• cümə axşamı, 18 aprel, 13:38
  • Baku Bakı 22°C

Yucin O’nilin “Qarağaclar altında məhəbbət” faciəsində “qəddarlıq və mülayimlik” qarşıdurması

24.05.20 13:30 1704
Yucin O’nilin “Qarağaclar altında məhəbbət” faciəsində “qəddarlıq və mülayimlik” qarşıdurması
Bu məqalədə Yucin O’nilin "Qarağaclar altında məhəbbət” əsərindəki "qəddarlıq və həlimlik” qarşıdurması nəzərdən keçiriləcək. Sözügedən qarşıdurmanı yaradan linqvoüslub üsuullar analiz ediləcək. Bundan başqa qəddarlıq və həlimlik təzadlarının personajların xarakterlərini necə aşkara çıxarması ön plana çəkiləcəkdir.
Yucin O’nilin məşhur "Qarağaclar altında məhəbbət” faciəsinin xüsusiyyəti müxtəlif növdə mövcud olan, bir-biri ilə ziddiyyət təşkil edən kişi və qadın, qaranlıq və işıq, qəddarlıq və həlimlik təzadlarının çoxluğu ilə seçilir. Bu yazıda əsas məsələ bu ziddiyyətləri önə çıxararaq onların əsərdəki əsas funksiyalarını təyin etməkdir. Oxucunun əsərdə qarşılaşdığı birinci təzad isə Efraim Kebotun evi və yaxınlıqda bitmiş qarağacdır.
Onun ətrafındakı daşdan inşa edilən, qəddarlıq, şiddət təəssüratı yaradan ev və divarlar boz rəngdədi. İki qarağac ağacı bu ərazidə yetişən yeganə ağaclardı. Onlar yumşaqlıq təcəssümüdür, yəni qadın başlanğıcıdır. Müəllifin onları qadınlarla – evin mühafizəçiləri ilə müqayisə etməsi təsadüfi deyil. O, sanki qarağacları insan hissləri ilə uyğunlaşdırır: "...onlar yorğun halda damın altında əyilərək saçlarını günəşin şüaları altında qurudan qadınları xatırladır”.
"Qarağaclar altında məhəbbət” əsərindəki hadisələr Yeni İngiltərədəki bir fermanın ətrafında cərəyan edir. Pyesin mərkəzində bir-birinə zidd qüvvələrin atanı, oğulları və onların gənc analığını qatı düşmənə çevirən torpaq uğrunda mübarizəsi dayanır. Mübarizə düşüncələrini və bir-birini, hətta özlərini ancaq çılpaq hesablara tabe olan insanlar kimi qəbul edən qəhrəmanların xarakterlərinin əsl tərəfini, onların qəlbini göstərir.
Pyesin uzun ekspozisiyadan sonra birbaşa başladığı səhnə pyesin əsas konfliktini – fermanı ələ keçirmək uğrunda mübarizəni nəzərə çatdırır. Efraim Kebotun oğulları Simeon, Piter və İben kölələr kimi dan yeri söküləndən günəş batana qədər xəsis olduğu qədər həm də zalım olan, artıq qocalmış olsa da fermanı əlindən vermək istəməyən atalarının fermasında çalışırlar. Oğullar əmindirlər ki, fermanın üçdə ikisi onlara məxsusdur, çünki onlar bu payları zəhmətləri bahasına qazanmışlar, Piterin kimi dediyi kimi "bu, onların bənizlərindən görünür”. Amma bu barədə ataya açıq şəkildə deməyə cəsarət etmirlər, çünki ondan qorxurlar. Kiçik oğul İben isə iddia edir ki, bütün ferma ona məxsusdur. Əslində isə, İbenin iddiası ədalətlidir – çünki bu ferma onun anasınındır, atası Efraim isə fermanı arvadından oğurlamışdır və indi qanuni varisi ora buraxmır.
O iddia edir ki, Efraim onun anasının pullarını da eynilə bu cür oğurlamışdır. Efraim isə İbenin iddiasını qohumlar arasındakı intriqa kimi izah edir, guya düşmənçilik onun oğlunun atasına böhtan atmasına səbəb olmuşdur. Amma pyesdəki obrazlar arasında bu cür qohum personaj yoxdur. Bundan başqa Efraimin mərhum arvadlarından (onlardan biri İbenin anasıdır) və Simeonun dünyasını dəyişən arvadından başqa digər qohumları heç kim xatırlamır. Buna görə də Efraimin intriqa ilə bağlı dedikləri onun mövqeyini zəiflətməklə bərabər, həm də İbenin mövqeyini möhkəmləndirir.
Əsərdə Kebotun fərqli qadınlardan dünyaya gələn oğulları bir-birilə qarşılaşdırılır. Kebotun böyük oğulları Simeon və Piter möhkəmliyi, rasionalizmi, dünyaya nəzəri baxışı təmsil edir. Onlar müəyyən qədər öz atalarına oxşayırlar (onun obrazı daha sonra nəzərdən keçirilir). Kebotun kiçik oğlu Ebin isə tamamilə fərqlidir. O, xəyalpərəstdi, qardaşlarından daha həssasdı, təbiətin gözəlliyini görməyi bacarır. Səmadakı ulduzlar onun Minniyə qarşı ötəri sevgisini yadına salır: "Budur bu, mənim ulduzumdur, bax orda isə onların – Simenonun, Piterin, bax orda uzaqda isə Minninin ulduzları parıldayır. Və biz hamımız eyni səmadayıq”.
Ebin özlüyündə romantikdi. Onun simasında hər şey üsyankarlıqdan, azadlığa can atmaqdan xəbər verir: "O, hündürboydur, əzələlidir, onun üsyankarlıq və ayıq-sayıqlıq ifadə edən, düzgün cizgiləri olan üz quruluşu var. Qara gözlərinin baxışları əldən düşmüş, amma tabe olmayan heyvanı yada salır. Hər gələn gün onun nəzərində içərisindən çıxa bilmədiyi qəfəsə bənzəyir”.
Beləliklə, Ebin qardaşlarına nisbətən çoxtərəfli qəhrəmandır. Onda qadın başlanğıcı üstünlük təşkil edir: emosionallıq, coşqunluq, həssaslıq. Simeonun, Piterin və Ebinin atası Efraim Kebot yetmiş beş yaşlı, güclü və enerjili, sərt, emosiyalara əhəmiyyət verməyən kişidir. Çətin həyat onu bu vəziyyətə gətirmişdir. Kebotun evi sahibinə uyğunlaşıb. Burada qadın əli hiss edilmir: hər şey səliqəlidir, amma çox sadədir və hətta bəzi hallarda kobuddur, evdə rahatlığı, istiliyi duymaq mümkün deyil: "Təmizdir, səliqəyə salınmışdır, amma bu təmizlik evə məxsus deyil, burada qadın əli hiss edilmir”.
Bu ev qadınların yeri deyil, Kebotun iki arvadı, bundan başqa Simeonun və Piterin həyat yoldaşları ərə getdikdən bir neçə il sonra vəfat etmişlər. Kebotun din anlayışı ilə xüsusi bağlılığı var. Onun Tanrısı zəhmlidir və hətta hansısa həddə qəddardır, amma eyni zamanda tənhadır və Efraimin özü kimi heç vaxt gülmür: "Tanrı – sərtddir, yumşaq deyil. O, daşların içərisindədir. "Qayada daşlardan kilsə inşa et, mən onun içərisində olacağam” – o, müqəddəs Pyotra bunu söyləmişdi”.
Kebot üçün bu evin inşa edilməsi müqəddəs borcdur. O, bunun xatirinə qərbə gedərək varlanmaq imkanından imtina edir. Qəhrəmanın çoxillik əməyi ilə yaranan mülk sahibinin anlayışına görə olduqca müqəddəs məkandır. Efraimin əsas dəyəri gündəlik zəhmət, təmkinlilik, mötədillik, zahidlikdir. "Möhkəm” dəyərlər bunlardır. Simeonla Piterin həyata baxışı tamamilə fərqlidir.
Kebotun evi onlar üçün həbsxanadır, burada onlar özlərini kölə olaraq hiss edirlər. Kebotun böyük oğullarının evi həmişəlik tərk etmək qərarına gəldikləri səhnə birinci hissənin sonuna təsadüf edir. Simeon və Piterin kiçik qardaşları Ebindən daha cəsarətli və nisbətən qeyri-romantik qəhrəmanlar olmalarına baxmayaraq, "yumşaq” başlanğıc da onlar üçün yad deyil: azadlığa can atma, özünəməxsus xəyalpərəstlik də (bu xəyaladalmalar pul haqqında bayağı arzulardan ibarət olsa belə) bu sıraya aiddir. Qardaşların atalarının qarşısında çıxışı uzun illərdən bəri toplanıb qalmış emosiyaların partlayışıdır.
"Simeon. Biz azadıq! Bizim nə sənə, nə də bu lənətə gəlmiş fermaya ehtiyacımız yoxdur! Piter. Biz çıxıb gedirik. Kaliforniyanın qızıl mədənləri bizi gözləyir. Simeon. Burda hətta hər şeyi yandıra da bilərsən. Piter. Hər şeyi məhv et!” Qeyd etmək lazımdır ki, Kebot özü də özünü öz əlləri ilə yaratdığı boz rəngli, soyuq, ruhsuz dünyada tənha və bədbəxt hiss edir. Nəhayət tənhalıqdan yorulan Efraim evlənmək qərarına gəlir. Oğlanlarının etirazına baxmayaraq o, öz qərarından olduqca məmnundur, hətta özünü cavanlaşmış hiss edir.
Gözəl və həssas qadın olan Abbi bu evə yaddır, öz hərəkəti ilə sanki meydan oxuyur: "Təmtəraqlı libas geyinmiş Abbi artırmada yellənən kürsüdə əyləşib. O, tənbəlcəsinə, istidən zəifləmiş halda, əlləri aşağı doğru uzanmış və gözləri yarıyumulu vəziyyətdə irəli-geri yellənir”. Efraimin digər arvadları kimi o da burda uzun müddət qalmayacaq. Onunla birlikdə Ebin də evi tərk edir – o da burada yaddır. O, coşqunluğu təcəssüm edir. Sözügedən pyesdə bu, həm hökmranlıq, həm də sahib olmağa meyletmədir (Abbi ərə gedir ki, evin sahibəsi olsun), Ebbi üçün isə bu, mərhum anasının intiqam yanğısıdır.
Bununla belə, Abbi və Ebinə ali hisslər yad deyil – onlar bir-birini gerçəkdən sevirlər, amma bu, sadəcə olaraq vəziyyəti çətinləşdirir. S.Cəbrayılovanın "XX əsr Amerika faciəsi” (müasir faciə konsespsiyasının) kitabında yazıldığı kimi "Nə Ebin, nə də Abbi oynadıqları təhlükəli oyunu hesaba almırlar. Bu, onların məqsədə çatmağa çox az qaldıqda bütün planlarını məhv edən təbiətlərinə xasdır. Onların faciəvi səhvi də elə məhz bundadır. Yoxsa bu, şəxsi faciə deyil, qəlbi var-dövlət hərisliyi ilə döyünən insanları ifşa edən kəskin satirik komediya olardı”.
Abbinin xəyanəti, sonra uşağın qətlə yetirilməsi Kebotun əvvəllər ciddiyyətin hökm sürdüyü evinin məhv olmasına aparıb çıxaran hadisələrdi. Qəhrəmanların evi məhz baharda tərk etməsi isə simvolikdir – sərt Kebot üçün bu, lənətli zamandır. Beləliklə, "Qarağaclar altında məhəbbət” dramında qəddarlıq və həlimlik – təzadların birlikdə mövcud ola bilməməsi ön plana çəkilir, çünki bu cür vəziyyət həlledilməsi mümkün olmayan ziddiyyətlərə səbəb olur. Bu əsərdə konflikt sadəcə sevgi konflikti və ya miras uğrunda mübarizə deyil. Bu, bir-birinə uyğun olmayanların toqquşmasıdır: ağıl və hissin, kobudluq və incəliyin, kişi və qadının, qəddarlıq və həlimliyin.
Amerika həqiqətlərinin qələmə alındığı bu realist pyes başdan-ayağa ziddiyyətlərlə dolu, kökləri sosial təbiətə bağlı olan Amerika cəmiyyətinin məişət faciəsidir.
Onun bədii strukturunun dərinliyində aşkar edilən antik motivlər – pyesdə yer alan insan münasibətlərinin izahında universallığı meydana çıxarır, bundan başqa materialın poetik məna vasitələrindən biri kimi çıxış edirlər.
Anastasiya Balxina
Rus dilindən tərcümə edən: Xatirə Nurgül

banner

Oxşar Xəbərlər