Yerində saymaqla nəyəsə nail olmaq mümkün deyil - Olimpdəkilər
Riskləri
sevir. Deyir ki, eyni ideyanı yüzlərlə şəxs fikirləşir, amma risk edən qazanır.
Ona görə, uğurlu olmaq üçün sadəcə ideya fikirləşmək yetərli deyil. Əzmlə
işləmək lazımdır. Öz ideyana inansan, istirahət etmədən, gecə-gündüz əzmlə
çalışsan, uğur qazanacaqsan.
Müsahibimiz"Yeni fikir” startap müsabiqəsinin 2-ci yerinin qalibi, 11delivery.com-un
həmtəsisçisi Mehman Qaraxanidir.
Ağdamda
dünyaya gəlib. Müharibə onu da doğma məktəbindən, yer-yurdundan uzaqlaşdırıb.
Orta məktəbi Sumqayıtda bitirib. Bakalavr təhsilini Dövlət İdarəçilik
Akademiyasında menecment ixtisası üzrə alıb. Təhsilini Qafqaz Universitetində
maliyyə istiqaməti üzrə davam etdirib. Uzun illər böyük holdinqlərdə müxtəlif
vəzifələrdə çalışıb. Deyir ki, 8 il çalışdıqdan sonra öz işlərini qurmaq üçün
holdinqdən ayrılıb. O gündən sonra enişli-yoxuşlu yollar başlayıb.
- Rahat işdən enişli-yoxuşlu yollara baş vurmağa
sizi nə vadar etdi? Maliyyəçi, marketinq meneceri, marketinq direktorluğundan
startap dünyasına necə giriş etdiniz?
-
Hiperaktiv insanam. Bir yerdə dayanmağı, monotonluğu sevmirəm. Bir də
müharibənin yaşatdığı çətinliklər bizi 1-0 geridən başlamağa məcbur edib.
Uyğunlaşmaq üçün yaşıdlarımızdan sürətli olmalı idik. Çətinliklər bizi daha
mobil, hərəkətli olmağa sövq edib. Ona görə də, holdinqdə işlədiyim vaxtlarda
belə, özümü müxtəlif istiqamətlərdə təsəvvür edib, öz biznesimi qurmaq
istəyində olmuşam. Müəyyən vaxtlarda planlarımın həyata keçdiyini görəndə,
qərara gəldim ki, digər şirkətlərdə işləmək fəaliyyətimə, biznesimi qurmağa
mane olur. İşimdən ayrıldım və şəxsi biznesimi qurdum. Həyatda yerində sayaraq
nəyəsə nail olmaq mümkün deyil. Mütləq risk etməli və plana uyğun xəyallarının
ardınca getməlisən.
- Bəs nə üçün İnformasiya Texnologiyaları (İT)?
-
İT günün tələbidir. Artıq bütün biznes sferalarının tərkib hissəsinə çevrilib.
İşin əsas hissəsi proqramlaşdırma, əməliyyat, əməliyyatın idarə edilməsidir. İT
işinizi daha rahat və sadə görmək üçün sizə imkan yaradır. Proqramlaşdırma
bütün biznes sahələrinin ayrılmaz tərkib hissəsidir. Fərqi yoxdur - müəllim,
idarəçi, həkim... İstənilən peşə İT ilə birbaşa əlaqəlidir və günü-gündən bu
daha da inkişaf edir.
Bizdə
də ideya yarandı. Ehtiyacı görəndən sonra problemin həllini axtardıq. Düşündük
ki, çatdırılma ehtiyacının ən yaxşı variantı prosesin avtomatlaşdırılması, süni
intellektin cəlb olunması yolu ilə məsələnin həll edilməsidir. Belə də oldu. Bu
istifadə nəticəsində artıq bir ilə yaxındır ki, bazarda fəaliyyət göstəririk və
gündən-günə böyüyən bir şirkət olmuşuq.
- 11delivery.com nədir və hansı zərurətdən yarandı?
-
Ümumiyyətlə, Azərbaycanda son dövrlər onlayn ticarət inkişaf etməyə başlayıb.
