• çərşənbə axşamı, 19 mart, 06:08
  • Baku Bakı 8°C

Yüksək rəqabətlilik şəraitində keçən seçki

29.01.20 15:38 3762
Yüksək rəqabətlilik şəraitində keçən seçki
Namizədlərin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələlərinin təhlili onu deməyə əsas verir ki, seçkilərin demokratikliyinə, şəffaflılığına xələl gətirə biləcək tendensiya müşahidə olunmur
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-a təyin olunub. Bu barədə qərar mediada ictimailəşdirildikdən sonra qanunla müəyyən olunmuş vaxt ərzində namizədliyin irəli sürülməsi prosesinə başlanılıb. Ali təhsili olan və olmayan, partiya təmsilçisi, yaxud bitərəf olub-olmamasından asılı olmayaraq çoxsaylı vətəndaş bu prosesə qoşulub. Nəticədə indiyə qədər keçirilən parlament seçkilərində müşahidə edilməyən bir mənzərə yaranıb. Rekord sayda şəxsin deputatlığa namizədliyi irəli sürülüb. Budəfəki seçkidə 20-dən artıq siyasi partiyanın iştirak etməsi, yüzlərlə tərəfdarını namizəd olaraq irəli sürməsi də növbədənkənar parlament seçkisinə olan diqqətin göstəricisidir. İstər namizədliyin irəli sürülməsində, imza vərəqlərinin götürülməsi və təhvil verilməsində, istərsə də namizədliyin qeydə alınmasında və təbliğat-təşviqat işinin gedişində hər hansı ciddi qanun pozuntusuna rast gəlinməyib. Namizədlərə bərabər imkanlar yaradılıb, demokratik prinsiplərə maksimum səviyyədə riayət olunmasına çalışılır.
Ola bilsin haradasa nə vaxtsa xırda nöqsanlar olsun. Lakin əsas məsələ pozuntuların sistem xarakteri daşımaması, kütləvi hal almaması və seçkilərin nəticəsinə təsir göstərməməsidir. Hazırda Azərbaycanda keçirilən parlament seçkilərinin namizədliyin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələlərinin təhlili onu deməyə əsas verir ki, seçkilərin demokratikliyinə, şəffaflılığına, bərabərlik və ədalət prinsiplərinin təmin edilməsinə xələl gətirə biləcək tendensiya müşahidə olunmur. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, seçkilərdə iştirak üçün 2431 nəfər müraciət edib, seçkilərdə qeydiyyata alınan namizədlərin sayı 1374 nəfərdir, onlardan 248 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir. Bu, parlament seçkilərinə cəmiyyətdə böyük maraq olduğunu, rekord sayda namizədlərin seçki prosesinə qatıldığını göstərir.
Bütün yaşayış məntəqələrində seçicilərlə görüş üçün ən münasib yerlər ayrılıb, namizədlər öz seçiciləri ilə görüşmək imkanına malikdirlər və bu imkanlardan yetərincə yararlanırlar. Namizədlər hər bir yaşayış məntəqəsində xüsusi ayrılmış yerlərdə təşviqat materiallarını yerləşdirirlər. Bununla yanaşı, 40-dan artıq media orqanı ödənişli təşviqatda iştirak etmək üçün MSK-ya müraciət edib. Hazırda mediada namizədlərin intensiv təşviqat materiallarının getdiyini açıq müşahidə etmək olar. Budəfəki seçkini 41 beynəlxalq qurumdan, 44 ölkənin vətəndaşlarından ibarət 409 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı 54 min 292 nəfərdir. Bu, seçkilərə həm beynəlxalq aləmin, həm ictimaiyyətin böyük marağının olduğunu göstərməklə yanaşı, həm də ciddi ictimai nəzarət mexanizminin təmin edildiyini təsdiqləyir. KİV-lərin və sosial medianın hətta səthi monitorinqi onu deməyə əsas verir ki, namizədlər fəal təşviqat kampaniyası aparırlar.
Reallıq bundan ibarətdir ki, 1374 namizəddən yalnız 125 nəfər xalq tərəfindən millət vəkili seçiləcək. Bu səbəbdən rəqabət çox güclüdür. Belə bir mühitdə bəzi namizədlərin öz rəqiblərinə qarşı qeyri-qanuni üsullardan istifadə etməsi faktları da mümkündür. Hətta bəzi hallarda plakatların cırılması hallarına da rast gəlinə bilər. Belə bir hal ilə üzləşən istənilən namizədin seçki orqanlarına müraciət etmək hüququ var. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, hər hansı neqativ halla bağlı MSK-ya müraciət daxil olsa, buna baxılacaq, ciddi qanun pozuntusu aşkar edildiyi halda buna yol verən şəxsin namizədliyi ləğv olunacaq. Birmənalı olaraq bu da qeyd olunub ki, seçicilərin hansısa yolla ələ alınması qanunvericiliyə ziddir və buna heç cür imkan verilməyəcək. Onu da vurğulamaq yerinə düşər ki, yüksək rəqabətlilik şəraitində keçən bu seçkidə iştirak edən namizədlər öz potensiallarını nümayiş etdirirlər. Heç şübhəsiz, Azərbaycan dövləti Milli Məclisə seçkilərə qatılmış namizədlərin bu potensialını yüksək qiymətləndirir. Böyük ehtimalla onları ehtiyat kadr bankı hesab edir və qarşıdan gələn dövrdə ictimai rəydə özlərini təsdiq etmiş, lakin Milli Məclisə üzv seçilə bilməmiş bu insanların imkanlarından yararlanmaq niyyəti ortaya qoyulacaq.
