. Mən düşəndə buz qırıldı, suya düşdüm. Bu, mənim sonum ola bilərdi. Ancaq ömür boyu külək olmayan yerdə birdən külək qalxdı və paraşüt məni suyun içərisindən çəkib çıxardı, buzun üstü ilə xizək kimi sürüşərək kənara çıxdım. Moskvadakı komandan bu hadisədən KQB-də çalışanların sayəsində xəbər tutdu. Məni Moskvaya çağırdılar. Komandan 2-3 saat məni danladı. Qeyd edim ki, o, özü də paraşütlə tullanmağı çox sevirdi. Ona bunu xatırladanda acığı tutdu. Dedi, bir də belə şey olsa, məni hərbdən kənarlaşdıracaq. Amma bir neçə dəfə də özümü saxlaya bilməyib paraşütdən tullansam da, işimə davam etdim”.
Zabit olmaq istəyənlərə...
Sonda D.Rzayev zabit olmaq istəyən gənclərə üzünü tututb dedi ki, gərək bu işə ürəkdən yanaşalar: “Zabit olmaq üçün ilk növbədə xalqını, torpağını sevməlisən. Əgər sevmirsənsə, səndən zabit çıxmayacaq. Dünyada zabit adından şöhrətli, ağır vəzifə yoxdur. Çünki yeganə insandır ki, torpağı, xalqı qoruyur. Şərəfli işdir. Buna görə qanında, canında torpağı qorumaq, dövləti, xalqı, vətəni sevmək istəyi olmayan gənclər özlərinə başqa iş seçsinlər. Zabit 25 il xalqa qulluq etməli və nə qədər ağır iş varsa, icra edib əsgərlərə nümunə olmalıdır. Bir də unutmamalıdır ki, əgər zabit əsgərə doğma övladı kimi baxmırsa, əsgər onu sevməyəcək”.
İsmayıl MƏMMƏDOV

banner

Oxşar Xəbərlər