Əvvəllər insanlar onlayn ödəniş edə bilmirdi və nəğdləşməyə daha çox etibar
edirdilər. Və ya bunu şirkətlər, qurumlar tam dəstəkləmirdilər. Ona görə də
insanların onlayn ticarətə güvəni az idi. Artıq vəziyyət dəyişib və onlayn
satışlar sürətlə inkişaf etməyə başlayıb. Onlayn satışlar artdıqca, məhsulu
çatdırmaq problemi ortaya çıxır və çatdırıcıya ehtiyac yaranır. Hazırda bazarda
bu ehtiyac pərakəndə şəkildə qarşılanır. Yəni, fərdi şəxslər var ki, kuryer
xidməti göstərirlər, bu da tam olaraq müştərilərin ehtiyacını qarşılamır,
müəyyən problemlər yaradır. Ona görə də biz qərarlaşdıq ki, bu tip xidmət
göstərənləri toplayaraq, müştərilərə müasir kuryer xidməti təklif edək və biz
çatdıraq. Məsələn, uber taksi xidməti formatında kuryer xidməti təsis etməyi
qərara aldıq. Siz mobil aplikasiya vasitəsi ilə kuryer sifariş edirsiniz,
sistem sizə ən yaxındakı kuryeri yönləndirərək sifarişinizi həyata
keçirməyinizə köməklik göstərir. Bu həm ucuz başa gəlir, həm də vaxt baxımından
sərfəli olur. Az pul və az zaman xərcləyək sifarişinizi həyata keçirmiş
olursunuz. Bazara daxil olduğumuz bu yaxın müddətdə artıq aylıq 15-20 faiz
arası böyüyürük. Qısa müddətdə 3000-ə yaxın ünvana çatdırma etmişik. Son 8 ayda
şirkətimiz 5 dəfə böyüyüb. Növbəti il ərzində şirkətimizi daha 5 dəfə böyütmək
arzusundayıq. Normal, boş vaxtı olan fiziki şəxslər bizim xidmətə qoşularaq,
boş vaxtlarına dəyər qatıb pul qazanırlar. Bu da işsizliyin aradan
qaldırılmasına kiçik də olsa, bir töhfədir. Belə ki, tələbələr, yarımştat
işçilər, növbəli rejimdə işləyənlər, eyni zamanda tam ştat olaraq işləyən
işçilər də boş vaxtlarında bizə qoşulub pul qazana bilərlər. Biz həm dövlətə
yeni vergi ödəyiciləri əlavə edirik, həm də tələbələrin öz ailələrinə yük
olmamasna çalışırıq. Və eyni zamanda çatdırılma problemini həll etdiyimiz üçün
onlayn satış sektorunun inkişafına da dəstək oluruq. Hazırda 200-ə yaxın kuryer
qeydiyyatımız var. Dediyim kimi, kiçik bir şirkətik. Amma 50-yə yaxın insanın
fəaliyyətində, günlük xərclərinin qarşılanmasında dəstək oluruq. Gələcəkdə isə
ölkələrarası kuryer xidməti göstərməyi planlayırıq.
- Kuryer xidməti göstərən şirkətlər çoxdur.
11delivery.com-un digər kuryer şirkətlərindən fərqi nədir?
-
Bəli, fərqli metodlarla işləyən kuryer şirkətləri çoxdur. Əksər şirkətlər
ənənəvi metodlarla işləyirlər. Bizim digərlərindən fərqimiz prosesin idarə
olunmasıdır ki, biz öz freelanser
işçilərimizi əməliyyata cəlb edirik. Tam ştat işçilər saxlamırıq. Bu da
daha effektivdir və qiymət baxımından müştəriyə sərfəli olur. Eyni zamanda,
bizim digərlərindən fərqimiz hədəf kütləmizə görədir. Əsasən çatdırılma
şirkətləri ya yemək, ya da sənəd çatdırılmasına hədəflənirlər. Lakin biz onlayn
satışları seçmişik və onların çatdırılmaları həyata keçiririk. Amma ən əsas
fərqimiz proqram təminatının olması və fərdi freelanser şəxslər vasitəsilə
prosesin həyata keçirilməsidir.
- Sizcə, bu sahədə uğur qazanmaq üçün nə etmək
lazımdır? Uğurlu startapçı necə olmalıdır?
-
Startap bir biznes modelidir. Yəni, sadəcə müasir innovasiyaların tətbiqi ilə
ortada mövcud olan problemlərin həll olunmasını təmin etməkdir. Startapda eyni
ideyanı yüzlərlə şəxs fikirləşir. Lakin o işdə bir nəfər uğurlu olur. Uğurlu
olmaq üçün sadəcə ideya fikirləşmək yetərli deyil. Əzmlə işləmək lazımdır.
Startap, ümumiyyətlə riskli sektordur. Bu sahədə risk nə qədər varsa, gəlir də bir o qədər çox olur. Ona
görə də uğur qazanmaq üçün riskə getməyi bacarmaq lazımdır. Öz ideyana inansan,
istirahət etmədən, gecə-gündüz əzmlə çalışsan, uğur qazanacaqsan. Uğursuzluq
səni yıxmamalıdır. Yox əgər öz ideyana güvənmirsən və sənin ideyan hər hansı
bir problemi həll etmirsə, onda vaxt itirmədən sektordan çıxmaq, başqa
sektorlara yönlənmək lazımdır.
- Müsabiqədən danışaq. Necə oldu ki, "Yeni Fikir”
müsabiqəsinə qatıldınız.
-
Müsabiqə bizim startapın inkişafına ciddi təkan oldu. Belə bir layihənin neçə
illərdir keçirildiyindən məlumatlı idi və izləyirdim. Ona görə də yeni
mərhələsində yarışmaya qoşulmaq qərarına gəldik. İlk dönəmlərdən həqiqətən uğur
qazanacağımıza inanırdıq. Öz aramızda həmişə deyirdik ki, heç olmasa ikinci
yerə çıxacağıq. Çünki layiq idik. Qərarlaşdıq, qoşulduq. Mərhələ-mərhələ
keçdikcə, motivasiyamız da artırdı, uğurlu nəticə olacağına daha çox inanırdıq.
Layihənin birinci və ikinci yerləri əslində eyni bal yığmışdılar. Lakin
münsiflərin qərarı ilə biz ikinci olduq. Ümid edirəm ki, layihəmiz uğurlu
olacaq, daha da inkişaf edəcək. Bu startap yarışması startap sektoruna bir
təkan oldu və ciddi səs saldı. Belə yarışmaların keçirilməsi startapların inkişafı
baxımından gərəklidir.
- Bu sahədə təcrübəsi olan bir insan kimi, startapa
yeni başlayan gənclərə nə demək istəyərdiniz?
- Ümumiyyətlə, startap
dediyimiz bir biznes modeldir. Yəni, siz realda böyük bir yükün altına
girirsiniz. Ona görə ilk olaraq, əmin olmalısınız ki, sizin ideyanız həqiqətən
hansısa problemi həll edir. Daha sonra daxil olmaq istədiyiniz bazarı çox yaxşı
araşdırmalısınız. Bazarda kimlər var, insanların ehtiyacı nədir, qısası,
bazarın bütün qayda-qanunlarını araşdırmaq lazımdır. Ondan sonra məhsulu bazara
təqdim edib əzmlə çalışmaq lazımdır. Birdən-birə varlı olmağı gözləməyin. Siz
insanların problemlərini həll etməyə çalışsanız, pul özü sizi gəlib tapacaq.
- Müsabiqədən 6 min manat pul qazanmısınız. Sirr
deyilsə, necə xərcləməyi planlaşdırırsınız?
-
Bu məbləğ bizə ciddi formada dəstək oldu. Hansı ki, proqram təminatının
hazırlanması üçün büdcəyə ehtiyacımız var idi və büdcəni əldə etmək üçün
investor axtarırdıq. Bu mükafatın olması bizi şirkətin bir hissəsini satmaqdan
xilas etdi. Və özümüz həmin mükafat fondu ilə öz proqram təminatımızı həll edə
bildik.
Aygün
ƏZİZ