Öz brendini yaradan sahibkar qadın - Fotolar
Ondan
müsahibə almaq üçün bir neçə dəfə əlaqə saxlamalı olduq. Hər dəfə «Sifarişlərim
çoxdur», «İşlə bağlı xaricə səfərim var» kimi cavablara qane olmayıb, israrlı zənglərimizdən
sonra nəhayət, "Vəfa collection” sərgi-satış mərkəzinin rəhbəri, iş qadını Vəfa
Muradzadənin vaxtından vaxt oğurlayıb "Kaspi”nin redaksiyasına dəvət edə
bildik.
Üzündən
nur tökülən, mehriban, fikirləri məntiqli, özü daim hərəkətdə olan bu işgüzar
xanımla siz də yaxından tanış olun: Vəfa Muradzadə. Bakı şəhərində anadan olub.
7 saylı orta məktəbdə oxuyub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat,
daha sonra hüquq fakültəsini qırmızı diplomla bitirib. M.Ə.Sabir adına Pedaqoji
kollecdə dərs deyib, daha sonra hüquqşünas kimi fəaliyyət göstərib. Ancaq qəlbində
hər hansı bir istehsal sahəsi yaratmaqla bağlı arzuları ona ideyalarını gerçəkləşdirməyə
səsləyib. Nə az, nə çox – düz 15 il bu arzunu ürəyində daşıyıb. Ta o vaxta qədər
ki, 2006-cı ildə Ev tekstili üzrə istehsala başlayıb. Üzərinə «Azərbaycan məhsulu»
yazılan ilk tekstil məhsullarının istehsalı ilə məqsədinə nail olub.
Azərbaycanda istehsalın bu sahəsi varsa...
«2004-cü
ildə yorğanlı dəstlər dəbdə idi. Ev üçün almaqdan ötrü mağazaya yollandım.
Kataloqda gözəl təqdimatları görsəm də, alacağım məhsulun keyfiyyəti məni qane
etmədi. Demək olar ki, çeşid yox idi. Evə qayıdandan sonra: «Nə üçün bunu
özümüz etməyək?» - deyə düşünməyə başladım». Bütün bunları xatırlada-xatırlada Vəfa
xanım onu iş adamına çevirən illərə qayıdır: "Azərbaycanda tikişi bacaran peşəkar
ustalarımız var”- deyə düşündüm. Bunu necə edəcəyimlə bağlı araşdırmalar
apardım. Bacarıqlı bir dərzi ilə fabrik üçün avadanlıq seçməyə gedərkən hava
limanında Amerika yazıçısı Sidni Şeldonun bir kitabını aldım. Bu kitab mənim
işimin açarı oldu. Kitab vaxtında əlimə çatdı”. Yazıçının çətinliklərə sinə gərən
qadın qəhrəmanları asan olmayan yolun başlanğıcında gələcək sahibkar qadın üçün
stimula çevrilib”.
Ev
tekstilinin fərqli istehsal sahəsi olduğuna əmin olan V.Muradzadə 2004-2006-cı
illərdə «tekstil hansı ölkələrdə daha keyfiyyətlidir», «Hansı materialı haradan
almaq olar” - suallarına cavab tapmaq üçün Hindistan, Çin, Almaniya, Türkiyə və
s. ölkələri gəzib. Biznes planının sxemini qurandan sonra 29 gün ərzində fabrik
açmağa müvəffəq olub: "Artıq hər şey planlaşdırılmışdı. Bacarıqlı qadınları işə
cəlb etdim. Düşünülmüş şəkildə yeni bir Azərbaycan brendi yaratdıq”, - deyə Vəfa
xanım danışır: "İstehsala başladıqdan il yarım keçməmiş ölkə prezidenti İlham
Əliyev Azərbaycanda indiyə qədər olmayan istehsal sahəsini görmək istəyini
bildirdi. Sərgi zamanı bizim stendlə tanış olan prezident məhsullarımızı çox bəyəndi.
