Əvvəlcə tələbatın 40 faizi
qədəri ödəniləcək, sonra isə müəssisənin gündəlik istehsal gücü 250 min ədədə
çatdırılacaq
Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında
"Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin
açılışında iştirak ediblər. İqtisadiyyat naziriMikayıl Cabbarovvə
"Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva dövlətimizin başçısına və
birinci xanıma müəssisə haqqında məlumat verdilər.
Qeyd edək ki, koronavirus
pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə
tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı
yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı,
istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Prezident İlham Əliyevin
tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska
istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub.
Məlumat verildi ki, "Bakı
Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi
Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye
Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq
edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçıya İqtisadiyyat
Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli
kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon
manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da
yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə
hazırlanır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq
qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb.
İstehsal prosesi üçnövbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun
xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska
istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə
olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və
ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250
min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili
bazarda tələbatı ödəməyə yönəldiləcək.
"Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə
Babayeva isə bildirib ki, Azərbaycan istehsalı olan
tibbi maskalar gələn həftə satışa çıxarılacaq: "Hələ ki, onların qiyməti
müəyyən edilməyib, yaxın 2 gün ərzində satış qiyməti açıqlanacaq. Müəssisədə
ilk 15 gün ərzində ölkənin gündəlik maska tələbatının 30-40%-i qədər istehsal nəzərdə
tutulur. Müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb".
Qeyd edək ki, Azərbaycanda tibbi maska istehsalına
başlanılması bir çox mühüm məqamları özündə ehtiva edir. İlk növbədə, bu addım
Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə
diqqətlə və həssas yanaşmasını göstərir və sübut edir ki, Azərbaycanda dövlət tərəfindən
bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür. Bundan başqa, bu müəssisənin
fəaliyyətə başlaması Azərbaycanda qeyri-neft sektorunun inkişafının göstəricisi
olmaqla yanaşı, eyni zamanda, idxaldan asılılığı azaltmaq, daxili tələbatı ödəmək
məqsədilə yerli istehsalı genişləndirmək istiqamətində son illərdə həyata
keçirilən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.
Maraqlıdır, belə bir müəssisənin fəaliyyəti həm tibbi, həm də
iqtisadi baxımdan nə kimi əhəmiyyətə malikdir və bu istehsalat daxili tələbatı
ödəməklə yanaşı, gələcəkdə ixraca yönəlik də işləyə bilərmi?
Problemin əsaslı həlli isə yerli istehsaldır
"Azərbaycanda
insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər
görülür” deyən Milli Məclisin Əmək və
sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bütün dünyada
koronavirusla mübarizədə tibbi vasitələrin, xüsusi ilə qoruyucu maskaların
qıtlığı hökm sürür, hər kəs bu problemi öz imkanları daxilində həll etməyə
çalışır. Nəhəng dövlətlər belə, qıtlığı aradan qaldırmaq üçün evlərdə, sexlərdə,
dərzi emalatxanalarında kustar üsulla maska tikməyə başlayıblar: "Əlbəttə, bu
da bir yoldur və heç olmamaqdansa, belə maskalara da qoruyucu vasitə kimi etibar
etmək olar. Azərbaycanda indiyə qədər maska istehsalı olmayıb və bu tibbi vasitəyə
olan ehtiyac idxal hesabına ödənilib. Lakin koronavirus pandemiyası başlanandan
hətta maska istehsal edən ölkələr də bu qoruyucu vasitənin çatışmazlığı ilə üzləşməli
oldular. Problemin əsaslı həlli isə yerli istehsalı təşkil etməkdən keçirdi.
Prezident İlham Əliyev bu məsələni də öz nəzarətinə götürdü və olduqca qısa
müddətə - cəmi iki həftəyə ölkəmizdə tibbi maska istehsalı müəssisəsi yaradıldı
və fəaliyyət başladı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın açılışını etdikləri Sumqayıt Kimya Sənaye Parkında Bakı
Tekstil Kombinatının Tibbi maska istehsalı müəssisəsi qısa müddət ərzində
yaradılıb ən müasir texnologiya və tibbi standartlara cavab verir".
Deputat
qeyd edib ki, dünyanın nəhəng dövlətlərinin az qala çaşqınlıq, ümidsizlik və
depressiya içərisində çabaladığı bir dövrdə Azərbaycan dövləti özəl sektorla
birlikdə ən qısa müddətdə öz daxili tələbatını ödəyə biləcək gücdə tibbi maska
istehsal edən yeni bir müəssisə qura bilirsə, bu, dövlətin gücünün, nüfuzunun,
dövlət rəhbərinin siyasi əzminin, iradəsinin, prosesləri qabaqlayaraq idarə etmək
və zamanında düzgün qərar qəbul etmək kimi müdrikliyinin göstəricisidir.
Maska istehsalın zamanı çoxdan yetişmişdi
Tibb üzrə ekspert Adil Qeybulla bildirir
ki, ölkəmizdə bəzi tibbi vasitələrin istehsal vaxtı çoxdan yetişib: "Əslində,
maskanı, birdəfəlik şprisləri və digər dezinfeksiya vasitələrini biz çoxdan
istehsal edə bilərdik, yəni bu gücə sahibik. Xüsusi bir avadanlıq, texnologiya
tələb etməyən tibbi vasitələri yerli istehsal hesabına ödəməyimiz mümkündür. Bu,
həm məsrəflər baxımından, həm də İcbari Tibbi Sığorta paketinə keçən ölkədə təbii
ki, müəyyən tibbi ləvazimatların daxili istehsala verilməsi məqsədəuyğundur.
Amma hər halda indi də istehsalın başlanılması müsbət addımdır. Məhsulun daxili
tələbatı ödəməsi və ixracı isə istehsalın həcmindən asılıdır”.
Pandemiya sonrası standartlar dəyişəcək
İqtisadçı Rəşad Həsənov sözlərinə
görə, müəssisə hələlik daxili tələbatı ödəyə biləcək, amma gələcəkdə ixracı təmin
etmək üçün məhsulun istehsal həcmi və keyfiyyəti böyük rol oynayacaq: "Bu müəssisənin
açılması ölkəmizdə daxili tələbatın ödənilməsi üçün müəyyən bazanı
formalaşdırır. Müəssisə hələlik daxili tələbatı ödəmək üçün nəzərdə tutulub. Təbii
ki, bu gün yaşadıqlarımız fors-major bir vəziyyətdir. Hazırda zavodun gücü gündəlik
120 mindir, amma gələcəkdə bunun 250 minə qədər artırılması planı var. İxrac məsələsi
isə zavodun istehsal gücündən və məhsulların keyfiyyətdən birbaşa əlaqəli
olacaqdır. Çünki bazarda rəqabət güclüdür. Əslində, bu sahə çox kiçik bir
istehsalat sahəsi idi, sadəcə, mövcud vəziyyət maskaya tələbi kəskin şəkildə yüksəltdi.
Faktiki olaraq dünya bazarlarından maska əldə etməyimiz müşkülə dönüb. Amma
etiraf etmək lazımdır ki, normal şəraitdə bazarda kifayət qədər oyunçu var və
növbəti mərhələdə keyfiyyəti təmin edə bilməsək, istənilən nəticəni əldə etməyimiz
çətin olar. Xüsusilə də pandemiya sonrası bu sahədə tələb standartlarının da dəyişəcəyini,
eyni zamanda bir çox ölkələrdə müəssisələrin də sayının çoxalacağını nəzərə
almaq lazımdır. Ona görə də strategiya elə qurulmalıdır ki, növbəti dövrlərdə də
müəssisənin daha keyfiyyətli məhsul istehsalı üzərində işlər davam etdirilsin.
Belə olduğu təqdirdə bu kimi tibbi ləvazimatların ixracı mümkündür”.