• cümə, 29 Mart, 12:55
  • Baku Bakı 14°C

Yerli istehsala uyğun bazarlar müəyyən edilməlidir

03.11.16 13:45 2083
Yerli istehsala uyğun bazarlar müəyyən edilməlidir
Azərbaycanda məhsul istehsal edən müəssisələr üçün ölkənin daxilində də alıcı bazarı formalaşdırmaq lazımdır. Bu fikirləri bir müddət öncə Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev səsləndirib. Azərbaycanda daxili bazarı qorumaqdan ötrü yeni alıcı bazarının yaradılmasını olduqca vacib sayan T.Rzayev deyib ki, bunun üçün ilk növbədə yerli xammal hesabına əlavə istehsal müəssisələri yaratmaq olar: "Pambıqçılıq inkişaf edərsə, bu məhsulu xarici ölkələrə satmaqla bərabər, xammalından istifadə etməklə yerlərdə toxuculuq sənayesi yaratmaq da olar. Biz xammal satmamalıyıq. Xammal yerlərdə yeni fabriklərin açılması, yeni emal müəssisələrinin yaradılması üçün zəmin olmalıdır”.

Azərbaycanın ixracdan asılılığının azaldılmasının olduqca əhəmiyyətli olduğunu söyləyən deputat qeyd edib ki, qeyri-neft sektorunu inkişaf etdirmək üçün taxılçılığı, baramaçılığı, üzümçülüyü diqqət mərkəzində saxlamaq lazımdır.

Deputat hesab edir ki, bu, gənclərin regionlardan paytaxta axının qarşısını da alar: "Kənd təsərrüfatının inkişafı işsizliyin aradan qaldırılmasına da zəmin yaratmalıdır. Bu gün dövlət başçısının seçdiyi istiqamət ən doğru yoldur. Bütün Azərbaycan xalqı bunu alqışlayır. Çünki taxılçılığın, baramaçılığın, üzümçülüyün və digər sahələrin inkişafı əhalinin gəlirlərinin artırılması, yerlərdə 100 minlərlə iş yerinin açılması deməkdir. Digər tərəfdən, bu, gənclərin xarici ölkələrə, respublikanın mərkəzi şəhərlərinə axınının qarşısını alacaq”.

Bəs görəsən istehsal müəssisələri üçün bazarı necə formalaşdırmaq olar? Ümumiyyətlə ölkədə hansı məhsulların bazar problemi var?

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, ərzaq sektorunda yerli istehsal ölkə istehlakının təxminən 60-65 faizini ödəyir: "Əgər yerli istehsal keyfiyyət və qiymət baxımından rəqabət apara bilərsə, həmçinin, standartlara uyğun məhsul istehsal edilsə, istehsal çeşidləri genişləndirilərsə, daxili istehlakın idxala aid olan müəyyən bir hissəsini öz bazarına daxil edə bilər. Fikrimcə, ilk olaraq atılması vacib olan addım məhz budur. İkinci bir məsələ ixrac potensialının düzgün qiymətləndirilməsi və bazarların tapılması məsələsidir. Burada isə ilk növbədə görüləcək iş yerli istehsala uyğun bazarların müəyyənləşdirilməsi və bu bazarlara çıxışı təmin etməkdir. Həmçinin yerli istehsalın bu bazarlarda digər ölkələrin məhsulları ilə rəqabət apara bilməsi də mütləq həll olunmalıdır. O baxımdan da keyfiyyət amili mühüm rol oynayır”.

İqtisadçı bildirdi ki, bu istiqamətlərdə müxtəlif addımlar atıla bilər: "Nazirlər Kabinetinin də bu məsələ ilə bağlı qərarı açıqlandı. Hələ mart ayında prezident ixracla bağlı subsidiyaların verilməsi ilə bağlı fərman imzalayıb. Bu istiqamətlərdə müxtəlif addımlar atıla bilər. Məsələn, Azərbaycan brendinin yaradılması və inkişaf etdirilməsi ilə bağlı daha bir sərəncam imzalandı və bunun üçün 3 milyon vəsait ayrıldı. Çünki tanıdılma burada böyük rol oynayır. Sənədləşmə və sertifikatlaşdırma özlüyündə mürəkkəb bir prosesdir. Avropa bazarlarında bu baxımdan dövlətin iştirakçılığına ciddi ehtiyac var”.