«Əgər Azərbaycanda istehsalın bu sahəsi də varsa, demək, iqtisadiyyatımız hərtərəfli
inkişaf edib. Əvvəllər belə məhsullar yalnız xaricdən gələrdi. İndi buna
ehtiyac yoxdur, özümüzdə daha gözəl məhsullar istehsal olunur», - deyə
prezident qeyd etdi. Ölkə başçısının sözləri bizə sanki qanad verdi”.
Sahibkar
qadının xarici ölkələrdə keçirilən sərgilərə yolu da o vaxtdan başlayıb. Məhsulların
çeşidini artıraraq 57-dən 700-ə çatdırmağa müvəffəq olub. Özünün fərqli
dizaynı, qablaşdırılması ilə seçilən məhsulların keyfiyyətinə də tam təminat
verilib. Müştərinin razılığı istehsalçıların əsas şüarına çevrilib: "Artıq 11
ildir ki, gündən-günə genişləndirdiyimiz istehsalat sahəsi müştərilərini özünün
keyfiyyəti ilə təmin edir. Müştəri məmnuniyyəti bizim üçün çox önəmlidir», -
deyə Vəfa xanım bu illər ərzində uğur qazanmalarının səbəbini izah edir:
«Basqısını, toxunuşunu görmədiyim heç bir parçanı almamışam. Hətta, Əskişəhərdən,
Bursadan parçanı alsam belə, onu elə orada yuyub, qurulayıb toxunuşunu, çəkilməsini,
rənginin qarışmasını və s. diqqətlə yoxlayıram. Fabrikə əvvəlcə parçanın nümunələri
gəlir və hər bir materialı əvvəlcə özümüz işlədirik. Materiala inanandan, bizi
qane edəndən sonra parçanın özünü gətizdiririk. Keyfiyyətinə əmin olduğumuz
fabriklərlə çalışırıq. Bu, bizim ən böyük avantajımızdır”. Fabrikin digər bir
avantajı müştərilərində etibarlılığı təmin etməkdir: «Bütün müştərilərimizə «Məhsulu
aparıb yuyun, ütüləyin, əgər xoşunuza gəlməsə gətirin» - deyirik”.
İş
qadını Türkiyə iş adamlarını nümunə kimi götürdüyünü gizlətmir: «Bu illər ərzində
türk iş adamı Cemalettin Sararla işbirliyində çalışmışam. Cemalettin bəyin işinə
münasibəti mənim üçün örnəkdir. Onunla sərgidə rastlaşsanız elə bir nüfuzlu iş
adamının müştərilərinə necə parçalar nümayiş etdirdiyinin şahidi olarsınız. Bu,
onun işinə sevgisidir. Mən də öz işimə elə sevgi ilə yanaşıram. Mağazadakı
bütün parçaları gecələr yatmayıb özüm kəsmişəm. Parça kəsəndə özümü rahat hiss
edirəm».
Ev
tekstili sahəsində rəqabətin o qədər böyük olmadığını deyən Vəfa xanım Azərbaycan
brendi olaraq üzərinə «Azərbaycan məhsulu» yazılan məhsulların ilk dəfə rəhbərlik
etdiyi fabrikdə istehsal olunduğundan qürurla danışır: "Daha sonra «Gilan»
tekstil parkında yataq dəstləri istehsal etməyə başladılar. Mənə elə gəlir ki,
yataq dəsti sahəsində elə bir rəqabət yoxdur. Pərdə çeşidlərində və digər məhsullar
üzrə isə rəqabət var. Bu da zövq işidir. Hər kəs öz zövqünə, büdcəsinə uyğun
seçib, bəyənir. Pərdəçi çoxdur. Elə pərdə mağazalarımız var ki, qiymətlərinə
baxıb təəccüblənirəm. Onlar bahalı müştərilər üçündür. Bizim fabrikin məhsullarının
üzərində yazılan qiymət bütün sosial təbəqələr üçün eynidir. Biz bir alıcıdan
böyük bir alıcı kütləsinə açılmaq niyyətindəyik. Bu isə bir dəfə işləməklə
olmur”. Çalışdığı istehsal sahəsini daha da genişləndirməyi nəzərdə tutan iş qadını
ölkə başçısının sahibkarlıq üçün yaratdığı geniş imkanları, maddi-mənəvi köməyi
yüksək dəyərləndirir: "Prezidentin sahibkarlarla bağlı keçirdiyi bütün
toplantılarında iştirak edirəm. Qeyri-neft sektorunun inkişafı üçün ölkə
başçısı əlindən gələn hər şeyi edir, iş adamları üçün hər cür şərait yaratmağa
çalışır. Xarici valyutadan asılılığı aradan qaldırmaq, yerli istehsalata önəm
vermək üçün addımlar atılır. İnsanların yerli istehsala alışmaları üçün bir qədər
zamana da ehtiyac var. Bəlkə bunun üçün bəzi insanların şüurunda inqilabi dəyişiklik
də lazımdır. Ancaq deyərdim ki, biz bu dəyişikliyi etmişik”.
Müştəri məmnuniyyəti
Sərgi-satış
fabrikinin istehsal etdiyi çeşidlər təkcə keyfiyyət baxımından deyil, həm də rəngarəngliyi,
dizaynı ilə diqqət çəkir. Fabrikdə yataq dəsti, döşək və yorğan qoruyucular,
yorğanlar, yastıqlar, yataq örtükləri, dəsmallar, süfrələr, hamam dəsgahları,
müxtəlif çeşidli pərdələr istehsal olunur. Qiymətlər də müştəriyə uyğundur.
«Əvvəllər 25 mağazamız var idi. Həmin mağazaların 16-ı rayonlarda, 9-u Bakı şəhərində
idi. Biz pərdə sektoruna keçəndən, həm də böyük otellərlə işləməyə başlayandan
sonra bu mağazaları bağladıq və 1000 kv. metrlik şourum – sərgi-satış mərkəzi
açdıq. Bu mərkəzin açılışında 1500-ə yaxın qonaq, o cümlədən ölkənin ən ünlü
insanları iştirak etdi. Mağazaları bağlamağımıza səbəb artıq böyük otellər və
şirkətlərlə işləyərkən bütün çeşidləri sərgiləmək istəyimiz idi. Ölkə üzrə ən
böyük pərdə çeşidi bizdə olduğundan bu məhsulların vitrinini genişləndirmək istədik.
Çünki belə olanda müştəri daha rahat gəzə və məhsulları görə bilir. Sərgi-satış
mərkəzinin böyük bir bölümü otellərlə bağlıdır. İşlədiyimiz bütün otellərin
loqosunu, dəsmallarını, xalatlarını həmin bölümdə yerləşdirmişik”. Artıq sərgi-satış
fabrikinin ucuzundan tutmuş, ən bahalı mebellər istehsal edən sexləri də fəaliyyətdədir:
"Həmin mebelləri alanlar xaricdə aldıqları məhsullara xərclənən əlavə xərclərdən
azad olduqlarına görə sevinirlər. Parçada necə müştəriyə yüksək təminat
veririksə, eləcə də mebelin istehsalında keyfiyyət, uzun ömürlülüyə təminatımız
var. Müştərinin üzündə məmnunluğu görmək bizim zəhmətimizdən aldığımız
zövqdür”.
Yaxşı sahibkar olmağın sirri
Peşəkar
sahibkar olmağın sirri V.Muradzadə üçün ilk növbədə ətrafında işləyən işçilərdən
başlayır: «İşçilərin sayı sifarişə uyğun olaraq 50-200 arası dəyişir. İşçiləri
işdən çıxarmaq ən axırıncı istədiyim şeydir. Ən çətin durumda belə, işçi ilə
vidalaşmağa ürəyim gəlməz. İşçinin məsuliyyətsizliyinə və ya xoşa gəlməyən
davranışına görə onu işdən kənarlaşdıra bilərəm, ancaq böhranla, maddi çətinliklə
üzləşdikdə onu çıxarmaq mənimçün çox çətindir. İşçiləri yola vermək, onlarla
dil tapmaq, səbirli olmaq, problemləri ilə maraqlanmaq, lazım gələndə kömək əlini
uzatmaq mənim əsas iş prinsiplərimdən biridir”.
V.Muradzadə
iş adamı kimi bəzən biznes mühitinin əngəlləri ilə də qarşılaşır. Xüsusən süni
maneələri görüncə, «Yoluma daş düzənlərə minnətdaram. Mən o daşları üst-üstə
qoyub bir pilləkən düzəltdim və yuxarı qalxdım» - deyir. Danışır ki, iflasa uğradığı
vaxtlar da olub. Ən böyük maneələri elə onda görüb: "Elə bil ki, daha dərinə
düşməyim üçün quyunu dərinləşdirənlər çox oldu. Mən o insanlara rəğmən ayaqda
qaldım. «Mən varam, olacağam» dedim. Digər tərəfdən, geriyə yolun da olmur. İstər-istəməz
«Haqqımda danışanlar özləri bu ölkə üçün nə edib?» - deyə düşünərək, yolumu
davam etdim. Digər tərəfdən, "nə qədər insan bu istehsal müəssisəsindən evinə
çörək aparır. Bu da ölkə üçün iş yerləridir. Bu insanlar gözlərini sənə dikiblər,
sənə ümid edirlər. Sən geri çəkilsən onların taleyi necə olacaq?” –deyə
düşünürsən.
Yeni
ideyaların yaranmasını isə sahibkar qadın "Tanrının vergisi” adlandırır: "Bu da
vergi kimidir. Beş şəklə baxanda onların içərisindən yeni bir ideya ağlıma gəlir.
Sadəcə, çalışmaq, özünü bu işə həsr etmək, axtarışda olmaq və ən əsası
dayanmamaq lazımdır. «Mən işimi qurmuşam, deyə oturmaq olmaz. Həm öz üzərində,
həm də işinin üzərində işləmək lazımdır. Hərdən mənə tənə ilə «Niyə hər şeyin
dalınca özün gedirsən?» - deyirlər. Hər gün başa düşürəm ki, insan beş dəqiqə işindən
əlini çəksə, o iş artıq onun deyil. Dünyanın harasında oluramsa olum, telefonum
bir dəqiqə də sönmür”.
V.Muradzadə
həmçinin dövlət tədbirlərində, ölkə başçısının sahibkarlarla görüşlərində,
işgüzar forumlarda, xaricdən gələn prezidentlərlə, iş adamları ilə görüşlərdə
müntəzəm iştirak edir. Ölkəmizi xaricdə keçirilən tədbirlərdə təmsil edir.
Çıxışları və işi ilə ölkəmizdə sahibkarlığa, xüsusən qadınların bu sahədə fəaliyyətinə
yaranan şəraitlə onları tanış edir.
Hazırda
isə iş qadını mayın 16-dan 20-dək Türkiyədə keçiriləcək Ev tekstili sərgisində
iştirak etmək üçün qardaş ölkəyə yola düşüb: «Artıq 12 ildir ki, bu sərgi
keçirilir. Bu sərgini qaçırmaq bir illik çeşid qaçırmaq deməkdir. Bilirsiniz,
İstanbulun özündə belə istehsal sahəsi yoxdur. Dənizli, Kayseri, Bursanı, Əskişəhəri
qapı-qapı gəzənə qədər, onların materiallarının hamısını sərgidə görürsən. Bu,
istehsalı genişləndirmək, iqtisadiyyata yeni töhfələr vermək üçün fürsətdir”.
«Sahibkar
qadın olmaq çətindirmi?» sualına Vəfa Muradzadə tərəddüdsüz cavab verir: «Çətindir»
- deyir. «O zaman asanlaşır ki, işini sevəsən. Mənim belə bir sözüm var: «Bir həyat
yoldaşını, bir də işini özün seçməlisən. Əgər bunlar ürəyincə olmasa, 60
yaşında olsan belə, həyatında boşluq olacaq. Əgər yenidən işə başlasaydım, yenə
də bu seçimi edərdim. İşindən zövq almaq ən gözəl hissdir...”.
Təranə Məhərrəmova