• cümə, 26 Aprel, 17:42
  • Baku Bakı 23°C

Yüksək texnologiya ilə tibbin əlaqələndirildiyi layihə beynəlxalq müsabiqədə

27.04.16 12:50 3332
Yüksək texnologiya ilə tibbin əlaqələndirildiyi layihə beynəlxalq müsabiqədə
Leyla Tağızadə: "Məsafədən tibbi xidmətlərin göstərilməsi həm vaxta, həm də maliyyəyə qənaət edir”

ABŞ Dövlət Departamenti və Amerika Elmə Dəstək Assosiasiyası (AAAS) tərəfindən hər il keçirilən Elm və Texnologiya üzrə Qlobal Sammit - 2016 GİST-də bu il ölkəmiz də iştirak edəcək. Azərbaycan müsabiqədə səhiyyəyə aid, innovativ HealthBox layihəsi ilə təmsil olunur. Layihə artıq müsabiqənin yarımfinalındadır.
Layihənin müəllifi isə ixtisasca nevropatoloq olan, hazırda isə "Hippokrat” tibb mərkəzinin icraçı direktoru vəzifəsində çalışan Leyla Tağızadədir. Redaksiyamızın qonağı olan L.Tağızadə ilə müsabiqədə iştirakı, təqdim etdikləri layihənin mahiyyəti, müsabiqənin açdığı imkanlar və s. istiqamətdə söhbət apardıq.
- İlk olaraq GİST müsabiqəsi haqqında danışaq...
- Bu elm və texnologiyada innovasiya üzrə qlobal təşəbbüsdür. 2011-ci ildən başlayaraq ABŞ Dövlət Departamenti tərəfindən hər il həyata keçirilir. Dünyanın hər bir yerindən innovativ layihələrə dəstək verilir. Bu il isə müsabiqəyə dünyanın 135 ölkəsindən 1075 ərizə qəbul olunub. Beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilən ərizələr yalnız 102-si yarımfinala keçib. Yarımfinala keçən namizədlərdən biri bizim komandadır. Bundan sonrakı taleyimiz isə ictimai səsvermədən asılı olacaq. Hər bir şəxs gün ərzində bir dəfə səs verə bilər. Səsvermə aprelin 1-dən başlayıb, mayın 1-ə qədər davam edəcək. Ötən il Azərbaycanı bu müsabiqədə Rəşid Əliyev təmsil edib. Bu il isə mən. Azərbaycandan layihəyə qatılan ilk xanımam.
- Layihəniz tiblə əlaqəli bir mobil proqramdır. Bu mobil proqramın mahiyyəti nədən ibarət olacaq?
- HealthBox əhalinin tibbi xidmətlərə əlçatanlığını yüksəltmək üçün işlənən mobil proqramdır. Bu proqram xəstələrə, öz sağlamlıqları ilə əlaqədar məlumatları, bilavasitə tibb müəssisəsinə və apteklərə göndərməyə imkan verən, mobil tətbiqdir. Layihə yüksək texnologiyanın tiblə əlaqələndirildiyi bir təşəbbüsdür. Bu hər bir istifadəçinin pulsuz olaraq "Google Play”, "Apple Store” mobil mağazalarından telefonlarına yükləyərək istifadə edə biləcəyi bir proqramdadır. Layihənin işə salınmasının ilkin mərhələsində əhalinin aptek şəbəkələrində olan dərmanlara əlçatanlığının təmin olunması üçün iş aparacağıq. Pasientlər onlara yazılan reseptləri skrinşot edib, proqram vasitəsilə ölkənin müxtəlif apteklərinə göndərə biləcəklər. Əvəzində apteklərdə olan dərmanlar və qiymətləri haqqında mobil telefonlarında birbaşa məlumat alacaqlar. İstəyə görə ünvana çatdırılma xidməti də olacaq. Hətta ən ucqar bölgələrə belə. İstəsələr onlara yazılan dərmanları olduqları yerə yaxın və qiymət cəhətdən daha əlverişli hesab etdikləri aptekdən alacaqlar. Bu proqramın başqa bir üstünlüyü odur ki, ucqar dağ rayonlarında yaşayan insanların bəzən kəndlərində hətta 100 kilometr yaxınlığında belə aptek yoxdur. Kənd əhalisi mobil telefonundan istifadə edərək, dərman preparatlarını evinə sifariş edə bilər. Tutaq ki, gecə uşaq xəstələnir və evdə heç bir dərman preparatı yoxdur. Qısa zamanda mobil proqramla aptekdən dərmanı evə sifariş etmək mümkün olacaq.