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, bunun üçün marketinq sahəsini inkişaf etdirmək lazımdır: "Dünya təcrübəsində istehsal müəssisələrini yaradıb, sonra bazar haqda düşünmürlər. Bazarı nəzərə alıb, istehsal sahələrini yaradırlar. Bunun üçün isə marketinq deyilən bir sahə var. Hesab edirəm ki, Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, marketinq sahəsinə də diqqət yetirmək lazımdır. Belə ki, müxtəlif istiqamətlər, o cümlədən də marketinq ixtisası üzrə mütəxəssislər yetişdirmək lazımdır. Ümumiyyətlə, bazar amili mühüm şərtdir. Mən, dəfələrlə ilk növbədə daxili bazarın qayğısına qalmağın vacib olduğunu vurğulamışam. Biz, yerli bazarı idxal məhsullarının asılılığından qurtarmasaq, ixracımızı da genişləndirə bilməyəcəyik. Elə məhsullarımız var ki, dünya bazarlarında onlara böyük ehtiyac var. Ancaq, bunların hamısı xammal məhsullarıdır. Belə ki, inkişaf etmiş ölkələr hansı növ emal müəssisələri vardırsa, bunu özləri istehsal edə bilirlər. Odur ki, emal məhsulları ilə bizim dünya bazarlarına çıxmağımız nəinki yaxın, hətta orta perspektivdə də real deyil”.

Ekspertin fikrincə, istehsal müəssisələri üçün bazar formalaşdırmaq üçün yüksək rəqabətqabiliyyətli məhsullar istehsal edilməlidir: "Bu isə asan deyil. Əvvəla bunun üçün yüksək texnologiya tələb olunur. İkinci bir tərəfdən kadr potensialı olmalıdır. Tutaq ki, texnologiyanı pulla alıb gətirdik, yəni ki, müvafiq investisiya yolu ilə bunları təmin etdik. Bəs, yüksək ixtisaslı kadrları yetişdirmək və mütəxəssislər əldə etmək məgər, bir günün, ayın və yaxud ilin işidirmi? Şübhəsiz ki, istənilən sahədə yüksək səviyyəli kadr yetişdirmək azı 5-10 ilin məsələsidir. Ona görə də, hesab edirəm ki, ixracımızı hələ ki sırf xammal məhsulları üzərində qursaq məsləhətdir. Lakin daxili bazarı bacardıqca, öz məhsullarımızla təmin etməliyik. Bunun üçün idxal məhdudlaşdırılmalıdır. Əvvəlcə buna inzibati yolla nail olmaq lazımdır. Yerli istehsal himayə olunmalıdır. Bu o demək deyil ki, tələbatımızı məsələn, 40-45 faiz ödəyə bildiyimiz məhsulların da xaricdən gətirilməsinə qadağan qoyaq. Amma hansı məhsul növü üzrə daxili tələbatı 75-80 %-dən çox ödəməyə imkanımız varsa, həmin növ məhsulların kənardan gətirilməsi məhdudlaşdırılmalıdır. Ümumiyyətlə, istənilən məhsul növü üzrə alıcı kütləsi hər yerdə var. Lakin hər şey tədiyyə qabiliyyətinə baxır. Ölkəmizin vətəndaşları maddi cəhətdən imkan əldə etdikcə, təbii ki, daha çox keyfiyyətli və geniş çeşiddə mallara tələbat nümayiş etdirəcəkdir. Bu isə istehsalı həm kəmiyyətcə, həm də keyfiyyətcə daima yüksəltmək lazım gəldiyi deməkdir. Bu elə bir prosesdir ki, sonda istər-istəməz rəqabətqabiliyyətli məhsul istehsalı ilə nəticələnməlidir. Artıq, bu mərhələdə ixrac da reallığa çevriləcəkdir”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər