• çərşənbə axşamı, 19 mart, 10:25
  • Baku Bakı 8°C

Yerevanla Moskva arasındakı “telekanal” qalmaqalı səngimir

03.07.20 16:48 2232
Yerevanla Moskva arasındakı “telekanal” qalmaqalı səngimir
"Rosbalt: "Ermənistanda rus dilindən "dezinfeksiya” olmaq istəyirlər”

Ermənistan hökumətinin koronavirus pandemiyası ilə mübarizədə səriştəsizliyi, acizliyi, tək ölkədə deyil, onun hüdudlarından kənarda da təsdiq olunur. "Rosbalt” yazır ki, hakimiyyətdə olduğu iki il müddətində "siyasi meyit” adlandırdığı müxalifətdən yaxa qurtara bilməyən baş nazir Nikol Paşinyan indi də ictimaiyyətin diqqətini xarici "təhlükələrə” yönəltməyə çalışır. Məqalədə qeyd edilir ki, Nikolun bu yeni fəndi gündəlik fəaliyyət kimi qəbul edilir və ilk baxışda, o qədər də xüsusi təhlükə doğurmur. Lakin söhbət Rusiyadan - Ermənistanın təhlükəsizliyinin əsas "təminatçısı” və "yemləyicisindən” gedirsə, onda bu məsələ xüsusi əhəmiyyət kəsb etməyə başlayır. "Rusiya faktoru”nun istismarı və müxalif siyasi qüvvələrə qarşı sərt təqiblər özü də çox mürəkkəb bir vaxtda həyata keçirilir. Ölkə koronavirus pandemiyasının cəngindədir. Əhali sayı 3 milyondan da az olan ölkədə xəstə sayı 27 minə, ölü sayı 500-ə yüksəlib. Gündəlik yoluxma sayı daha dəhşətlidir - bu rəqəm yüzlərlə ölçülür. Paşinyan etiraf edib ki, ölkə xəstəliyin göstəricinə görə dünyada lider mövqeyə yüksəlib. Əlavə edib ki, yaxın vaxtlarda tədbirləri sərtləşdirməli olacaqlar. Məqalə müəllifi yazır ki, baş nazirə "bəs sən əvvəl harada idin” sualı verən yoxdur. "İqtisadiyyatı "xilas” etmək insan həyatından nə qədər əhəmiyyətli ola bilər? Bu addımı nə qədər əsaslı hesab etmək olar? Ən optimist proqnozlara görə, iqtisadiyyat 6 faiz aşağı düşəcək”, - deyə müəllif yazıb. Ardınca baş nazirə xitabən "bəs sən nə ilə məşğul olubsan” sualını verir. Dərhal da cavabını elə müəllif özü verir. Bildirir ki, müxalifətin də dediyi kimi, baş nazirin əsas işi əvvəlki hakimiyyətin sonuncu qalası hesab edilən Konstitusiya Məhkəməsini zərərsizləşdirmək, onu hakimiyyətə tabe etdirmək olub.
Məqalədə daha sonra bildirilir ki, rəsmi Yerevan Rusiya ilə də münasibətlərə xələl gətirməyə çalışır. Bu yaxınlarda "Audivizial media” haqqında qanun layihəsi birinci oxunuşdan keçib. "İlk baxışda, bu qanun layihəsi adi təsir bağışlayır. Lakin daha ətraflı baxanda onun arxasında Rusiya telekanallarının ölkə ərazisindən sıxışdırılıb çıxarılması durur. Yeni qaydalara görə, "dil təhlükəsizliyi” deyilən bir məsələ tətbiq edilir və onun "qorunması” üçün Rusiya telekanallarının nümayişi ( onsuz da digər əcnəbi kanallar heç kimi maraqlandırmır – "Rosbalt”) pullu olur. Bununla yanaşı, bütün "əcnəbilər” mütləq dublyaj və yaxud titrlə verilməlidir”, - deyə məqalədə bildirilir. Rusiyanın Ermənistandakı səfirliyi bu addımı rus dilinin ölkədə sıxışdırılması cəhdi hesab edərək, bunun strateji münasibətlərlə üst-üstə düşmədiyini bəyan edib. Məlumatda bildirilir ki, düzdür, teleradio yayımı məsələsi ölkənin daxili işidir. Lakin Rusiya tərəfi dəfələrlə bu məsələdə dialoq tərəfdarı olduğunu bildirsə də, qarşı tərəf heç bir reaksiya verməyib. Diplomatik nümayəndəlikdən bildiriblər ki, ənənəvi olaraq Ermənistanda geniş auditoriyaya malik rusdilli auditoriya var, rus kanallarına maraq güclüdür. Rusiyanın "Birinci”, "RTR Planeta”, "Mir”, "Kultura” kanallarına maraq yüksəkdir. Lakin qanun layihəsinin müəllifləri hesab edirlər ki, Rusiya kanalları ara-sıra Ermənistanın informasiya siyasətinə, onun üçün "həssas” məsələlərə uyğun olmayan fikrilərə yer verir. Bununla da ictimai zərər vurmuş olurlar. Belə çıxır ki, "zərər” vurmağa görə pul verirlər, yəni bu belə də olmalıdır. Erməni tərəfinin dəmir məntiqini "Lragir” nəşri inkişaf etdirir və Rusiya səfirliyinin fikirlərini ölkənin daxili işlərinə qarışmaq cəhdi adlandırır. Nəşr iddia edir ki, söhbət əsas etibarilə rusdilli proqramlardan gedir. "Sirr deyil ki, erməni dövləti müstəqillik əldə etdiyi ilk illərdə rus dili formal olaraq hansısa xüsusi statusunu itirib. Lakin ölkədə böyük rol oynamaqda davam edir”, - deyə Rusiya nəşri erməni saytından sitat gətirir. Nəşr Ermənistanın keçmişinin Rusiya ilə bağlı olduğunu inkar etmir və əlavə edir ki, hər iki ölkəni Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına üzvlük birləşdirir. Lakin gələcək iqtisadi-texnoloji və hərbi-siyasi baxımından bu, böyük məsələdir. Rusiya nəşri yazır ki, "səfirliyə, məsləhətləşmək adı ilə tək müxalifət partiyaları deyil, həm də hakim çoxluğun nümayəndələri də qaçır. Prinsip etibarilə bu taktika tək Ermənistana deyil, Rusiya və Qərb ölkələrinə də xasdır”.
Rusiya və Ermənistan arasında münasibətlərdə daha bir qalmaqallı məsələ - biolaboratoriyalarla bağlıdır. "Moskva ölkədəki ABŞ laboratoriyalarında "burnunu daha dərin soxmağa” çalışır. Ölkə ərazisində belə laboratoriyaların sayı 12-dir. Onlardan biri Rusiyanın Gümrüdəki hərbi bazası yaxınlığında yerləşir. Əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevana səfəri zamanı bildirmişdi ki, Rusiya mütəxəssislərinin biolaboratoriyalara buraxılması barədə memorandum hazırdır. Lakin Yerevan sonda bu sənədə imza atmadı. İndi erməni hakimiyyət orqanları israr edir ki, heç kim birtərəfli qaydada onlar üzərində nəzarəti həyata keçirə bilməz. Ermənistandakı Rusiya səfiri Sergey Kopırkin ABŞ laboratoriyaları ilə bağlı öz narahatlığını ifadə edib. Səfir memorandumun imzalanmamasına görə, məsuliyyəti COVİD-19 pandemiyasının üstünə yıxmağa çalışıb. Bununla yanaşı, ümidvardır ki, yaxın zamanlarda tərəflər sənədə imza atacaqlar. Əlavə edib ki, bu hal Ermənistan, Rusiya və bütün postsovet məkanının sanitar-epidemioloji vəziyyətinə müsbət təsir edəcək. Təcrübəli diplomat olan Kopırkin detalları açıqlamaq istəməyib. Nəşr yazır ki, Ermənistandakı vəziyyəti bəlli səbəblərdən Azərbaycanda da diqqətlə izləyirlər. Yerli nəşrlərdən birinə istinadən bildirilir ki, Ermənistan Birləşmiş Ştatların tapşırıqları ilə oturub durur.
Sonda isə belə nəticəyə gəlinir ki, vəziyyət o qədər də ürəkaçan deyil və Rusiya ilə Ermənistan arasındakı problemlərə daha biri əlavə olunub. "Dil təhlükəsizliyi” adı altında efirin "dezinfeksiyası” məsələsi ortaya atılıb. Halbuki, onsuz da monoetnik ölkə kimi tanınan Ermənistan üçün rus dilinin heç bir təhlükəsi yox idi. Demək, səbəb tamam başqadır. Amerika laboratoriyalarının yaratdıqları təhlükə ciddi qəbul edilmir, amma bu məsələ ciddiyə alınır. Belə qənaətə gəlmək olar ki, yaxın gələcəkdə ikitərəfli münasibətlərdə gərginliyi daha qabarıq hiss etmək mümkün olacaq. Erməni politoloq Ağasi Yenokyanın yazdığı kimi, Paşinyan çox cəld şəkildə ictimai fikri antirus edəcək və qəsdən Rusiya ilə münasibətlərin pisləşməsinə gedəcək. Yenokyan qeyd edib ki, Rusiya ilə Ermənistanın münasibətlərinin pisləşdirilməsi məqsədilə feyklər və digər dövlət vasitələri meydana atılacaq. "Əslində, klassik kəlamda deyildiyi kimi, kələkbazların son sığınacağı vətənpərvərlikdir”, - deyə o bildirib.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər