Yüksək zövqlərə xitab edən adam
Tanınmış televiziya aparıcısı, diktor, rejissor, ssenarist və esseist
Rafiq Həşimovun bugünlərdə - avqustun 11-də 50 yaşı tamam olacaq. Uzun
zamandan bəri fəal çalışdığı televiziya sahəsində və bütövlükdə çağdaş
ədəbi-mədəni mühitimizdə Rafiq Həşimovun özünəməxsus yeri, sayılıb-seçilən
mövqeyi var. Həyat və fəaliyyət yoluna nəzər salanda tam dəqiqliyi ilə aydın
olur ki, bu mövqeyə o, özünün parlaq istedadı və digər üstün şəxsi
keyfiyyətləri, xüsusən də, bir neçə onillik boyu aramsız davam edən gərgin
yaradıcı zəhməti hesabına yüksəlib.
Rafiq
Məhəmməd oğlu Həşimov 1966-cı ildə anadan olub. 1985-ci ildə Bakı
Rabitə-Elektro Texnikumunun "Televiziya və radio texnikası” fakültəsini
bitirib. 1985-87-ci illərdə hərbi xidmətdə olub. Azərbaycan Dövlət Teleradio
Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi fəaliyyətə başlayıb. Sonradan videooperator, montajçı kimi çalışıb. 1997-ci
ildə Baki Dövlət Universitetinin "Jurnalistika” fakültəsini bitirib. 1990-cı
ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir. Bu illər ərzində
"Xəbərlər”in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr” müəllif proqramının,
"Səhər” proqramının aparıcısı olub. Nitq mədəniyyəti ilə bağlı "Space”,"Lider”və"Xəzər” telekanallarında aparıcılara və müxbirlərə məşğələlər
keçib, "Xəzər” Universitetində dərs deyib. Ssenariləri əsasında bir çox ekran
əsəri ("Səyyahın gündəliyi”, "Günəş və bulud”,
"İki əsrin fenomeni”, "Gözümün işığı”, "Diktor”, "Odlar torpağının
suyu”...) yaradılmış R.Həşimov 2011-ci ildə,Mədəniyyət və
Turizm Nazirliyininsifarişi ilə, şəhid Fuad Əsədov
haqqında "Yarımçıq gündəlik” bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli
Azərbaycan rəssamı Səttar Bəhlulzadədən bəhs edən "Səttarın Azərbaycanı”
sənədli filmini çəkib. "XX əsr” adlı kulturoloji müəllif proqramının
müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə
həsr olunmuş filmlər və verilişlər hazırlayıb.Ümummilli LiderHeydər Əliyevin4
noyabr 1998-ci il tarixli fərmanı
iləAzərbaycan Respublikasının Əməkdar Artistifəxri adına layiq
görülüb.
Ədəbi
fəaliyyətilə də seçilən Rafiq Həşimovun hekayələri ("Yuva”, "Bir saat”,
"Allahdan qorxurdu”, "Körpü”, "Qaraböcək”...), esseləri ("Kitab”, "Söz”,
"Tarix”, "Uşaqlar”, "Zəhra ilə söhbət”...), eləcə də Herman Hesse, Xorxe Luis
Borxes, Çeslav Miloş və
digər ədiblərdən tərcümələri nüfuzlu dərgilərdə, qəzetlərdə çap olunub.O,
2008-ci ildənAzərbaycan Yazıçılar Birliyininüzvü, 2014-cü ildən AYB Bədii Tərcümə və Ədəbi
Əlaqələr Mərkəzinin sədr müavinidir. Bu günlərdə 50 yaşı olan Rafiq Həşimov
barədə söz və sənət adamlarının fikirlərini
təqdim edirik:
Fuad Poladov
Xalq artisti
Mən Rafiqi yalan olmasın, keçən əsrdən tanıyıram.
Təxminən 25-30 ildi. Bizim tanışlığımızın səbəbkarı bizim bir ümumi dostumuz
vardı, Niyazi Aslanov, indi dünyasını dəyişib, o olub. Ona qədər biz
bir-birimizi tanıyırdıq, bir-birimizə münasibətimiz yaxşı idi, amma əsas dostluğumuz
o vaxtdan başlayıb. Onda olan alicənablıq, ziyalılıq, mərdlik, təmkin həmişə bu
illər ərzində məni özünə cəlb eləyib. Hər bir insanın çətin məqamları olur,
Rafiqin də həyatda çox çətin məqamları olub. Mən hələ bir dəfə onun səsinin
qalxdığını, ucadan nəsə danışmağını görməmişəm. Hətta o kritik məqamlarda belə
o, öz təmkinini, öz ağayanalığını
saxlayan oğlandır. Qibtə olunası cəhətdir. Rafiqin bu keyfiyyəti çox
xoşa gələndi. Az adamlarda olan keyfiyyətlərdəndi bu. Əsl kişiyə mənsub olan
keyfiyyətlərdəndi.
