• cümə axşamı, 28 mart, 17:55
  • Baku Bakı 16°C

Yolumuzu işıqlandıran Cümhuriyyət tariximiz

28.05.19 09:45 711
Yolumuzu işıqlandıran Cümhuriyyət tariximiz
28 May - bu şanlı tarix hər bir azərbaycanlı üçün fərqli məna ifadə edir. Bu günü hamımız bayram ab-havasında keçirsək də, bəzilərimiz möhtəşəm tarixin mahiyyətinə tam bələd deyilik. 28 May tarixinin hər birimiz üçün müqəddəs bir gün olmasının səbəbini anlamaq üçünsə tarixə nəzər salmalıyıq.

Bildiyimiz kimi, dünyada minlərlə xalq, eləcə də dil var. Lakin mövcud olan dövlətlərin sayı cəmi 200-ə qədərdir. Məhz buna görə də dövlətə sahib olmaq bir xalq üçün ən böyük üstünlükdür. Öz millətçilik ənənələrini qoruyub saxlamaq; bayrağa, himnə, milli pula sahib olmaq çətin və hər kəsə nəsib olmayan bir nemətdir. Xalqımız tarix boyunca min illər ərzində fərqli dövlətlər, xanlıqlar, imperiyalar daxilində yaşamışdır. Lakin qalın tarix kitabının bir səhifəsi var ki, daim parlayır, yolumuza işıq tutur: Azərbaycan Xalq Cümhuriyyəti!

Respublikamız bu böyük əsərin varisidir. Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli başda olmaqla yüzlərlə vətənpərvər ziyalının əməyi olan Cümhuriyyətimiz, mövcud olduğu qısa müddətdə çox önəmli işlərə imza atıb.

101 il bundan əvvəlki mürəkkəb siyasi şəraitə görə, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini Tbilisi şəhərində elan edib. İlk dəfə olaraq bütün Şərq aləmində milli mədəniyyətə, hüquqi əsaslara və demokratik prinsiplərə söykənən bir dövlət qurulub. Bundan cəmi 19 gün sonra - iyunun 16-da hökumət Tbilisidən Gəncəyə köçüb. Həmin dövrdə Nuru Paşanın komandanlığı ilə Türkiyənin Qafqaz İslam Ordusunun köməyilə şiddətli döyüşlərdən sonra sentyabrın 15-də Bakı tamamilə işğalçılardan azad olunub və milli hökumət sentyabrın 18-də Bakıya köçüb.

Milli hökumətdə gənc kadrlara xüsusi önəm verilirdi. O cür çətin şəraitdə, məhdud büdcə hesabına olsa belə, 100 nəfər dövlət hesabına təhsil üçün xarici ölkələrə göndərildi. Müəllim kadrları hazırlamaq üçün qısa müddətli kurslar yaradıldı, ilk kitabxana açıldı. Ölkəmizin aparıcı ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin əsası da məhz Cümhuriyyət dövründə qoyuldu.

Qoca Şərqin ilk demokratik respublikasının qarşısında duran mühüm məsələlərdən biri də ana dilimizə qayğı göstərilməsi idi. Bunun üçün də bir sıra addımlar atıldı: 1918-ci il iyunun 27-də Türk (Azərbaycan) dili dövlət dili elan olundu. İbtidai məktəblərdə, habelə rus məktəblərində ana dilində təhsil icbariləşdirildi. Dünya ölkələrinə Cümhuriyyətimiz haqqında düzgün məlumatlar yayması üçün Azərbaycan Teleqraf Agentliyi yaradıldı, senzura ləğv olundu. Türk dilində olan "İstiqlal” , "Mədəniyyət” kimi jurnallar dərc olundu.

AXC-nin fəaliyyət göstərdiyi qısa müddət ərzində müstəqilliyi qorumaq üçün milli ordunun əsası qoyuldu. Üçrəngli bayrağımız qəbul edildi, milli valyuta dövriyyəyə buraxıldı. Azərbaycan Şərqdə ilk parlament yaratmaqla, o cümlədən qadınlara səsvermə hüququ verməklə adını tarixə yazdı. Biz bir dövlət qurmaq gücünə malik olduğumuzu, bunun üçün siyasi bacarığımızın və tarixi potensialımızın mövcudluğunu bütün dünyaya sübut etdik. 23 ay ərzində 114 min kv.km-lik Azərbaycan əraziləri düşmən qüvvələrindən azad edildi. Azərbaycanı 20-dən çox dövlətə tanıtdıq. Dünyanın böyük dövlətləri belə bir dövlətin mövcud olduğunu təsdiqlədilər və qəbul etdilər. Çox böyük işlər görüldü.

Bir yazıda AXC qurucularının gördüyü işlərin hamısını tərənnüm etmək çətindir. Dünyanın mürəkkəb dövründə min bir əziyyətlə, müstəqillik uğrunda hər şeyini fəda edən insanların qurduğu bu əsərin işığını hər zaman ürəyimizdə hiss etməliyik. Xüsusən də biz gənclər yolumuzu o işıqla aydınladıb, daim öz üzərimizdə çalışmalıyıq. Tariximizi unutmamalı, onunla fəxr etməli və ondan dərslər almalıyıq. Bax o zaman verilən əməklər boşa getməz!

Fidan Əliyeva,
Bakı Atatürk liseyinin 11-ci sinif şagirdi
banner

Oxşar Xəbərlər