• cümə, 29 Mart, 13:36
  • Baku Bakı 14°C

“YUĞ” YAŞAMAQ İSTƏYİR!!!

04.04.16 11:47 1732
“YUĞ” YAŞAMAQ İSTƏYİR!!!
“Yuğ” teatrı köçdü!
Hər köç şərti bir ölümdür: zatən, bilmək olmaz sabah nə olacaq. Amma sabah mütləq olacaq!!!
Bax, elə bu OLMAQDAN ötrüdür hər çaba... “Yuğ” da yeni mövcudluq modusu, yeni bir teatr perspektivi bulmaq zərurətilə qarşı-qarşıyadır. Yoxsa FƏNA olacaq...
“Yuğ” köçdü və bir gecədə qondu Kukla teatrına: geriyə dönüş mümkünsüz. Köhnə tamaşaların da yeni məkana “daşınması” tam absurd bir iş: yer o yer deyil, adamlar da özgələri... Bir zamanlar avanqard “Yuğ” öz psixosofluğu içində manevrlər edə-edə özünəqapalı psixosof teatr müdrikinə çevrildi və “Yuğ” standartını aşmağa cəsarətlənmədi: üslubunu “çeynəyib”, “yeyib” yaşadı. İndisə tamam başqa əyyamdır, knyaz!
Gözümüzün önündə “Yuğ” dəyişir, vaxtı, məqamı adekvat yansıtmağa çalışır, öz yuğsayaq hökmran təlqinlərindən, psixosof təlxəklikdən və fokuslardan imtina edir, seyrçilərlə eyni bir müstəvidə qərarlaşıb söhbətləşməyə, onları dindirib danışdırmağa, hətta tamaşaçı marağını hədəfləməyə meyllənir. Üzünü yana çevirib demir ki, mən ayrı materiyadanam, sən yox. Deyir ki, mən səndənəm, sən də məndən. Daha demir ki, mən biləni sən bilə bilməzsən. Deyir ki, gəl, birgə baxaq, görək, bu həyat, bu rüzgar nəmənədir. Demir ki, ya göründüyün kimi ol, ya da rədd ol. Deyir ki, əyləş, gözlə: problem hamımızın problemidir. Bilirsiniz niyə? Ona görə ki:
“YUĞ” DİRİ QALMAQ İSTƏYİR!!!
Odur ki, yuğçular tamam yeni bir proyektə başlayıblar və bəlkə də bu layihə çənbərində kardinal şəkildə dəyişməyi planlayıblar. Mən biləni, mən duyanı, mən görəni bu proyektin ideya müəllifləri, daha doğrusu, bu layihə ideyasını rus teatr mühitindən alıb Azərbaycana gətirənlər “interaktiv teatr” istiqamətində araşdırmalar aparan “Yuğ”un direktoru Tərlan Rəsulovdur, koordinator-teatrşünaslar Elçin və Könül Cəfərovlardır, bir də rəhmətlik Vaqif İbrahimoğlunun baş şəyirdi rejissor Gümrah Ömərdir.
Məram nədir, deviz nədir? Seyrçini teatra yox, birbaşa teatrın “mətbəxi”nə gətirmək, onu pyesin oxunuşu prosesinin aktiv iştirakçısına çevirmək, rejissor yozumunun ya şəriki, ya da inkarçısı eləmək və bugün teatrın ətrafında gərilən laqeyd buzlaqları, bir qədər də olsa, “əritmək”, teatr atmosferi yaratmaq, cəmiyyətə açılmaq, teatrı cəmiyyətin periferiyasından mərkəzinə doğru irəlilətmək...
Bugünün seyrçisi xüsusi seyrçidir: biraz biganədir, biraz tənbəldir, biraz yorğundur, biraz səbrsizdir, hər şeyin hər an dəyişəcəyindən səksəkəlidir, meşşan fotoqrafdır, ardıcıl selfi yaradıcılığından nərgizləşmiş birisidir: o, sözlərin semantikasında çox “qurdalanmaq” istəmir, vizuallığa üstünlük verir, gec maraqlanır, bilgiləri məhduddur, amma dünyanı görmək, anlamaq, çözmək iqtidarındadır. Nədən ki, daim məlumat yağışı altındadır: tez solub tez göyərə bilir, mobildir və ən əsası, qılaflı deyil, əbədiyyətə iddiasızdır, yalnız məqamın dadını çıxarmağı fikirləşir, sosial şəbəkələrdə anın dahisi, qəhrəmanı, devrimçisi olmaqdan bayılır. O üzdən də deyir ki, mən hər yerdə olum, hər yerdə özümü görüm. Bu, internet adamının düşüncəsidir. Müasir seyrçi teatra İnternet virtuallığından gəlir, virtual dünyaları gəzib gəlir, çeşid-çeşid oyunlarda “fırlanıb” gəlir və gələndə söyləyir ki, bəşər mənəm, mərkəz mənəm, hər kəs mənəm, Günəş mənəm, Ay da mənəm; qoy, teatr mənim dövrəmdə hərlənsin, məni də öz tamaşasına qatsın, mən görmədiyimi mənə göstərsin, məni şaşırtsın, əyləndirsin və dünyanı mənim üçün təzədən kəşf eləsin.
Belə olan surətdə:
“YUĞ” CƏMİYYƏTLƏ DİL TAPMAQ İSTƏYİR!!!