Rafiq Azərbaycan televiziyasının diktor məktəbinin
ən ləyaqətli nümayəndələrindən biridir. Düzdü, hər bir diktorun öz yeri var,
amma mən deyərdim, Rafiq Hüseynovdan sonra, Azərbaycan teatrında necə deyirlər,
müqəddəs yer boş qalmır, o yeri tutanlardan biri, davamçılardan biri Rafiq məhz
Həşimovdu. Bir dəfə bizim tanışlarımızdan biri yaxşı bir söz dedi ki, Rafiq,
sən televizora tez-tez çıx. Çünki dediklərin bəzən düz çıxmasa da, adamlar sənə
inanır. Onun üzündə etimad olunacaq bir insanın siması var. Rafiqi görəndə nurlu simalar yadıma düşür,
necə ki, indi baxırıq o şəkillərə, görürük hamımın üzündən nur yağır, bax Rafiq
də həmin adamlardandı. Elə bil ki, bu dövrün adamı deyil. Və mənə elə gəlir ki, Rafiq Həşimovu bizim
tamaşaçılarımız hələ yaxından tanımırlar. Onun çox gözəl keyfiyyətləri var ki,
mən arzu eləyirəm ki, 50 yaşdan sonra, yarım əsr bu dünyada yaşayandan sonra da
Rafiq bu həyatda öz yolunu necə tutub, elə həmin ləyaqətlə də davam elətdirsin.
Səlim
Babullaoğlu
Şair
Rafiq Həşimovun usta ssenarist
və esseist, rejissor, istedadlı tərcüməçi, dərin və maraqlı şeirlər müəllifi
olduğunu bilənlərin sayı, onu görkəmli telejurnalist, diktor, aparıcı kimi
tanıyanların sayından, təəssüf ki, qat-qat azdır. Bunun əsas səbəbi isə,
Rafiqin, bir insan kimi, əvəzolunmaz keyfiyyətlərindən olan təvazökarlığıdır.
Mənim təəssüf hissim Rafiqin təvazökarlığına görə deyil və bu da, yəqin,
anlaşılandır. Rafiq yaxşı oğul, yaxşı qardaş, yaxşı ata, yaxşı dost, yaxşı
vətəndaşdır. Ömrünün yarısı qədər onunla dostluq edən bir insan olaraq, mən bu
sadaladıqlarımı onda hər bir məqamda yaxından müşahidə eləmişəm. Ürəklə deyə
biləcəyim bir şey də var: Rafiq cəmiyyətdəki, dünyadakı elə insanlardandır ki,
ona baxıb doğru səmtə, dürüst yönə düzlənmək olar.
Allah ona insanlarda dərin etimad oyadan işıqlı sima
və qəlblərə sirayət edən səs verib. Və nə yaxşı ki, öz işinin həqiqi, böyük
peşəkarı kimi, Rafiq, Allahın ona verdiyi bu keyfiyyətlərdən sui-istifadə
eləməyə çalışmayıb...
Bir
dəfə bir yazıçıyla söhbətləşirdik. Əsərlərini yarıkönül və perpendikulyar oxumuşdum... Birdən dostum
elə onun yanındaca kitabını ixtiyari bir yerdən açdı, gözəl, səlis nitqiylə
oxumağa başladı. Mənə elə gəldi ki, kimsə Folknerin mətnlərini oxuyur və mən
dinləyirəm. Sonra bu hadisə haqqında çox fikirləşdim... Bu sevginin
işartısıydı. Yox, mən səsə aldanmamışdım, səslə işləyən adam kimi bu yanlışdan
uzaqdım, amma mən heç kimdə nə o vaxta qədər, nə də sonra adi, gündəlik sözə bu
qədər məsuliyyətlə, sevgi ilə yanaşan ikinci adam görməmişdim. Onun nitqi
lüğətlərə, lüğətlərdəki ən azişlək sözlərə bəraət qazandıracaq qədər dürüstdür,
dolu və dərindir.
Sözləri düzgün oxumaq ahəng
qanunlarına, vurğulara doğru-dürüst riayət eləmək deyil yalnız. Sözləri düzgün
oxumaq onları anlamaq, bu anlayışları sanki xeyirin və şərin o biri üzündən
başa düşərək qəlbə endirməkdir. Yalnız bu halda mətn düzgün oxunur. Rafiq
Azərbaycan televiziya tarixində bunu bacaran, hər halda, mənim tanıdığım yeganə
insandır.
Mən indiyəqədərki ömrünün tən
yarısı mənim ömrümün isə yarıdan çoxu qədər dostluq etdiyim əziz dostumu 50
illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Qoy, uzun və məsud yaşasın!
Ceyhun Əli
"Axşamınız
xeyir, hörmətli tamaşaçılar, xanımlar və cənablar, analar və atalar, bacılar və
qardaşlar..." Bu salamlaşma və xitabdan sonra adətən cavab gözləyirik.
