• cümə axşamı, 28 mart, 22:38
  • Baku Bakı 13°C

“Öyrəndiklərimi ölkəmdə tətbiq edəcəyəm” - Soydaş

23.06.14 11:50 2003
“Öyrəndiklərimi ölkəmdə tətbiq edəcəyəm” - Soydaş
Kanada Parlamentində işləyən yeganə azərbaycanlıdır. Onun üçün siyasət ilk növbədə dövlətimizin maraqlarını xaricdə layiqli şəkildə təmsil etmək deməkdir. Düşünür ki, hər bir vətəndaş öz bilik və bacarıqlarını öz şəxsi maraqlarını təmin etmək üçün yox, vətəninin qeydinə qalıb, onun gələcəyini təmin etmək üçün çalışmalıdır. Müsahibimiz ölkəmizi xaricdə siyasi sferada uğurla təmsil edən Kamal Əlizadədir. Həmsöhbətimizin əsas hədəfi Azərbaycanın adını səfər etdiyi və çalışdığı bütün ölkələrdə uca tutmaqdır.
Təhsili
Kamal 2007-ci ildə Respublika İncəsənət Gimnaziyasının rus bölməsini bitirdikdən sonra Azərbaycan İqtisad Universitetinin Biznesin idarə edilməsi fakültəsinə qəbul olub. O, burada 1 il oxuduqdan sonra təhsilini Amerikada davam etdirmək qərarına gəlib və Western Kentucky Universitet-in ESLI (English as a Second Language International) proqramını qazanıb. Orada ingilis dilini öyrəndikdən sonra sözügedən universitetdə Biznesin İdarəetmə fakültəsində təhsil almağa başlayıb. Siyasətə daha çox marağı olduğu üçün ixtisasını dəyişərək təhsilini Siyasi elmlər və beynəlxalq münasibətlər üzrə davam etdirib. 23 yaşlı müsahibimiz bu il təhsilini başa vurduqdan sonra təcrübə üçün Kanadaya yolanıb. O, hazırda Kanada Parlamentində deputat köməkçisi qismində təcrübə keçir. Onu da qeyd edək ki, Kamal orta məktəbdəykən anasının arzusu ilə skripkada ifa etməyi də öyrənib.
“Siyasətə girməyə risk etmirdim”
Biznesi siyasətə dəyişən müsahibimiz deyir ki, onun uşaqlıqdan bu sahəyə marağı olub, amma siyasəti dərindən öyrənməyə çəkinib: “Siyasət məni uşaqlıqdan özünə cəlb edirdi. Lakin onunla maraqlanmağa, öyrənməyə risk etmirdim. Təhsil almaq üçün Amerikaya gəldikdən sonra, siyasətə marağım ikiqat artdı və qərara gəldim ki, təhsilimə yenidən başlayım. Beləliklə, Amerikada Siyasi elmlər və beynəlxalq münasibətlər üzrə təhsilimi davam etdirdim. Bu zaman anladım ki, siyasət elə bir ixtisasdır ki, insan bu sahədə şəxsi maraqlarını təmin etmək üçün deyil, vətəninin gələcəyini təmin etmək üçün çalışmalıdır. Siyasətdən şəxsi maraqları üçün istifadə edənlər, onu çirkli oyun adlandırırlar. Amma bu, düzgün fikir deyil”.
Həmsöhbətimiz Kanada Parlamentində təcrübə keçməyə müəlliminin köməkliyi ilə gedib: “Bir gün dərsin başlamasını gözləyərkən müəllimim mənə yaxınlaşdı və Amerikada Siyasi elmlər üzrə oxuyan bacarıqlı uşaqları Kanada Parlamentində təcrübə keçməyə apardığını dedi. Mən də o zaman universiteti bitirmək üzrə idim və başa düşürdüm ki, siyasətdə ilk addımlarımı atmaq üçün bu, çox mühümdür. Müəllimin təklifini qəbul etdim”.
“Kumirim Stefen Harperdir”
Gələcək planlarından danışan müsahibimiz vurğulayır ki, Kanadada qalıb təcrübə toplamağının səbəbi gələcəkdə ölkəmizin inkişafında kiçik də olsa, rol oynamaqdır. Onun sözlərinə görə, Kanada Parlamentindəki işçilərin çoxu ölkəmizi tanıyır və Bakı haqqında sevgi ilə danışırlar: “Yanında köməkçisi kimi işlədiyim deputat Vladislov Lizon və parlamentin digər deputatlarının hər dəfə Azərbaycandan söhbət açanda ölkəmizə qarşı çox böyük hörmət və sevgi ilə yanaşdıqlarının şahidi oluram. Bu, sevindirici haldır”.
