Yüz ilin tarixi - Fotolar
"Bir əsrin xəzinəsi-Bakı Dövlət Universiteti 100
il” kitabı təqdim olunub
Noyabrın
15-də Bakı Dövlət Universitetində Siyasi elmlər üzrə fəlsəfə doktoru Günel
Məliklinin Bakı Dövlət Universitetinin 100 illik tarixinə həsr olunan "Bir əsrin xəzinəsi-Bakı Dövlət Universiteti
100 il” adlı kitabın təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözləri ilə
açan Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri,
professor, fəlsəfə elmləri doktoru İzzət
Rüstəmov kitabı
universitet haqda gözəl bir müntəxəbat kimi qiymətləndirdiyini bildirdi: "Bu
gün Bakı Dövlət Universiteti üçün əlamətdar bir gündür. 1919-cu ilin noyabrın
8-də Azərbaycan Dövlət Universitetinin
yaradılmasına dair qərar verildi. 1919-cu ilin noyabrın 15-də universitetdə dərslər
başladı. İndi biz universitetimizin 100 illiyini qeyd edirik. Doğma
universitetimizin rektoru Elçin Babayev
bu gün elmi şuranın iclasında hər birimizi təbrik etdi. Həyəcanımız və
sevincimiz çox yüksəkdir. UNESCO xətti ilə bütün dünyada universitetin 100
illik yubileyinə dair tədbirlər keçirilir. Təqdimatına yığışdığımız kitabda
doğma təhsil ocağımızın tarixi haqda ətraflı məlumat verilib. Kitabın tərtibatı
və dizaynı çox xoşuma gəldi. Kitab o qədər gözəl hazırlanıb ki, adam dönə-dönə
oxumaq istəyir. Hər şeydən əvvəl onu deyim ki, kitabı vərəqləyərkən 1919-cu
ildə indiki İstiqlaliyyət küçəsində olan binası yada düşür. Mən ilk müəllimlik
fəaliyyətim də 1955-ci ildə bu universitetdə başlamışam. Kitab həm də ona görə
dəyərlidir ki, müəllif, imkanları daxilində bütün əməyini sərf edib. Auditoriyada
tələbələrimə sual verərkən görürəm ki, onlar universitet haqqında tam məlumatlı
deyillər. Bu kitab universitetimiz haqda gözəl bir müntəxəbatdır. İstədiyin
dövrə aid istədiyin məlumatı əldə edə bilərsən. Universitetin rektorları haqda da
burada ətraflı qeydlər var. Onların hər biri bu elm məbədinin tarixində əvəzsiz
rol oynayıb. Müəllifə təşəkkür edir və ona uğur arzulayıram”.
Millət vəkili Hadi
Rəcəbli bildirdi ki, bu kitab fədakarlıq məhsuludur: "Hər
dəfə bu universitetə gələndə elmə olan məhəbbətimiz bir qədər də artır. Hər
dəfə bu təhsil ocağının ölkəmiz üçün nə qədər vacib olduğunu daha yaxşı başa
düşürük. Bakı Dövlət Universiteti böyük
bir elm mərkəzidir. Bu kitabın təqdimatını çox yüksək qiymətləndirir və hesab
edirəm ki, bu, fədakarlıq məhsuludur.
Günel xanım sözün əsl mənasında böyük arxiv materialları toplayaraq çap
etdirib. Bu da, böyük zəhmət tələb edir. Onun elmi rəhbəri olduğum üçün çox
sevinirəm. Hər dəfə mən də öz məsləhətlərimi verir, rəy bildirirəm. Mənim üçün
ən önəmli məsələ gənclərin elmə, təhsilə, seçdiyi peşəyə fədakar yanaşmasıdır. Bu, ən yüksək
göstəricidir. Bu kitabı çap etmək və ərsəyə gətirmək böyük məsuliyyət tələb
edir. Şanslıyam ki, mənim də bu universitetdə dərs demək imkanım olub. Günel
xanıma bu kitaba və əziyyətinə görə
təşəkkür edir, ən xoş arzularımı çatdırıram. Bakı Dövlət Universiteti hər zaman
yüksək keyfiyyətli kadrlar hazırlayaraq, digərlərinə də örnək olub”.
Sosial elmlər və
psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə də çıxış edənlər arasında idi: "Günel Məlikli təhsil aldığı müddətdə fəal tələbələrdən olub.
Tez-tez məqalə və mühazirələrlə çıxış edirdi. Bu gün biz onun üçüncü kitabının
təqdimatına yığışmışıq. Onun bu uğuruna sevinir, əziyyətini yüksək
qiymətləndiririk. Təqdimatına yığışdığımız bu kitabı böyük bir zəhmətin bəhrəsi
kimi qiymətləndirmək olar. Günel xanıma yeni-yeni uğurlar arzu edirəm”.
Kitabın müəllifi, Siyasi elmlər üzrə fəlsəfə doktoru
Günel Məlikli qeyd etdi ki, Bakı Dövlət
Universitetinin fəaliyyəti Azərbaycan elminin inkişafında böyük rol oynayıb: "Mən
də universitetin minlərlə məzunundan biriyəm və bununla hər zaman fəxr edirəm.
BDU hər zaman elm mərkəzi olub. Əksər elm ocaqları öz başlanğıcını bu
universitetdən götürüb. Ulu öndər Heydər Əliyev də BDU-nu yüksək
qiymətləndirir, onun yarandığı günün əlamətdar bir hadisə olduğunu söyləyirdi.
Universitetimiz Prezident İlham Əliyevin dövründə isə öz inkişafının yeni
mərhələsinə qədəm qoyub. Biz gənclər də doğma universitetin adını uca
tutmalıyıq”.
Şəbnəm Mehdizadə