Hətta etdiyimiz müraciətin fərqinə varmadığımız məqamlar da olur. Çünki,
çatdırmaq istədiyimiz məlumat, fikir və nəsə bizim üçün daha çox önəm və məna
daşıyır, nəinki xitabımız. Amma sözü kəlam səviyyəsinə yüksəltməyi bacaran və
qüdrətdən düşməyə qoymayan insanlar sözdən əvvəl musiqinin yarandığını dərk
edənlərdir... Bizi "baba müəllim" deyə xitab etdiyimiz televiziyanın
klassiki Rafiq Hüseynli tanış etmişdi. Telefon vasitəsi ilə. İlk tanışlığımız
çox kiçik, fəqət kitablar və çəkiliş kasetləri ilə dolu bir otaqda baş tutdu.
Tələbələrini də bu otaqda qəbul edərdi. Mən hansısa bir mətni oxumalı və onun
qiymətləndirməsini gözləməli idim. O, təxminən mənim indiki yaşımda idi.
Diqqətlə dinlədi və "hələ bir-neçə ay nitqin qoxusunu və ətrini hiss
edəcəksiniz", söylədi... Tələbə kimi qarşısında dayandığımız dövr onun
iztirab çəkdiyi bir dönəmə təsadüf etmişdi. Bu barədə heç vaxt danışmır, biz
sadəcə bunu hiss edirdik... Rafiq Həşimov haqqında danışmaq çox çətindir.
Çünki, onu hər zaman insanın ruhi halı və daxili dərəcəsi düşündürüb...Və O, belə
yaşayır. Dünyada ən sürətli məfhumun fikir olduğunu özünə isbat etmək
iztirabsız mümkün deyil. - Baba, sən niyə kədərlisən? - Bəlkə də ona görə ki, sən
güləsən, bala... O, həm də dialoqlarla və dialoqlarda yaşayır. Nitqin səslənən
tərəfini yazıya köçürdükdə eyni şəkildə dəyərdə qala bilməsi üçün. Çünki, həyatın
"söz deyiləndə yaşayır, yazılanda ölür" mərhələsini adlayıb artıq...
Cürətimə görə, məni bağışlamasını rica edirəm, amma teleməkanda artıq onu
soyadını səsləndirmədən belə çağıra bilirik. Vaqifin cazı, Alimin ifası kimi,
Rafiqin səsi, nitqi və dəst-xətti ifadəsi yaşamaqdadır. Peşəkar aparıcı və
jurnalist olmaqla yanaşı, bu imza rejissoru olduğu filmlərdə də həyat tapıb...
Özü ustalıqla yazdığı ssenarilərindən, filmlərindən bəhs etmir. Çünki, rejissor
insanlarla ekranlaşdırdığı filmlərin dili ilə danışırsa, demək susqunluğu da
ünsiyyətdir... Sözün əvvəlinə və sonuna təsvir yaradan kəlmələri yaşamadan
əlavə etmək mümkün deyil. Rafiq Həşimov həyatını televiziyanın özü kimi söz, təsvir
və musiqinin vəhdətini axtarmağa həsr edib... Bir əsrin yarısında özü ilə bərabər
övladları da onun haqqında danışır. Bu, onun 20 ildən artıq yaşayan
proqramları, hekayələri, filmləridir... Sizə təşəkkür edirəm. Sözü təsvir
dərəcəsində səsləndirdiyiniz üçün... Dostluğu incəsənət səviyyəsinə
yüksəltdiyiniz üçün... Kitablara sığınıb, özünüzü qoruduğunuz üçün...
Fərid Hüseyn
Doğma insanlara bizdə "yaddaşsızlıq
yaradır”: harda tanıyırsan, necə tanıyırsan əksərən bunlar xatirindən silinir,
yaxud detallı qalmır. Çünki nə zaman doğmalaşmağın "qəfil tarix”dir və həmən
tarix məlum günləri ikinci plana keçirir. Hər şey o doğmalaşdığın tarixdən
hesablanır, fəqət ruh, bağlandığı günün tarixçəsini "qeyd eləmir”. Ömrüm az olduğuna görə Rafiq Həşimovu çoxdan
tanımıram, amma yaxın 5-6 il içərisində onu ürəyim çox istəyib…
Rafiq Həşimov tərcüməçi kimi
seçdiyi mətnlərlə, naşir kimi layihə rəhbəri olduğu "Xalq əmanəti” seriyası
ilə, sevdiyi müəlliflə - Herman Hesseylə, çəkdiyi filmlərlə, aparıcılıq
fəaliyyəti ilə heç də "rəngarəng deyil”, çünki o, əslində bir iş görür: Yüksək
zövqlərə xitab edir. Bundan sonrakı ömründə də onu həmin xitabət kürsüsündə
görmək diləyi ilə...