Gələcək planlarına gəldikdə isə həmsöhbətimiz hələlik Kanada parlamentində çalışıb mümkün qədər çox təcrübə toplamaq istədiyini deyir: “Bir gün mütləq ölkəmizə qayıdacam və öyrəndiklərimi öz ölkəmdə vətənimin gələcəyi üçün tətbiq edəcəm”.
Kamalın əsas hədəfi Azərbaycanın xarici səfirliklərində işləməkdir. Onun fikrincə, karyerada irəliləmək üçün onun görəcəyi iş düşüncələrinə və həyat tərzinə uyğun olmalı, öz şəxsi inanclarına qarşı çıxmamalıdır. Gələcəkdə məşhur siyasətçi olmağı hədəfləyən gənc müsahibimiz özünə kumir də seçib. Kumiri vətəndaşlar arasında təmsil etdiyi ölkənin ən yaxşı baş nazirlərindən sayılır: “Kanadanın baş naziri Stefan Harperin işini çox bəyənirəm. O, çox bacarıqlı və savadlı siyasətçidir. Mən onun ilk dəfə parlamentdə müxalifətin suallarına böyük məharətlə cavab verdiyini gördükdə, onun necə güclü lider olduğunun şəxsən şahidi oldum. Stefen Harper artıq 8 ildir ki, Kanadanın baş naziridir və əksər vətəndaşlar tərəfindən Kanadanın ən yaxşı baş nazirlərindən sayılır”.
Gələcək planlarından danışan müsahibimiz deyir ki, hələ uzun müddət Kanadada qalıb təcrübə keçəcək.
Gənclərimiz çox sədaqətlidir
Xaricdə yaşayan müsahibimiz Amerika gəncləri ilə Azərbaycan gəncləri arasındakı fərqlərdən də danışdı. Onun sözlərinə görə, amerikalı gənclərin bizim gənclərdən fərqləri həddindən artıq çoxdur: “Onların geyim tərzləri, sevinclərinə, problemlərinə yanaşma tərzi başqadır. Ümumiyyətlə, onların həyat tərzləri çox fərqlidir. Amerikalı gənclər çox mehribandırlar. Bir söz soruşduqda gülərüzlə və nəzakətlə cavab verirlər. Amma bizim gənclər arasında belə halları adətən kiçik şəhərlərdə və rayonlarda müşahidə etmək olar. Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan gənclərinin dostluğu və etibarlılığı amerikalılardan qat-qat güclüdür”.
Kanadaya gəldikdə isə ilk günlər həmsöhbətimiz təəccüblənib. O deyir ki, yolda gedərkən tanımadığı insanların üzünə gülməsi, ona salam verməsi, ünsiyyətə girməsi çox maraqlıdır: “İnsanlar orada o qədər səmimidirlər ki, adam özünü başqa ölkədəymiş kimi hiss etmir”.
Siyasətin sirlərini öyrənirəm
Sonda müsahibimizlə siyasi proseslər haqqında da danışdıq. Qeyd edək ki, həmsöhbətimiz sosial şəbəkələrin birində Ukraynanın Kanadadakı səfiri ilə görüşündən şəkillər paylaşmışdı. O, status kimi səfirlə birlikdə Ukraynadakı hadisələri müzakirə etdiyini də qeyd etmişdi. Bizimlə bu mövzuda danışan Kamal deyir ki, o, Kanada Parlamentində çalışdığı müddətdə bir çox səfirlərlə görüşmək imkanı əldə edib: “Parlamentdə işlərin çoxluğu bəzən insanı yorur. Amma bu yorğunluğun nəticəsi olaraq burada siyasətin bütün sirlərinə bələd olur, məşhur siyasətçilərlə, səfirlərlə görüşmək imkanı əldə edirəm. Ukrayna səfirindən öncə, Amerikanın və Cənubi Koreyanın Kanadadakı səfirləri ilə görüşmək imkanımız olub. Amma ən maraqlı və önəmli görüş Ukrayna səfiri ilə oldu və biz Ukraynadakı hadisələri müzakirə etdik. Düşünürəm ki, Ukrayna gələcəkdə daha da irəli gedib, inkişaf edəcək. Çünki dünyanın ən öndə gedən ölkələri Ukraynaya siyasi və iqtisadi yardımlarını göstərirlər”.
Lalə MUSAQIZI
Aygün ƏZİZ
Soydaş"> Soydaş"> Soydaş"> Soydaş">
banner

Oxşar Xəbərlər