Yolların yora bilmədiyi sürücü – Sadə peşə adamı
Bu peşə
adamları mənzil başına çatmağımızda bizə kömək edirlər. Əgər şəxsi
avtomobiliniz yoxdursa, onlarsız həyatı təsəvvür etmək mümkün deyil. Onların
"çörək ağacı” avtobuslardır. Hər gün hava işıqlanmamış işə çıxır, yüzlərlə
insanı mənzil başına çatdırır və evlərinə yollanırlar. Bəzən əsəbiləşir, bəzən
də əsəbiləşdirirlər. Söhbət avtobus sürücülərindən gedir. Kiməsə bu sənət asan
gələ bilər. Lakin digər peşələrdə olduğu kimi, sürücülük, xüsusilə avtobus
sürücülüyü ağır məsuliyyət və zəhmət tələb edən peşələrdəndir. Müsahibimiz
"BakuBus”ın sürücüsü Novruz Əliyevdir.
Onu da
qeyd edək ki, son zamanlar fəaliyyətə başlamasına baxmayaraq, "BakuBus” Məhdud
Məsuliyyətli Cəmiyyəti (MMC) nəqliyyat sektorunda xüsusi yer tutur. Dünya
standartlarına cavab verən avtobuslar və qayda-qanuna riayət, bu qurumu daha da
fərqləndirir.
"BakuBus”dakı nizam-intizam diqqətimi çəkdi”
Novruz
uzun müddət müxtəlif təşkilatlarda avtobus sürücüsü kimi çalışsa da, 2 ilə
yaxındır, fəaliyyətini "BakuBus”da davam etdirir. Deyir ki, məhz bu
avtobuslardakı qayda-qanun, nizam-intizam onun diqqətini çəkib və sənədlərini
burada işləmək üçün göndərib: "Hərbi xidmətdə sürücü kimi fəaliyyət göstərirdim.
Hərbi xidməti başa vurduqdan sonra da, sənətimi davam etdirməyi qarşıma məqsəd
qoydum. Bir müddət özəl avtobuslarda çalışdım. Sonra "BakuBus”da işləmək üçün
müraciət etdim. "BakuBus”da nizam-intizam güclüdür. Xüsusilə də, kart
sisteminin olması həm sərnişinlər, həm də sürücülər üçün rahatdır. Avtobusun
ancaq dayanacaqdan-dayanacağa saxlanılması, sürücülər tərəfindən
qayda-qanunlara riayət olunması "BakuBus”ı digər təşkilatlardan fərqləndirir”.
Müsahibimiz
deyir ki, "BakuBus” fəaliyyətə başlayanda sərnişinlərə yeni üsulları izah etmək
çox çətin olub: "Bizim sərnişinlərin əksəriyyəti dayanacağa qədər səbir edə
bilmirdilər. Biz sürücülər sərnişinlərə qarşı nəzakətlə davranmağa çalışırıq.
Onlara yeni qaydaları izah edirik. Biz də insanıq, sürücü kimi bu hallara əsəbiləşirdik,
amma səbirli olmağa məcbur idik. Hələ də belə hallarla rastlaşırıq. İşıqforda,
dayanacaq olmayan yerlərdə saxlamağımızı tələb edən sərnişinlər yenə də var”.
Nə qədər ağır peşə olsa da...
Həmsöhbətimiz
deyir ki, avtobus sürücülüyü nə qədər ağır peşə olsa da, həmişə işindən zövq
alıb. Onun sözlərinə görə, bu peşədə onu cəzb edən müxtəlif tipli insanları
tanımaq və onlarla ünsiyyətdə olmaqdır: "Əksər oğlan uşaqlarında olduğu kimi, məndə
də uşaqlıqdan sürücülüyə və maşınlara maraq olub. Həmişə deyərdim ki, böyüyəndə
sürücü olacağam. Elə də oldu. Bu sənətin sirlərini öyrəndim və orta məktəbi
bitirdikdən sonra hərbi xidmətə getdim. Orada da sürücü kimi fəaliyyət göstərirdim.
Ümumiyyətlə, nə iş olursa olsun, insan onu sevərək edirsə, heç vaxt yorulmur.
İşimdən zövq almasaydım, maşınların və naşı sürücülərin bu qədər çox olduğu
vaxtda bu işi görə bilməzdim. Sükan arxasında çalışıb pul qazanmağı o qədər
sevirəm ki, özümü bu peşədən başqa heç bir sənətdə görə bilmirəm”.
"Yollar məni yormur”
Həmsöhbətimiz
deyir ki, dəfələrlə eyni yolu gedib gəlsə də, bu hal onu yormur: "Mənim üçün
işim çox maraqlıdır. İşimi sevirəm. Yollar məni yormur. Hər gün eyni saatda işlədiyim
üçün demək olar ki, kim hansı dayanacaqda gözləyir, hamısını bilirəm. Hər gün
eyni yolu gedən sərnişinlər də bir-biriləri ilə ünsiyyət qururlar. Həm də digər
avtobus sürücülərindən fərqli olaraq, "BakuBus”da bir sürücü həmişə eyni xətlə
hərəkət etmir. Hansı xəttə təyin olunursa, o xətdə avtobusu idarə edir. Yəni işə
gələn sürücü daimi olaraq, bir nömrə altında hərəkət edən avtobus sürmür, lazım
gəlirsə, digər xətlərə də çıxır”.
Tıxacın təqsirini avtobus sürücülərində görənlər
var...
Sərnişinlərin
sürücüyə olan münasibətlərinə gəldikdə, müsahibimiz deyir ki, sürücü səbirli
olmasa, işləyə bilməz: "Əsas narazılıq sürücünün dayanacaqdan kənarda
saxlamamağı səbəbindən yaranır. Dayanacaqdan kənarda saxlamayanda, bəzi sərnişinlər
narazılıq edir. Bəzən sürücü ilə elə rəftar edirlər ki, elə bil hər şey
sürücünün təqsiri ucbatından yaşanır. Tıxac varsa, günah sürücüdədir, yolda qəza
olub, yol bağlıdırsa, yenə də günahkar sürücüdədir. Buna görə də, hər sərnişinlə
dil tapmağı bacarmalı və səbirli olmalısan. Səbirsiz olsan, çalışa bilməzsən.
Bunu da qeyd etmək istəyirəm ki, biz dayanacaqdan kənarda saxlamadığımız üçün
kimsə etiraz edəndə, bəzən sərnişinlər həmin insanın cavabını verirlər. Sürücü
birinci növbədə səbirli, diqqətcil və nəzakətli olmalıdır. Həm avtobusu, həm
salonda olan sərnişinləri idarə etməlidir. Salonda sakitlik və sabitliyə də nəzarət
etməlidir”.
"Ana uşağını avtobusda unudub”
İş
başında qarşılaşdığı maraqlı hadisəyə gəldikdə isə müsahibimiz deyir ki, bir dəfə
valideyn öz övladını avtobusda unudub: "Bir dəfə ana uşağını avtobusda unudub
getmişdi. Sonuncu dayanacaqda dayananda mütləq avtobusu yoxlayırıq. Avtobusu
yoxladıqda gördüm ki, balaca uşaq yatıb. Sonra anası da qaça-qaça dayanacağa gəlmişdi.
Evə gedəndən sonra yadına düşüb ki, uşaq avtobusda qalıb”.
"Qadın sərnişinlər daha həssas olur”
Yaxşı
sürücünün xüsusiyyətlərindən danışan gənc sürücü deyir ki, yaxşı sürücünün ilk
vəzifəsi səbirli olmaqdır: "Sürücü işləməyin çətinliyi çoxdur. Gərək sərnişinlərlə
işləyə, dil tapa biləsən. Hər cür sərnişinlə rastlaşırıq. Sürücü olmaq o demək
deyil ki, maşını idarə etdimsə, mənə zaval yoxdur. Maşını idarə etməklə yanaşı,
salonu da idarə etməlisən. Bir dəfə psixi problemləri olan bir qadın sərnişin əlində
qazan avtobusa mindi. Qarşısındakı qadına ilişdi ki, mənə niyə baxırsan? Qadın
cavab verdi ki, mən sizə baxmıram. Sualı ikinci dəfə verəndə qazanı qadının
başına çırpdı. Gəlib bunları ayırdım. Məni söyməyə başladı. Sakitcə avtobusdan
uzaqlaşdırdıq. Xüsusilə, qadın sərnişinlər daha həssas olur. Bəziləri tıxacın nə
olduğunu anlamaq istəmirlər. Bir dəfə bir xanıma deyirəm ki, yol bağlıdır, nə
edə bilərəm? Deyir, sən bilə-bilə edirsən, bir dənə mikrofonun var, bilmirsən,
nə edəsən”.
Gülməli
hadisələrə gəldikdə isə həmsöhbətimiz deyir ki, avtobus kart sisteminə keçəndə
ilk günlər gülməli hadisələr çox olub: "Kartla bağlı ilk günlər çox hadisələr
olurdu. Kartı bizə göstərib keçirdilər. İzah edirdik ki, bizə göstərməyin,
aparata yaxınlaşdırın. Bəzən də kimsə kiməsə keçməsi üçün kartını verəndə həmin
adam kartı götürüb özü ilə aparır, sahibinə qaytarmırdı. Biz izah edirdik ki, əgər
keçidinizsə, kartı qaytarmaq lazımdır. Təbii ki, gündəlik iş şəraitində sürücülərin
də müəyyən nöqsanları ola bilər. Ancaq "BakuBus”da bizimlə aparılan maarifləndirmə
işləri və cəlb olunduğumuz kurslar peşəkarlığımızı daha da artırır. Bizim
qarşımıza qoyulan əsas tələb sərnişinlər üçün təhlükəsiz və rahat xidməti təmin
etməkdir. Bunun üçün əlimizdən gələni edir, daim öz üzərimizdə işləyirik.
Bundan sonra da hər zaman keyfiyyətli xidmətimizlə fərqlənməyə çalışacağıq”.
Aygün ƏZİZ