Məhz bu təmənna ilə “Yuğ” cavan dramaturq Mehman Musabəylinin “Toy səyahəti” adlı pyesinin 18 dəqiqəlik rejissor eskizini seyrçilərə təqdim eləyir. Bu, guya ki, eskizdir: amma əslində çox istedadlı Mikayıl Mikayılovun pyesə vurduğu rejissor möhürüdür, pyesin cövhərinin “romantik akvarel”də məkan görüntüsüdür və qayət, yaxşı bir performansdır; bir kimsəni yormur, darıxdırmır və hətta olsun ki, kimisə duyğulandırır.
Pyesin rejissor eskizində aktyorlar Amid, Təranə və Elgün nə qədər mümkün idisə, o qədər də səmimi və rahat idilər: 60-70-cı illərin roman və bədii filmlərindən çıxıb bugünə düşmüş fəhlə, neftçi (daha çox faktura baxımından) personajları xatırladırdılar, bir hüzur içində bulunurdular və davranışları ilə özlərinə qarşı bir simpati oyadırdılar.
Lakin və bir də lakin...
Bu “eskiz” pyesin oxunuşu kimi definisiya oluna bilərmi, yoxsa rejissor eskizi pyes oxunuşunu imitasiya eləyir? Niyə də tamaşaçı pyesin oxunuşuna qatılmasın? Nədən rejissorla, ya da aktyorlarla seyrçilər arasında pyesə, pyesin epizoduna münasibətdə aktiv dialoq qurulmasın? Axı teatr tamaşaçını öz “mətbəx”inə dəvət edib onu yaradıcı prosesin şərikinə çevirmək məqsədini hədəfləyir?
Bunun əvəzinə isə seyrçiyə eskizi müzakirə eləmək, gördüyünə rəy bildirmək təklif olunur. Bax, burada iş bir balaca başqalaşır və şünas-şou başlayır. Məsələ bu ki, sən nəyisə müzakirə eləyəndə yenə özgəsi kimi, kənar müşahidəçi kimi, tənqidçi kimi, mentor kimi qalırsan, “mən onlardan deyiləm” mövqeyindən çıxış eləyirsən və tutalım, eskizin sənə uyğun versiyasını dramaturqla və ya rejissorla bölüşə bilmirsən. Onda tamaşa ilə “oxunuş” bir-birindən nə ilə fərqləndi ki? Məncə, məqamın dadı bu ki, hamı “aktyor və seyrçi” ayrıntısı aparılmadan eyni bir müstəvidə dayanıb yaradıcı prosesə qoşulur. Düşünürəm ki, eksperimentin idealı bu!
Yox, bunları tənqidi fikir qismində yazmıram, proyekti gəlişdirməkdən ötrü teatra ideya faylları kimi göndərirəm. Çünki bu başlanğıcda bir perspektiv işartısı görürəm: yeni dramaturqlarla tanışlıq, onların pyesləri üçün laboratoriya, ictimailəşmək, teatr mühiti yaratmaq, seyrçini aktivləşdirmək cəhdi...
Niyyət niyələrdən üstün: nədən ki, sənətin yaşaması yollarını bulmağa yönəlib...
“YUĞ” TEATR PROSESİNİN LİDERİ OLMAQ İSTƏYİR!!!
Mən proyektin təqdimatı günü dəvətlilər sırasına baxıb gördüm ki, əksəriyyət teatrşünasdır, qələm əhlidir. Təbii ki, bizim Elçin Cəfərov səy göstərib, teatr yazarlarının bir daha əyani görüşünü təşkil edib. Bu fakt Azərbaycan teatr prosesinin qəribə bir gerçəyini dilə gətirməyə məni məcbur elədi: teatrşünaslar, bütün tənqidlərə, neqativlərə rəğmən, həmişə “Yuğ” teatrının yanındadırlar!!! Təsadüf? Heç də yox. İş bu ki, “Yuğ” teatrı, mən bildiyim qədərincə, “Tədris”dən üzü bəri, zaman-zaman dəyişib, orijinal və olağanüstü olmağa çalışıb, teatr estetikası, düçüncə modusu baxımından öndə mövqelənib və indi də buna hazırdır. Teatrşünasların “Yuğ”un yanında olmasının səbəbi bu.
Vaxtilə “festivallar makleri” Oleq Loyevski “pyesin oxunuşu” ideyasını MDB ölkələrinin teatr məkanında gəlişdirdi. Yəni hərəkatın da ideoloqu, yazıram ki, biləsiniz, teatrşünasdır. Burada məqsəd teatrı muzeyləşmək tendensiyasından qorumaq, reflektiv seyrçini, gənc seyrçini teatra gətirmək, onun marağına köklənmək, teatrı gerçəkliyə autentik eləmək və dəyişib yenilənmək idi. Bu tendensiya indi Rusiyanın teatr məkanında dəbli bir aksiyadır; bizim sənət dünyamızda isə bir ilkdir.
Yenə həmin dalğa, həmin koordinat: başqa sözlə, import cənabları... Teatrı oralardan alıb bura gətiririk: lap köhnə dönəmlər yadıma düşür...
Neynək, olsun və hətta qutlu olsun: söyləyirlər ki, davamı da gəlir: hər ayda bir dəfə bir yeni pyes!!! Balıq olmayan yerdə xərçəng də balıqdır!
Tamaşaçıları öz seyrçi salonuna mütəmadi gətirə bilən teatr həmişə prosesin lideri olur. Bu, bir aksiomdur.
Aydın Talıbzadə
Əməkdar incəsənət xadimi, professor
banner

Oxşar Xəbərlər