• şənbə, 20 Aprel, 15:08
  • Baku Bakı 23°C

Öz sahəsinin peşəkarı – Uğur hekayəsi

03.04.15 06:55 5684
Öz sahəsinin peşəkarı – Uğur hekayəsi
Orxan İsayev: “Stabil şagird və tələbə həyatı sürməklə yetəri qədər inkişaf etmək mümkün deyil”
14 yaşından aktiv fəaliyyətə başlayıb. Düşünür ki, stabil tələbə həyatı sürməklə yetəri qədər inkişaf etmək mümkün deyil. Yenilikçi olmağın və daim öz üzərində işləməyin tərəfdarıdır. Onun fikrincə, insan həyatda uğur qazanmaq istəyirsə, qarşısına məqsəd qoymalı və hədəfinə çatmaq üçün əlindən gələni etməlidir. Müsahibimiz HRS (Qonaqpərvərlik və Retail sistemləri proqram təminatı) şirkətinin Azərbaycan üzrə regional direktoru Orxan İsayevdir.
Məlumat üçün bildirək ki, HRS şirkəti öz fəaliyyətinə 1990-cı ildə başlamış və hazırda Rusiya Federasiyası ərazisində, eləcə də MDB və Baltikyanı ölkələrdə mehmanxana və restoran biznesi üzrə informasiya texnologiyaları bazarında aparıcı yeri tutur. Şirkət qonaqpərvərlik sənayesi üzrə proqram təminatının işlənib hazırlanması sahəsində aparıcı rola malik olan “Oracle MİCROS” şirkətinin rəsmi distryubitorudur.
- Orxan bəy, necə oldu ki, 3 ilə yaxın bir müddətdə işlədiyiniz Hoteldən HRS şirkətinə keçdiniz?
- Karyeram birbaşa olaraq turizmlə bağlı idi. Məktəb illərindən turizm və hotelçilik diqqətimi cəlb edirdi. Bildiyiniz kimi, turizm sənayesi inkişaf sürətinə və gəlirliyinə görə dünyada 4-cü yerdə qərarlaşmışdır. Turizm sənayesində digər sənayelərdən fərqli olaraq insanlarla daimi ünsiyyətin olması xalqlar, millətlər, dövlətlər arasında münasibətlərin formalaşmasında birbaşa əlaqələrin qurulmasında əvəzsiz rol oynayır. O zaman turizm ixtisası yalnız Bakı Dövlət Universitetində (BDU) tədris edilirdi. 2004-cü ildə BDU-nun turizm fakültəsinə yüksək balla qəbul oldum. Tələbəlik illərində həm işləyir, həm də oxuyurdum. Əvvəl o zaman Bakıda yeni açılmış 5 ulduzlu hoteldə işlədim, daha sonra isə digər beş ulduzlu hoteldə çalışmağa başladım. Həmçinin ABŞ-da hotelçilik sahəsində təcrübə keçdim və ölkəyə qayıtdıqdan sonra da hotel sistemində fəaliyyətimi davam etdirdim. 2011-ci ildə HRS şirkəti Azərbaycanda nümayəndəliyini açmaq istəyirdi, şirkətin nümayəndələri ilə görüşdükdən sonra bu iş mənə həvalə olundu və burada çalışmağa başladım. Bura gəlməyimin əsas səbəblərindən biri hotel sistemlərinin iş prinsiplərini mükəmməl bilməyim idi. Çünki HRS-də təqdim etdiyimiz xidmətlərin içində ən böyük yeri hotel sahəsi tuturdu.
- Karyeranıza könüllü işləməklə başlamasınız...
- Mən orta məktəbdə oxuyarkən “Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsi” fəaliyyət göstərirdi. 14 yaşımdan bu Şəbəkəyə qoşuldum və məktəb illərindən etibarən könüllü fəaliyyətə başladım. Hələ o dövrdə UNİCEF-in müəyyən layihələrində iştirak edirdik. Şəbəkə çox maraqlı idi. Məcburi köçkünlərlə görüşürdük, uşaq evlərinə və internat məktəblərinə gedirdik, treninqlər keçirdik, və s. Məktəb illərindən işləməyə həvəsim var idi və tək məqsədim özümü inkişaf etdirmək idi. Hər hansı maliyyə marağı güdmürdüm. Könüllü şəkildə çalışarkən qazandığım təcrübə bugünkü karyerama çox müsbət təsir etdi və uğur pillələrini qalxmaqda o vaxt öyrəndiklərim ən böyük dəstəkçim oldu. Həmin təşkilatda fəaliyyət göstərdiyim müddətdə çox gözəl dostlar qazandım. Həmçinin, orada qazandığım biliklər bundan sonra 50-60 il keçsə də, mənə lazım olacaq. Fəal gənc olaraq formalaşmağımda könüllülük çox böyük rol oynadı. 14 yaşımdan könüllü fəaliyyətə başlamışdım və artıq 17 yaşımda müstəqil gənc olaraq öz fikirlərimi müəyyən auditoriyaya çatdıra bilirdim. Universitetin birinci kursunda artıq könüllük proqramının davamı olaraq gənclər təşkilatında işə başladım. Bir çox layihələrdə iştirak etdim. Hətta bəzi layihələr var idi ki, özüm onların rəhbəri idim.
- Orxan bəy, qeyd etdiyiniz kimi, aktiv həyat tərzi keçirmisiniz. Bu hansı tələbatdan irəli gəlirdi?
- Məncə, bu insanın xarakterindən asılıdır. Hər bir insanın daxilində xüsusi maraq olmalı və özünü inkişaf etdirməlidir. Mən də tələbəlik dövründə ancaq dərsə gedib, evə gələ bilərdim. Lakin stabil şagird və tələbə həyatı sürməklə yetəri qədər inkişaf etmək mümkün deyil. Hər bir gənc üçün cəmiyyət içində olmaq, daimi olaraq debatlarda, diskussiyalarda iştirak etmək, azad fikir yürütmək, gələcək üçün ölkəsinə, xalqına layiqli vətəndaş olmaq vacib amillərdən biri olmalıdır. Mən həm ictimai fəaliyyətdə, həm də tədris sahəsində kifayət qədər fərqlənirdim. Sülh Şəbəkəsində cəmlənən uşaqlarla birlikdə aktiv şəkildə çalışırdıq. Orada hamı eyni xarakterdə insanlar idi və çox gözəl mühit yaranmışdı. Hətta biz o illərdə ölkə başçısı cənab Prezidentlə olan görüşlərdə iştirak edirdik. Nazirlər, deputatlar olan tədbirlərdə müstəqil fikir yürütmək artıq gənc yaşlarımda böyük önəm kəsb edirdi. Aktiv həyat tərzimin nəticəsidir ki, istər hotelçilik, istərsə də digər sahələrdə istədiklərimə nail olmuşam.
- Yaxşı rəhbər olmaq üçün insanda hansı xüsusiyyətlər olmalıdır?
- Məncə, insan hansı sahədə işləyirsə, ən başlıcası öz işini sevməlidir. Hansı sahədə işləməyindən asılı olmayaraq gərək insan öz sahəsinin peşəkarı olsun. Bu, mənim devizimdir. Məsələn, adi bir usta öz işinin professionalıdırsa, o, yeni müştərilər qazanacaq. Amma insan maddi sıxıntısı olduğu üçün hansısa işlə məşğul olursa və işinin əhəmiyyətini dərk etmirsə, o, heç vaxt həmin sahədə uğurlu olmayacaq. Əgər bu sahədə uğurlu olmaq istəyirsənsə, ilk növbədə işini sevməli, məsuliyyətli yanaşmalı, işçilərin qayğısına qalmalı və daim öz üzərində işləməlisən. Eyni zamanda, idarəetmədə nailiyyət qazanmaq üçün insanın liderlik bacarığı olmalı və aktiv həyat sürməlidir. Hansısa problemin olsa belə, bu iş həyatına təsir etməməlidir. Daim müsbət emosiyada olmalı, maksimum xidmət göstərməli və insanlara pozitiv enerji verməlisən. Yüksək səviyyəli və peşəkar idarəetmə üçün işlədiyin sahənin bütün dərinliklərini A-dan Z-yə bilmək lazımdır.
- Bəs uğursuzluğa düçar olanda özünüzə necə stimul verirsiniz?
- Hər vaxt hər şey ideal olmur. İstər iş sahəsində, istərsə də digər sahələrdə büdrəmələr ola bilər. Amma düşünürəm ki, uğursuzluqla qarşılaşanda insan əllərini-qollarını bağlayıb “bu işi gördüm və məndə alınmadı” fikrini özündən kənar tutmalıdır. Problemə bu şəkildə yanaşdıqda, insanın paralel olaraq başqa planları da var idisə, onların həyata keçməsi sual altında qalacaq. Baş verən hanısısa hadisə yeni bir mərhələyə keçiddir. Əgər hər hansı iş alınmadısa, bu, o demək deyil ki, uğur bizdən qaçdı. Bəlkə sabah ondan da böyük şans qarşımıza çıxacaq. Buna görə uğursuzluğa düçar olanda da, pozitiv qarşılayıram. Əgər uğursuzluq işlə bağlıdırsa, ofisin daxilində qalır və mən onu nə ailəmə, nə də dostlarıma hiss etdirmirəm. Yumru dairə formasında nəzərə alsaq və mənim bugünkü həyat tərzimi şkalalara bölsək, onlardan birində problem varsa, o digərlərinə təsir etməməlidir. Problem yalnız o şkalanın içərisində qalmalı və onun alternativ yolu olmalıdır.
- Gələcək planlarınız necədirr?
- Ölkəmizdə bütün sahələr ölkə başçısı İlham Əliyevin düşünülmüş, ardıcıl siyasəti nəticəsində yüksək templə inkişaf edir. Turizm sahəsində də ölkəmizdə olan inkişaf göz qabağındadır. İşimiz turizmlə bağlı olduğu üçün bütün bu inkişaf birbaşa bizə də təsir edir. Qarşıda ölkəmiz üçün əhəmiyyətli olan I Avropa Oyunları gəlir və bununla bağlı bir neçə layihəmiz var ki, onları reallaşdırırıq. Mənim ən çox xoşuma gələn məqam odur ki, (bu, Eurovision yarışmasında da belə idi) tədbirlər yekunlaşandan sonra geriyə baxdıqda görürəm ki, belə böyük bir tədbirə mənim və komandamın da dəstəyi oldu. Hər bir vətəndaşın borcudur ki belə tədbirlərdə öz əməyini sərf edə və xalqına, ölkəsinə xidmət edə. Mənim də əsas məqsədim odur ki, ölkəmdə elə işlər görüm ki, gələcəkdə öz övladlarım və nəvələrimə tariximizlə bağlı danışdıqda, kiçik də olsa, xidmətlərimdən söz aça bilim. Hər bir gənc ölkəsi və milləti üçün müsbət mənada iz qoyub getməyi qarşısına məqsəd qoymalıdır. Eyni zamanda bu il HOREX Caucasus sərgisində artıq dördüncü dəfə iştirak edirik və bu sərgidə iştirakımızın əsas məqsədi həmkarlarımızla ünsiyyətdə olmaq, yeni iş görüşmələrini həyata keçirməkdir. Bu sərgilərdə iştirakımız zamanı ən yadda qalan hadisələrdən biri Prezident İlham Əliyevin və ölkəmizin Birinci Xanımı, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bizim şirkətin stendinə yaxınlaşaraq baxması idi. Hər il ölkə başçısının turizm sərgisini ziyarət etməsi və hər bir iştirakçı ilə maraqlanması ölkə rəhbərliyinin turizmə olan diqqət və qayğısından xəbər verir.
- Ənənəvi sualımız: uğur sirriniz nədir?
- İnsan həyatda uğur qazanmaq istəyirsə, daimi öz üzərində işləməyi bacarmalı, inkişaf etməli və cəmiyyət içində olmalıdır. Ən başlıcası isə qarşısına məqsəd qoyub planlı şəkildə hərəkət etməlidir. Ancaq bu zaman o, qarşısına çıxan əngəlləri də rahatlıqla aşacaq və məqsədinə çatacaq. Əgər insanın planı və məqsədi yoxdursa, onun uğur qazanması mümkün deyil. Hər bir gənc istər ailə, istər dost, istərsə də iş münasibətlərində qarşıya qoyulan məqsədə çatmağı nəzərdə saxlamalı və onları idarə etməyi bacarmalıdır.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər