• cümə, 29 Mart, 12:01
  • Baku Bakı 14°C

Yerli, yoxsa xarici məhsul? – Polemika

25.04.16 12:28 3765
Yerli, yoxsa xarici məhsul? – Polemika
Hər birimiz gün ərzində müxtəlif çeşiddə və sayda yerli, yaxud xarici məhsullardan istifadə edirik. Təbii ki, burada söhbət təkcə ərzaq məhsullarından getmir. Texniki avadanlıqlardan tutmuş, hər gün əlimizin altında olan təmizləyici vasitələrə qədər bir çox məhsullar gündəlik həyatımızın ayrılmaz hissəsidir. Bəs gənc istehlakçılarımız yerli, yoxsa xaricdən idxal olunan məhsullara üstünlük verir?

“Xarici məhsullar daha yaxşıdır”
Fira Hüseynova, tələbə

Fira deyir ki, xarici məhsullara daha çox üstünlük verir. Çünki yerli məhsullar onu keyfiyyət baxımından tam qane etmir: “Mənim seçimim bir çox hallarda xarici məhsullar olur. Gündəlik istifadə etdiyim məhsulların demək olar ki, böyük əksəriyyəti xaricdən gətirilir. Təbii ki, bunun özlüyündə müxtəlif səbəbləri var. İlk olaraq qeyd etməliyəm ki, əsas səbəblərdən biri keyfiyyət məsələsidir. Əgər yerli məhsullarımız xaricdən gətirilən məhsullardan daha yaxşı olsaydı, xaricdən gətirilən məhsullara bu qədər tələbat olmazdı. Bəzən elə olur ki, xaricdən sifariş verilən məhsulun yolunu günlərlə, aylarla gözləyirik. Hətta deyim ki, bir çoxlarının bəyənmədiyi Çin malları belə, ehtiyac olanda köməyimizə çatır. Məsələn, Türkiyə məhsulu adı altında satılan məhsulların əksəriyyətinin çoxu elə Çində istehsal edilir”.
Müsahibimiz bəzən yerli məhsullardan da istifadə etdiyini gizlətmir. Bu siyahıya ərzaq məhsulları, meyvə-tərəvəz, bəzi kitablar daxildir: “Ehtiyac duyduğum bəzi şeylər var ki, onlar əsasən qonşu ölkələrdən gətirilir. Mağazada bizim istehsalımız olan məhsullar gözümə çox az dəyir, çox nadir hallarda yerli məmulatlarla rastlaşıram”.
Fira bizimlə İnternetdə rast gəldiyi bir videonu da bölüşdü: “YouTube kanalında müxtəlif ölkələrin məhsullarını dadıb fikir bildirirlər. Növbə Azərbaycana çatanda ortaya qoyulan məhsulların hamısı Rusiya istehsalı çıxdı. Bu, sadəcə kiçik bir örnəkdir. Amma sevindiyim bir hal var ki, ən azından ölkədə yaxşı tərtibatlı kitablar nəşr olunur. Bütün nəşriyyatlar olmasa da, bəziləri həqiqətən də keyfiyyətli məhsullar istehsal edir. Bundan başqa, meyvə-tərəvəz aldığım zaman düşünmədən yerli məhsullarımıza üstünlük verirəm. Çünki onların əksəriyyəti öz bağ-bostanlarımızda təbii üsulla yetişdirilir. Xarici mallar arasında geyim, aksessuar, parfümeriya, informasiya vasitələri hər zaman əsas seçimlərim olub. Düzünü desəm, rəqəmli hesablama maşınlarının yerli istehsal olunan nümunələrini görməmişəm. Amma yəqin ki, görsəm də, seçimlərim arasında olmazdı. Hər halda inkişaf etmiş dövlətlərlə müqayisə etdikdə ölkəmiz hələ ki, çox gəncdir. Gələcəkdə öz istehsalımız olan məhsulların da dünya bazarında bizi uğurla təmsil edəcəyi günlər gələcək”.
“Yerli məhsullarımıza üstünlük verirəm”
Məhəmməd Məmmədov, işsiz

Məhəmməd digər müsahiblərimizdən fərqli olaraq, yerli məhsullarımızın tərəfdarıdır. Onun fikrincə, öz məhsullarımızı almaq yalnız özümüzə faydalı ola bilər: “Bir çox hallarda çalışıram yerli məhsullardan istifadə edim. Çünki xarici məhsullar onsuz da tez bir zamanda satılır və tələb çox olur. Lakin keyfiyyət amili baxımından yerli məhsullarımızın üstün olduğunu düşünürəm. Xüsusilə qida rasionumda istifadə etdiyim gündəlik məhsullar Azərbaycan məhsullarədır. Bu, həm iqtisadiyyatımızın inkişafına yardımçı olur, həm də sağlamlıq baxımından daha keyffiyyətlidir”.
Həmsöhbətimiz deyir ki, xarici məhsullardan elə də çox istifadə etmir: “Xarici məhsullardan çalışıram çox istifadə etməyim. Xüsuilə bu, sağlamlığımıza birbaşa təsir edən qidalardırsa, ümumiyyətlə, uzaq qaçıram. Ətrafımızda hər gün kiminsə müxtəlif xəstəlikdən xəstəxanaya yerləşdirildiyini, əməliyyata götürüldüyünü, yaxud da rəhmətə getdiyini eşidirik. Artıq ən ağır xəstəliklər belə qrip kimi adiləşib. Bunun səbəbi isə təbii ki, mütəmadi olaraq qəbul etdiyimiz dərmanlar, qida, hətta qeyri-sağlam geyimlərdir. Xüsusilə meyvə-tərəvəz seçimi zamanı diqqətli olmaq lazımdır. Belə ki, xarici meyvə və tərəvəzin daha gözəl, daha iri və məhsuldar olması üçün geni dəyişdirilərək heyvan geni köçürülür. Rəngi parlaq, gözəl olan həmin məhsullar ilk baxışdan hər kəsi cəlb etsə də, bu, gələcəyimiz üçün böyük təhlükədir. O ki qaldı istifadə etdiyim xarici məhsullara, buraya bəzi texniki avadanlıqlar və geyim daxildir”.

“Keyfiyyətli olanı alıram”
Bahar Məmmədli, doktorant

Bahar bu məsələyə bir qədər fərqli aspektdən yanaşır. O deyir ki, seçim qarşısında qaldığı zaman keyfiyyət amilinə diqqət yetirir. Hansı məhsul keyfiyyətdə üstünlük təşkil etsə, onu alıb istifadə edir: “Çalışıram, hər zaman keyfiyyət baxımından daha yaxşı olanı alım. Bu zaman onun yerli, yaxud xarici olması mənim üçün elə də əhəmiyyət daşımır. Çünki ən azından məhsula pul ödəyiriksə, niyə keyfiyyətsiz olsun ki? Ümumiyyətlə, bizdə belə bir tendensiya var ki, əgər ərzaq və digər yeyinti məhsulu xaricdən gətirilirsə, deməli, o öz keyfiyyətini itirir. Mənim fikrimcə, bu, heç də belə deyil. Təbii ki, günlərlə yol gələn ərzaq adi qaydada gəlmir. Yəqin ki, həmin məhsullar xüsusi dondurucuda saxlanılır. Və həmin məhsul öz keyfiyyətini itirmirsə, niyə də onu alıb istifadə etməyək? Hətta bəzi qida məhsulları var ki, yerli qidalardan qat-qat üstündür”.
Müsahibimiz onu da etiraf edir ki, öz məhsullarımızı tamamilə pisləyib kənara atmaq olmaz: “Deməzdim ki, bizdə, ümumiyyətlə, keyfiyyətli yerli məhsulumuz yoxdur. Bizim özümüzün istehsal etdiyimiz elə keyfiyyətli məhsullar var ki, onları dünyanın heç bir yerində tapmaq mümkün deyil. Xüsusi məhsullar var ki, onları alan zaman yalnız yerli məhsullara üstünlük verirəm. Çünki onların keyfiyyətinə tam əminəm. Bu siyahıya ağartı məhsulları, çay və meyvə-tərəvəz daxildir”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər