“Yesterday”in premyerasında canlı konsert

“Yesterday”in premyerasında canlı konsert

Mədəniyyət
18 Sentyabr 2019, 14:55 217
Dünən "Park Cinema Metropark”da keçirilən "Yesterday” filminin press-nümayişində "Park Cinema” qonaqlara əsl konsert təşkil etmişdi. Filmi izləməyə gələnlər üçün Orxan Musayev və "Meredian” qrupunun ifasında əfsanəvi "Bitlz” qrupunun nəğmələri səsləndi.   

Premyeradan qabaq canlı konsertin keçirilməsi təsadüfi deyil. Çünki filmin özü Londondan olan sadə küçə müğənnisindən bəhs edir. O, yoldan ötüb keçənlər üçün oxumaqla pul qazanırdı. Amma günlərin bir günü bir saatın içində Liverpul "dördlüyü”nün – "Bitlz”in məşhur hitlərini oxumaqla məşhurlaşdı. Məlum olur ki, ondan başqa dünyada heç kim "Bitlz”i xatırlamır. Bundan istifadə edən baş qəhrəman "Yesterday”, "Let İt Be”, "All My Loving”, "Long Tall Sally” və "Hey Jude” mahnılarını oxumaqla dünya şöhrəti qazanır.
 
Tamaşaçılar filmi çox bəyəndilər. "Yesterday” 19 sentyabrdan etibarən "Park Cinema” Kinoteatrlar Şəbəkəsində nümayişdə olacaq.
Amma bununla belə "Park Cinema” təkcə "bitl”lərlə məhdudlaşmağa hazırlaşmır. Oktyabr həm Şəbəkə, həm də onun tamaşaçıları üçün çox məzmunlu olacaq. Oktyabrın 1-də rejissor Kamran Ağabalayevin "Ağacdələn” filminin təqdimatı keçiriləcək. Oktyabrın 2-dən 10-a qədər isə Avropa Filmləri Festivalı, oktyabrın 3-də isə yeni "Coker” filminin xüsusi nümayişi baş tutacaq.