• cümə, 29 Mart, 14:05
  • Baku Bakı 14°C

Yod çatışmazlığının fəsadları

11.06.15 12:06 15074
Yod çatışmazlığının fəsadları
Mütəxəssislər orqanizmdə yod balansının olduqca vacib olduğunu bildirirlər
Orqanizmin sağlamlığı üçün vacib elementlərdən biri də yoddur. Mütəxəssislər qeyd edirlər ki, sonradan problemlə üzləşməmək üçün orqanizmin yoda olan tələbatını normal ödəmək lazımdır. Əslində yod orqanizmə qida və su vasitəsilə daxil olur. Normal şəraitdə isə orqanizmdə 15-20 milliqram yod olur. Lakin dünyanın bir çox yerlərində yaşayan insanlar bu vacib elementin çatışmazlığından əziyyət çəkirlər.
Azərbaycan yod çatışmazlığı cəhətdən riskli ölkələrdən hesab edilməsə də, ölkəmizdə də bu problem yaşanmaqdadır. Vətəndaşların 75%-i yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdən əziyyət çəkir. Yod çatışmazlığından əsasən, Zaqatala, Şəki, Quba, Qusar rayonlarında əziyyət çəkənlər çox olsa da, son illər Lənkəran və Bakıda da bu problem geniş yayılmaqdadır. Yod qəbulu üçün dünyada ən çox istifadə edilən üsul isə duzun yodlaşdırılmasıdır. Çörəyi, içməli suyu yodlaşdırmaq, yod həblərindən, yodlu yağ kapsullarından istifadə etmək problemi aradan qaldırmaq üsullarındandır.
Yod çatışmazlığı haqqında danışarkən bunun daha çox ur (zob) xəstəliyi yaratdığı bildirilir. Əslində isə yod çatışmazlığının orqanizm üçün bir çox fəsadları var ki, vaxtında aradan qaldırılmadıqda mənfi təsirlərini göstərir. Həkim-terapevt Məlahət Abbasova qəzetimizə açıqlamasında bildirdi ki, yodun orqanizmdə az olması uşaqlarda daha ağır fəsadlar törədir: “Azərbaycanın dağlıq bölgələrində yod çatışmazlığı daha çox yaşanır. Zaqatala, Şəki, Balakən, Naxçıvan kimi dağlıq zonalarda yod çatışmazlığı hallarına çox rast gəlinir. Yod çatışmazlığı uşaqlarda xüsusilə ağır fəsadlara gətirib çıxarır. Onların normal böyüməsinə, inkişafına mane olur, beyin və bədən funksiyalarının zəifləməsinə gətirib çıxarır. Yod çatışmazlığının yaranması orqanizmdə qarşısıalınmaz xəstəliklər yaradır. Boyun uzanmasının zəif getməsi, zehni inkişafın ləngiməsi, öyrənmə, hansısa bir informasiyanı qəbul etmə, ötürmə qabiliyyətinin azalmasına səbəb olur”.
Həkim deyir ki, yod çatışmazlığı dolayı yolla xərçəng xəstəliyinin də yaranmasına gətirib çıxara bilir: “Yod çatışmazlığı bədəndə kəskinləşdikdə tiroid xəstəliyinə səbəb olur. Bu xəstəlik isə gələcəkdə xərçəng yaratma riskini artırır. Yod beyin və sinir sisteminin normal inkişafı üçün vacibdir. Yod çatışmazlığından əziyyət çəkən insanların: “Əsəbləşməyim özümdən asılı deyil”, “Bilmirəm necə olur ki, mən əsəbləşirəm” – kimi şikayətləri olur. Beldə halda artıq yod çatışmazlığı haqda fikirləşmək olar”.
M.Abbasovanın sözlərinə görə, ana olmağa hazırlaşan xanımlarda yod çatışmazlığının olması həm onların özünü, həm də uşaqlarını təhlükə altında qoymuş olur: “Hamilə qadınlarda yod çatışmazlığı olarsa, uşağın düşməsinə, ölü doğulmasına gətirib çıxara bilər. Uşaqlarda lallıq, karlıq, zəkanın geriliyi, doğum anomaliyalarının səbəbi olur. Yodun orqanizmdə həyati əhəmiyyəti var. Ona görə də yodun bədəndə normadan aşağı olmasına diqqət etmək lazımdır”.
Yod çatışmazlığını aradan qaldırmağın yollarından danışan M.Abbasova deyir ki, bu problemi həkim nəzarəti altında həll etmək daha məqsədəuyğundur: “Yod çatışmazlığı olan bölgələrdə əhali daha çox yodlu duzlardan istifadə etməyə çalışır. Əgər hansısa səbəbdən bu kömək etmirsə, artıq dərman vasitələrindən istifadə edirlər. Bəzən insanlar yod çatışmazlığını aradan qaldırmaq üçün suya adi yod qatıb içirlər. Bu isə düzgün deyil. Bu problemlə üzləşən insanlar adi yodu qapağı açıq şəkildə yataq otağına qoya bilərlər. O, otaqda buxarlanıb havaya qarışdıqca öz təsirini göstərir. Eyni zamanda, yodlu sulardan da istifadə edə bilərlər. Həm də qida rasionlarına yodlu qidalar daxil etməklə problemi həll edə bilərlər. Yod tərkibli dərman preparatları da var. Həkim dərman preparatları ilə bərabər qida rasionu da təyin edir. Qida rasionuna isə yodla zəngin qidalar daxil olmalıdır. Dəniz, süd, tərəvəz, toyuq məhsulları, qarabaşaq, buğda, kələm, qoz, feyxoa, xurma yodla zəngin qidalardır. Göyərtilərdən isə ən çox tərxunda yod olur”.
Pediatr Kəmalə Əmrahova isə bildirdi ki, qalxanvari vəz boyunun ön tərəfində nəfəs borusunun üstündə yer alan kəpənək şəklində bir orqandır. Çəkisi 18-20 qramdır: “Anadangəlmə və kiçik yaşlardan etibarən yaşanan yod çatışmazlığı ilə tiroid funksiyası pozulur ki, buna kretinizm deyilir. Kretinizim nevroloji və fiziki problemlər yaradan narahatlıq olmaqla zehni, fiziki gerilik, karlıq, lallıq şəklində özünü göstərir. Yüngül hallarda isə danışma çətinliyi olur”.
K.Əmrahova deyir ki, normal şəraitdə orqanizmdə 15-20 milliqram yod olur. Gündəlik yodun qəbulu 0-12 aylıq uşaqlarda 50 mkq, 1-6 yaşda 90 mkq, 7-12 yaşda 120 mkq, 12 yaşdan yuxarı isə 150 mkq olmalıdır. O deyir ki, uşaqlarda normal böyümə, inkişaf, beyin və bədən funksiyası üçün yod mütləq lazımdır.
Psixoloq Vəfa Rəşidova isə bildirdi ki, yod çatışmazlığı insanların əsəblərində gərginlik yaradır, halsızlığa səbəb olur: “Yod çatışmazlığından daha çox ur xəstəliyi əmələ gəlir. İnsan özünü halsız hiss edir, daim kefsiz və əhval-ruhiyyəsi dəyişkən olur. Yod insan orqanizmi üçün önəmli bir elementdir. Normada olanda insan bununla bağlı hər hansı problem yaşamır. Yod çatışmayanda orqanizmdə ümumiyyətlə, bir çox dəyişikliklər baş verir. İnsanın göz forması bir az fərqli, önə çıxmış kimi olur. Bir də ki, yod çatışmazlığı olan insanlarda yaddaş zəifliyi olur. Biri var diqqət əskikliyi, bir də var yaddaş zəifliyi. Diqqət əskikliyini korreksiya etmək olur. Amma yod çatışmazlığı varsa və bu, yaddaş zəifliyi yaradırsa, burada artıq müalicəyə ehtiyac var. Çünki yodu orqanizmdə bərpa etmək lazımdır. Yaddaşsız insanları analiz etdikdə görürük ki, onlarda yod çatışmazlığı var”.
Psixoloqun sözlərinə görə, yod çatışmazlığını aradan qaldırmaq üçün xüsusi dərmanlar var. Amma xəstəliyin daha yüngül formasında yod çatışmazlığını aradan qaldırmaq üçün təbii vasitələr daha yaxşıır: “Dəniz gəzintisindən daha çox yararlanmaq olar. Yod çatışmazlığının yüngül formasını aradan qaldırmaq üçün effektlidir. Dərman vasitələrindən isə ağır formalarda istifadə edilsə, daha yaxşı olar”.
Yod çatımazlığı səbəbindən əsəbi və gərgin olanların müalicəsinə gəlincə, V.Rəşidova deyir ki, bu cür insanlara təkcə psixoloq müalicəsi kifayət etmir: “Onları təkcə psixoloq müalicə edə bilməz. Burada kompleks şəkildə işləmək lazımdır. Düzdür, əsəbi korreksiya etmək mümkün olur, amma problemin kökünü tapıb həll etmək daha yaxşıdır. Psixoloq, psixoterapevt, nevropatoloq birgə çalışmalıdır. Bəzən elə hallar olur ki, burada təkcə psixoloqun köməyi yetərli olur. Amma problem orqanizmdə hansısa maddənin çatışmazlığı ilə əlaqəli olduğu üçün kompleks şəkildə işləmək daha yaxşı olar”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər