Yoluxma sayımız niyə artır?
Ekspertlər son zamanlar əhalinin böyük əksəriyyətinin
gigiyena qaydalarına əməl etməməsinə işarə edirlər
96, 107, 117, 200, 233 və 530... Gözəgörünməz
düşmən addım-addım bizi təqib etməyə, evimizə girməyə davam edir. Hazırda ölkə
olaraq, iki cəbhədə mübarizə aparırıq. Yumşalmalara qədər yoluxma sayı azalsa
da, son 4 gündə artımı müşahidə edirik. Proqnozlaşdırıldığı kimi, koronovirusun
ikinci dalğası artıq qapıdadır... 19 oktyabrdan 2 noyabradək sərt karantin
rejiminə geri qayıdırıq.
Hazırda görünən odur ki, Avropa ölkələrində olduğu
kimi, biz də yenidən sərt mübarizəyə atılırıq. Bu dəfə virusu tanıyır və
qorunma yollarını da bilirik. Bəs ikinci dalğada virus xarakterini dəyişə
bilərmi? Əlamətlərində hansısa dəyişiklik varmı?
"Baş
gicəllənmə koronavirus əlaməti ola bilər”
Epidemiya dünyanı təsir altına almağa davam edir.
Ən çox görülən simptomlar hərarət, quru öskürək, yorğunluq və bəzən də bu
halların heç birinin olmamasıdır. Lakin bu simptomlara baş gicəllənmə də əlavə
olunur. Qulaq, burun, boğaz, baş
cərrahiyə uzmanı Arif Şanlı deyir ki, əgər simptomların heç biri olmasa
belə, baş gicəllənməsi varsa, bu, koronavirus əlaməti ola bilər: "Çin, Avropa
və Amerikadakı son araşdırmalarda fərqli şikayətlərlə gələn xəstələr var. Bu
vəziyyət xüsusilə vurğulanmalıdır. Bunlardan ən əsası başgicəllənməsidir. Qulaq
həm də tarazlıq orqanıdır və şiddətli başgicəllənmə, qulaq patologiyası olan
xəstələrdə ürək bulanması və qusma ola bilər. Koronavirus xəstəsi yalnız
temperatur, burun axıntısı və ya öskürək olmadan başgicəllənmə ilə müraciət edə
bilər. Bunu diqqətdən kənar saxlamaq olmaz”.
Koronavirus xəstələrinin tez-tez lor şöbəsinə də müraciət
etdiklərini qeyd edən Prof. Dr. Şanlının sözlərinə görə, ümumiyyətlə, bu
simptomlar qızdırma, öskürək və nəfəs darlığı kimi görülür: "Koronavirus qripi,
soyuğa səbəb olan viruslarla eyni simptomlara malikdir. Bu xəstələr hər
soyuqlayan xəstə kimi bizə burun tutulması, asqırma və burun axıntısı ilə
müraciət edə bilərlər. Koronavirus qana, beyin toxumasına daxil olur. Eyni
zamanda sinir toxumasını sevən virusdur. Birbaşa sinirə yayıla bilər. Qoxu və
dad pozğunluğu, sinir sisteminə təsir göstərməsi qoxu mərkəzi yolu ilə beynə
keçməsi ilə əlaqədardır. Eynilə qulaqdakı sinir hüceyrələrinə təsir edərək,
balans saxlamaq qabiliyyətinin pozulmasına səbəb olur”.
Həkim deyir ki, Çin və İspaniyada yoluxanlarda artıq
bu simptomlar mövcuddur: "Virus qandan bədənə keçir və sinir hüceyrələrini
əhatə edir. Çində 78 yaşındakı bir xəstə xəstəxanaya birbaşa başgicəllənmə ilə
müraciət edib. Müayinə nəticəsində ürək bulanması, qusma, balanssızlıq və
eşitmə problemləri müşahidə edilib. Bu xəstənin koronavirus testi pozitiv
çıxıb. Qızdırma və ya baş ağrısı kimi digər simptomları olmayıb. İspaniyada da
20 yaşında bir gənc xəstədə şiddətli başgicəllənmə, qulaqlarda dolğunluq hissi
və eşitmə itkisi meydana gəlib. Qrip xəstələrində başgicəllənmə ilə qəfil
eşitmə itkisi də görürük. Bu, həm də koronavirusa aiddir. Bunu bir mesaj olaraq
xalqımıza çatdırmaq faydalıdır. Pandemiya dövründə başgicəllənmə baş verərsə,
bunun COVİD-19 ilə əlaqəli ola biləcəyini unutmamaq lazımdır”.
Vaksinlə
bağlı vəziyyət nəyerdədir?
TƏBİB-in şöbə
müdiri Yaqut Qarayevadeyib ki, Azərbaycan COVİD-19 vaksini ilə bağlı prosesləri yaxından izləyir:
"İndidən hansı vaksinin uğurlu olacağını demək, yaxud nə zaman hazır olacağını
bildirmək mümkün deyil. Ölkə olaraq bütün proseslərin iştirakçısıyıq, hansı
vaksin təsdiqlənərsə, əmin olun ki, onu ölkəmizə gətirəcəyik. Rusiyada
hazırlanan vaksinlə bağlı beynəlxalq mütəxəssislərin rəyi hazırlanır.
Təsdiqlənərsə, Azərbaycan da bununla bağlı düşünə bilər”.
"Yalnız bu
yolla yoluxma sayını azalda bilərik”
Səhiyyə
Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyir ki, son zamanlar əhalinin böyük əksəriyyəti
gigiyena qaydalarına əməl etmir. Buna səbəb insanların təhlükənin ciddiliyini
ikinci plana atmalarıdır: "Bu gün koronavirusa yoluxma sayında kifayət qədər
artımın olmasının səbəbləri insanların qapalı məkanlarda toplaşmaları, sosial
məsafəni qorumamaları və qoyulan qaydalara ciddi əməl etməmələridir. Ölkədəki
vəziyyətlə əlaqədar olaraq epidemioloji situasiya diqqətlə izlənir. Əgər
yoluxmaların sayında kəskin artım tendensiyası davam edərsə, Operativ Qərargah
tərəfindən daha ciddi qabaqlayıcı tədbirlər görüləcək”. T.Eyvazov bildirib ki, karantin rejiminin
sərtləşdirilməni istəmiriksə, qoyulan sadə gigiyenik qaydalara əməl etməliyik.
Yalnız bu yolla yoluxma sayını azalda bilərik. Bununla da ciddi tədbirlərə
ehtiyac qalmaz.
Pandemiya nə
vaxt bitəcək?
"COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə
başa çatacaq”. Bu fikri "Microsoft" korporasiyasının banisi Bill
Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib. Bill Qeytsə
ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütövlükdə nə vaxt
normallaşa biləcəyi barədə sual verilib: "Bizim ümid etdiyimiz kimi,
2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət
növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə, əgər başqa ölkələrə
kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək. Epidemiya ən
yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Allaha şükür ki, peyvəndi
inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı və
şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki,
bütün bunlar əbədi qalmayacaq”.
Tibbi maskalardan istifadə, əl yumaq, gigiyena
qaydalarına əməl edib, sosial məsafəni gözləsək, bu cəbhədə də gözəgörünməz
virusu məğlub edə bilərik. Ən əsası həkimlərin də işi yüngül olar, payız, qış
aylarında respirator virus infeksiyalarının yayılmasının qarşısı alınar.
Həkimlər də güclərini, enerjilərini cəbhədə yaralanan qəhrəmanlarımıza sərf
edər.
Aygün ƏZİZ