Lakin əfsuslar olsun ki, qaraguruhçuluğu özünə həyat tərzi seçən radikal müxalifət hər zaman olduğu kimi indi də seçkinin demokratikliyinə, şəffaflığına kölgə salmaq niyyəti ilə dəridən qabıqdan çıxır. Parlament seçkilərə qatılan bəzi siyasi partiyalar, xüsusən də Müsavat və REAL partiyası təmsilçiləri təbliğat-təşviqat mərhələsində bir sıra pozuntuların olmasını iddia edirlər. Bu iddialar sırasına bərabərlik prinsipinin pozulması, görüşlərin təşkilində inzibati resurslardan istifadə olunması, seçicilərlə görüşlərə maneçilik törədilməsi, plakatların cırılması, seçicilərin ələ alınması və sair iddialar daxildir. Ancaq bəzi siyasi partiyaların və namizədlərin seçki pozuntuları, xüsusilə də hakimiyyət orqanlarının seçki prosesinə müdaxiləsi barədə iddiaları heç bir faktlara əsaslanmır, sadəcə, mümkün məğlubiyyətdən sığortalanmaq məqsədi güdür. Bir qədər əvvəl vurğuladığımız kimi, belə faktlar müəyyən olunarsa, qanunvericiliyə uyğun şəkildə seçki orqanına müraciət etmək problemin aradan qaldırılması üçün ən optimal variantdır.
Digər tərəfdən, bu da bir reallıqdır ki, heç bir ölkədə seçki prosesi qüsursuz olmur, bu və ya digər şəkildə namizədlər tərəfindən prosedur qaydalarının pozulması, müxtəlif qeyri-qanuni üsullardan istifadə olunması və digər pozuntular və neqativ hallar müşahidə olunur. Hətta ən inkişaf etdmiş, demokratiyanın beşiyi hesab edilən ölkələrdə belə, bu kimi faktlar kifayət qədərdir. İnternet resurslardan yararlanıb kiçik bir axtarış etsək, bu barədə yüzlərlə materiala, fakta rast gəlmək mümkündür. Bütün bunları nəzərə alsaq əminliklə deyə bilərik ki, Azərbaycanda seçkiqabağı vəziyyət qənaətbəxşdir. Cəmiyyət, o cümlədən siyasi partiyalar, namizədlər, ekspertlər və politoloqlar tərəfindən bu, müsbət qiymətləndirilir. Qaraguruhçular istisna olmaqla, vətəndaşlar tərəfindən seçkinin yüksək fəallıq, rəqabət şəraitində, bərabər imkanlar, azad və sərbəst mühit təmin olunmaqla keçirildiyi xüsusi vurğulanır.
Siyasi şərhçi Sahib Alıyev "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, inzibati resurslardan istifadə olunması, hakimiyyətin guya seçicilərlə görüşə maneəçilik törətməsi barədə iddialar tamamilə əsassızdır. Onun sözlərinə görə, plakatların cırılması hallarına bəzi hallarda rast gəlinə bilər və bu halla hakim partiyadan olan namizədlər də qarşılaşa bilərlər. Siyasi şərhçi deyib ki, bütün hallarda qanunsuzluqlara rast gəldikdə dairə seçki komissiyası, mərkəzi seçki komissiyasına müraciətlər edilməli, müvafiq tədbirlər görülməlidir: "Mən Tərtər rayonundan deputatlığa namizədəm və indiyə qədər belə hallarla rastlaşmamışam. Ancaq ehtimal ki, başqa yerlərdə buna bənzər hallar olsun. Bu, arzuolunan hal deyil. Seçicilərin ələ alınması məsələsinə gəlincə, ola bilsin hansısa namizəd bu yola əl atsın, lakin həmin namizədlər arasında da müxtəlif şəxslər ola bilər. Bunu birmənalı olaraq hansısa partiya və təşkilatın ayağına yazmaq düzgün yanaşma deyil. Bu barədə konkret fakta rast gəlmədiyim üçün birmənalı fikir bildirmək qeyri-mümkündür. Buna baxmayaraq, bütün bu iradların nədən qaynaqlandığını müəyyənləşdirmək mümkündür. Seçicilərlə görüşdə onların reaksiyasından bu siyasi qurumların təmsilçiləri, yəni namizədlər artıq vəziyyətin hansı həddə olduğunu görürlər. Onlar qələbə qazanmaq üçün şanslarının minimum həddə olduğunu görürlər. Əslində bəzi xoşagəlməz bəyanatların səsləndirilməsi də buradan qaynaqlanır. Onlar uduzacaqlarını təxmin etdikləri üçün bir növ cığallıq edirlər. Buna bənzər bir situasiya ilə mən də qarşılaşmışam. Deputatlığa namizədlərdən üçü mənim əhali ilə görüşlərimə gələrək maneəçilik törətməyə çalışırdılar. Bu, etik normaları pozmaqla bərabər, seçki qanunvericiliyinə də zidd hərəkətdir. Həmin namizədlərdən biri yenə də seçki kampaniyama müdaxilə cəhdində bulunmaqda, açıq təxribatlara əl atmaqdadır. Lakin mən onun emosional, təxribatçı və etik normaları açıq şəkildə pozmaq cəhdinə əhəmiyyət vermirəm. Hətta onlar bəzi hallarda təxribatçı suallar verirlər ki, onu da obyektiv şəkildə cavablandırmağa çalışıram”.
Alpər İSMAYIL
banner

Oxşar Xəbərlər