- Bu sistemi bizdə tez bir zamanda qurmaq mümkün olacaqmı?
- Biz buna ümid edirik. Layihənin tez başa çatması aldığımız maliyyədən asılı olacaq. Bu müsabiqə həm də bir şansdır. Qlobal sahibkarlıq sammitində dünyanın hər yerindən olan investorlar iştirak edib, layihələrlə maraqlanırlar. Biz finala çıxıb onların diqqətini cəlb etsək, əlbəttə ki, maliyyə dəstəyi də ala bilərik. Maliyyə dəstəyinin hesabına layihəni tez bir zamanda təqdim edə bilərik.
- Dünya təcrübəsində bu cür layihələr tətbiq olunurmu?
- Tamamilə bizi təkrar edən, yaxud bizim təkrarladığımız hansısa layihə yoxdur. Oxşar rəqiblərimiz var. Qida əlavələri satışını həyata keçirən onlayn mağazalar var ki, onların vasitəsilə xarici ölkədən dərman sifariş etmək olur. Lakin bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yerləşmişik və təcili çatdırılma da təqdim edirik. Xarici bir saytdan dərman sifariş edirsinizsə, gəlib çıxması ən azı 40 gün çəkir. Ünvana çatdırılmır və onu poçtdan götürməlisiniz.
- Çatdırılma zamanı qiymətlər necə olacaq? Münasib olacaqmı?
- Ümumiyyətlə, bizim layihənin məqsədi dərman satışını həyata keçirmək deyil. Sosial tipli proyekt olaraq. Biz apteklərlə vətəndaşlar arasında vasitəçi olacağıq. Dərmanların qiymətinə heç bir məsuliyyət daşımırıq. Biz əhalinin dərmanlara əlçatanlığını yüksəldirik. Adi vaxtda hansısa dərmanı tapmaq üçün bəzən saatlarla aptekləri gəzirlər. Amma bu proqram həm də vaxta qənaət etməklə dərmanın olduğu apteki müəyyənləşdirməyə kömək edəcək. Apteklər təbii ki sifarişlə dərman çatdırılması həyata keçirəcəklərsə, yəqin ki bu zaman dərmandan əlavə, çatdırılma üçün də məsafəyə görə müəyyən məbləğ əlavə olunacaq.
- Bəs həkimlərin əlyazması necə oxunacaq?
- Əslində həkimlərin əlyazmasını pasientlər oxuya bilmir. Aptekdəkilər onu gözəl oxuyurlar. Amma bizdə xətti tanıma proqramı da təklif ediləcək. Bununla resepti daha asan oxumaq mümkün olacaq.
- Bəs ilkin mərhələ üçün uğurlu alınsa, layihənin davamı necə olacaq?
- Əgər ilkin mərhələ uğurlu alınsa, xəstələr sağlamlıqları haqqında müəyyən məlumatları bu proqram vasitəsilə birbaşa xəstəxanaların sahə, yaxud müalicə həkimlərinə göndərib, həkimlərdən mobil olaraq konsultasiya ala biləcəklər.
- Bu proqramla əməkdaşıq edən həkimlər, sistemə qoşulan apteklər olacaq?
- Bəli.
- Sizcə, həkimlər belə bir konsultasiyaya pulsuz razı olacaqlarmı?
- İlkin olaraq biz bunu ödənişsiz nəzərdə tutmuşuq. Əlbəttə ki, həkimlərin bunu etməyə hazır olub-olmadığını araşdıracağıq. Bu, qarşımıza qoyduğumuz məqsədlərdən biridir.
- Düşünürəm ki, həkimlərin bu cür mobil məsləhət verməsində maliyyə məsələlərinə gediləcək...
- Azərbaycanın qarşısına qoyduğu məqsədlərdən biri də tibbi sığortanın tətbiq olunmasıdır. Tibbi sığorta üzərindən bu xidmətin ödənişsiz həyata keçirilməsi mümkün olacaq. Məsafədən tibbi xidmətlərin göstərilməsi həm vaxta, həm də maliyyəyə qənaət edir. Keyfiyyət heç də canlı konsultasiyadan geri qalmır. Xaric ölkələrin çoxunda tibbi sığorta bu xidmətlərin xərcini qarşılayır. Çünki bu adi xidmətdən daha tez və daha ucuz qiymətə başa gəlir.
- Layihəniz finala keçmək üçün nə dərəcədə iddialıdır?
- Müsabiqəyə elmin və texnologiyanın müxtəlif sahələrinə aid layihələr təqdim olunub. Təhsil, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyalarına və s. Səsvermə ilə bağlı biz hər həftə hesabat təqdim olunur. Aprelin 20-nə olan səsverməyə görə 8-ci yerdəyik. 102 layihədən ilk 30 yerdə qərarlaşan layihələrin finala keçəcəyini nəzərə alsaq, şansımız pis deyil.
- Bəs finala keçsəniz qaliblər yenə ictimai səsvermə əsasında müəyyənləşəcək?
- Yox. Artıq finala vəsiqə qazanan 30 layihə Kaliforniya ştatında Stenford Universitetində həyata keçirilən qlobal elm və texnologiya üzrə sammitdə təqdim olunacaq. Biz də bu mərhələni keçsək, o sammitdə layihəmizi təqdim edəcəyik. Təqdimatlarda isə layihələri həmin sahə üzrə münsiflər heyəti qiymətləndirir. Təcrübələr göstərir ki, hətta qalib olmayan layihələr də maliyyə cəlb edə bilirlər. Bu müsabiqədə layihənin tanınıb investisiya əldə etmək şansı çox olur. Hər il qlobal sahibkarlıq üzrə sammitinin açılışını ABŞ prezidenti Barak Obama edir. Bu il də açılışı B.Obamanın edəcəyi gözlənilir.
- Bəs bu layihədən başqa hər hansı reallaşdırmaq istədiyiniz başqa bir ideyanız varmı?
- Layihələrimiz çoxdur, bunun üçün isə maliyyə dəstəyi, komanda lazımdır. Sağlamlığa aid layihələrimiz var ki, onları da həyata keçirmək planımız var. Bir layihəmiz haqda danışmaq istəyirəm. Bu layihəyə görə, əlil insanlar beyin siqnallarından istifadə edərək cisimləri idarə edə biləcəklər. Məsələn, şüurun gücü ilə işığı yandırıb söndürmək. Nevrologiyada Elektroensefaloqrafiya (EEQ) deyilən xüsusi müayinə üsulu var. O, beyin fəaliyyətini oxuyur. Biz nə hərəkət ediriksə, yaxud nə isə düşünürüksə, beyin yazımız ona uyğun dəyişir. O proqram insanın hər bir hərəkətinə uyğun beyin yazısını oxuyub, ötürücülər vasitəsilə internetlə əlaqəli olan predmetlərə, yaxud hadisələrə ötürəcək. Yəni başda çəmbər kimi bir şey olacaq. O aparat siqnalı aparata ötürəcək və bununla işığı söndürüb-yandırmaq, elektrik çaydanını yandırmaq, yaxud soyuducuya hansısa komanda vermək mümkün olacaq. Biz bunun da üzərində işləyirik. Gələcəkdə əlillər, hətta sağlam insanlar da bundan istifadə edə biləcəklər. Bu ideyanın bir çox sahələrdə tətbiqi imkanları var. İnsan öz şüurunun gücündən istifadə edərək təyyarələri və qatarları idarə edə bilər. Bu cür layihələrin kütləvi işə salınması üçün maliyyə lazımdır. Avadanlığın istehsalı üçün bizdə zavodlar yoxdur. Bu cür istehsal ən çox Çində var. Çindəki fabriklərə test üçün bir-iki nümunə sifariş vermək üçün böyük maliyyə tələb olunur.
Qeyd edək ki, aşağıdakı linkə daxil olmaqla təmsilçimizə səsvermək olar. Hər kəsin may ayının 1-nə qədər gün ərzində bir dəfə səs vermək hüququ var. Bu hüququmuzdan istifadə edib, həmyerlimizə dəstək olaq.
http://www.gistnetwork.org/tech-i-semi-finalists-voting
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər