• şənbə, 11 May, 07:24
  • Baku Bakı 12°C

YUNESKO-nun sessiyası Azərbaycan üçün uğurlu olub

02.12.14 17:41 1179
YUNESKO-nun sessiyası Azərbaycan üçün uğurlu olub
“Mədəniyyət və Turizm Nazirliyi bu gündən Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıqlara başlayır”. Bu fikirlər Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayevin iştirakı ilə YUNESKO-nun 9-cu sessiyasının Azərbaycan üçün nəticələrinə həsr olunan mətbuat konfransında səsləndi. Nazir qeyd etdi ki, Forumun Azərbaycan və beynəlxalq təşkilatlar tərəfindən gələn il mayın 20-21-də keçirilməsi qəbul olunub: «Heç bir ölkədə belə bir forum keçirilməyib ki, bir-biri ilə rəqabət aparan beynəlxalq qurumlar orada iştirak etsinlər”.
Forumun iki ildən bir keçirildiyini xatırladan Ә.Qarayev onun keçirilməsinin Azərbaycanın beynəlxalq sahədə imicinin formalaşdırılmasına müsbət təsir göstərdiyini qeyd etdi: “Real olaraq bütün dünyanın diqqəti Azərbaycana yönəlir”. Nazir Forumu YUNESKO, İSESKO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı, BMT və digər beynəlxalq qurumlar tərəfindən informasiya dəstəyi olan dünyəvi forum kimi dəyərləndirdi: “Burada hər bir təşkilatın özünəməxsus platforması və strateji proqramları olacaq”. Nazirin dediyinə görə, artıq Forumun keçirilməsi ilə bağlı bir neçə ölkədə təqdimat baş tutub: “Bu yaxınlarda ABŞ-da keçiriləcək təqdimatın hazırlıqları gedir. Bu forum beynəlxalq ictimaiyyəti cəlb edib. Azərbaycanın ən çox enerji daşıyıcıları ilə, nefti və qazı ilə əlaqələndirirlər. Ancaq ölkənin humanitar tərkibi heç də ondan aşağı deyil. Bu, bizim üçün prioritet bir sahədir. Azərbaycan bu gün həm də humanitar sahədə inkişaf edən ölkə kimi tanıdılmalıdır” - deyə nazir qeyd etdi.
Ə.Qarayev həmçinin Mədəniyyət və Turizm Nazirliyində yaxın zamanlarda müəyyən islahatların aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı. Belə ki, nazirliyin daxilində tarixi abidələrlə bağlı xüsusi qurumun yaradılması planlaşdırılır: “Bununla yanaşı, nazirlikdə informasiya şöbəsinin də yaradılması nəzərdə tutulur. Bu gün biz öz işlərimizi təbliğ edə bilmirik. Bu işdə KİV nümayəndələri də iştirak etməlidirlər”.
Kəlağayı YUNESKO siyahısında

Ə.Qarayev kəlağayının bu yaxınlarda YUNESKO-nun siyahısına salınmasını fərəhli hadisə kimi dəyərləndirdi: «Azərbaycan bir neçə ildir ki, öz incilərini bəşəriyyətin maddi-mənəvi siyahısına daxil edə bilir. Heç bir ölkə belə bir nailiyyəti əldə edə bilmir. Ancaq kəlağayının YUNESKO-da siyahıya daxil edilməsi ilə bağlı xəbərə ictimaiyyətdə sevinc reaksiyasını hiss etmədik. Biz öz qələbəmizlə sevinməyi bacarmalıyıq. Xalq bilməlidir ki, bu heç də asan iş deyil». Kəlağayı ilə yanaşı, xalçaçılıq, aşıq sənəti, milli tar, çövkan oyununun da YUNESKO-nun siyahısında yer aldığını xatırladan nazir «Biz bəzən öz işimizi geniş təbliğ edə bilmirik» - deyə qeyd etdi: «KİV bu işdə elə bir rol oynamalıdır ki, xalq bununla fəxr etsin. Çünki bu işin arxasında xalqın yaradıcılığı, dövlətin siyasəti və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq durur. Bu faktın ətrafında müsbət abı-hava formalaşdırmaq lazımdır. Bu proseslər daha geniş şəkildə təbliğ olunmalıdır. Əsas odur ki, biz Azərbaycan mədəniyyətinin qələbəsinə sevinək”. Ə.Qarayev qonşularımızın bütün vasitələrlə Azərbaycan və Türkiyənin mədəniyyətini mənimsəməyə və öz tarixi köklərinin dərindən gəlməsini sübut etməyə çalışdıqlarını vurğuladı.
Lavaş bütün regionda hazırlanır

Ə.Qarayev ermənilərin lavaşın onlara məxsus olması ilə bağlı YUNESKO-ya irəli sürdükləri iddiaya toxunaraq Azərbaycanın və Türkiyənin səyi nəticəsində Ermənistan tərəfindən beynəlxalq quruma daxil olan faylın ədalətli bir tərzdə qəbul olunmasına müvəffəq olduqlarını qeyd etdi: “Ancaq bizim mətbuatda «biz uduzduq», «lavaşı oğurladılar» kimi fikirlər yer aldı. Sonra Türkiyə mətbuatı bizim mətbuata istinad edərək bu barədə yazdı. Bu, istər Azərbaycan, istərsə də Türkiyə cəmiyyəti üçün lazımsız həyəcan doğuran bir şayiə idi. Bu, əslində ermənilərin sevincinə əsas verirdi. Biz gərək düşmənə qısa da olsa sevinmək imkanını verməyək. Nəhayət ki, YUNESKO-nun öz saytında yazdığı məlumatı bizim mətbuat da oxudu və problem çözüldü. Bu məsələ ilə bağlı həqiqət öz yerini tapdı”. Nazir real olaraq bu gün Ermənistanda da lavaş bişirildiyini diqqətə çatdırdı: “Heç kim bunu inkar etmir. Ancaq bundan başqa lavaş Azərbaycanda, Türkiyədə və digər ölkələrdə də bişirilir. Lavaşın hansısa bir millətə aidiyyəti haqqında söhbət gedə bilməz”. YUNESKO-nun bununla bağlı verdiyi qərara görə, lavaş bütün regionda hazırlanır və bu, ermənilərin eksklüziv çörəyi deyil.
Qiymətlər artmayacaq

Ә.Qarayev Bakı mehmanxanalarının I Avropa Oyunlarına hazırlıq səviyyəsini qənaətbəxş qiymətləndirdi: “Artıq Bakıdakı bütün hotellərdə müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər başa çatdırılıb. Problemlər yerindəcə həll olunur. Amma bəzi problemlər real olaraq var. Ölkədə belə monitorinqlər mütəmadi aparılır”. Bu gün Bakıda kifayət qədər beş ulduzlu hotelin olduğunu bildirən nazir artıq regionlarda da iki, üç və dörd ulduzlu hotellərin tikilməsinə maraq göstərildiyini bildirdi: “Biz sahibkarları konkret olaraq, iki, üç, yaxud dörd ulduzlu hotellər tikməyə məcbur edə bilmərik”. Azərbaycanda bir neçə turizm zonasının elan edilməsinin nəzərdə tutulduğunu qeyd edən nazirin sözlərinə görə, Nabran, Xızı, Lənkəran zonasında yerlər müəyyənləşdiriləcək və torpaqların sərhədləri müəyyən ediləcək. “Ondan sonra inşaat işlərinə müəyyən qədər təsir göstərə biləcəyik və orada neçə ulduzlu hotellər tikilməsini tövsiyə edə bilərik”.
Nazir Azərbaycanda hava şəraitinin qarlı keçib-keçməməsindən asılı olaraq, dekabrın 15-dən sonra qış turizm mövsümünün elan edilməsinin planlaşdırıldığını diqqətə çatdırdı. Belə ki, nazirliyin Turizm şöbəsi Şahdağ Qış-Yay Turizm Kompleksi İdarəsi ilə birlikdə turizm mövsümü ilə əlaqədar turizm şirkətlərinin nümayəndələri üçün xüsusi treninqlər keçirəcək: “Həm Şahdağ, həm də Tufandağda əsas narazılıqlar xizək sürülməsi üçün geyimlərin verilməsi ilə bağlı olur. Bunun üçün hər adama azı 15-20 dəqiqə xidmət etmək tələb olunur. Ona görə də birdən-birə 100-200 adama xidmət göstərmək olmur. Keçən il yanvarın 1-də 1800 adam xizək sürməyə gəlmişdi. İstər-istəməz növbələr yaranırdı”.
Nazir qeyd etdi ki, bu problemin həlli üçün bu il turizm şirkətləri xizək sürməyə getmək istəyən insanların geyim ölçülərini qabaqcadan alacaq və bu məlumatları Şahdağ Qış-Yay Turizm Kompleksinin İdarəsinə verəcək. Bunun nəticəsində gələn turistlərə əvvəlcədən hazırlanmış və nömrələnmiş geyimlər veriləcək.
Ә.Qarayev turizm kompleksində qiymətlərə toxunaraq bu il Şahdağ Qış-Yay Turizm Kompleksində xidmətlərin qiymətlərində artımın olmayacağını bildirdi: “Keçən il həm Şahdağ, həm də Tufandağda qış mövsümündə insanların əlindən tərpənmək mümkün deyildi. Hansı sahibkar o qədər insan olduğu halda, qiymətləri aşağı salar? Bu, mümkünsüzdür. Bu il burada daha çox ceşidli və keyfiyyətli xidmətlərin təqdim edilməsi nəzərdə tutulur”.
Nazir türk xalqlarının mədəniyyətləri ilə əlaqəli birgə faylların da hazırlandığını qeyd etdi: «Biz onların geniş təbliğatına nail olacağıq». Ə.Qarayev mədəniyyətlərarası dialoq forumu və YUNESKO siyahısına daxil olan incilərimizlə bağlı KİV üçün ən yaxşı veriliş və məqalə müsabiqələrinin elan olunacağını da qeyd etdi: “Media bu məsələləri araşdırmalı və xalqa çatdırmalıdır”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər