• cümə, 29 Mart, 00:12
  • Baku Bakı 7°C

Yerevanın növbəti layihəsi də uğursuzluğa düçardır

11.09.20 19:46 1272
Yerevanın növbəti layihəsi də uğursuzluğa düçardır
Türkiyəli ekspertlər Livan ermənilərinin işğal altında olan torpaqlarda yerləşdirilməsinə sərt etiraz edirlər

Livanda baş verən partlayışdan dərhal sonra Ermənistan rəhbərliyi növbəti populist bəyanatla çıxış edərək tələm-tələsik orada yaşayan soydaşlarını ölkəyə dəvət etdi. Məqsəd də bəllidir - işğal altında olan və boş qalan torpaqları məskunlaşdırmaq. Xatırladaq ki, bu, artıq rəsmi Yerevanın ikinci cəhdidir. Belə ki, bundan əvvəl Suriyadan da ermənilərin köçürülməsi cəhdi olsa da, uğursuzluqla nəticələnmişdi. Ermənistana pənah gətirənlər ölkədəki vəziyyətin ağır olduğunu gözləri ilə gördülər. Şirnikləndirici vədlər, dövlət yardımlarının olacağı da onları qane etmədi. İşğalçı ölkə hesab edirdi ki, bununla varlı erməni sahibkarları da ölkəyə cəlb etmək mümkün olacaq. Amma alınmadı.
İndi də ümidlərini Livan ermənilərinə dikiblər. Türkiyənin "Cümhuriyyet” qəzetinə bununla bağlı açıqlama verən təhlükəsizlik üzrə ekspert Şafak Mert Ermənistan hökuməti tərəfindən yeni məskunlaşdırma siyasətinə mənfi münasibət ortaya qoyub. O bildirib ki, 12 avqust tarixli bir hesabatda 100 erməninin Livandan Ermənistana hava yolu ilə gətirildiyi və baş nazir Paşinyan tərəfindən qarşılandığı bildirildi. Bundan əlavə, bu müddət ərzində Ermənistana gələn Livan ermənilərinə "vətəndaşlıq və yaşayış hüququ” veriləcəyi bildirildi. Mert əlavə edir ki, onların harada yerləşdirildiklərini dəqiq bilmirlər: "Lakin həm Ermənistan tərəfinin bəyanatlarından, həm də Azərbaycan tərəfinin beynəlxalq platformalarda verdiyi şikayətlərdən anlaşılan budur ki, gələn ermənilər Dağlıq Qarabağ bölgəsində və Ermənistanın işğalı altında olan digər Azərbaycan ərazilərində daimi məskunlaşıblar. Suriyadan gətirilən ermənilərin Dağlıq Qarabağda və ətraf bölgələrdə erməni işğalı altında yerləşdiklərini bir daha xatırlamağa dəyər”. Onun sözlərinə görə, "məxməri inqilab” ilə vəzifəyə başlayan Paşinyan xaricdə yaşayan ermənilərin Ermənistana qayıtmasını və əhalini artırmağı özünün prioriteti elan edib: "Əhalisi daim azalmaqda olan bir Ermənistan bu itkisini diaspor ermənilərini geri qaytarmaqla kompensasiya etməyə çalışır. Ancaq burada narahatedici bir məqam var. Bu, beynəlxalq hüquqa görə, Azərbaycanın bir hissəsi olan və 29 ildir Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın erməniləşdirilməsidir. 1989-cu ildə Azərbaycan türkləri Dağlıq Qarabağ əhalisinin təxminən yüzdə 25-ni təşkil edirdisə, bu gün bu rəqəm sıfıra bərabərdir. Başqa sözlə, Dağlıq Qarabağdakı Azərbaycan türkləri öz yurdlarından didərgin salınarkən, əvəzində Ermənistanın digər bölgələrindən gələn və xaricdən gətirilən ermənilər yerləşdirilir. Dağlıq Qarabağda məskunlaşmış ermənilər alət kimi istifadə olunur”. Ekspert onu da bildirib ki, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq yüksələn xətlə gedir və bu da Ermənistan üçün kabus ssenarisi olmalıdır. Digər tərəfdən, Yunanıstan və Cənubi Kiprlə razılaşmalar da Ermənistan üçün faydalı olmayacaq.
Amerikada yaşayan türk əsilli professor Vamık Volkan diqqəti ermənilərdə formalaşan türk nifrətinə yönəldir. Onun sözlərinə görə, ermənilər bilməlidir ki, türk nifrəti ermənilərə müsbət heç nə vəd etmir.

Azər
banner

Oxşar Xəbərlər